Beynəlxalq miqyasda nəticələri müqayisə etməklə, təhsil idarəçilərimiz və digər təhsil işçiləri digər beynəlxalq siyasət, tendensiya və təcrübələri öyrənə, bunlardan ölkəmizin təhsili üçün istifadə edə bilərlər
Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı (PISA) 15 yaşlı şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını qiymətləndirir. Suallar şagirdlərin mürəkkəb problemləri necə həll edə, tənqidi düşünə və effektiv ünsiyyət qura bildiyini araşdırır. Bu, təhsil sistemlərinin şagirdləri real həyata və gələcək fəaliyyətlərinə nə qədər yaxşı hazırladığına dair təhsil siyasətləri formalaşdırmağa imkan verir. Azərbaycan yalnız Bakı üzrə ilk dəfə 2018-ci ildə PISA-da iştirak edib. Ümumilikdə isə 4 dəfə bu tədqiqatın iştirakçı ölkələrindən biri olan Azərbaycan ilk dəfə 2006-cı ildə tədqiqata qoşulub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT – OECD) PISA 2022 ilə bağlı dərc etdiyi hesabata əsasən, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusən də riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son 10 ilin ən kəskin geriləməsi müşahidə olunub. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkədə, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi COVİD-19 pandemiyası göstərilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.
2022-ci ildə keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat hesab edilib və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib.
Bakıda 15 yaşlı şagirdlər imtahanda nə dərəcədə uğur qazanıblar?
Riyaziyyat, oxu və elmdə əsas meyillər:
Riyaziyyat, oxu və elm üzrə 2022 nəticələri 2018-ci illə müqayisədə aşağı enib;
Ən son dövrdə (2018-ci ildən 2022-ci ilə qədər) riyaziyyatda, həmçinin oxu və təbiət elmlərində ən yüksək bal toplayan və ən aşağı bal toplayan şagirdlər arasında fərq nəzərəçarpacaq dərəcədə dəyişməyib. Belə ki, şagirdlərin həm ən yüksək bal toplayanlarının, həm də ən az bal toplayanlarının sayı 10% təşkil edib;
Riyaziyyatda həm yüksək, həm də aşağı nəticə göstərənlər üçün ortalama nailiyyət balı eyni dərəcədə aşağı düşüb;
2018-ci illə müqayisədə riyaziyyat üzrə əsas bilik səviyyəsindən, yəni 2-ci səviyyədən (Qeyd: 1 ən aşağı, 6 ən yüksək) aşağı bal toplayan şagirdlərin nisbəti 11% artıb, oxu və təbiət elmlərində isə əhəmiyyətli dəyişiklik olmayıb.
Azərbaycanın (Bakı) göstəriciləri İƏTİ (OECD) ortalaması ilə müqayisədə necədir?
Şagirdlərimiz riyaziyyat, oxu və təbiət elmləri üzrə İƏİT-in (OECD) orta göstəricisindən aşağı nəticə toplayıblar. Onların İƏİT (OECD) ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi ən azı bir fənn üzrə ən yüksək nəticə göstərərək 5 və ya 6-cı səviyyəyə uyğun bal toplayıb. Eyni zamanda, şagirdlərin İƏİT (OECD) ölkələri üzrə orta hesabla müqayisədə daha kiçik bir hissəsi hər üç fənn üzrə minimum bacarıq səviyyəsinə uyğun nailiyyət əldə edib.
Bakı məktəbliləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb. Beləliklə, ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib.
Şagirdlərimizin riyaziyyat üzrə əsas göstəriciləri: Nəyi bilir və nəyi bacarırlar?
Bakıda şagirdlərin 38%-i riyaziyyat üzrə ən azı 2-ci səviyyə nailiyyət göstəricisinə nail olub və bu, İƏİT (OECD) ölkələri üzrə orta səviyyədən əhəmiyyətli dərəcədə aşağıdır (İƏİT orta göstəricisi: 69%). Bu o deməkdir ki, həmin şagirdlərimiz ən azı birbaşa göstərişlər olmadan sadə vəziyyətin riyazi şəkildə necə əks oluna biləcəyini şərh edə və tanıya bilirlər. Məsələn, iki alternativ marşrut üzrə ümumi məsafəni müqayisə etmək və ya qiymətləri fərqli valyutaya çevirmək kimi tapşırıqları birbaşa təlimat olmadan yerinə yetirməyi bacarırlar.
