Bütün xəbərlər
20 noyabr, 14:45

Vunderkind məktəbli bütün uğurlarına görə ailəsinə, xüsusilə ata və babasına borcludur

“Azərbaycan müəllimi”nin budəfəki istedadlı qəhrəmanı bir neçə il əvvəl - 6 yaşında qeyri-adi riyazi biliyi ilə yaşıdlarından seçilən və “canlı kalkulyator” kimi məşhurlaşan Qusar rayon sakini Ruslan Səfərovdur. 

Teleşoular ulduzuna çevrilən azyaşlı vunderkind

Səfərov Ruslan Fuad oğlu 6 iyun 2011-ci ildə Qusar şəhərində anadan olub. Üç yaşında Qusar şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasına, 5 yaşında şəhərin 4 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupuna gedib. 2017-ci ildə həmin məktəbin birinci sinfinə qəbul edilib. 5 yaşı olarkən atası “YouTube” kanalında Ruslanın riyazi bacarıqlarını əks etdirən kiçik video paylaşıb. Çoxlu sayda baxış toplayan bu video sonradan Ruslanın bütün həyatını dəyişib. Bir həftədən sonra atasına zəng gəlib və azyaşlı vunderkind Rusiyanın “Rossiya-1” telekanalında yayımlanan “Udivitelnıye lyudi” şousunda iştirak etmək üçün dəvət alıb. Ruslan şouda nümayiş etdirdiyi riyazi biliyi ilə münsiflər heyətini və izləyiciləri təəccübləndirməyi bacarıb, verilişin final mərhələsinə qədər irəliləyib. Səfərovun istedadına heyran olan münsiflər heyətinin üzvləri ona teleskop hədiyyə ediblər.

Ruslan daha sonra Ukraynanın "Kruçe vsex" teleşousuna dəvət alıb və yaşına uyğun olmayan riyazi bacarıqları ilə hər kəsi heyran edib. Həmsöhbətimiz bildirir ki, həmin il Çinin telekanalı da ailəsi ilə əlaqə saxlayaraq onu verilişdə iştirak etməyə dəvət edib. Lakin koronavirus pandemiyası səbəbindən Çinə gedə bilməyiblər.

Fenomenal riyaziyyat bilgisi

Riyazi bacarıqlarının haradan qaynaqlandığı, bu cür fitri qabiliyyətə necə malik olması haqqında suala cavabında Ruslan deyir: “Mən bütün uğurlarıma görə ailə üzvlərimə, xüsusilə atama və babama borcluyam. Bütün ailə üzvlərim körpə yaşlarımdan mənə yeni biliklər öyrətməklə məşğul olub. Evdə mənimlə 4 dildə danışıblar. Atam Səfərov Fuad Qusar şəhər 4 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Onun və babam Sadiq Səfərovun mənim riyazi biliklər əldə etməyimdə xidmətləri böyükdür. Riyaziyyata sevgim də ailəmlə bağlıdır. Babam mühəndisdir, atamın babası isə riyaziyyat müəllimi olub. Evimizdə sovet dövrünə aid müxtəlif riyaziyyat kitabları vardı. Bir yaşımdan ilk mərhələdə mənə hərflər, sonra rəqəmlər, sonra isə üstəgəl, çıxma, vurma, bölmə və digər riyazi biliklər öyrədilib. Məktəbdə keçilən kursu bir növ mənə evdə keçiblər. Artıq 4 yaşımdan tənliklər, kökaltı, faizlər kimi mürəkkəb misal və məsələləri həll etməyə başlamışdım. 5 yaşımda isə kuba yüksəltmə, kökaltı tənlikləri həll edirdim”.  

Ruslan məktəbə getdikdən sonra ailəsinin dəstəyi ilə cəlb edilən riyaziyyat müəllimi Namiq Səfərəliyev onun riyazi biliklərini daha da təkmilləşdirib. O, bu istedadlı şagirdi xüsusi proqramla hazırlaşdırmağa başlayıb və beləliklə, Ruslanın riyazi bilikləri daha sürətlə inkişaf edib. Hazırda yuxarı siniflərə aid, hətta ali məktəb səviyyəsində bəzi məsələləri həll edən istedadlı yeniyetmə maraq dairəsini bir qədər də genişləndirib və kimya, proqramlaşdırma ilə yaxından maraqlanır. 

