Naxçıvanda autizmli uşaqlar üçün yeni model qurulur – Müsahibə
Müasir dövrdə autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların inkişafı və düzgün reabilitasiya xidmətləri ilə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə ölkəmizdə və eləcə də Naxçıvanda mühüm təşəbbüslər həyata keçirilir. Autizm sahəsində uzun illərdir ki, elmi və praktik fəaliyyət göstərən, klinik psixologiya üzrə fəlsəfə doktoru, beynəlxalq dərəcəli ailə və cütlük terapevti, autizm üzrə beynəlxalq dərəcəli mütəxəssis və tədqiqatçı Ayaz Seyidli bu istiqamətdə bir sıra layihələrə imza atıb.
“Azərbaycan müəllimi” autizm sahəsində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlarla bağlı Ayaz Seyidli ilə söhbətləşib.
Məlumat üçün bildirək ki, Amerika Psixoloqlar Assosiasiyasının fəxri üzvü olan, neyropsixologiya üzrə tədqiqatlar aparan və 50-dən çox beynəlxalq məqalənin müəllifi kimi tanınan Ayaz Seyidli həm də AUTİZM Mərkəzinin, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi və rəhbəridir. Onun rəhbərliyi ilə 2025-ci ildə 14 layihə uğurla həyata keçirilib və bu layihələr çərçivəsində 106 autizmli uşağa reabilitasiya, təlim-terapiya və təhsil dəstəyi göstərilib.
Müsahibəni təqdim edirik:
– Ayaz həkim, Naxçıvanda “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi necə yarandı və nə üçün Naxçıvanı seçdiniz? - “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi əslində 8 ildir ki, faəliyyət göstərir, ilk olaraq biz Modern Psixoloji Mərkəzi olaraq fəaliyyətə başladıq. Sonra 3 illik araşdırmamızdan sonra baxdıq ki, bizə müraciət edən uşqların 80 faizinə autizm diaqnozu qoyulur. Beləliklə, bunu rəsmiləşdirməyə qərar verdik ki, artıq bu gün dəstək verdiyimiz 186 autizmli uşaq əlilliyi təsdiq olunmuş və dövlət tərəfindən təqaüd alan uşaqlardır. Biz 2021-ci ilin sonlarından “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyini təsis etməyə çalışdıq, uzun çəksə də geri addım atmadıq. 2024-cü il dekabrın 17-də Ədliyyə Nazirliyi tərəfindən birlik rəsmi olaraq qeydiyyata alındı.
Təəssüf ki, Naxçıvanda qeyri peşəkarlar tərəfindən açılan mərkəzlər olduqca çoxdur. Uşaqlara 1 yaş 6 aylıq və 1 yaş 8 aydan sonra autizm diaqnozu qoyula bilir. Autizmli uşaqlar üçün ən önəmli qızıl dönəm 5 yaşa qədər sayılır. Başqa mərkəzlərdə bu sahə qeyri-peşəkarlar tərəfindən ticarət mənbəyi olaraq görüldüyü üçün uşaqların beyni elastikliyini itirəndə artıq gəlib bizə çıxır. 2025-ci ildə 106 autizmli uşağa dəstək verdik, 2026-cı ildə isə əsas hədəfimiz 200-dən artıqdır. İl təzə başlasa da, bizə artıq 228 müraciət olunub, onların 150-ni təlim-terapiyalara cəlb eləmişik. Biz təkcə uşaqlarla deyil, valideynlərlə də işləyirik. Biz Amerikadakı valideynlərin evdə işləyə biləcəyi ABA terapiya proqramını tərcümə edərək kitab halına salıb valideynlərə veririk ki, evdə işləsinlər.
– Təəssüf ki, çox vaxt ailələr uşaqlarının autizmli olmasını qəbul eləmir, ətrafdan çəkinirlər, gizlədirlər. Bu zaman valideynlərlə söhbətlər aparıb, uşaqları bura necə cəlb edirsiniz?
– Biz 2025-ci ildə 14 layihəni uğurla həyata keçirdik ki, bunun içərisində “Bu evdə bir ümid var adlı” layihəmiz var idi. Biz Naxçıvan MR ƏƏSMN və AQUPK ilə birlikdə muxtar respublikanın bütün rayonlarında qeydiyyatda olan autizmli uşaqların ailələrini ziyarət etdik. O ailələri birliyə cəlb elədik. Dövlət tərəfindən təqaüd alan autizmli uşaqların 50 və 75 faizi, bəzilərinin isə xərclərinin hamısı bizim tərəfimizdən tamamilə ödənişsiz qarşılanır. Dövlət qurumları da bizə dəstək olurlar. Qeyd edim ki, bir autizmli uşağın aylıq ortalama təlim-terapiya və reabilitasiya xərcləri 350-460 manat aralığındadır. Mərkəzdə aba, oyun, psixopedoqoq, loqamed, sensor inteqrasiya, art və fizioterapiya, arqo terapiya kimi bütün terapiyalar mövcuddur.
