“Müəllimlik kimya elminə marağımı artırdı” - Azərbaycanın ən gənc qız alimi
Azərbaycanın qərb bölgəsində bir şəhərdə - Naftalanda doğulub, burada tədrisi Azərbaycan dilində aparılan yeganə məktəbdə - İ.Nəsimi adına Naftalan şəhər 1 nömrəli tam orta məktəbdə oxuyub.
Təhsil yolunu davam etdirərək regionun aparıcı ali təhsil müəssisələrindən biri olan Gəncə Dövlət Universitetini bitirib və cəmi bir neçə ildən sonra Azərbaycanın ən gənc qız alimi adını qazanıb.
“Azərbaycan müəllimi”nin budəfəki qəhrəmanı Azərbaycanın ən gənc qız alimi - kimya üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun böyük elmi işçisi Günay Heydərlidir.
Əvvəlcə kimyanı tədris etdi
Anası həkim olmağını arzulasa da, xəyalları onu müəllimliyə gətirib. Günay Heydərli əvvəlcə müəllim olub. Gəncə Dövlət Universitetində bakalavr təhsilini “Kimya müəllimliyi” ixtisası üzrə alıb. Təhsilini başa vurduqdan sonra kimya müəllimi kimi fəaliyyət göstərib. 1 il Xocalı rayon Meşəli kənd orta məktəbində dərs deyib.
Bu elmin dərinliyinə endi
Kimyanın tədrisi onda yeni suallar yaradıb və qısa müddətdə anlayıb ki, onu düşündürən suallara yalnız elmin dərinliyinə dalaraq cavab tapa bilər: “Düşünürdüm ki, Naftalan kimi zəngin təbii resurslara malik bir bölgədə dünyaya gələn insan mütləq kimya sahəsində özünü sınamalı, bu resursların elmi mahiyyətini araşdırmalıdır”.
O da kimyanı daha dərindən öyrənməyə və elmi tədqiqatlarla məşğul olmağa ehtiyac duyub: “Universitet illərində də kimyanın yalnız tədrisi deyil, onun elmi dərinliyi, mexanizmləri və tətbiq istiqamətləri diqqətimi çəkirdi. Müəllimlik bu marağımı daha da inkişaf etdirdi və kimya elminə marağımı artırdı. Buna görə təhsilimi davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasında “Nanomateriallar kimyası” ixtisası üzrə magistr təhsili aldım”.
İndi bu qərarının doğru olduğu qənaətindədir: “Bu mərhələ mənim üçün dönüş nöqtəsi oldu. Burada akademiklər və professorlardan yalnız nəzəri biliklər almadım, eyni zamanda onların iştirak etdiyi elmi mühitə daxil oldum, məndə elmi düşüncə tərzi, tədqiqat mədəniyyəti formalaşdı. Real və peşəkar elmi mühitdə elmlə məşğul olmağın zövqünü yaşadım. Məhz bu mühit və birgə çalışdığım alimlərin dəstəyi və təşviqi nəticəsində elmi fəaliyyətimi davam etdirmək barədə qərar verdim”.
Alim oldu
Qərarını 2021-ci ildə doktoranturaya qəbul olaraq reallaşdırıb: “Təhsilimi Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Neft kimyası” ixtisası üzrə davam etdirdim. Gərgin və məqsədyönlü elmi fəaliyyət nəticəsində elmi-tədqiqat işlərimi vaxtından əvvəl yekunlaşdıraraq 2024-cü ilin aprelində dissertasiya işimi uğurla müdafiə etdim və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2025-ci il tarixli qərarı ilə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm”.
