Nazir müavini: Ali məktəblərə qəbuldakı artım artıq faizlə deyil, dəfələrlə ölçülür
“Ali təhsilin əhatəliliyi və əlçatanlığı artırılıb. Eyni zamanda təhsil məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətlilik gücləndirilib. Bu gün biz ali təhsil müəssisələrimizə hər il 78 min tələbə qəbul edirik. Bir neçə il bundan əvvəlki göstəricilərlə müqayisədə bu artım faizlə deyil, dəfələrlə ölçülür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev BDU-nun "Məzun günü"ndə səsləndirib.
Nazir müavinin sözlərinə görə, ölkəmizdə təhsilə, insan kapitalının inkişafına ciddi diqqət yetirilir və ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasətin prioritet istiqamətlərindən biri də məhz təhsil və insan kapitalıdır: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident Mehriban xanımın diqqət və qayğısı nəticəsində təhsil sistemimizdə ciddi islahatlar aparılmışdır və nəticələr əldə olunur”.
İdris İsayev bildirib ki, eyni zamanda dövlətimiz istedadlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini təşviq edib.
O həmçinin ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə tutduğu mövqeyə diqqət çəkərək bildirib ki, əgər bir neçə il bundan əvvəl ali təhsil müəssisələrimiz bu reytinqlərdə daha az təmsil olunurdusa, artıq son 2-3 ildə göstəricilər dəyişib: “Bu gün 9 ali təhsil müəssisəmiz beynəlxalq reytinqlərdə təmsil olunur. Onların 6-sı ilk 1000 sırada yer alıb. Təhsil tariximizdə ilk dəfə olaraq Bakı Dövlət Universiteti 688-ci sırada qərarlaşıb. Mən ümid edirəm ki, bizim ali təhsil müəssisələri üzrə bu göstəricilər növbəti illərdə daha da yaxşılaşacaq”.