Autizm üzərində 8 illik araşdırma aparan tədqiqatçı olaraq bu ildən etibarən autizm üzərindən yeni bir yol açdım ki, bununla bağlı mənim artıq 4 elmi məqaləm yayımlanıb. Biz neyroşüur terapiyası ilə artıq autizmli uşaqların üzərində işləməyə başlamışıq. Klassik metodlarda uşağı olduğu formatdan dəyişməyə çalışırdıq, bu gün isə Azərbaycanda mənə məxsus olan metodla artıq bu uşaqları dəyişdirməyə yox, onlarda olanı formalaşdırmağa çalışırıq. Olduqları potensialı inkişaf etdiririk. Autizm xəstəlik yox, bir fərqlilikdir. Bununla bağlı biz “Veysəloğlu” şirkətlər qrupu ilə müqavilə bağlamışıq ki, “Araz” marketlərdə, ilk olaraq da Naxçıvanda inklüziv uşaqlarımız əməyə cəlb olunsun. Bu ay iki nəfər marketdə satıcı olaraq işə başlayacaq. Yəni sonra bütün bu şəbəkə marketlərdə “Mavi kassa” fəaliyyətə başlayacaq ki, kassada oturan kassir autizmli uşaq olacaq.
– Sizin “Mavi Puzzle” inklüziv kafesi layihəniz də var. Bu layihə gələcək peşə hazırlığı baxımından necə rol oynayacaq?
– “Mavi Puzzle” kafesi sırf inklüziv uşaqlara xidmət edəcək. Bu kafedə uşaqların özləri çalışacaq. Bu il BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycada keçiriləcək. Biz də birlik olaraq rəsmi dövlət qurumlarına inklüziv şəhər layihəsi təqdim etmişik. Bu təcrübə dünyada yalnız ABŞ və Koreyadadır. Əgər pilot layihə uğurlu olarsa, üçüncüsü Azərbaycanda, yəni Naxçıvanda olacaq. WUF13-də inklüziv şəhər layihəsini biz təmsil edirik ki, orada yüzlərlə ölkələrdən olan memarlara biz bunu təqdim edəcəyik.
– Məktəblərlə əməkdaşlıq hansı formada qurulur? Sizin tərəfinizdən ümumi təhsil müəssisələrində inklüziv mühitin formalaşması üçün hansı addımlar atılıb?
– Bizim təşəbbüsümüzlə Elm və Təhsil Nazirliyi və Naxçıvan Təhsil Nazirliyi ilə birgə 2024-cü ildə məktəbəqədər müəssisələrində uşaqların ilkin dəyərləndirməsini apardıq. Bağçalarda loqaped və xüsusi psixoloqun olması üçün təkliflərimizi verdik. Təhsilimizdə böyük uğurlara imza atılır, amma inklüziv təhsildə yanaşmamız bir az fərqli yöndədir. Biz xüsusi pedaqoqların deyil, xüsusi psixoloqların pedaqoq təlimindən keçərək inklüziv təhsildə təhsil vermələrini üstün bilirik. Naxçıvanda inklüziv təhsil yeganə olaraq bizim mərkəzdədir. Bütün kateqoriyadan olan uşaqları təhsilə cəlb edirik, bunları təmənnasız həyata keçirilir. İnklüziv təhsildə hər bir uşaq üçün fərdi proqram yazılır. Potensiallarına uyğun olaraq uşaqlara xüsusi yanaşılır.
– Autizmli şagirdlərin cəmiyyətə inteqrasiyasında əsas olaraq nələr etmək lazımdır?
– Biz 2025-ci ildə inklüziv uşaqların əl işlərinin sərgisi, əmək yarmarkası və satışını həyata keçirdik. Eyni zamanda biz Naxçıvan AQUPK ilə birlikdə “Autizmdə bir gün adlı” layihə keçirdik. İnsanlara autizmli uşağın həyatından bəhs edən film izlətdik. Naxçıvanda və Azərbaycanda autizmlə bağlı kifayət qədər maarifləndirmə aparırıq, məqsədimiz isə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. “Kontakt home” və “İrşad” və “Veysəloğlu” marketlər şəbəkələri ilə danışıqlar aparmışıq. 2 Aprel Dünya Autizm Maarifləndirmə Günü ilə bağlı insanlar VR eynəkləri taxaraq 4 dəqiqə ərzində autizmli uşağın gözündən həyatı görmüş olacaqlar. Hədəfimiz 50 min nəfərdən artıq insanla bu maarifləndirməni aparmaqdır.
– Bütün bu işləri görərkən hansısa çətinliklərlə qarşılaşırsınız?
– Bu gün bizim qarşılaşdığımız çox maneələr var ki, bunun başında maddiyyat dayanır. Piar strategiyamız olduqca çətin bir dönəmdən keçir. Biz aksiyalar keçiririk ki, sadəcə ayda 2 manat ödəyərək autizmə dəstək olmaq olar. Bu il də hədəfimiz bunu daha da genişləndirməkdir.
– Ümumiyyətlə, bu sahədə maarifləndirmə işi əsasdır.
– Biz maarifləndirmə üçün bağçalarda olarkən müdirlər uşaqların şəxsi işini təqdim edirdi, baxırdıq ki, aşkarladığımız autizmə meyilli uşaqlara da sağlamlıq kağızı verilib. Bizim bu gün ən böyük yaralı tərəfimiz odur ki, uşaqlara nəinsə qarşılığında sağlamlıq kağızı verilir. Beləliklə də bağça və məktəblərdə belə uşaqlar çoxalır. Elm və təhsil nazirinin əmri ilə inklüziv uşaqlar üçün siniflər yaradılıb ki, biz bununla da qismən razılaşmırıq. Yalnız reabilitasiya və terapiyalara cəlb olunmuş uşaqlar məktəbdə normal sinif yoldaşları ilə oturub dərsə adaptasiya ola bilər. Təlimlərdə autizmli uşaqların streotiplərini, aqressiyalarını, “panik atak”larını aradan qaldırıb, bir masada oturmaq üçün adaptasiya edirik. Bundan sonra onlar sinifdə oturub təhsilə cəlb oluna bilərlər. Biz valideynlərə də deyirik ki, uşaqlarınızın qızıl dönəmini itirməyin. Nə qədər tez terapiylara başlayarlarsa, bir o qədər də tez nəticə alınar.
– Autizmli uşaqların xüsusi istedlarını necə ortaya çıxarırsınız?
– Biz mərkəzdə autizmli uşaqları bir ay ərzində müşahidə kamerasından izləyirik. Mütəxəssis rəyi ilə o uşağın rəsmə, musiqiyə marağı olduğunu aşkarlayaraq bu sahə üzrə terapiyaya yönəldirik. Biz bu yaxınlarda Əli adlı 5 yaşlı uşağımızın rəsm sərgisini keçirməyə hazırlaşırıq.
– Maraqlıdır, burada çalışan mütəxəssisləri necə cəlb edirsiniz? Bu sahədə Naxçıvanda yetərincə peşəkar varmı?
– 2024-cü ildə Azərbaycan Psixoloqlar Assosiasiyasını quranda bizə 24 800-dən artıq psixoloq müraciət etdi. Onlardan 368 rəsmi ixtisaslı psixoloqlar idi, digərləri isə qeyri-peşə sahibləri idi. Psixoloq oturub dinləmək deyil, düzgün diaqnostika aparmalıdır. Bu sahə peşəkarlıq tələb edir ki, əfsuslar olsun ki, bizim etibarımızı zədələyən psixoloqlarımız çoxdur.
Hazırda bizim Naxçıvan Müəllimlər İnstitutu ilə birlikdə memorandumumuz var, orada “Psixoloyiya” ixtisasında oxuyan 3-4- cü kurs tələbələrini buraya cəlb edirik. Yeni tədris ilində onların praktikalarının bizim mərkəzdə keçirilməsi üçün müqavilə bağlayacayıq. Tələbələri bura cəlb edirik və onları özümüz yetişdiririk. Hazırda burada fəaliyyət göstərən 18 mütəxəssisimiz var ki, onların hamısı magistr dərəcəlidir. Eyni zamanda beynəlxalq dərəcəli sertifikatlar alıblar. Onların hamısı mənim tələbələrimdir, onlar da artıq universitetlərdən cəlb olunanları yetişdirir. Praktikaya cəlb olunanlar ilk olaraq seans otaqlarını izləyirlər, sonra mərhələli şəkildə digər praktikalara cəlb edirik. Bizim xüsusi metodlarla yazılmış nəzəriyyələrimiz var ki, bunları onlara veririk. Artıq 6 aydan sonra onlar inklüziv uşaqlarla fərdi şəkildə işləyə bilirlər. Yaxşı işləyənləri, həvəsli olanları isə işlə təmin edirik.
– Autizmin yaranmasının əsas səbəbi nədir?
– Mən dünyada 5 autizm araşdırma tədqiqatının Türkiyə tərəfindən üzvüyəm, bizim araşdırmalarımız göstərir ki, genetik faktor, qida rasiounu rol oynayır. Amma ən önəmlisi, 78 faiz təsdiq olunub ki, autizmin yaranmasına hamiləlik dövründə ananın bağırsaq florasının mikrobiyomunun pozulması nəticəsində ana bətnində uşaqların bağırsaqlarının pozulması baş verir. Bağırsaq bizim ikinci beynimiz olduğundan, bağırsaq və beyin oxu arasındakı əlaqə kəsilir və bağırsaq beynin inkişafına yetərli dəstək verə bilmir. Beyincik nöqtələri fərqli formada inkişaf edir və bu da autizmin yaranmasına səbəb olur.
