Müəllimlik etmək qərarım öyrətməyi sevməyimdəndir – Gdansk Universitetinin azərbaycanlı müəllimi

27 Aprel, 2026 - 10:03
Müəllimlik etmək qərarım öyrətməyi sevməyimdəndir

Azərbaycan gəncləri son illərdə yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də öz bilik və bacarıqları ilə tanınırlar. Bu gün müxtəlif ölkələrdə təhsil alan, çalışan və öz sahəsində sözünü deyən  gənclərimiz təkcə fərdi karyera qurmaqla kifayətlənmir, eyni zamanda ölkəmizin intellektual potensialını da təmsil edirlər. Onlar yeni təhsil modellərini mənimsəyir, fərqli mədəniyyətlərlə inteqrasiya olunur, innovativ düşüncə tərzi formalaşdırmaqla yanaşı, eyni zamanda qazandıqları təcrübəni gələcəkdə vətənlərinə fayda vermək üçün dəyərləndirməyə çalışırlar. Xarici ölkələrdə əldə edilən  uğurlar təkcə şəxsi nailiyyət deyil, eyni zamanda Azərbaycan gəncinin potensialının, intellektual səviyyəsinin və rəqabət qabiliyyətinin göstəricisidir.

Həmin gənclər həm də bir növ körpü rolunu oynayırlar. Azərbaycanla dünya arasında bilik, təcrübə və mədəniyyət mübadiləsini təmin edirlər. Onların qazandıqları nailiyyətlər digər gənclər üçün motivasiya mənbəyinə çevrilir, “mümkündür” anlayışını daha real edir. Çünki hər bir uğur hekayəsi göstərir ki, düzgün istiqamət, məqsəd və əzm olduqda, coğrafiya artıq maneə deyil.
Məhz belə gənclərdən biri uzun illərdir Polşada yaşayan, bu ölkənin Gdansk Universitetində dərs deyən, dünyanın ən böyük banklarından olan “CITI” bankda çalışan Vəli Səməndərlidir. Vəli müəllimlə müsahibəmizdə onun təhsil yolundan başlayaraq xaricdə qazandığı uğurlara, qarşılaşdığı çətinliklərə, peşəkar fəaliyyətinə və müəllimlik təcrübəsinə qədər bir çox məqamlara toxunduq.

- Vəli müəllim, xaricdə fəaliyyət göstərən ən uğurlu azərbaycanlı gənclərdənsiniz. Sizi yaxından tanımaq istərdik.

-2000-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi paytaxtdakı 62 nömrəli  məktəb-liseydə almışam. Məktəbin əlaçı şagirdlərindən biri olmaqla bərabər bir çox tədbirlərin fəal iştirakçısı da olmuşam. Orta ümumtəhsil müəssisəsini fərqlənmə attestatı ilə  bitirmişəm. Ali təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) almışam. 

Niyə məhz seçimim UNEC oldu? Onu deyim ki, daha öncədən universitet seçimi zamanı əsas prioritetim dünya təhsil trendlərini izləyən, tələbələrinin inkişafına önəm verən və təbii ki, güclü təhsil verən bir ali məktəbdə oxumaq idi. Bu meyarları özündə cəmləşdirən Azərbaycan Dövlət İqtisad Universiteti diqqətimi çəkdi. Mənim üçün əsas hədəf olan “Mühasibat uçotu və audit” ixtisasının tədris proqramı ilə tanış olduqdan sonra fikrim qətiləşdi. UNEC-də SABAH qruplarında təhsil almış məzun olaraq deyə bilərəm ki, bu seçimimdən çox məmnunam. 

Müasir əmək bazarı praktiki bacarıqlar, çeviklik və təşəbbüskarlıq tələb edir

- Universitet illərində sizi digər tələbələrdən fərqləndirən əsas xüsusiyyətlər nələr idi? SABAH  qruplarında təhsil almaq sizə nə qazandırdı?

- Hesab etmirəm ki, tələbə yoldaşlarımdan nə iləsə fərlənmişəm. Bilirsiniz hər kəsin fərqli bacarığı, yanaşma tərzi olur. Tələbəlik illəri insan həyatının unudulmaz və gələcək üçün ən qızıl dövrüdür. Mən bunu tələbəlik dövründə dərk edirdim. Ona görə də hər zaman öz üzərimdə işlədim. Düşünürdüm ki, universitetə daxil olmuşamsa, ailədən belə maddi dəstək ummamalıyam. Təbii ki, bu proses asan olmur, amma insanı formalaşdırır, çalışqan, ayıq olmağı, hadisələrə çevik münasibət göstərməyi, proseslərdən kənarda qalmamağı öyrədir.Universitet illərində keçirilən bütün  tədbirlərdə, görüşlərdə hər zaman  fəallığım ilə seçilirdim. SABAH qruplarında təhsil almaq üçün müraciət etdim və test mərhələsində imtahan nəticəsinə əsasən Azərbaycanda ən yüksək bal toplayan tələbə oldum.

SABAH qruplarında təhsil aldığım müddətdə müxtəlif qurumlarda ixtisasım üzrə daha fərqli şəkildə fəaliyyət göstərmişəm. Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda (“Prague İnstitute for Qualification Enhancement) təlimdə iştirak etmişəm. Daha sonra “ACCA - Financial accounting” (maliyyə uçotu) sertifikasiya imtahanını uğurla keçərək sertifikat almışam. Tələbə ikən həmmüəllifi olduğum “Təcavüzkar siyasətin Ermənistan iqtisadiyyatına təsiri (İmpact of agressive policy to the economy of Armenia)” mövzusunda məqalə ölkəmizdə və xaricdə maraqla qarşılanmışdı. Onu da deyim ki, məqaləmiz bir neçə dəfə onlarla xarici ölkə universitetlərinin müəllimləri tərəfindən müzakirəyə çıxarıldı. 

Ümumiyyətlə, SABAH qruplarında təhsil almağım mənim həyatımda xüsusi rolu var. Fikrimcə, bu, Azərbaycanın ali təhsil sistemində son illərdə fərqləndirici, ən uğurlu  layihələrdən biri kimi gənclərin həm akademik, həm də şəxsi inkişafında mühüm əhəmiyyətə malikdir. SABAH qruplarında təhsil alan tələbələr ənənəvi yanaşmadan fərqli olaraq daha interaktiv dərs mühitinə daxil olurlar. Burada tələbələrdən yalnız nəzəri bilikləri mənimsəmək deyil, eyni zamanda analitik düşünmək, araşdırma aparmaq, təqdimat bacarıqlarını inkişaf etdirmək və komanda şəklində işləmək tələb olunur. Və bu layihənin əsas üstünlüklərindən biri də tələbələrə erkən mərhələdə rəqabət mühitini hiss etdirməsidir.
Nəticə etibarilə, SABAH qrupları yalnız universitet illərini fərqli və daha məhsuldar etmək üçün deyil, gənclərin gələcək həyatına, karyera seçimlərinə, düşüncə tərzinə və hətta həyat prioritetlərinə təsir edən bir platforma rolunu oynayır. 

- Polşada magistratura  təhsili almaq istəyiniz necə yarandı? Bu ölkənin təhsillə bağlı hansı xüsusiyyətləri sizi cəlb etmişdi? 

- UNEC-də təhsil aldığım illərdə şəxsi inkişaf və karyera planlamamda xaricdə təhsilin mənim üçün çox önəmli olduğunu anladım. Baxmayaraq ki, magistraturaya müxtəlif ölkələrdən qəbul almışdım, amma seçimim Polşa Respublikasındakı Gdansk Universiteti oldu. Yeni bacarıq və qabiliyyətlərə, təcrübələrə, təhsil metodlarına yiyələnəcəyim bir ölkə olaraq Polşaya fokuslandım. Müraciətim zamanı Polşa tərəfindən verilən “NAWA” təqaüdünün qalibi oldum və orada təhsil, yaşam xərclərim adıçəkilən ölkə tərəfindən ödənildi.

Magistratura illərində mən daha çox peşəkar inkişafıma fokuslanmışdım və paralel olaraq beynəlxalq bank sektorunda fəaliyyət göstərirdim. Bu dövrdə əvvəlcə dələduzluqla mübarizə üzrə analitik (Fraud Analyst) kimi çalışmış, daha sonra isə “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsiylə mübarizə” (AML/CTF) sahəsi üzrə  ixtisaslaşdım.
Bilirsiniz, müasir əmək bazarı artıq yalnız diplom deyil, eyni zamanda  praktiki bacarıqlar, çeviklik və təşəbbüskarlıq tələb edir. İş təcrübəm mənə maliyyə təhlükəsizliyi, risklərin qiymətləndirilməsi və şübhəli əməliyyatların analizi sahəsində dərin biliklər qazandırdı. Bu praktiki yanaşma akademik biliklərimi də tamamlayaraq mənə daha geniş perspektiv verdi. Hazırda da eyni sahədə dünyanın ən böyük banklarından birində fəaliyyət göstərirəm və özümü inkişaf etdirməyə çalışıram. 

“Dərs dediyim əcnəbi tələbələrin inkişafına təsir etdiyimi görürəm”

- Siz  Gdansk Universitetində müəllimliklə də məşğul olursunuz. Gənc yaşda ali məktəb müəllimi kimi çalışmaq necə hissdir? 

- Gdansk Universitetində “Davamlı inkişaf, innovasiyalar, menecment” ixtisası üzrə  dərs deyirəm. Eyni zamanda adıçəkilən universitetdə doktorantura təhsili alıram və elmi fəaliyyətim də bu istiqamətdədir. Növbəti tədris ilindən isə “Maliyyə cinayətləri, maliyyə cinayətləri ilə  mübarizədə dünya standartları” sahəsini tədris edəcəyəm. Polşada danışıq  dili polyak dili olsa da, əsas tədris dili ingiliscədir. Mən adətən ingilisdilli quruplarda dərs keçirəm. 