Qeyd edək ki, riyaziyyat üzrə Sinqapur, Makao (Çin), Yaponiya, Honq-Konq (Çin), Çin Taypeyi və Estoniyada (müvafiq olaraq azalma sırası ilə) şagirdlərin 85%-dən çoxu bu və ya yuxarı səviyyədə nəticələr əldə edib.
Paytaxtımız üzrə tədqiqatda iştirak edən şagirdlərin təxminən 1%-i riyaziyyat üzrə ən yüksək nəticə göstəriblər, yəni onlar PISA riyaziyyat testində 5 və ya 6-cı səviyyəyə çatıblar (OECD orta göstəricisi: 9%). Müqayisə üçün, 6 Asiya ölkəsində isə riyaziyyat üzrə ən yüksək nəticə yığan şagirdlərin ən çox təmsil olunduğu ölkələr bunlardır: Sinqapur (41%), Çin Taypeyi (32%), Makao (Çin) (29%), Honq Konq (Çin) (27%), Yaponiya (23% və Koreya (23%).
Bu səviyyələrdə şagirdlər mürəkkəb situasiyaları riyazi şəkildə modelləşdirə və onlarla işləmək üçün müvafiq problem həlli strategiyalarını seçə, müqayisə edə və qiymətləndirə bilirlər. PISA 2022-də iştirak edən 81 ölkədən və iqtisadiyyatdan yalnız 16-da şagirdlərin 10%-dən çoxu 5 və ya 6-cı səviyyəyə çata bilib.
Şagirdlərimizin oxu üzrə əsas göstəriciləri: Nəyi bilir və nəyi bacarırlar?
Şagirdlərimizin təxminən 31%-i oxu bacarıqlarında 2-ci və ya daha yüksək səviyyəyə çatıb (OECD üzrə orta göstərici: 74%). Nəticələrə əsasən, deyə bilərik ki, ən azı, bu şagirdlər orta uzunluqdakı mətndə əsas fikri müəyyən edə, açıq, bəzən isə mürəkkəb meyarlara əsaslanan məlumatları tapa bilir, həmçinin mətnlərin məqsədi və forması haqqında fikir yürüdə bilirlər. Qeyd edək ki, oxuma üzrə minimum səviyyəyə nail olan 15 yaşlı şagirdlərin payı Sinqapurda 89%, Kambocada isə 8%-ə qədər müxtəliflik göstərib.
Maraqlıdır ki, tədqiqatda iştirak edən şagirdlərimizin təxminən 1%-i riyaziyyat üzrə ən yüksək nəticə göstərsə da, oxuda demək olar ki, heç bir şagird 5-ci və ya daha yüksək səviyyədə bal toplaya bilməyib (OECD üzrə orta hesabla: 7%). Bu onu deməyə əsas verir ki, 5-ci və ya daha yüksək səviyyədə bal toplayan şagirdlər uzun mətnləri başa düşə, mücərrəd və ya əks-intuitiv olan anlayışlarla işləyə, məlumatın məzmunu və ya mənbəyinə aid xırda detallara əsaslanaraq fakt və rəy arasında fərqləri müəyyən edə bilirlər.
Şagirdlərimizin təbiət elmləri üzrə əsas göstəriciləri: Nəyi bilir və nəyi bacarırlar?
Bakıda şagirdlərin təxminən 34%-i elm sahəsində 2 və ya daha yüksək səviyyəyə çatıb (OECD ortalaması: 76%). Beləliklə, ən azı, bu şagirdlər tanış elmi hadisələrin düzgün izahını müəyyənləşdirə və bu biliklərdən sadə şəkildə verilən məlumatlara əsaslanaraq bir nəticənin etibarlı olub-olmadığını müəyyən etmək üçün istifadə edə bilirlər.
