Nazir: Ətrafdakı mühitin məktəbə təsir etdiyini anlamalıyıq
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, burada vahid bir müqayisə imkanının olması vacibdir:
"Məsələn, burada yaxşı bir təklif səsləndi ki, gəlin vahid platforma yaradaq və orada bütün məktəblərin məlumatlarını paylaşaq. Bu platforma o zaman işləyəcək ki, oradakı məlumatlar müqayisə edilə bilən olsun. Yəni məlumatlar eyni meyarlar üzrə toplanmalıdır. Hər kəs öz arzusu ilə ora məlumat yığsa və yaxud şərti olaraq öz məktəbini tərifləsə ki, “mənim məktəbim digər məktəblərdən yaxşıdır”, bunun axırı yaxşı olmayacaq. Bunu başa düşmək, məncə, çox vacibdir. İkinci fikir ondan ibarətdir ki, məktəb sisteminin təhsil mühitinin bir hissəsini biz müəyyən edirik. Bu gün burada çox danışıldı ki, müəllimin tədrisində hansı indikatorlara baxırıq, məktəbin, deyək ki, inspeksiyalarında nəyə baxırıq, təhsil siyasətində hansı indikatorlara baxırıq və bunlar təhsilə necə təsir edir. Dediyim kimi, biz bunu əvvəlki illərlə müqayisədə bir neçə dəfə daha yaxşı başa düşürük. Yəni sistem olaraq bunu bir addım yox, bir neçə addım daha yaxşı başa düşürük. Çünki əlimizdə yaxşı məlumatlar var və bu mənada özümüzü də inamlı hesab edirik".
Nazir qeyd edib ki, məktəb səviyyəsində başa düşülməli olan digər məsələ məktəb direktorlarının bunu daha yaxşı başa düşməyi öyrənməsidir:
"Yəni şəxsi mülahizələrdən məktəbdaxili ölçmələrə keçməliyik. Buna nə vaxt çatacağıq? Bu, daha çətin bir prosesdir, amma çata bilərik. Digər məsələ odur ki, məktəbin ətrafındakı mühitin məktəbə təsir etdiyini anlamalıyıq. Bu, ev mühitidir, valideynlərdir və digər amillərdir. Burada iki mövqe ola bilər. Bir mövqe bundan ibarət ola bilər ki, biz şikayət edək. Mən məktəb direktorları ilə il ərzində xeyli görüşürəm, danışırıq və sizinlə yaxşı müzakirələrimiz olur. Mənim əsasən eşitdiyim odur ki, məsələn, uşaqların sağlamlığı ilə bağlı, valideynlərin davranışı ilə bağlı, yaxud ətrafdakı icmanın məktəbə mənfi təsiri ilə bağlı məsələlərdən danışırıq. Amma bu, bizim hamımızın ortaq həyatıdır. Biz bu işə razı olanda, belə deyək, həmin ətraf mühitlə işləməli olduğumuza da razı olmuşuq. Bu, çox vacibdir”.




