Müəllimləri rəqəmsal mühitlə bağlı məlumatlandırmalıyıq - Günel Səfərova

18 İyun, 2026 - 16:11
Müəllimləri rəqəmsal mühitlə bağlı məlumatlandırmalıyıq

"Biz uşaqlarla ünsiyyətdə olan müəllimləri, pedaqoqları rəqəmsal mühitlə bağlı məlumatlandırmalıyıq".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin Rəis müavini Günel Səfərova “Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilən ictimai dinləmədə  bildirib.

Onun sözlərinə görə, real həyatda münasibətləri tənzimləyən normalar olduğu kimi rəqəmsal həyatda da belə normalar olmalıdır:
"Məktəb mühitində filtrlənmiş internet sistemində istifadə olunur. Eyni zamanda bir neçə ildir ki,  valideynlərlə seminarlar keçirilir. Burada əsas mövzulardan biri rəqəmsal mühitlə bağlıdır. Rəqəmsal mühitdəki davranış qaydalarını həm də müəllimlər, pedaqoqlar öyrətməlidir. Bu modellər Finlandiya və İslandiyada tətbiq olunur. Müəllimlər həmin ölkələrdə məktəblərdə bu mövzuları keçirlər. Biz uşaqlarla ünsiyyətdə olan müəllimləri, pedaqoqları, hətta yaşıdlarını məlumatlandırmalıyıq. Hətta məktəbəqədər təhsil sahəsində də rəqəmsal mühitlə bağlı düşünməliyik. Bugünkü dinləmə onu göstərir ki, biz kollektiv məsuliyyətimizi dərk edir və rəqəmsal mühitin öyrənilməsi ilə bağlı müvafiq addımlar atırıq".