Bakıda demək olar ki, heç bir şagird elm üzrə ən yüksək göstəricilərə uyğun bal toplamayıb (OECD ortalaması: 7%). Yüksək göstəricilər onu deməyə əsas verir ki, şagirdlər elm haqqında biliklərini müxtəlif situasiyalarda, o cümlədən, tanış olmayan vəziyyətlərdə yaradıcı və müstəqil şəkildə tətbiq edə bilirlər.
Şagird nəticələrində uçurumlar: Sosial-iqtisadi fərqlər
İqtisadi, sosial və mədəni vəziyyətin PISA indeksi elə hesablanır ki, yaşadıqları ölkədən asılı olmayaraq, PISA qiymətləndirməsində iştirak edən bütün şagirdlər eyni sosial-iqtisadi miqyasda qruplaşdırıla bilsinlər. Bu o deməkdir ki, müxtəlif ölkələrdə oxşar sosial-iqtisadi arxa fona malik olan şagirdlərin göstəricilərini müqayisə etmək mümkündür. Bakıda şagirdlərin 28%-i sosial-iqtisadi miqyasda qruplaşdırılıb ki, bu da onu göstərir ki, onlar nə ən zəif, nə də PISA 2022-də iştirak edən ən yuxarı nəticəyə sahib şagirdlər arasında yer almayıblar. Belə ki, onların riyaziyyat üzrə orta balı 400 bal olub. Fərqləndirmək üçün, Türkiyə və Vyetnamda oxşar sosial-iqtisadi arxa fona malik olan şagirdlər əhəmiyyətli dərəcədə daha yüksək bal toplayıblar.
İqtisadi, sosial və mədəni vəziyyətin PISA indeksindən hər bir ölkədə və iqtisadiyyatda şagirdləri ən əlverişsiz sosial-iqtisadi durumdan ən əlverişliyə doğru sıralamaq və bərabər ölçüdə dörd şagird qrupu yaratmaq (hər biri ölkə əhalisinin 25%-ni təşkil edir) üçün istifadə edilə bilər. Bakıda sosial-iqtisadi cəhətdən üstünlüyə malik şagirdlər digərlərinə nisbətdə ortalama olaraq 54 bal daha yuxarı nəticə əldə ediblər. Bu, İƏİT (OECD) ölkələri üzrə iki qrup arasındakı orta fərqdən aşağıdır. Bu ölkələrdə bu iki qrup arasındakı bal fərqi 93-dür.
2018-2022-ci illər arasında Bakıda, eləcə də İƏİT (OECD) ölkələrində orta hesabla sosial-iqtisadi status baxımından yuxarı və aşağı 25% şagirdlər arasında riyaziyyat üzrə nailiyyət göstəricisində fərq sabit qalıb.
Sosial-iqtisadi vəziyyət bütün PISA iştirakçısı olan ölkələrdə və iqtisadiyyatlarda riyaziyyat üzrə performansın proqnozlaşdırıcısı rolunu oynayıb. Bu, Bakıda PISA 2022-də riyaziyyat üzrə göstəricilərin dəyişməsinin 5%-ni təşkil edib (OECD ölkələri üzrə orta hesabla: 15%).
Bakıda sosial-iqtisadi baxımdan geri qalan şagirdlərin təxminən 14%-i riyaziyyat üzrə ən yüksək bal toplaya bilib. Bu şagirdləri akademik cəhətdən davamlı hesab etmək olar, çünki sosial-iqtisadi çatışmazlıqlarına baxmayaraq, öz ölkələrindəki şagirdlərlə müqayisədə yüksək nəticəyə nail olublar. İƏİT (OECD) ölkələrində orta hesabla, sosial-iqtisadi baxımdan əlverişsiz vəziyyətdə olan şagirdlərin 10%-i öz ölkələrində riyaziyyat üzrə göstəricilərin ən yüksək səviyyəsinə uyğun bal toplayıb.
Şagirdlərimizin nəticələrində gender fərqləri
Bakıda qızlar riyaziyyat üzrə oğlanları 7 bal, oxu üzrə isə 37 bal üstələyib. Qlobal miqyasda riyaziyyatda 40 ölkədə və iqtisadiyyatda oğlanlar qızlardan, digər 17 ölkədə və ya iqtisadiyyatda isə qızlar oğlanlardan üstün olub, qalan 24 ölkədə isə heç bir ciddi fərq aşkar edilməyib. Digər tərəfdən, oxuda qızlar orta hesabla iki ölkədən başqa hamısında oğlanlardan yüksək nəticə göstəriblər.
Ölkəmizdə riyaziyyat üzrə aşağı göstəricilərin payı oğlanlar arasında 63%, qızlar arasında 60%-dir, həmçinin oxuda da oğlanlar arasında bu faiz daha böyükdür. Qızların 62%-i və oğlanların 76%-i oxuda 2-ci səviyyədən aşağı nəticə göstərib. Ən yüksək nəticə göstərənlərə gəldikdə isə riyaziyyatda oğlanlar arasında bu pay 1%, qızlar arasında isə 0%-dır.
Həmçinin 2018-2022-ci illər arasında Bakıda oğlanlar arasında riyaziyyat üzrə göstəricilər qızlara nisbətdə daha çox aşağı enib.
Məktəb mühiti bizə nə deyir?
Şagirdlərin məktəbə aidlik və həyatdan məmnunluq hissi
PISA 2022 nəticələrinə əsasən, şagirdlərimizin 75%-i məktəbdə asanlıqla dostlaşdıqlarını bildirib (OECD ortalaması: 76%) və 75%-i özünü məktəbə aid hiss etdiyini vurğulayıb (OECD ortalaması: 75%). Bundan başqa, 25% şagird məktəbdə özünü tənha hiss etdiyini, 26% isə məktəbdə sosial olaraq təcrid olunduğunu bildirib (OECD ortalamsı müvafiq olaraq: 16% və 17%). Ümumilikdə 2018-ci illə müqayisədə Bakıda şagirdlərin məktəbə aidlik hissləri müsbətə doğru yaxşılaşıb.
Son illər bir çox ölkədə və iqtisadiyyatda şagirdlərin həyatdan məmnunluğu, daha çox, aşağı düşüb. 2022-ci ildə Bakıda şagirdlərin 22%-i həyatlarından razı olmadıqlarını bildiriblər: onlar həyatdan məmnunluqlarını 0-dan 10-a qədər dəyişən şkala üzrə 0-4 arası qiymətləndiriblər. 2018-ci ildə isə həyatdan razı olmayan şagirdlərin sayı 3% daha aşağı (19%) idi. Bundan başqa, İƏİT (OECD) ölkələrində orta hesabla, həyatdan razı olmayan şagirdlərin nisbəti 2015-ci ildəki 11%-dən 2018-ci ildə 16%-ə, 2022-ci ildə isə 18%-ə yüksəlib.
Riyaziyyat dərslərində nizam-intizam və dəstək
PISA 2022 nəticələri göstərir ki, Bakıda şagirdlərin 75%-i bildirib ki, əksər riyaziyyat dərslərində müəllim hər bir şagirdin öyrənməsinə maraq göstərir (OECD orta göstəricisi: 63%) və 75%-i müəllimin şagirdlərə ehtiyac duyduğu zaman əlavə yardım göstərdiyini (OECD ortalaması: 70%) qeyd edib.
Bir çox şagirdlər riyaziyyatı öyrənmək üçün əlverişli olmayan sinif mühitində öyrənirlər: 2022-ci ildə Bakıda şagirdlərin təxminən 34%-i əksər və ya bütün dərslərdə rahat işləyə bilmədiyini bildirib (OECD orta göstəricisi: 23%); Şagirdlərin 36%-i müəllimin dediklərinə qulaq asmır (OECD ortalaması: 30%); Şagirdlərin 33%-i rəqəmsal cihazlardan istifadə edərək diqqətini dərsdən yayındırır (OECD ortalama: 30%); və 31% rəqəmsal cihazlardan istifadə edən digər şagirdlərin onun diqqətini yayındırdığını bildirib (OECD ortalama: 25%). İƏİT (OECD) ölkələrində orta hesabla, məktəb binalarında mobil telefonların istifadəsi qadağan edildikdə, şagirdlərin rəqəmsal cihazlardan istifadə edərək diqqətinin yayınma ehtimalının daha az olduğu müşahidə olunub.
