
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir qrup deputatının sertifikatlaşdırma prosesinin təşkil olunduğu Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə yerləşən İmtahan Mərkəzinə infoturu təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, infotur çərçivəsində Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deputatlara sertifikatlaşdırma prosesi və imtahan mərkəzində yaradılan şərait barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılan bu mərkəzdə eyni anda 300-dən artıq namizəd imtahanda iştirak edə bilir. Mərkəz müasir tələblərə cavab verən texniki avadanlıqla təchiz olunub. Burada elektron daşıyıcılar, həmçinin səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb.
Qeyd olunub ki, mərkəzdə bu günə qədər müəllimlərin sertifikatlaşdırılması ilə yanaşı, müəllimlərin və məktəb direktorlarının, həmçinin məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi-müəllimlərinin işə qəbulu da təşkil olunub. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və digər qurumlar da mərkəzin imkanlarından istifadə edirlər.
Infoturda iştirak edən Ali Məclisin deputatı Təhminə Babayeva jurnalistlərə açıqlamasında bildirib ki, müstəqil Azərbaycanda təhsilin inkişafı əsas prioritetlərdən biridir və bu kimi sertifikatlaşdırma imtahanları da həmin qayğının bariz nümunəsidir:
“Bu proses təhsilin inkişafına müsbət təsir göstərməklə yanaşı, müəllimlərin şəxsi və peşəkar inkişafına, onların karyera yüksəlişinə də mühüm töhfə verir. Eyni zamanda, hərtərəfli gəncliyin formalaşmasına və savadlı nəslin yetişdirilməsinə dəstək olur.
Təhsil Nazirliyinin təşkil etdiyi infoturda iştirak etdik. Mən, eləcə də deputat həmkarlarım bu qənaətə gəldik ki, proses tam şəffaf və demokratik şəkildə, bütün qaydalara uyğun həyata keçirilir”.
Ali Məclisin Hüquq və siyasət komitəsinin sədr müavini, deputat Əziz Orucov da imtahanla bağlı təəssüratlarını bölüşüb:
“Keyfiyyətli təhsilin həyata keçirilməsi üçün ölkəmizdə vahid təhsil siyasətini icra edən qurum tərəfindən müxtəlif proqram və imtahanlar həyata keçirilir. Bu gün biz həmin proqramlardan biri – müəllimlərin sertifikatlaşdırılması prosesi ilə tanış olduq. İlk dəfə bu imtahanda müşahidəçi qismində iştirak etdim və olduqca müsbət təəssürat aldım.
Cəmiyyətdə bu imtahanlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Amma burada şəffaflıq və obyektivlik tam təmin olunub. Müəllimlər üçün yaradılan şərait kifayət qədər əlverişli və təşviqedici idi.
İnanıram ki, müəllimlər bu imkanlardan məqsədyönlü və səmərəli şəkildə istifadə edəcək, şəxsi inkişaflarına töhfə verəcəklər. Hamımıza məlumdur ki, keyfiyyətli təhsil müəllimlə başlayır. Müəllimlər nə qədər çox öz üzərlərində işləyərsə, bu, həm onların, həm də bütövlükdə cəmiyyətin xeyrinə olacaq. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.”
Qeyd edək ki, İmtahan Mərkəzinə təşkil olunan infoturların əsas məqsədi sertifikatlaşdırma prosesində iştirak edəcək təhsilverənlərə yaradılan şərait, şəffaflığın təmin olunması və bu istiqamətdə görülən tədbirlər barədə ictimaiyyəti, xüsusilə də deputatları məlumatlandırmaqdır.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər