Bütün xəbərlər
21 fevral, 12:16

Azərbaycan dili dünya dilləri sırasında özünün fonetik, leksik və qrammatik sisteminə, ahəngdarlığına, üslub zənginliyinə, yayılma arealına və digər xüsusiyyətlərinə görə fərqlənir, özünəməxsus yer tutur. Azərbaycan dili hər bir müstəvidə, hər bir nöqtədə zəngin və gözəldir. Müasir Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən geniş istifadə edilməsi, dünya diplomatiyasında tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, diqqət və qayğısının nəticəsidir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, deyən Ümummilli Lider bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq ideologiyasıdır.

Azərbaycan ədəbi dilinin tarixinə nəzər salaq... Qədim və zəngin tarixə malik türk dilləri ailəsinin Oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi uzaq keçmişlərə söykənir. Ayrı-ayrı türk boylarının ümumi ünsiyyət vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi ünsiyyət vasitəsinə çevrilmişdir. Əsasən, XVI əsrdə Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dilinin mövqeyi möhkəmlənərək rəsmi dövlət dili səviyyəsinə qalxmış, sarayda və orduda tam hakim mövqe tutaraq öz mövqeyini möhkəmləndirmiş, dilin arealının genişlənməsinə imkanlar açmışdır. Sonrakı dövrlərdə - XVII-XVIII əsrlərdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri ilə inkişaf edən xalq şeir yaradıcılığında gedən proseslər ədəbi dilə təsir göstərmiş, canlı danışıq elementlərinə, sadəliyə meyl güclənmiş, Azərbaycan dilinin yeni inkişaf mərhələsi başlanmışdır. Bu dövrdə Azərbaycan ədəbi dili üslub baxımından daha da zənginləşərək elmi üslubun təşəkkülü üçün şərait yaranmış, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər meydana gəlmişdir.

Azərbaycan ədəbi dilinin inkişaf tarixində bütün mərhələlər üzrə dilin daim yüksələn xəttini dildaxili və dilxarici faktorların qarşılıqlı münasibəti şəraitində izləmək mümkündür. Belə ki, dilin tarixi inkişafı o dildə danışan xalqın tərəqqisinin göstəricisi olmaqla yanaşı, milli təfəkkür tərzinin də güzgüsü, əksidir. Cəmiyyətdə inkişafa doğru baş verən bütün dəyişikliklər dilə əgər yeni keyfiyyətlər qazandırırsa, dil də öz növbəsində insanları mənəvi cəhətdən bir məqsəd, amal uğrunda birləşdirməyə xidmət edir. Tarixi mübarizələrdə xalqın ən kəsərli, sarsıdıcı silahı dildir. Bu baxımdan da, M. İbrahimovun “Azərbaycan dili” kitabındakı qeydi haqlı olaraq yerinə düşür: “Təsadüfi deyil ki, işğalçılar birinci növbədə xalqın müqavimət silahını – dilini, onun mənəvi aləminin zənginliyinin meyarı olan tarixini əlindən almağa cəhd etmişlər” [5, s. 5]. Cəmiyyətlə dilin daxili qırılmaz vəhdəti cəmiyyətin hər sahəsində - ictimai, siyasi, mədəni, iqtisadi inkişafa güclü təsir edir və bir-birini tamamlayır.

Azərbaycan ədəbi dilinin inkişafını konkret bir dövrün - XV əsrin dil mənzərəsi üzərində araşdırmağı məqsədəuyğun hesab edərək, eyni zamanda, bu yüzilliyin Azərbaycan xalqının tarixində ən narahat və təzadlarla dolu bir dövr kimi xarakterizə edilməsinə baxmayaraq bütövlükdə götürdükdə ədəbi dil tarixinə elmin, mədəniyyətin, xüsusilə, ana dilinin yüksəlişi, geniş vüsət aldığı bir dövr kimi daxil olmuşdur. Belə ki, bu dövrdə Əmir Teymur imperiyasının zəifləməsi, daxili çəkişmələr və feodal müharibələrinin kəskinləşməsi, bunun nəticəsi olaraq XV əsrin əvvəllərində Azərbaycanın yadellilərdən azad edilməsi, ölkənin vahid dövlət şəklində birləşməsi üçün son dərəcə müsbət zəmin və geniş imkanlar yaranmışdır. Tarixi proseslərə nəzər salsaq, görərik ki, “ağqoyunlularla qaraqoyunlular arasındakı toqquşmadan ölkə müəyyən ziyanlara məruz qalırdı. Ancaq bununla belə, ölkə xarici basqınlardan, yad qoşunların tapdağı olmaqdan xilas olmuşdu. Həm də Qaraqoyunlu və Ağqoyunlu hərəkatının ümumi məqsədi mərkəzləşmiş vahid Azərbaycan dövləti yaratmaq olduğundan bu ixtilaflar ölkənin yüksəlişində xüsusi ləngimə yaratmırdı” [4, s. 231].

XV əsr Azərbaycan xalqının tarixinə özünəqayıdış dövrü kimi daxil olmuşdur. Belə ki, əsrin əvvəllərində Azərbaycanın əsarət altında olmaması, Şirvanşah I İbrahimin Azərbaycan feodallarını birləşdirərək ölkədə vahid dövlət yaratmaq təşəbbüsü, Qaraqoyunlu sülaləsinin hakimiyyət uğrunda apardığı uğurlu mübarizə nəticəsində 1410-1468-ci illərdə Azərbaycanın cənub torpaqlarında mərkəzi Təbriz olan qüdrətli dövlətin yaradılması, bir müddət sonra isə Qaraqoyunlu tayfalarının hakimiyyəti ələ keçirməsi və nəhayət, 1468-1502-ci illərdə qüdrətli Ağqoyunlu dövlətinin bərqərar edilməsi, görkəmli dövlət xadimi, bacarıqlı sərkərdə Uzun Həsənin dövründə hakimiyyətin daha da çiçəklənərək Avropa dövlətləri ilə əlaqələrin genişləndirilməsi və s. kimi qlobal məsələlər ana dilinin – türkcənin əvvəlki dövrlərlə müqayisədə hərtərəfli və geniş inkişafı üçün real imkanlar yaradırdı. Eyni zamanda, XV əsrdə Azərbaycan dilinin hüdudları daha da genişlənərək şimaldan Dərbənd, qərbdən Anadolu, cənubdan İran körfəzinə qədər bütöv bir ərazini əhatə etməsi həmin dövrdə Ağqoyunlu sarayına İtaliyanın diplomatı kimi göndərilmiş Katerino Zenonun da diqqətini cəlb etmiş və bu haqda öz gündəliyində qeyd etmişdir ki, Ağqoyunlu dövləti şərqdən Tatar xanı, şimaldan gürcü knyazı, sağdan (qərbdən) Bağdad, yaxud Babilistan və ərəblər, Misir və Osmanlı sultanları ilə qonşu olmuşdur.
Bu məlum tarixi faktların qısaca xülasəsindən göründüyü kimi, XV əsrin sonuna qədər Azərbaycanda bir sıra daxili çəkişmələr baş versə də, ölkədə, əsasən, xarici istilalardan azad bir vəziyyət hökm sürmüşdür. Ölkənin azad yaşaması onun iqtisadi, mədəni həyatına son dərəcə müsbət təsir göstərməklə yanaşı, elm və mədəniyyətin, ədəbiyyatın inkişafına da təkan vermişdir. Məlumdur ki, dilin inkişaf qanunlarını öyrənərkən hər şeydən əvvəl dilin tarixi cəmiyyətin, xalqın inkişaf qanunauyğunluqlarından asılılığı, müxtəlif ictimai hadisələrin qarşılıqlı əlaqəsi ilə sıx bağlı olur və buna diqqət etmək zəruridir. Çünki dilin inkişafının əsasını cəmiyyətin inkişafı, bu dili yaradan, bu dildə danışan xalqın tarixi təşkil edir.

Həmin dövrdə Azərbaycan ədəbiyyatı yeni imkanlar qazanaraq keyfiyyət, məzmun baxımından zənginləşir, inkişaf istiqamətlərini daha da genişləndirirdi. Əvvəlki yüzilliklərdə Həsənoğlu, Yusif Məddah, Mustafa Zərir, Qazi Bürhanəddin, Nəsimi kimi qüdrətli söz sənətkarları tərəfindən xüsusi bir mərhələyə yüksələn anadilli ədəbiyyat XV əsrdə Mirzə Cahanşah Həqiqi, Nemətullah Kişvəri, Dədə Ömər Rövşəni, Şeyx İbrahim Gülşəni, Əfsəhəddin Hidayət, Xətai Təbrizi, Xəlili, Hamidi, Süruri, Vəli Şirazi, Əhmədi Təbrizinin bədii yaradıcılığı sayəsində daha da inkişaf edərək dövrün səciyyəvi dil xüsusiyyətlərini özündə əks etdirmişdir. Akademik H.Araslının fikrincə, “klassik ədəbi irs ənənələrinə söykənən XV əsr ədəbiyyatında məhəbbət lirikası və fəlsəfi şeir istiqamətverici rol oynayır və Azərbaycan dilində yaranan şeirin artıq Yaxın Şərqdə türk sistemli dillərdə danışan xalqların ədəbiyyatı içərisində görkəmli yer tutduğu məlumdur” [1, s. 298- 305].

Azərbaycan dilinin auditoriyasının genişlənməsinin əsas səbəblərindən biri həmin dövrdə qüdrətli söz sənətkarları ilə yanaşı, dövlət başçılarının, şahların, hökmdarların anadilli ədəbiyyata göstərdikləri diqqət və qayğı nəticəsində doğma ana dilində gözəl əsərlər ərsəyə gəlmişdir. Qazi Bürhanəddindən gələn ənənənin davamı Qaraqoyunlu hökmdarı Mirzə Cahanşahın, Ağqoyunlu hökmdarı Sultan Yaqubun, daha sonralar Şah İsmayıl Xətainin Azərbaycan-türk dilinə xüsusi xidmətləri ilə bağlı olmuşdur. Dövlət başçısının ana dilində şeir yazmağına münasibət bildirən Tofiq Hacıyev yazır: “Bu işin faydası yalnız o deyil ki, dövlət başçısı bədii yaradıcılıqla məşğul olduğundan onda humanist meyillər yaranır, müəyyən dərəcəyə qədər demokratizm aşkar olur. İşin başqa tərəfləri də var: 1) ana dilində yazan sənətkarlar himayə olunurdu, 2) hökmdarın ana dilində yazdığını görən şairlər Azərbaycan dilində yazmağa xüsusi cəhd göstərirdilər. Belə bir imkan Azərbaycan dilli poeziyanın auditoriyasını böyüdür” [4, s. 238]. Məsələyə daha dəqiq yanaşsaq, dövrdən asılı olmayaraq dövlət başçısının dilə göstərdiyi qayğı və dil siyasəti hər zaman dilə şüurlu və məqsədyönlü təsir edir, onun real inkişafına təkan verirdi.

Onu da qeyd edək ki, orta əsr Azərbaycan ədəbiyyatı üçün geniş imkanlar yaransa da, bu dövrdə yazıb-yaradan sənətkarların əksəriyyətinin taleyi müəyyən səbəblərə görə acınacaqlı olmuşdur. Tarix səhnəsində baş verən siyasi dəyişikliklər yalnız ölkənin, dövlətin müqəddəratını deyil, şair və sənətkarların taleyini də həll edirdi. Belə ki, XV-XVI əsrlərdə daxili çəkişmələr zamanı Azərbaycan şairləri Herat, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Osmanlı sultanlarının saraylarına zorla köçürülərək ortada sərgərdan vəziyyətdə qalmışlar. Hamidi, Haşimi, Süruri, Bəsiri, Həbibi, Xəlili, Matəmi, Gülşəni, Qasimi, Hafizi kimi qüdrətli sənətkarlar ömürlərinin son günlərini Osmanlı Türkiyəsi torpaqlarında başa vurmuş və sultan sarayında yaşayıb yaratmışlar [1, s.299]. Fikrimizə sübut olaraq Bəsiri adlı şairimizin həyat və yaradıcılığına nəzər salmaq kifayətdir: Bu qüdrətli qələm sahibinin ömrünün I mərhələsi Heratda, II mərhələsi Azərbaycan mühitində, III mərhələsi - ömrünün son günləri isə Türkiyə torpağında keçmişdir. Eyni mənzərə Həbibinin də yaradıcılığında əks olunur: Sultan Yaqub sarayı (Ağqoyunlu dövləti), Şah İsmayıl Xətainin şeir məclisi (Səfəvilər dövləti), Türkiyə mühiti (ömrünün sonuncu illəri). Onlarca belə ürəksızlayan nümunələr gətirmək olar. Məhz bu səbəblərdən XV əsr Azərbaycan ədəbi-bədii mühiti istər ədəbiyyat, istərsə də dil tariximizdə ən az öyrənilmiş, qaranlıq səhifə kimi yaddaşlara həkk olunmuşdur. Fikrimizcə, tarixin qatı dumanında itib-batmış, səpələnmiş, qərib diyarlarda doğma dilini qoruyaraq yazıb-yaratmış sənətkarlarımızın ədəbi irsləri müasir dövrümüzdə bir çox xarici kitabxana, muzey və arxivlərdə araşdırılaraq üzə çıxarılmalı və tədqiqatçıların sərəncamına verilməlidir. Bu zaman “Azərbaycan ədəbiyyatında XII əsr Nizami, XIV əsr Nəsimi, XVI əsr Füzuli əsri kimi xalqımızın tarixinə, bəşəriyyətin bədii fikir dünyasına daxil olmuş və bizi dünyaya tanıtmışdır. Halbuki XV əsrdə bu dahilərlə bir sırada çiyin-çiyinə dura bilən elə bir sənətkar göstərmək çətindir” [5, s.11] fikrini söyləməyə səbəb axtarmazdıq. Buna baxmayaraq, XV əsrdən bir sıra ədəbi-bədii dil nümunələrimiz tarixin ağır sınaqlarından keçərək bu günkü günümüzə qədər gəlib çıxmışlar. Buraya Mirzə Cahanşah Həqiqinin, Hamidinin, Kişvərinin, Əfsəhəddin Hidayətullahın, Şeyx İbrahim Gülşəninin “Divan”ları, Xətai Təbrizinin “Yusif və Züleyxa”, Xəlilinin “Fərəqnamə”, Vəli Şirazinin “Gülşəni-raz”, Əhməd Təbrizinin “Əsrarnamə”, Həqirinin “Leyli və Məcnun” mənzum əsərləri və digər onlarca bədii nümunələr daxildir.

XV əsr ədəbi-bədii dilimizin sadəliyi, doğmalığı, kövrəkliyi daha çox diqqəti çəkərək özündən əvvəlki və sonrakı dövrlərdən seçilir. H. Araslı yazır: “Çox maraqlıdır ki, XV əsr şairlərinin dilindəki sadəlik XVI əsr sənətkarlarından fərqlənir” [1, s.314]. Şübhəsiz ki, bunun səbəbi XV əsr Azərbaycan ədəbi dilinin ümumxalq dilinə arxalanması və öz kökünə bağlanmasından irəli gəlirdi. Həmin dövrə qədər danışıq dilində mövcud olub, ancaq məlum səbəblərdən yazılı dildə öz əksini tapmayan qrammatik göstəricilərin, ifadə vasitələrinin yazı dilinə keçməsi ədəbi dilin canlı danışıq dili əsasında inkişafına təkan verirdi. T. Hacıyev XV-XVI əsrlər Azərbaycan ədəbi dili seçmənin (xalq dilindən seçilən fonetik, leksik, qrammatik faktların vahid orfoqrafik və orfoepik tələblər çərçivəsində təzahürü) ikinci mərhələsinə çatdığını, yəni ədəbi dilin üslublar sisteminə çevrildiyini vurğulayaraq göstərir ki, “artıq bu zaman seçmə əməliyyatı təkcə xalq dili dairəsində olmaqdan çıxır; özgə dil elementlərinə münasibət də seçməyə düşür – üslubun müəyyənləşməsində özgə dil materiallarının kəmiyyəti, onların nitq mühitində anlaşılma dərəcəsi, leksik, yoxsa qrammatik alınmaların və ya hər ikisinin işlənməsi və s. diferensiallaşdırıcı fakt kimi çıxış edir” [4, s.241]. Deməli, Azərbaycan dili tarixi üçün yeni qanunauyğunluqların yaranmasında, üslubların müəyyənləşdirilməsində əsasən tarixi şəraiti, təzahür formalarını, dil faktlarının qruplaşma – diferensiallaşma özəlliyini nəzərə almaq lazımdır.

Orta əsr ədəbi dilimizin dil mənzərəsinin, üslubiyyatının araşdırılmasında, birinci növbədə dövrün dil faktlarının seçimi, istifadəsi, təhlili əsas götürülməlidir. Daha doğrusu, araşdırmaçı “hər bir faktı, hər bir xüsusiyyəti diqqətlə təfəkkür süzgəcindən keçirməli, nəyin doğma, nəyin gəlmə olması faktını müəyyənləşdirilməlidir” [5, s. 18]. Çünki bunlarsız dövr haqqında heç bir elmi nəticəni düzgün əldə etmək olmaz. Məsələyə daha dəqiq yanaşılaraq XV-XVI əsrlərdə dil faktlarının istifadəsində iki dil təzahür forması özünü göstərilir ki, bunlardan “birinci dil təzahür formasında əcnəbi dil faktlarının - leksik və qrammatik faktların bolluğunu” [4, s.243] qəlib halına düşmüş ifadələrin, cümlələrin işləkliyi, eyni zamanda, klassik poeziyanın janrlarının tələbi ilə bağlılığını qeyd etmək olar. Deyilən fikrin təsdiqi üçün XV əsr yazılı abidələrimizə müraciət edək:

“Bismil-xaliqil-hüsnil-cəmili, Vəl-Həmdulillahi zil-fəzil-cəlili. Səlatulillahi-mövlana-valiyyi,
Hətta ərvahi-n-nəbiyyi-l-Haşimiyi, Səlamun fi səlami fi səlami...” [Xəlili].

Nümunədən göründüyü kimi dövrün məsnəvi-poemalarının giriş hissəsində klassik poeziya janrının xüsusiyyətlərindən irəli gələn qəliz dini məzmunlu alınma ifadələrə geniş yer verilmişdir. Lakin bu janrlara müraciət edən klassiklərin dilindəki alınma elementlərin işlənmə balansı heç də eyni deyil. Bəzən bu balans müəllifdən, janrdan, mövzudan, hətta mətndaxili hissələrdən asılı olaraq dəyişə bilər:

“İbtida qıldım be nami-ol Kərim, Ay ki, bisimillahir-rəhmanir-rəhim. Öylə bildük, bir xəbər də ol qəni, Yəquba vermiş on iki oğlani...”.

Belə ki, əsərin əvvəlində yad dil elementləri üstünlük təşkil etdiyi halda, sonrakı mərhələlərdə milli dil faktları önə keçir və “mövzu nağıllaşdıqca dil xəlqiləşməyə meyl edir, alınma sözlər azalır, tərkiblər seyrəlir, işlənən alınmalar da danışığa, məişət ünsiyyətinə nüfuz etmiş olur” [4, s. 244].
Yaxud, XV əsr klassiklərinin dilində bir qəzəl daha az, başqası daha çox anlaşıqlı ola bilər. Müvafiq olaraq müqayisə edək:

“Fərq ilə fəxrin bulan bildi ğina neydügin,
Verdügi dəm cüz-küllə eyni-əyandan zəkat” [Rövşəni];

“Dedim kim, görmədən geydirəm tirü xəncərin, Dur, dedi, yetürim ikisindən birin sana” [Hidayət]; 

“Yüzi dönsün Kəbeyi-kuyindin, ey can qibləsi,
Kim səni döndərdi məndin, Tanrıdin dönmüş rəqib” [Kişvəri] və s.

Nümunələrə əsasən həmin dövr Azərbaycan ədəbi dilinin real dil mənzərəsini görmüş oluruq. Birinci nümunədə Şeyx İbrahim Gülşəninin qəzəli müasirlərindən qəlizliyi, alınma sözlərin çoxluğu ilə seçilir. Bu da müəllifin müəyyən bir dini təriqətlə bağlılığından irəli gəlir. Daha doğrusu, “müəllifin təfəkkürü dərinləşdikcə fəlsəfi cəhətlə bağlı dil leksik cəhətdən nisbətən qəlizləşir, lakin anlaşma çətinləşmir, çünki sintaksis cilalanır” [4, s. 244]. İkinci nümunə Əfsəhəddin Hidayətə aiddir, daha çox canlı xalq dilinə məxsus xəlqiliklə yanaşı, sadəliyi, anlaşıqlılığı ilə seçilir. Üçüncü nümunədə isə tam fərqli mənzərəni görürük və Kişvərinin “Divan”ından verilən nümunədə şairin dili üçün səciyyəvi olan çağatay ünsürlərini (kuyindin-kuyindən, məndin-məndən, Tanrıdin-Tanrıdan) müşahidə edirik. Bu da həmin dövrdə Herat ədəbi məktəbinin, xüsusən də, Əlişir Nəvai təsirindən irəli gəlirdi.

