Maarifçi Valerya Musayeva: “Təhsil sahəsində karyera qurmağı planlaşdırıram”
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramı artıq 1 aya yaxındır başlayıb. II proqram da 3 ay davam edəcək. 37 nəfər iştirakçı oktyabrın 7-dən Elm və Təhsil Nazirliyi həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər. Həmin gənclərdən biri də Valerya Musayevadır. O, Elm və Təhsil Nazirliyinin İnsan Resusları şöbəsində data analitika sahəsində təcrübə toplayır. Valerya deyir ki, tələbə və məzunlara təcrübə imkanı yaradan, onların bilik və bacarıqlarını artıran, nəzəri biliklərin real iş mühitində tətbiqinə şərait yaradıb gənclərə peşəkar vərdişlər aşılayan “Maarifçi” proqramında əldə edəcəyi nəticə ilə bağlı çox böyük ümidləri, hətta planları var.
“Maarifçi” proqramı çox böyük şansdır
Valerya ölkəmizin parlaq gənclərindən biridir. Ona görə də, ən yaxşıların arasından seçilərək “Maarifçi” proqramına qəbul edilib. Belə ki, “Maarifçi” proqramının 3 mərhələli seçimindən uğurla keçərək, 3000-ə yaxın namizəd arasından fərqlənib və İnsan resursları şöbəsində data analitika üzrə təcrübəyə başlayıb. Bir aydır başlayan təcrübə barədə çox həvəslə danışır: “Təcrübəmiz çox maraqlıdır. Nə yaxşı ki, müraciət etmişəm. Universitetdə təhsil almaq, nəzəriyyəni yaxşı bilmək uğurlu karyera üçün kifayət etmir. Mütləq öyrəndiklərini təcrübədə möhkəmləndirməlisən. “Maarifçi” proqramı çox böyük şansdır. Burada hesabatları vizuallaşdırıram. İnsan resursları proseslərini avtomatlaşdırmaqda nazirliyin əməkdaşlarına kömək edirəm. Universitetdə aldığın təhsil nə qədər yaxşı olursa, olsun, sadəcə təhsilli olmaqla ilk cəhddə verilən tapşırığı yerinə yetirmək olmur. Hər gün mentoruma suallar verir, kömək istəyirəm. Ötən bir neçə həftədə çox şey öyrənmişəm”.
V.Musayeva həm təhsilini davam etdirir, həm də təcrübə qazanır: “Saat 5-ə qədər nazirlikdə təcrübədə oluram, 6-da universitetdə dərsim başlayır. Vaxtımı uğurla bölür, həm işimə, həm də təhsilimə vaxt ayıra bilirəm. Hər ikisini paralel şəkildə uğurla davam etdirirəm”.
Məktəbdə də, universitetdə də fərqləndi
Gənc “Maarifçi” Qazax rayonunda doğulub, tam orta təhsilini burada tamamlayıb. Məktəb mühiti, olimpiada həyəcanı, yarış ruhu, qələbə sevincini Qazax şəhəri 3 nömrəli tam orta məktəbdə yaşayıb. Riyaziyyatı çox sevsə də, olimpiadalara biologiya fənni üzrə qatılıb. “Əlaçı” verilişinin iştirakçısı olub. X sinfə qədər bütün fənləri eyni maraq, eyni həvəslə oxuyub. Gələcəkdə kim olacağına qərar verib və X sinifdən texniki fənlərə daha çox diqqət yetirib. Həm IX, həm də XI sinif buraxılış imtahanlarında yaxşı nəticə göstərdiyi üçün məktəbi fərqlənmə attestatı ilə bitirib. Hazırda isə Valerya Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. "Atam da, anam da riyaziyyat müəllimidir. Mənim də riyaziyyat müəllimi olmağımı istəyirdilər. Amma özümü müəllimlikdə yox, texniki ixtisaslarda gördüm. Balım yüksək olduğundan, Prezident yanında Dövlət İdarəçilik Akademiyasını seçdim. 626 balla qəbul olunduğum inzibati idarəetmə fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsilimi fərqlənmə ilə bitirdim. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində magistr təhsili alıram. “İnformasiya texnologiyaları” ixtisası üzə II kursda oxuyuram”.
