Nazir: Süni intellekti dərindən bilən müəllim heyəti formalaşdırılmalıdır
"Məktəblərdə şagirdlərə süni intellektin öyrədilməsi asan deyil".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 150 mindən çox təhsil işçisi məşğul olur. Belə genişmiqyaslı təhsil sistemində şagirdlərə süni intellektin incəliklərini öyrətmək asan başa gəlmir və bunun üçün ilk növbədə sözügedən sahəni dərindən bilən müəllim heyəti formalaşdırılmalıdır. Şagirdlərə süni intellekti öyrətmək üçün əvvəlcə bu sahə üzrə bilikli və hazırlıqlı müəllimlər yetişdirilməlidir.
Emin Əmrullayev eyni zamanda qeyd edib ki, istənilən təhsil sistemi üç əsas komponent – məzmun, tədris və qiymətləndirmə üzərində qurulur:
"Şagirdlərin bilik və bacarıqlarının hansı səviyyədə mənimsənildiyini müəyyən etmək üçün düzgün qiymətləndirmə sistemi formalaşdırılmalıdır”.
Emin Əmrullayev rəqəmsal transformasiyanın mahiyyətinə toxunaraq vurğulayıb ki, məsələ sadəcə həmin tədrisi təşkil etməkdən çox bütövlükdə o təhsil sisteminə keçid etməkdir.