Proqramlaşdırma sahəsində xeyli uğurlara sahib olan Ruslan Səfərov mərhum müəllimi – “Şöhrət” ordenli alim, BDU-nun dosenti Ramin Mahmudzadəni xatırlayır: "Proqramlaşdırma üzrə əldə etdiyim bütün nailiyyətlərimə görə mərhum müəllimim Ramin Mahmudzadəyə borcluyam. Ramin müəllim tam təmənnasız və böyük həvəslə mənə informasiya texnologiyaları və proqramlaşdırmanın sirlərini öyrədib, məni beynəlxalq müsabiqələrə hazırlayıb. Çox təəssüflər olsun ki, Ramin müəllim 2022-ci ildə dünyasını dəyişdi. Əsl müəllim və səmimi insan Ramin Mahmudzadənin əziz xatirəsi  mənim və ailəmin qəlbində həmişə yaşayacaq. Allah rəhmət eləsin!”.

Nümunəvi şagird

Ruslan riyaziyyat üzrə olduqca istedadlı və bacarıqlı olmaqla yanaşı, yüksək təlim-tərbiyəsi, dillərə, təhsilə, bütün fənlərə olan marağına görə yaşıdları arasında seçilir. Riyazi biliklərinə görə müəyyən uğurlar əldə etdikdən sonra Ruslana xaricdən - Moskva, Sankt-Peterburq, Soçi şəhərlərində yerləşən liseylərdən, Bakı şəhərində yerləşən bir neçə nüfuzlu ümumi təhsil müəssisələrindən dəvətlər gəlib. Ruslanın seçimi  Landau məktəbi olub: “Düşündüm ki, mənim üçün ən uğurlu seçim “LANDAU School” olar. Hazırda həmin məktəbin Bayıl korpusunda 8-ci sinifdə oxuyuram, təhsilimi ingilis dilində davam etdirirəm. Məktəbimiz dünyanın ən yaxşılarından biri kimi tanınan Britaniya təhsil standartlarını uğurla tətbiq edir. LANDAU Təqaüd Proqramı çərçivəsində əlaçı şagirdlər təqaüdə layiq görülürlər. Mən də məktəbdə bütün fənləri əla oxuduğuma görə təqaüd alıram. LANDAU məktəbində həftədə 7 dəfə ingilis dilində riyaziyyat fənni tədris olunur. Dərs zamanı müasir tədris metodlarından istifadə edilir”. 

Bakıda harada qalması, ailəsindən uzaqda yaşamağın ona çətinliklər yaradıb-yaratmamağı barədə sualımızı cavablandıran Ruslan bildirir ki, Bayıl qəsəbəsində nənəsi ilə qalır, həftə sonları isə valideynləri ilə görüşür. 

Olimpiadalar qalibi  

Ruslan Səfərov qürurla deyir: “Bu günə qədər müxtəlif yerli və beynəlxalq olimpiadalarda iştirak edərək medallar qazanmışam. 2020-ci ildə “IJSO” - Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına qatılaraq həm gümüş medala, həm də ən gənc iştirakçı kimi sertifikata layiq görülmüşəm. 2021-ci ildə Sinqapurda keçirilən "SASMO" beynəlxalq yarışında 1 qızıl, 2022-ci ildə isə bu yarışda yenidən iştirak edərək 2 qızıl medal qazandım. Həmin ildə riyaziyyat üzrə Sinqapurda keçirilən “SIMOC” beynəlxalq olimpiadasında qızıl, 2023-cü ildə 4-cü Kopernik Olimpiadasının Bakı mərhələsində qızıl, ABŞ-Nİn Nyu-York şəhərində keçirilən final mərhələsində gümüş, 2024-cü ildə “FISO” beynəlxalq riyaziyyat olimpiadasının Bakı mərhələsində qızıl medallara və sertifikatlara layiq görülmüşəm. Bundan sonra da müxtəlif müsabiqələrə qatılmaq və daha böyük uğurlara nail olmaq niyyətindəyəm”.

Ruslanın timsalında erkən təhsilin gücü 

Ruslan onun kimi uğur qazanmaq istəyən şagirdlərə tövsiyəsində deyir: “Uğurla bağlı onu deyə bilərəm ki, şagirdin yaxşı oxuması üçün öncə maraqları formalaşmalıdır, bu işdə ona müəllimi yardım etməlidir. Gələcək hədəflərimə gəlincə, əvvəllər proqramçı olmağı çox arzu edirdim. Lakin hazırda bütün fənlərə marağım olduğundan və maraq dairəmin daha da genişlənməsi ilə əlaqədar olaraq tam qərar verməkdə çətinlik çəkirəm. Bir arzum dəqiqdir ki, gələcək təhsilimi dünyanın top universitetlərindən birində davam etmək istəyirəm”.

Ruslan Səfərov erkən yaşlarından rəqəmləri bir elm olaraq daha dərindən öyrəndi, yeniliklər kəşf etməyə başladı, uğur qazandı... Əslində, hər bir uşaqdan gələcək üçün gözəl bir kadr hazırlamaq olar. Tədqiqatlar da göstərir ki, erkən təhsil beyin inkişafını artırır, yaddaşı, diqqəti və problem həll etmə bacarıqlarını gücləndirir. Bu koqnitiv qazanclar, sonrakı akademik uğur üçün çox vacib olan dil və hesablama bacarıqlarında xüsusilə diqqəti çəkir. Erkən təhsil gələcək akademik uğur üçün mühüm təməl qoyur.

Uşağın təhsil səyahətində valideynlərin iştirakı eyni dərəcədə vacibdir. Valideynlər övladları ilə birlikdə oxumaqla, təhsil fəaliyyətlərində iştirak etməklə və onların gündəlik yeni məlumatlar əldə etməsinə maraq göstərməklə evdə öyrənməyə dəstək ola bilərlər. Bu iştirak erkən öyrənmə şəraitlərində öyrədilənləri gücləndirir, uşağın ümumi təhsil təcrübəsini artırır. 

Beləliklə, təməl illər ömürboyu öyrənmə və müvəffəqiyyət üçün zəmin yaradır, erkən təhsili uşağınız üçün kritik bir sərmayə edir. Erkən təhsilə vaxt və resurslar sərf etmək həqiqətən öz bəhrəsini verir. 

1 /3

Şərhlər

Xəbər lenti

17 iyun, 13:15

Məktəblimiz beynəlxalq olimpiadada qızıl mükafat qazanıb

17 iyun, 12:54

Övladını rus bölməsinin I sinfinə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

17 iyun, 12:50

Sabahın hava proqnozu açıqlanıb

17 iyun, 12:25

Deputat: Gənclərimizi bacarıqlarını da tətbiq etməyə yönəltməliyik

17 iyun, 12:20

Şagirdlərin kompüter təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb

17 iyun, 12:15

"BilBacar" qalibləri arasında oğlanlar üstünlük təşkil edir

17 iyun, 12:06

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

17 iyun, 11:58

“Şagirdlərimizin beynəlxalq elmi yarışlarda nailiyyətləri artır” – Nazir müavini

17 iyun, 11:51

Firudin Qurbanov: Bilik və bacarıq dəyərlərlə tamamlanmalıdır

17 iyun, 11:48

AzMİU tələbələri futzal üzrə çempionatlarda uğurla çıxış ediblər

17 iyun, 11:45

Sıfır səhv, tam uğur: Sertifikatlaşdırma imtahanının lider müəllimləri

17 iyun, 11:41

Bakıda 43 mindən çox şagird məktəbini dəyişib

17 iyun, 11:40

Təhsil daha "yumşaq" olmalıdır – Təhlil

17 iyun, 11:26

Ceyhun Kərəmov: 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təcrübə keçib

17 iyun, 11:22

270 məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17 iyun, 11:21

Bəzi peşə təhsili proqramları Türkiyə təcrübəsi əsasında hazırlanıb – Agentlik direktoru

17 iyun, 10:19

İmtahan işlərini Üzeyir Hacıbəyliyə həsr etdilər

17 iyun, 10:09

İtaliyada şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib

17 iyun, 09:45

Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.