Məktəbdə və məktəb ətrafında təhlükəsizlik
PISA 2022 dataları göstərir ki, performansın yüksək olduğu və şagirdlərin məktəbə aidiyyət (bağlılıq) hissinin yaxşılaşdığı təhsil sistemlərində şagirdlər özlərini daha təhlükəsiz hiss etməyə və məktəblərində zorakılığa və digər risklərə daha az məruz qalmağa meyllidirlər.
Bakıda şagirdlərin 23%-i məktəbə gedərkən özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər (OECD üzrə orta hesabla: 8%). Şagirdlərin 20%-i isə sinif otaqlarında özlərini təhlükəsiz hiss etmədiklərini bildiriblər (OECD üzrə orta hesabla: 7%). Digər tərəfdən, şagirdlərin 23%-i məktəbdə sinifdənxaric məkanlarda (məsələn, dəhliz, yeməkxana, tualet) özlərini təhlükəsiz hiss etmədiklərini qeyd ediblər (OECD üzrə orta hesabla: 10%).
Qızların və oğlanların 21%-i ayda ən azı bir neçə dəfə zorakılıq hərəkətlərinin qurbanı olduqlarını bildiriblər (OECD üzrə orta hesabla: qızların 20%-i və oğlanların 21%-i). İƏİT (OECD) ölkələri üzrə orta hesabla, 2018-ci ildəki nəticələrlə müqayisədə 2022-ci ildə daha az şagird zorakılığa məruz qalıb: məsələn, şagirdlərin yalnız 7%-i digər həmyaşlarının 2022-ci ildə onlar haqqında xoşagəlməz şayiələr yaydığını bildirib, halbuki 2018-ci ildə bu rəqəm 11%-dir. Bakıda (Azərbaycan) müvafiq nisbətlər azalıb. Belə ki, 2018-ci ildəki 23%, 2022-ci ildə isə 16% azalaraq 7% təşkil edib.
Valideynlərin təhsildə iştirakı
Məktəb direktorlarından toplanmış PISA məlumatları göstərir ki, bir çox ölkədə/iqtisadiyyatlarda 2018-2022-ci illər arasında məktəblə əməkdaşlığa cəlb edilmiş valideynlərin faizi əhəmiyyətli dərəcədə azalıb. Bu, Bakıda da belə olub. Belə ki, 2022-ci ildə Bakıda məktəb direktorlarının 45%-i bildirib ki, ötən tədris ili ərzində bütün valideynlərin ən azı yarısı öz təşəbbüsü ilə (və 53%-i müəllimin təşəbbüsü ilə) övladının inkişafını müəllimlə müzakirə edib. Digər tərəfdən, 2018-ci ildə müvafiq rəqəm 76% (və müəllimin təşəbbüsü ilə 60%) təşkil edib.
2018 və 2022-ci illər arasında valideynlərin iştirakı ilə bağlı daha müsbət tendensiyaları olan təhsil sistemləri riyaziyyatda daha sabit və ya daha yaxşı performans göstəriblər.
Covid-19 ilə əlaqəli məktəblərin bağlanması zamanı öyrənmə prosesi
Bakıda şagirdlərin 61%-i məktəb binasının Covid-19 səbəbilə 3 aydan çox müddətə bağlı qaldığını bildirib. İƏİT (OECD) ölkələrində orta hesabla, şagirdlərin 51%-i uzun müddət məktəblərinin bağlanması halı ilə üzləşib. Nəticələrin yüksək olduğu və şagirdlərin məktəbə aidiyyət hisslərinin yaxşılaşdığı təhsil sistemlərində daha az şagird daha uzun müddətə məktəblərin bağlanması ilə üzləşib.
