Nazir: Gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə uğurlar əldə edirlər

8 May, 2026 - 10:40
Nazir: Gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə uğurlar əldə edirlər

“Müasir müstəqil dövlətimizin qurucusu, onun siyasəti haqqında danışarkən qeyd etməliyik ki, dövlətin əsas siyasi xətlərindən biri gənclər siyasətidir. Bu gün də Azərbaycan gənclərinin əldə etdiyi uğurlar göz qabağındadır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Fərid Qayıbov “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” Gənclər Forumunda səsləndirib.

Nazir qeyd edib ki, həm sovet dövründə, həm də sonrakı mərhələdə Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə xüsusi diqqət göstərilib: “Düz 30 il əvvəl – 1996-cı ildə Ümummilli Lider tərəfindən gənclərin ilk forumu keçirildi. Heydər Əliyev tərəfindən gənclərə xüsusi diqqət göstərilib. Ötən əsrdə minlərlə Azərbaycan gənci sovet ölkələrinin müxtəlif şəhərlərinə təhsil almağa göndərilib”.

Fərid Qayıbov Gənclər Gününün təsis olunması tarixindən bəhs edərək bildirib ki, Gənclər Günü BMT-yə üzv olan bir çox ölkələrdən daha əvvəl keçirilməyə başlanılıb. Bu da Ümummilli Liderin necə uzaqgörən lider olduğunu göstərir.

Nazir vurğulayıb ki, bu gün də Azərbaycan gənclərinin əldə etdiyi uğurlar göz qabağındadır. Gənclər siyasəti ölkə başçısı tərəfindən uğurla davam etdirilir: “Gənclərimiz təkcə döyüş meydanında deyil, bütün sahələrdə uğurlar əldə edirlər. Demək olar ki, hər ay müxtəlif uğurların şahidi oluruq. Bütün dövlət qurumları gənclərə dəstək olmaq üçün layihələr həyata keçirirlər”.