Nazir: Qadınların təhsilini kiçik yaşlardan diqqətdə saxlamalıyıq
“Qadınların təhsilli olması anaların təhsilli olmasıdır. Anaların təhsilli olması təhsilin keyfiyyətli olmasına əsaslı şəkildə təsir edir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Qızların təhsilinə dəstək” layihəsinin “II Məzun günü 2026” tədbirində söyləyib.
Nazirin sözlərinə görə, bu təqaüd proqramının nəticələri artıq görünür: "Bu zalda əyləşən hər bir məzun Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə töhfəsini verəcək. Biz çox sevinirik ki, belə tədbir və təqaüd proqramı yüzlərlə xanımı əhatə edir. Ən kiçik yaşlardan başlayaraq qadınların təhsilini diqqətdə saxlamalıyıq. Ən aşağı yaşlardan qızların istər təhsilini, istər sosial məsələlərinə diqqət yetirməliyik".
Emin Əmrullayev qeyd edib ki, tədqiqatlara əsasən, 4-cü sinfin sonunda qızların oxu nəticələrinin oğlanların oxu nəticələrindən yuxarı olur, lakin 9-cu sinifdə bu vəziyyət dəyişir: “Bu, yəqin ki, qızların yeniyetməlik çağında üzləşdiyi problemlərdən qaynaqlanır. Biz cəmiyyətin inkişafı üçün qızlarımızın təhsilə əlçatanlığını təmin etməliyik”.