Distant təhsil zamanı şagirdlərimizin 46%-i həftədə ən azı bir dəfə məktəb tapşırıqlarını başa düşməkdə, 44%-i isə məktəb işlərində onlara kömək edə biləcək birini tapmaqda problem yaşayıb (OECD orta göstəriciləri müvafiq olaraq: 34% və 24%). Performansın yüksək olaraq qaldığı və şagirdlərin aidiyyət hisslərinin yaxşılaşdığı təhsil sistemlərində distant təhsil zamanı problemlərlə daha az şagird üzləşib.
Məlum olduğu kimi, şagirdlərin rifahına verilən dəstək onların məktəbləri bağlandıqda, yəni pandemiya zamanı çox vaxt məhdud çərçivədə olub. Bakıda şagirdlərin 47%-i proqramlarla canlı virtual dərslər vasitəsilə gündəlik olaraq dəstək aldığını bildirib. Həmçinin maraqlıdır ki, şagirdlərimizin yalnız 28%-i bildirib ki, hər gün məktəbdən kimsə onlardan necə hiss etdiklərini soruşub (OECD orta göstəriciləri müvafiq olaraq: 51% və 13%).
Tədqiqat nəticələri onu da göstərir ki, Bakıda şagirdlərin təxminən 67%-i video kommunikasiya proqramından istifadə etməkdə, şagirdlərin 69%-i isə məktəb işlərini yerinə yetirmək üçün özlərini motivasiya etməkdə inamlı və ya çox arxayın olduqlarını bildiriblər (OECD orta göstəriciləri müvafiq olaraq: 77% və 58%).
Qeyd etmək lazımdır ki, 2022-ci il tədqiqatında iştirak edən şagirdlərimizin yalnız 33%-in sonuncu hissəyə çatdığını nəzərə alaraq “Covid-19 ilə bağlı məktəblərin bağlanması zamanı öyrənmə” altında ölkəmizin nəticələrinin şərhində həssas olmaq tövsiyə olunur.
Təhsilə sərmayə qoyulan resurslar
Təhsilə ayrılan xərclər yalnız müəyyən dərəcədə şagirdin fəaliyyəti ilə bağlıdır. 2019-cu ildə 6-15 yaş arası bütün ibtidai və orta məktəb illərində bir şagirdə düşən ümumi xərcləri 75 000 ABŞ dollarından aşağı olan ölkələr/iqtisadiyyatlar arasında təhsilə daha yüksək xərclər PISA riyaziyyatında yüksək ballarla əlaqələndirilib. Öz növbəsində, Bakıda 6-15 yaş arası 10 yaşdan yuxarı bir şagirdə düşən ümumi xərc təxminən 16 200 ABŞ dollarına bərabər olub.
Müqayisə edilə bilən məlumatlara malik bütün ölkələrin/iqtisadiyyatların təxminən yarısında 2022-ci ildə məktəb direktorları 2018-ci ildəki həmkarlarından daha çox müəllim kadrlarının çatışmazlığı barədə məlumat veriblər. Bu, Bakıda da məktəb direktorlarının sorğu cavablarında özünü büruzə verib. Belə ki, 2022-ci ildə Bakıdan tədqiqata qoşulan direktordan 59%-i vurğulayıb ki, məktəbin tədris imkanlarına müəllim kadrlarının çatışmazlığı mane olur. Həmçinin onların 41%-i bunu qeyri-adekvat və ya keyfiyyətsiz müəllim heyəti ilə əlaqələndirib.
Maraqlıdır ki, əksər ölkələrdə/iqtisadiyyatlarda məktəb direktoru tərəfindən müəllim kadrlarının çatışmazlığını bildirən direktorların məktəblərində təhsil alan şagirdlər riyaziyyatdan daha az bal toplayıblar.
Şagirdlərin məktəbdə inkişafı
15 yaşlı 9-cu sinifdə təhsil alan şagirdlərimiz 2022-ci ildə PISA imtahanında iştirak edəndə onların 66%-i 10-cu sinifdə təhsillərini davam edəcəklərini qeyd ediblər.
Nəticələrə əsasən, 62% şagirdimiz bir il və ya daha çox məktəbəqədər təhsildə iştirak etdiyini bildirib (OECD orta göstəricisi: 94%). İƏİT (OECD) ölkələrində orta hesabla, bir il və ya daha çox məktəbəqədər təhsil almış şagirdlər, hətta sosial-iqtisadi göstəriciləri aşağı olsa da, riyaziyyatdan 15 yaşında məktəbəqədər təhsildə heç iştirak etməyən və ya bir ildən az iştirak edən şagirdlərdən daha yüksək bal toplayıblar.
Bakıda şagirdlərin təxminən 4%-i ibtidai məktəbə daxil olduqdan sonra ən azı bir dəfə (OECD ortalaması: 9%) sinfə təkrar başladıqlarını (sinifdən-sinifə keçməmək) bildiriblər. Qeyd edək ki, sinif təkrarı yüksək performanslı təhsil sistemlərində daha az yayılıb.
Məktəb muxtariyyəti
Tədqiqatın təhlili nəticəsində Bakıda şagirdlərin 14%-i direktorların müəllimlərin işə götürülməsində əsas məsuliyyət daşıdığı məktəbdə (OECD ortalaması: 60%), 20%-i isə hansı təlim materiallarının seçilməsində əsas məsuliyyətin müəllimlərin olduğu məktəbdə oxuyublar (OECD ortalaması: 76%). Nəzərinizə çatdıraq ki, bir çox yüksək performanslı məktəb sistemləri bu məsuliyyətləri direktorlara və müəllimlərə həvalə etməyə meyllidir.
Xülasə
2022-ci ildə 81 iştirakçı ölkə və iqtisadiyyatın məktəblərində təxminən 29 milyon 15 yaşlı şagirdi təmsil edən 690 000 şagird qiymətləndirmədə iştirak edib. Bakıda ümumilikdə 178 məktəbdə 7720 şagird riyaziyyat, oxu və ya təbiət fənləri üzrə qiymətləndirməni tamamlayıb ki, bu da təxminən 30 500 15 yaşlı şagirdi (15 yaşlıların ümumi sayının ölkə üzrə təxminən 73%-ni təşkil edib).
Tədqiqat üzrə önə çıxan nəticələrin bəzilərini aşağıdakı kimi ümumiləşdirmək olar.
Azərbaycanda riyaziyyat üzrə sosial-iqtisadi statusu ən yüksək 25% şagird, sosial-iqtisadi statusu ən aşağı 25% şagirdlərdən 54 bal daha çox toplayıb. İƏİT (OECD) üzrə bu fərq 93 bal olub.
Sosial-iqtisadi statusu aşağı olan şagirdlərin 14%-i riyaziyyat üzrə ən yüksək bal toplayan 25% şagirdin arasında yer alıb. İƏİT (OECD) üzrə isə bu göstərici 10% olub.
Azərbaycanda qızlar riyaziyyatda 7 bal, oxuda isə 37 balla oğlanlardan daha yüksək nəticə göstəriblər. Qlobal miqyasda baxdıqda görürük ki, 40 ölkədə riyaziyyat nəticələrində bunun əksi müşahidə olunub.
Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür. Həmçinin PISA tədqiqatının 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, pandemiya ilə əlaqədar 2022-ci ildə həyata keçirilib.
Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdə qərarlaşıb. İƏİT-in (OECD) PISA 2022 ilə bağlı dərc etdiyi hesabata əsasən, PISA 2022 tədqiqatı üzrə iştirakçı ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub. Xüsusilə riyaziyyat və oxu sahələri üzrə orta göstəricilərdə son on ilin ən böyük geriləməsi qeydə alınıb. Belə ki, riyaziyyat üzrə ümumilikdə 57 ölkədə, oxu üzrə isə 54 ölkədə geriləmə qeydə alınıb. Hesabata əsasən, geriləmənin əsas səbəbi kimi koronavirus (COVID-19) pandemiyası qeyd edilib. Pandemiya dövründə əksər ölkələrdə məktəblərin uzun müddət qapalı qalması şagirdlərin nəticələrinin aşağı düşməsinə ciddi təsir edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)