Təbii ki, gənc yaşda müəllim kimi fəaliyyətə başlamaq həm məsuliyyətli, həm də çox ilhamverici bir hissdir. Bilirsiniz, müəllimlik birbaşa insanın ikişafında, gələcək həyatının müəyyənləşdirilməsində mühüm rol oynayır. Mən də dərs dediyim əcnəbi tələbələrin  inkişafına təsir etdiyimi görürəm. Müəllimlik etmək qərarım bilik paylaşmağı və insanlara öyrətməyi sevməyimdəndir. Xüsusilə tələbənin irəliləyişini, oxumaq sevgisini görmək mənə çox böyük motivasiya verir. Bu qərarı verərkən müəyyən tərəddüdlərim olsa da, sonda məhz müəllim olmağı seçdim. Müəllimlik böyük səbir və zəhmət tələb edən bir peşədir və tələbələrimin uğurlarını gördükcə seçimimdə yanılmadığımı düşünürəm.

- Polşada ali təhsil sistemi və tələbə yanaşması haqqında nə deyə bilərsiniz?

- Polşada ali təhsil sistemi kifayət qədər müasir və Avropa standartlarına uyğun şəkildə qurulub. Universitetlərdə nəzəri biliklərdən daha çox praktik bacarıqların inkişafına ciddi önəm verilir. Tələbələrə müstəqil düşünmək, araşdırma aparmaq və öz fikirlərini sərbəst ifadə etmək imkanları yaradılır. Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət üzərində qurulub. Eyni zamanda, tələbələrdən məsuliyyətli və aktiv olmaq gözlənilir, çünki qiymətləndirmə yalnız imtahanla deyil, semestr ərzindəki fəaliyyətlə də bağlı olur.

 “Azərbaycanlı tələbələrin potensialını daha yüksək qiymətləndirirəm”

- Azərbaycanlı və polşalı tələbələr arasında hansı fərqləri görürsünüz?

- Mən də Azərbaycanda tələbə olmuşam. Müəyyən fərqlər təbii ki, hiss olunur və bu da əsasən təhsil mühitindən qaynaqlanır. Polşalı tələbələr adətən daha sərbəst davranırlar, dərsdə fikirlərini açıq deməkdən çəkinmirlər və müəllimlə rahat ünsiyyət qururlar. Azərbaycanlı tələbələr çox çalışqan və məsuliyyətlidirlər. Bizim gənclərdə  bəzən səhv etməkdən çəkinmək hissi daha güclü olur, ona görə də dərsdə aktivlik bir az aşağı görünə bilər. Polşada isə səhv etmək öyrənmənin bir hissəsi kimi qəbul olunur və bu, tələbələri daha rahat edir. Amma ümumilikdə hər iki ölkənin gəncləri istedadlı və öyrənməyə həvəslidir, sadəcə yanaşma fərqlidir. Mən azərbaycanlı tələbələrin potensialını daha yüksək qiymətləndirirəm.

- Polşada yaşayan azərbaycanlı gənclərin sosial həyatı necədir?

- Orada yaşayan gənclərimiz kifayət qədər fəaldırlar. Gənclər tez-tez bir araya gəlirlər, milli bayramlarımızı qeyd edirlər, həm də yerli mühitə uyğunlaşmağa çalışırlar. Bir çoxu universitet tədbirlərində, müxtəlif layihələrdə və könüllü fəaliyyətlərdə aktiv iştirak edir. Eyni zamanda, yeni dostlar qazanmaq və fərqli mədəniyyətləri tanımaq üçün açıq olurlar. 

“Uğur bir anda yox, zamanla gəlir”

- Xaricdə təhsil almaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?

-Xaricdə təhsil almaq istəyən gənclər, ilk növbədə, məqsədlərini dəqiq müəyyən etməlidirlər. Yeni mühit, fərqli qaydalar, dil baryeri, sosial uyğunlaşma - bütün bunlar ilk baxışda çətin görünə bilər. Lakin məhz bu çətinliklər insanı formalaşdırır, onu daha güclü, müstəqil və məqsədyönlü edir. Sadəcə ölkədən çıxmaq, bir xarici ölkə seçmək üçün yox, həqiqətən nə öyrənmək istədiklərini və gələcək planlarını düşünmək vacibdir. Dil biliklərini gücləndirmək çox önəmlidir, çünki bu, həm dərslərdə, həm də gündəlik həyatda insana böyük üstünlük verir. Eyni zamanda, ilk vaxtlar çətinliklərin olacağını qəbul edib psixoloji olaraq hazır olmaq lazımdır. Yeni mühitə açıq olmaq, fərqli insanlarla ünsiyyət qurmaq və öz komfort zonasından çıxmaq inkişaf üçün çox faydalıdır. Ən əsası isə səbirli və davamlı olmaqdır, çünki uğur bir anda yox, zamanla gəlir.