– Müasir dövrdə adətən deyilir ki, telefon, televizor uşaqlarda auitizm yaradır, bu doğrudurmu?
– Bununla heç bir əlaqəsi yoxdur. Düzdür, biz valideynlərə tövsiyə edirik ki, mümkün qədər 0-3 yaş arası uşaqlara televizor, telefon göstərməsinlər. Bu yaşda uşaqlar özünü kəşf edir, araşdırır, özünü tamamlayırlar. 0-7 yaş arası isə beyin aldığı bütün informasiyaları təhlil etmədən hər şeyi doğru qəbul edir. Ona görə də valideynlər uşaqların inkişaflarına nəzarət etməlidirlər.
– Bəs valideynlər hansı əlamətləri görəndə autizmdən şübhələnməli və mütəxəssisə müraciət etməlidir?
– Bizim bir uşağa autizm diaqnozunu qoymağımız bir ay çəkir. Autizmli uşaqların 95 faizində qəbizlik və ya ihsal olur. Əsasən də qəbizlik mütəmadi olaraq müşahidə olunur. Uşağın göz kontaktını qura bilməməsi, hər hansı dönən əşyalara davamlı oturub baxması, sosial ünsiyyət çatışmazlığı, hər hansı dad, işığın onu diskomfort etməsi, xüsusi əl çırpması və hər hansı əşyaları sıra ilə düzməsi autizm olması üçün şübhə yarada bilər. Amma indi tibb o qədər inkişaf edib ki, bir uşağa baxaraq ona diaqnoz qoymaq cahillikdir. Biz EEQ-dən istifadə edirik. Yuxu rejimində 30 dəqiqə beyin eqesi çəkilir, nevroloqlar tərəfindən analiz olunur, uşağın beynində hər hansı spayklara rast gəlinərsə, biz o zaman şübhələnirik. Qanın və nəcisin ümumi analizi götürülür. Bundan sonra keçirik uşağın hərəkətlərini analiz etməyə. Bizim hazırladığımız formu evdə valideynlər doldurur, sonra mütəxəssislər tərəfindən müşahidə aparılır. Çıxan analizlər nəticəsində diaqnoz qoyulur. Xüsusi qeyd etmək istəyirəm ki, autizm diaqnozunu qoymaq psixoloq, loqoped tərəfindən deyil, tibbi bitirmiş nevroloq və nevrapatoloqlar, psixiatrlar tərəfindən aparılır. Biz də onlarla birgə fəaliyyət aparırıq. Milyonda bir ehtimalı belə dəyərləndiririk. Bəzən diqqət əksikliyi, inkişaf və nitq ləngiməsi olduğu zaman buna da autizm diaqnozu qoyulur ki, biz maksimum dərəcədə çalışırıq ki, autizmə yanaşmayaq.
– Son olaraq gələcək planlar barədə nələri deyərdiniz?
– Bizim əsas layihəmiz autizmli uşaqlar üçün böyük Autizm Mərkəzinin tikilməsidir. Bina layihəmizi artıq dövlət qurumlarına təqdim etmişik, aidiyyətı qurumlar bunu təsdiqləyib. Heydər Əliyev Fonduna müraciət eləmişik ki, onların dəstəyi ilə bina tikiləcək, o binanın yanında da xüsusi yataqxana olacaq. Beləliklə də biz autizmli uşaqların yatılı terapiyalarını həyata keçirəcəyik. Bunun üçün 10 sot torpaq sahəsi verilib, tikinti üçün isə bir milyon yarım vəsaitə ehtiyacımız var. Bu bina Azərbaycanda ilk olacaq. Biz bu layihəni Amerikadakı xüsusi autizm mərkəzindən almışıq. Terapiya otaqlarının hamısı xüsusi ekspertiza tələb edir ki, otaqlarda günəşin nə zaman çıxıb-batmasına qədər hər şey hesablansın. Binanın zirzəmisində hovuz da olacaq ki, uşaqlar üzgüçülük öyrənə bilsinlər. Mərkəz 36 otaqdan ibarət olacaq və 50-yə yaxın mütəxəssis fəaliyyət göstərəcək. Bizim hazırda qeydiyyatda 400-dən çox uşaq var ki, bunların çoxu dövlət qeydiyyatında deyil. Bu rəqəm sürətlə artır.
– Məsuliyyətli işinizdə sizə uğurlar arzulayırıq.
– Bizə dəstək olduğunuz üçün təşəkkür edirəm.