Uğurlu karyera üçün
Həm bakalavr, həm də magistratura təhsili müddətində müxtəlif proqramlara qoşulub: “Özünüinkişaf proqramlarına yalnız III kursdan sonra qatıla bildim. Bakalavr təhsilimin ilk illəri pandemiya dövrünə düşdü”.
Dediyinə görə, baş vurduğu hər proqrama uğurla qəbul olunsa da, bəzilərini yarımçıq dayandırıb: “Özümü tapmadığım, inkişafımı görmədiyim proqramları yarımçıq qoydum”.
“Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramında da iştirak edib: “İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilən bu layihəyə qoşulanda bir sual məni düşündürürdü. Bu sahədə qadın kifayət qədərdir, niyə qızların bu ixtisas üzrə təhsilinə dəstək verirlər? Qadınlar bu sahədə o qədər azdır ki, onları cəlb eləmək üçün əlavə tədbirlərə ehtiyac hiss edirlər? Amma iştirak edərkən layihənin uğurunun şahidi oldum. Bu proqramdan yararlanan çox qadın olduğunu gördüm və elə mən də onlardan biri oldum”.
Maraqlandığı hər layihənin, təqaüd proqramının iştirakçısı olan Valerya növbəti hədəfinin bir addımlığındadır. O, təhsil sahəsində çalışmağı hədəfləyib: “Əsl hədəfim bu yaxınlarda itirdiyim atamın arzularını reallaşdırmaqdır. Onun arzularından biri də məni təhsil sahəsində görmək idi. Təhsil sahəsində karyera qurmağı planlaşdırıram”.
Nənədən qalan miras - ad
Söz ailəsindən düşmüşkən, qeyd edək ki, Valeryanın ailəsində regionun tanınmış müəllimləri var. Məsələn, onun adını aldığı nənəsi Valerya Musayeva da, babası Komisar Musayev də Qazaxda yaxşı riyaziyyatçı müəllim kimi tanınıblar. Valeryanın adının da maraqlı hekayəsi var: “Adım Valerya olsa da, milliyətcə azərbaycanlıyam. Mənə nənəmin adını veriblər. Nənəmə isə bu adı öz atası qoyub. O, Böyük Vətən müharibəsində yaralanıb və Valerya adlı tibb bacısı ona qulluq edib. Tibb bacısına minnətdarlıq əlaməti olaraq məktub yazaraq, doğulacaq qızının adının Valerya qoyulmağını istəyib. Özü müharibədən qayıtmayıb, amma nənəmə onun istəyi ilə bu adı veriblər. İndi həmin adı mən daşıyıram”.
Valerya nənəsindən adı ilə yanaşı, riyaziyyat sevgisini də alıb: “Valerya nənəm, Komisar babam kimi mən də riyaziyyatı yaxşı bilirəm, ən çox sevdiyim fənn də həmişə riyaziyyat olub”.
Valerya deyir ki, onun uğurlu olmağında həm ailəsinin, həm də müəllimlərinin rolu var: “Atamdan danışmağı çox sevirəm. Hesab edirəm ki, yetişməyimdə, özgüvənli olmağımda, müstəqil qərarvermə bacarığımın formalaşmağında əsas rolu məhz atam oynayıb. Atamın da riyazi bacarığı, məntiqi savadı güclü idi. Oxumasa da, dünyagörüşlü, ağıllı, ədalətli idi. Dar düşüncəli deyildi. Məndən həmişə tələb edirdi ki, yaxşı oxuyum. Müasir, təhsilə önəm verən biri idi, kişi ilə qadını bərabər tuturdu. Ən yaxşı qiyməti almağımı, ən yaxşı yerdə oxumağımı istəyirdi. Heç vaxt məni məhdudlaşdırmayıb, əksinə irəli getməyimi istəyib, tövsiyələri bu yöndə olub”.
Müəllimlərindən də öyrəndikləri əvəzsizdir: “Biologiya müəllimim Gülnarə Hadıyeva və riyaziyyat müəllimim Könül Abdullayeva ən sevdiyim müəllimlərim olub. Olimpiada həyəcanını Gülnarə müəllimlə yaşamışam. Könül müəllim isə riyazi bacarığımı, ailəmdən gələn riyaziyyat sevgimi daha da inkişaf etdirib”.
Valerya riyaziyyat kimi rəsm çəkməyi də çox sevir: “Ən çox yayda rəsm çəkməklə məşğul oluram. Akrilik boyalarla işləməyi sevirəm”.
1 /1
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)