Nazir: Bir çox hallarda alimlər üçün bürokratik prosesləri keçmək asan olmur

11 Dekabr, 2024 - 12:29

“Azərbaycanlı alimlərin dünya elminə inteqrasiyası, xarici alim və professorların Azərbaycana cəlb edilməsi mühüm hədəflər sırasındadır. Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.

O bildirib ki, xarici alimlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün tətbiq edilən bəzi bürokratik prosedurlar bu prosesə mane olur:

"Alimlərin rahat fəaliyyət göstərə bilməsi üçün mövcud qaydalara yenidən baxılmalıdır. Pilot layihələr çərçivəsində ali təhsil müəssisələrinə maliyyə dəstəyi ayrılır. Lakin bu maliyyə vəsaitlərinin effektiv istifadə edilməsində bəzi bürokratik maneələr mövcuddur".

Onun sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

Nazir bildirib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir:

"Biz xaricdən hansısa tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Yəni loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq".

Nazir vurğulayıb ki, alimin işi tədqiqat aparmaqdır, nəinki külli miqdarda sənəd toplamaq işlərinə fokuslanmaq: 

“Bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri keçmək asan olmur. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə, prosedurun sadələşdirilməsinə nail ola bilərik".

Ali təhsil müəssisələri ilə yaxından işləməyə çalışdıqlarına diqqət çəkən nazir söyləyib ki, ilkin mərhələdə pilot layihə olaraq maliyyə resursları ayrılır:

"Ali təhsil müəssisələri bir çox bürokratik səbəbdən bu vəsaiti təyinatı üzrə xərcləyə bilmir. Ali təhsil sistemimizdə olan yanaşmalar həddindən artıq köhnəlib. Burada çox ciddi iradəyə ehtiyac var. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir".