Mehriban Vəliyeva: “Psixoloqların da sertifikatlaşdırılması vacibdir”
“Azərbaycanda psixoloji xidmətlərin təşkili islahatlar tələb edir. Buna görə psixoloqların da sertifikatlaşdırılmasının həyata keçirilməsi vacib amillərdəndir. Psixoloji xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı islahatlara məhz sertifikatlaşdırma prosesindən başlamaq uğurlu olar”.
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva deyib.
O bildirib ki, sertifikatlaşdırmanın əhatə dairəsi getdikcə genişlənir, məktəbəqədər təhsil müəssisələrinin müəllimlərinin də bu prosesə cəlbi gözlənilir.
M.Vəliyevanın fikrincə, sertifikatlaşdırma nəticəsində müəllimlərin davamlı peşəkar inkişafına nail olmaq mümkündür: "Son zamanlar müəllimlərin diferensial əməkhaqqında artım müşahidə olunur. Bu da onların sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Digər tərəfdən, bu kimi proseslər təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edir. Sertifikatlaşdırma ilk vaxtlarda qəbul olunmurdu. Lakin proses öz bəhrəsini verdikcə cəmiyyət tərəfindən qəbul olunur. Bütün dünyada müəllim üçün inkişaf ən vacib şərtlərdəndir. Dünyada müəllimin inkişafı üçün müxtəlif modellərdən istifadə edilir. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması, sürətli inkişaf dövründə müasir yanaşmaların tətbiqi ömürboyu öyrənmə prosesinə qoşulmaq baxımından çox əhəmiyyətlidir. Əlbəttə, özünə əziyyət vermək istəməyən, bilik səviyyəsi aşağı olan müəllimlər arasında sertifikatlaşdırma ilə bağlı narazılıq olacaq. Amma bütün bunlar o demək deyil ki, biz bu prosesi dayandırmalıyıq. Prosesdən uğurla keçən, diferensial əməkhaqqı sistemi əsasında maaşında artım alan müəllimlər sertifikatlaşdırmaya çox müsbət yanaşırlar”.
M.Vəliyeva ümumilikdə sertifikatlaşdırma prosesini Azərbaycan müəlliminin peşəkar inkişafı, sosial vəziyyətinin yaxşılaşdırılması və bunun nəticəsi olaraq, təhsilin keyfiyyətinin artırılması baxımından çox müsbət addım kimi dəyərləndirib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)