NDU-nun nəzdindəki gimnaziyada Şagird Elmi Cəmiyyəti yaradılıb

13 Fevral, 2026 - 10:40
NDU-nun nəzdindəki gimnaziyada Şagird Elmi Cəmiyyəti yaradılıb

Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili təmayüllü gimnaziyada Şagird Elmi Cəmiyyəti yaradılıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, cəmiyyət 3 dekabr 2025-ci il tarixində NDU Tələbə Elmi Cəmiyyətinin strukturu kimi fəaliyyətə başlayıb.

Yeni yaradılan strukturun əsas məqsədi gimnaziyada elmi-tədqiqat mühitini formalaşdırmaq, şagirdlərin layihə əsaslı düşünmə, innovasiya və analitik təfəkkür bacarıqlarını inkişaf etdirməkdir. Hazırda Şagird Elmi Cəmiyyəti 28 nəfərlik idarə heyəti ilə fəaliyyət göstərir. Onlardan 18 nəfəri könüllü əsaslarla çalışır.

Qısa müddət ərzində cəmiyyət bir sıra təlim və əməkdaşlıq layihələri ilə diqqət çəkib. 10–11 dekabr 2025-ci il tarixlərində Azərbaycan İnnovasiya Mərkəzi, NDU Tələbə Həmkarlar İttifaqı Komitəsi və NDU Tələbə Elmi Cəmiyyəti ilə birgə 2 günlük “Startup” təlimi təşkil olunub. Təlim çərçivəsində iştirakçılara startap quruculuğu, ideya validasiyası, biznes modelin hazırlanması və komanda idarəçiliyi üzrə praktiki biliklər təqdim edilib.

13 yanvar 2026-cı ildə NDU Tələbə Gənclər Təşkilatı və Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə debat təlimi keçirilib. Təlim şagirdlərin arqumentasiya, analitik düşünmə və ictimai çıxış bacarıqlarının inkişafına xidmət edib.

Bundan əlavə, İstanbul şəhərində fəaliyyət göstərən İstanbul Fuat Sezgin Bilim ve Sanat Merkezi ilə qurulan əməkdaşlıq çərçivəsində 8 fevral 2026-cı ildən etibarən “Robistim” komandası tərəfindən həftədə iki dəfə STEAM təlimlərinin keçirilməsi planlaşdırılır. Bu təşəbbüs beynəlxalq təcrübənin gimnaziya mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Şagird Elmi Cəmiyyətinin üzvləri artıq ilk uğurlarını da qazanıblar. Onlar NDU tərəfindən təşkil olunan “LabHack 2025” müsabiqəsində II yerə layiq görülüblər. Cəmiyyətin “BioScript” layihəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən əsər kimi rəsmi qeydiyyata alınıb. Eyni zamanda, “ReseptPlus” komandası “Sabahın Alimləri” Respublika Müsabiqəsinin XV buraxılışında final mərhələsinə vəsiqə qazanaraq Naxçıvan Muxtar Respublikasını təmsil etmək hüququ əldə edib.