Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı “Maarifçi”lərin əldə etdikləri bilik və bacarıqlar, qarşılaşdıqları məsələlər, gələcək karyera perspektivləri və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Firudin Qurbanov gəncləri yaradılan imkanlardan səmərəli istifadə etməyə, praktiki təcrübə qazanmağa və daim öz üzərlərində işləməyə çağırıb. Müasir əmək bazarında innovativ düşüncə, yaradıcı yanaşma, təşəbbüskarlıq, texnologiyalardan istifadə, ünsiyyət və komandada işləmək bacarıqlarının əhəmiyyətini vurğulayıb.
"“Maarifləndirmək” “kiməsə bilik vermək, bilik və mədəniyyət yaymaq” deməkdir", - deyən nazir müavini “Maarifçi” proqramının mahiyyətindən danışaraq maarifçiliyin bilik və bacarıqların ötürülməsi, cəmiyyətin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, proqrama bu il rekord sayda müraciət daxil olub və seçim nəticəsində yeni iştirakçılar müəyyənləşdirilib.
Firudin Qurbanov müasir dövrdə gənclərin qarşısında yeni vəzifələrin dayandığını qeyd edərək, onların XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara, geniş dünyagörüşünə və müstəqil düşünmə qabiliyyətinə malik olmasının vacibliyini vurğulayıb: "Gənclər qarşısında yeni dövrün yeni vəzifələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev belə ifadə etdi: "Bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir, peşəkar, bilikli, həm fiziki, həm mənəvi cəhətdən sağlam olmalısınız və elə etməlisiniz ki, Azərbaycan daim inkişaf etsin və müstəqil ölkə kimi öz sözünü desin, formal olaraq yox, real".
Bu baxımdan ölkəmizin qarşısında duran prioritet məsələ-XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşünə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Bir neçə ildən sonra tamamilə yeni peşələr olacaq. Bu gün elə gənclər formalaşmalıdır ki, “çərçivədən” kənar düşünmək bacarıqları olsun, müstəqil təhsil almaq bacarıqları olsun, özünüinkişafın təmin etsin, öz intellektini artırsın.
Onlar yaxın zamanda, bu gün hələ müəyyənləşdirilməyən məsələləri həll etmək bacarığında olmalıdırlar. Yalnız bilikli, yaradıcı və sağlam mənəviyyatlı gənclər ölkəmizin əsas gücü olacaq".
Müasir dünyanın texnoloji inqilab dövrünü yaşadığını, rəqəmsallaşmanın sürətləndiyini və süni intellektin həyat və düşüncə tərzini köklü şəkildə dəyişdirdiyini bildirən nazir müavini bu texnologiyaların əmək bazarına təsirinə diqqət çəkib. Həmçinin qeyd edib ki, gənclər süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onların iş prinsiplərini də anlamalı, texnoloji dəyişikliklərə hazır olmalıdırlar:
"Müasir dünya texnoloji inqilab dövrünü yaşayır. Dünyanın rəqəmsallaşması sürətlə gedir, süni intellekt sahəsi isə bəşəriyyətin həyat və düşüncə tərzini köklü şəkildə dəyişir. Süni intellekt texnoloji inkişafın ən mühüm qlobal miqyasda rəqabətqabiliyyətliliyin təmin edilməsində böyük əhəmiyyət daşıyır.
Bu prosesin mərkəzində isə gənclər dayanır. Süni intellekt gənclər üçün artıq sadəcə mürəkkəb bir texnologiya deyil, həm də yeni düşüncə və fəaliyyət tərzinə çevrilir. Süni intellekt əmək bazarını köklü şəkildə dəyişir və gənc nəsil bu transformasiyalara hazır olmalıdır. Müasir gənclər yalnız süni intellekt alətlərindən istifadə etməklə kifayətlənməməli, həm də onların iş prinsiplərini başa düşməlidirlər. Neyron şəbəkələrinin təsirli imkanlarına baxmayaraq, yaradıcılıq, emosional intellekt, mürəkkəb kommunikasiya və innovasiya qabiliyyəti insanların maşınları üstələdiyi sahələr olaraq qalır".
Qərarların elmi araşdırma və təhlilə əsaslanmasının vacibliyinə də toxunan Firudin Qurbanov bu yanaşmanın daha düzgün və əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynadığını bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsi və qazanılan Zəfərin əhəmiyyətinə də toxunulub. Nazir müavini şəhidlərin və qazilərin fədakarlığının ölkəmizin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Sonda proqram iştirakçıları onları maraqlandıran sualları nazir müavininə ünvanlayıblar.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir yanaşmaları öyrənmələri və təhsil islahatları prosesinə dəstək vermələridir.




