Nazir: “Müəllimin maaşı sinif sayından, uşaq sayından asılı olmamalıdır”
“Biz 3 saat dərs deyən adama da müəllim deyirik, 34 saat dərs deyən adama da. Müəllimin əməkhaqqısını sinfin sayı müəyyən edir. Sinfin sayı çoxaldıqca saatlar artır və müəllimin maaşı da artır. Mənə görə müəllim sinif sayının dəyişməsinə məsuliyyət daşıyan şəxs deyil”.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişindəki çıxışında deyib.
“Məsələn, mən müəllim işləyirəm, mən nəyə görə sinif sayından, uşaq sayından asılı olmalıyam. Mən peşəkar müəlliməmsə, mənim əməkhaqqım olmalıdır və mən bu əməkhaqqı ilə işləməliym. Bu proses zamanında o qədər də tənzimlənməyib deyə problem olaraq qalıb. Bu problemi həll etməliyik”, - deyə nazir vurğulayıb.
Nazir çıxışında qeyd edib ki, son 5 ildə həyata keçirilən islahatların nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 965 manata qalxıb. Bundan sonrakı məqsəd də müəllimin əməkhaqqısını artırıb onun rifah səviyyəsini yaxşılaşdırmaqdır.



