
Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin təşəbbüsü ilə Azərbaycanın xeyriyyəçilik tarixində silinməz iz qoymuş görkəmli neft sənayeçisi və maarifpərvər xeyriyyəçi Ağa Musa Nağıyevin irsinə həsr olunmuş “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə universitet və fakültə rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, eləcə də xeyriyyəçinin nəvəsi, tədqiqatçı Dilarə Ağamusa Nağıyeva-Muxtarova iştirak edib.
Tədbiri açan ADPU-nun rektoru professor Cəfər Cəfərov Ağa Musa Nağıyevin Azərbaycanda cəmiyyətin rifahında, təhsil və səhiyyənin inkişafında göstərdiyi mühüm xidmətlərdən danışıb. Bildirilib ki, o, təkcə uğurlu sahibkar deyil, həm də sərvətini xalqın rifahına yönəltmiş bir vətənpərvər idi. Onun Bakıda inşa etdirdiyi məktəb, xəstəxana və digər ictimai obyektlər bu gün də fəaliyyət göstərməkdədir.
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Taleh Cəfərov tədbirdə “Ağa Musa Nağıyev: neftdən xeyriyyəçiliyə uzanan yol” mövzusunda məruzə ilə çıxış edib. O, Ağa Musa Nağıyevin sadə ailədən çıxaraq zəhmət, bacarıq və istedadı sayəsində neft sənayesində uğur qazanmasını və əldə etdiyi sərvəti millətin inkişafına sərf etməsini geniş faktlarla izah edib.
Tədbirdə çıxış edən Ağa Musa Nağıyevin nəvəsi Dilarə Ağamusa Nağıyeva-Muxtarova artıq 30 ildən çoxdur ki, babasının zəngin həyat və fəaliyyətini elmi və publisistik aspektdən araşdıraraq geniş auditoriyaya çatdırdığını vurğulayıb. Çıxışında bu istiqamətdə ərsəyə gətirdiyi bir sıra əsərlərdən danışan Dilarə Ağamusa Nağıyeva-Muxtarova tədbir iştirakçılarına son kitabı olan “Tarix yaşadan binalar” nəşrini təqdim edib.
Vurğulanıb ki, Bakı şəhərində yerləşən, əksəriyyətinin bu gün də fəaliyyət göstərdiyi 98 bina məhz Ağa Musa Nağıyev tərəfindən inşa olunub. Onların sırasında realnı məktəb, şəhər xəstəxanası, Zaqafqaziya Müəllimlər Seminariyasının Bakı şöbəsi və digər əlamətdar tikililər yer alır.
Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova tədbirdə çıxış edərək, Dilarə Ağamusa Nağıyeva-Muxtarovanın böyük xeyriyyəçi Ağa Musa Nağıyevin irsini yaşatmaq istiqamətində göstərdiyi fədakar fəaliyyəti yüksək dəyərləndirib. Onun bu işə göstərdiyi sadiqlik, elmi dəqiqlik və maarifçilik ruhu iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda iştirakçılar arasında maraqlı fikir mübadiləsi aparılıb, Ağa Musa Nağıyev irsi ilə bağlı suallar cavablandırılıb və müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin tarixi şəxsiyyətləri daha dərindən tanıması, xeyriyyəçilik və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. ADPU-nun təşkilatçılığı ilə keçirilən bu formatda görüşlər, həm tarixi yaddaşın qorunmasına, həm də vətəndaş məsuliyyətinin inkişafına töhfə verir.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər