“Xaricdə təhsil almaq həm maraqlı, həm də çətin yoldur” – HTP tələbəsi

2 İyun, 2026 - 13:06
“Xaricdə təhsil almaq həm maraqlı, həm də çətin yoldur”

Ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması baxımından Azərbaycan və bir sıra xarici ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramları (HTP) mühüm əhəmiyyət kəsb edir. Proqram gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində yüksəksəviyyəli mütəxəssislər kimi formalaşmasına öz töhfələrini verir.

Belə gənclərdən biri də Rumıniyanın Sibiu şəhərində yerləşən "Lucian Blaga University of Sibiu"nun (ULBS) tələbəsi Əsma Mənsurzadədir. 

“Azərbaycan müəllimi”nə müsahibəsində Əsma Mənsurzadə proqramın əhəmiyyəti, Rumıniyadakı təhsil həyatı, uğurları barədə danışır. Əvvəlcə müsahibimizi oxuculara təqdim edirik.

– Mən Əsma Mansurzadə, Bakı şəhərində doğulmuşam. Geniş maraq dairəsinə malik, daim özünü inkişaf etdirməyə çalışan biriyəm. Musiqi, müxtəlif idman növləri və fərqli mədəniyyətlərlə maraqlanıram. Məktəb illərindən etibarən müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak etmişəm. Könüllü kimi fəaliyyət göstərmişəm. COP29 çərçivəsində Gənc İqlim Elçisi kimi ölkəmizi təmsil etmişəm.

– Rumıniyada ali təhsil həyatınız necə başladı? Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu və əhəmiyyəti barədə nə deyərdiniz?

– Uşaqlıqdan xaricdə təhsil almaq arzum olub. Buna görə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanları ilə yanaşı beynəlxalq imtahanlara da hazırlaşırdım. Bu hazırlığın nəticəsi olaraq DİM imtahanlarında yüksək nəticə göstərərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ödənişsiz əsaslarla qəbul oldum. Ancaq məqsədim yalnız ali təhsil almaq deyil, həm də özümü beynəlxalq akademik mühitdə sınamaq idi. Bu məqsədlə xaricdə təhsil imkanlarını araşdırmağa davam etdim.

Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu böyük oldu. Dövlətimizin gənclərin xaricdə təhsil alması üçün yaratdığı imkanlar mənə də arzumun gerçəkləşməsi üçün fürsət yaratdı. Müraciət etməyə və özümü sınamağa qərar verdim.

Hazırda təhsilimin ilk ilindəyəm və rumın dili hazırlıq proqramında təhsil alıram. Bu mərhələ mənim üçün həm yeni bir dil öyrənmək, həm də yeni təhsil mühitinə uyğunlaşmaq baxımından dəyərli təcrübədir. Qarşıda isə məni dörd illik bakalavr təhsili gözləyir.

– Rumınıyanın ali təhsil sistemi, eləcə də təhsil aldığınız universitet barədə nə deyərdiniz? Bu ölkədə təhsil həyatınız sizi qane etdimi?

– "Lucian Blaga University of Sibiu" Rumıniyanın dövlət universitetidir. 1990-cı ildə yenidən qurulmuş və ölkənin ən tanınmış universitetlərindən biridir. Universitet beynəlxalq tələbələr üçün də açıq akademik mühitə malikdir. Hazırda təhsilimin ilk mərhələsində olduğum üçün hər şeyi tam şəkildə dəyərləndirmək bir qədər tez olsa da, indiyədək əldə etdiyim təəssüratlar müsbətdir.

– Universitetin təhsil, tədqiqat mühiti barədə nə deyərdiniz? Universitetdə əcnəbi tələbələrə münasibət necədir?

– Hazırda hazırlıq proqramında təhsil aldığım üçün universitetin təhsil və tədqiqat mühiti ilə bağlı tam fikir formalaşdırdığımı deyə bilmərəm. Ancaq burada olduğum müddət ərzində müsbət təəssüratlar əldə etmişəm. Universitet tələbələrə özlərini inkişaf etdirmələri üçün müxtəlif imkanlar yaradır və müəllimlər də tələbələrə dəstək olmağa çalışırlar.

Əcnəbi tələbələrə münasibət də kifayət qədər müsbətdir. İlk günlər yeni ölkəyə və yeni mühitə uyğunlaşmaq müəyyən qədər çətin olsa da, həm universitet əməkdaşları, həm də müəllimlərimiz bu prosesi asanlaşdırmağa kömək edirlər.

– Hansı ixtisas üzrə təhsil alırsınız və bu ixtisas sizin üçün nə dərəcədə maraqlı və cəlbedicidir? 

– Kompüter elmləri və informasiya texnologiyaları ixtisası üzrə qəbul olmuşam. Bu sahə mənim üçün həm maraqlı, həm də perspektivli bir sahədir. Hazırda texnologiya sürətlə inkişaf edir və həyatın demək olar ki, bütün sahələrində böyük rol oynayır. Məni bu sahəyə cəlb edən əsas məqam problemləri məntiq və yaradıcı düşüncə ilə həll etmək imkanıdır. Xüsusilə proqramlaşdırma, süni intellekt texnologiyasının necə işlədiyini öyrənmək mənə maraqlıdır.

Düşünürəm ki, gələcəkdə bu sahə daha da inkişaf edəcək və mən də bu inkişafın bir hissəsi olmaq, yeni şeylər yaratmaq və real problemlərin həllində texnologiyadan istifadə etmək istəyirəm. Ən çox xoşuma gələn tərəfi isə odur ki, burada daim öyrənmək və özünü inkişaf etdirmək lazımdır. Bu da mənə motivasiya verir.

– Universitetdə Azərbaycan barədə həqiqətlərin tanıdılması, milli-mədəni keçmişimizin, tariximizin, mədəniyyətimizin təbliği sahəsində nə kimi tədbirləriniz olub?  

– Təhsil aldığım universitetdə hər il “Beynəlxalq həftə” (“International Week”) adlı tədbir keçirilir. Bu il 11–15 may 2026-cı il tarixlərində təşkil olunan 12-ci "Beynəlxalq həftə" çərçivəsində dünyanın müxtəlif ölkələrindən müəllimlər, tədqiqatçılar və tələbələr bir araya gəldi.

Mən də bu tədbirdə ölkəmizi tanıtmaq imkanı əldə etdim və bunu böyük həvəslə etdim. Düşünürəm ki, xaricdə təhsil alan hər bir tələbə öz ölkəsini tanıtmaq üçün bir körpü rolunu oynayır və bu, eyni zamanda bizim mənəvi borcumuzdur. Bu məsuliyyəti ürəkdən hiss edərək bacardığım qədər layiqincə yerinə yetirməyə çalışdım. Tədbir zamanı Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri və müasir inkişafı haqqında təqdimat etdim, həmçinin qonaqları ölkəmizin milli şirniyyatlarına qonaq etdim.

Bundan əvvəl isə universitetin kitabxanasında “Discover Azerbaijan – The Pearl of the Caucasus” adlı təqdimatla Azərbaycanın zəngin mədəni irsi, milli rəqsləri, geyimləri, tarixi abidələri, görməli yerləri və incəsənəti barədə məlumat vermişdim. Tədbir universitetin kitabxana rəhbərliyi və beynəlxalq tələbələr bölməsi tərəfindən maraqla qarşılanmışdı.

Ümumiyyətlə, Hökumətlərarası Təhsil Proqramının əsas məqsədi gənclərin beynəlxalq təcrübə qazanmasına və ölkələrarası mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Mən də bu proqram vasitəsilə bu imkandan yararlanaraq həm ölkəmi təmsil etməyə, həm də özümü inkişaf etdirməyə çalışıram.

– Digər ölkələrdən olan tələbələrlə bir mühitdə təhsil almaq, xüsusən də türkdilli ölkələrdən olan gənclərin bir arada olması və əlaqələri barədə nə deyərdiniz?

– Beynəlxalq mühitdə təhsil almaq mənim üçün çox dəyərli bir təcrübədir. Burada Çin, Hindistan, Türkiyə, Özbəkistan, Türkmənistan, Ukrayna, Mərakeş və digər ölkələrdən tələbələr təhsil alır. Artıq bir çoxu ilə dostluq münasibətləri qurmuşuq. Bəzən dərsdən sonra birlikdə vaxt keçirmək, fərqli ölkələrin yeməklərini, adət-ənənələrini müzakirə etmək çox maraqlı olur. Dostlarımdan bəziləri Azərbaycana gəlmək istədiklərini bildirirlər. Onlar ölkəmiz haqqında daha çox öyrənmək və görmək istəyirlər. Mən də onları sevə-sevə dəvət edirəm.

Burada türkdilli ölkələrdən olan tələbələr də çoxdur. Onlarla münasibət daha səmimi və rahat olur. Ortaq dil və mədəni yaxınlığımız ünsiyyətimizi daha da asanlaşdırır və aramızda təbii bir bağ yaradır. Bəzən eyni sözləri fərqli vurğu ilə desək də, bir-birimizi çox rahat anlayırıq və bu, ünsiyyətimizə maraq qatır. Düşünürəm ki, bu gün formalaşan bu dostluqlar gələcəkdə əməkdaşlıqlar üçün güclü bir zəmin olacaq.

– HTP çərçivəsində xaricdə təhsil almaq istəyən gənc yaşıdlarınıza nə kimi tövsiyələriniz olardı?

– Gənclərə ilk olaraq onu deyərdim ki, bu yol həm maraqlı, həm də müəyyən qədər çətin yoldur. Ona görə də əvvəlcədən yaxşı hazırlaşmaq çox vacibdir. Xarici dil biliklərini inkişaf etdirmək və akademik göstəricilərə ciddi yanaşmaq önəmlidir. Çünki bu, həm qəbul prosesində, həm də sonrakı təhsil həyatında böyük rol oynayır.

Amma məncə, bununla yanaşı insan mənəvi olaraq da hazır olmalıdır. Yeni mühitə açıq olmaq və dəyişikliklərdən çəkinməmək də vacibdir. Çünki ailədən, dostlardan uzaq olmaq, bəzən onlar üçün darıxmaq və hər şeyi təkbaşına həll etməyə çalışmaq bu təcrübənin bir hissəsidir.

Hər kəsə bu yola çıxmazdan əvvəl həm akademik, həm də mənəvi olaraq hazır olmağı tövsiyə edərdim.

– Gələcək planlarınız barədə nə deyərdiniz?
– Gələcək planlarım əsasən təhsil aldığım sahə-kompüter elmləri və informasiya texnologiyaları ilə bağlıdır. Xüsusilə süni intellekt və proqramlaşdırma istiqamətində özümü inkişaf etdirmək istəyirəm. Bakalavr təhsilimi uğurla başa vurmaq və bu müddət ərzində mümkün qədər çox bilik və praktiki bacarıq qazanmaqdır.

Gələcəkdə qazandığım bilik və təcrübəni ölkəmdə faydalı işlərə yönəltməyi, Azərbaycan və Rumıniya arasında əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyi arzulayıram.