İndi elmi nailiyyətləri ilə elmə töhfə verir
30 yaşlı Günay Heydərli cəmi bir ildir ki, elmi dərəcə alıb, amma artıq bir sıra nüfuzlu beynəlxalq və yerli jurnallarda dərc olunmuş məqalələrin, patentlərin və monoqrafiyaların müəllifidir. Elmi tədqiqatların nəticələrini Türkiyə, Rusiya, Polşa, Moldova, Belarus kimi ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda təqdim edib. Hazırda rəhbəri olduğu “Ekoloji təhlükəsiz katalitik sistemdə pirolizin yan məhsulları əsasında səmərəli kimyəvi əlavələrin alınması” adlı layihə Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Əsas Qrant Müsabiqəsinin qalibi olub. G.Heydərli deyir ki, bu layihə layihə üzrə elmi-tədqiqat işlərini davam etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının 2024-cü ildə “İlin gənc alimi” diplomuna layiq görülüb: “Bunlar mənim üçün yalnız bir nailiyyət deyil, eyni zamanda üzərimə düşən elmi məsuliyyətin göstəricisidir. Bu etimad gələcək fəaliyyətimdə daha məqsədyönlü işləmək, elmi tədqiqatlarımın keyfiyyəti yüksəltmək öhdəliyi yaradır”.
Töhfəsi sadəcə tədqiqatları deyil
“Neft-Kimya Prosesləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura səviyyəsində təhsil alan tələbələrə elmi rəhbərlik edirəm. Bu vəzifələr çərçivəsində əsas məqsədim gənclərin elmi potensialının üzə çıxarılması, onların tədqiqat düşüncə tərzinin formalaşdırılması və elmi mühitə uyğunlaşmasına dəstək verməkdir”, - deyir.
Gənc alimin sözlərinə görə, magistrlərlə aparılan işlər yalnız konkret mövzular üzrə tədqiqatların icrası ilə məhdudlaşmır, eyni zamanda təcrübələrə elmi yanaşma, nəticələrin düzgün təhlili və elmi etik qaydaların mənimsədilməsi kimi mühüm mərhələləri də əhatə edir.
Gənc Alim və Mütəxəssislər Şurasında fəaliyyəti isə gənclərin elmi konfranslara, seminar, layihə, düşərgə və yay məktəblərinə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsinə və elmə marağının davamlı şəkildə artırılmasına yönəlib: “Hesab edirəm ki, gənc tədqiqatçıların erkən mərhələdə düzgün istiqamətləndirilməsi gələcəkdə ölkənin elmi potensialının güclənməsində mühüm rol oynayır. Bu baxımdan gənclərin elmi formalaşmasının təmin edilməsi mənim üçün həm peşəkar məsuliyyət, həm də ölkəmizdə prioritet istiqamətlərdəndir”.
Sərhəd tanımayan planları Azərbaycan elminin inkişafına yönəlib
Gələcək planları isə Azərbaycan sərhədlərini aşır: “Xaricdə elmi təcrübə və əməkdaşlıq planlarım var. Bunu hər alim üçün vacib hesab edirəm”.
Amma hara getsə də, qayıdacağı yer vətəndir: “Azərbaycanda yaşamaq və elmimi burada tətbiq etmək mənim üçün prinsipial məsələdir. Hesab edirəm ki, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və yerli elmi mühitin inkişafına töhfə verilməsi vacib və aktual məsələlərdən biridir”.
Elmdə qadın olmaq
Günay Heydərli elmdə qadınların çətinlikləri və üstünlükləri olduğunu da deyir: “Cinsiyyət stereotipləri, tarixi və sosial məhdudiyyətlər, karyera yüksəlişində bərabərsizliklər kimi problemlər olsa da, qadın alimlər elmə fərqli yanaşmalar gətirərək problemləri yaradıcı şəkildə həll edə, komanda işində və kommunikasiya sahəsində üstünlüklərdən yararlana bilirlər. Qadınlar elmdə fundamental kəşflər, tədqiqat qruplarına rəhbərlik edə, innovativ texnologiyaları inkişaf etdirə və elmin sosial təsirini gücləndirə bilərlər; Akademik İzzət Orucova, AMEA-nın müxbir üzvi k.e.d., professor Fəzilə Səmədova, k.e.d., professor Elmira Süleymanova kimi nümunələr göstərir ki, qadınlar hətta yüksək tanınmış nailiyyətlərə, mükafatlara və elmi liderliyə çatmaq imkanına malikdirlər”.