Elmi ədəbiyyatda nəzm və nəsr qollarındakı bu cür səciyyəvi xüsusiyyətlər nəzərə alınaraq dil təzahürünü belə formasını klassik kitab dili adlandırırlar: “Terminin birinci tərəfi – klassik sözündə klassik poeziya janrlarının dili, ikinci, kitab sözündə nəsr dili nəzərdə tutulur. Ona görə kitab dili ki, bu dil ancaq kitabda, yazıda mövcuddur, insan bu dillə danışmaz, ondan anlaşma üçün istifadə etməz” [4, s. 246]. Həqiqətən də, yuxarıdakı nümunələrə nəzər salsaq, görərik ki, bu cür dil təzahür forması bəzən xalq dilindən təcrid olunmuş həddə özünü göstərir. Lakin buna baxmayaraq, dövrün söz sənətkarları əruz vəzninin tələbatına uyğunlaşaraq bütün çətinliklərə qatlanmış, “Azərbaycan ədəbi dilinin “nəzmi-nazik” – klassik şeir zirvəsini yaratmaq üçün, yəni o zamankı ərəb və fars şeir dilləri ilə yarışa girə bilən bi ədəbi-bədii dil yaratmaq üçün bütün imkanlara əl atmış, türk (Azərbaycan) dilini o dövrün ərəbcəsi qədər fəsahətli, farscası qədər sehirli bir şeir dili yaratmaq əzmində olduğunu” [2, s. 180] göstərməyə çalışmışlar.

“Azərbaycan-türk nəsr dili tərcümə nəsrinin dili ilə başlayır” fikrini irəli sürən T.Hacıyev XV-XVI əsrlərdə Azərbaycan ədəbi dilinin zənginləşməsində tərcümə əsərlərinin rolunu xüsusi vurğulayaraq qeyd edir: “artıq Azərbaycan ədəbi dili elə səviyyəyə çatır ki, ərəb və fars dilləri kimi qədim ədəbi yazılı ənənələri olan dillərdən tərcüməyə girişir. Unutmamalıdır ki, dil üçün orijinal əsəri əks etdirmək tərcümədən xeyli asandır. Çünki orijinal əsərdə milli təfəkkür tərzi dil formasına uyğundur. Daha doğrusu, milli düşüncə ana dilinin səviyyəsi ilə müəyyənləşir; bunlar qarşılıqlı surətdə bir-birini tənzim və təkmil etdiyindən aralarında daim ahəngdarlıq vardır” [4, s. 257-258]. Bu fikir bir daha orta əsr Azərbaycan ədəbi dilinin geniş imkanlarını əks etdirməklə yanaşı, eyni zamanda Şərqin inkişaf etmiş dilləri səviyyəsinə qalxmasını əyani şəkildə sübut edir və onun milli dil kimi güclü qüdrətini açıq-aşkar ortaya qoyur.

Məlumdur ki, bədii tərcümə Azərbaycan ədəbiyyatı tarixində XIV əsrdə Mustafa Zəririn tərcümələri ilə meydana çıxmış, XV əsrdə daha da inkişaf edərək ədəbi dilin aparıcı qollarından birinə çevrilmişdir. Əhmədi Təbrizinin “Əsrarnamə” və Vəli Şirazinin “Gülşəni-raz” kimi poetik tərcümə əsərləri tarixən ədəbi-bədii dilimizin inkişafında, qrammatik normaların dəqiqləşməsində, lüğət tərkibinin zənginləşməsində xüsusi əhəmiyyətə malikdir. Çünki hər hansı bir dildən Azərbaycan dilinə tərcümə olunan əsər öz üslubuna, ifadə tərzinə, həmçinin yazıldığı dilin qayda-qanunlarına uyğun sözlər, ifadələr, qrammatik normalar tələb edir. Bəzən ədəbi dil bu tələbləri tam ödəyə bilmədiyi halda “mütərcimlər tərcümə prosesinin tələblərini və ehtiyaclarını nəzərə alaraq, yalnız ədəbi dilin qrammatik normaları, leksik vahidləri ilə kifayətlənməmiş, danışıq dili üçün daha işlək olan, lakin ədəbi dildə hələ özünə layiqincə yer tapmamış bir çox ifadə vasitələrinə də müraciət etmək məcburiyyətində qalmışlar” [3, s. 55]. Bu cür yanaşma ədəbi dilin millilik ruhunu gücləndirmiş, həmçinin canlı xalq dilinin leksik vahidləri və ifadələrinin, qrammatik formalarının vətəndaşlıq hüququ qazanaraq tərcümə əsərlərində əks olunması ilə nəticələnmişdir.

XV əsr Azərbaycan ədəbi-bədii dilinin ən qiymətli tərcümə əsərlərindən biri Şeyx Şirazinin “Gülşəni-raz” əsəridir. Sadə və xalq danışıq dilinə yaxın bir dildə qələmə alınan bu əsərin dili sufi anlayışlarını ifadə edən ərəb, fars sözləri ilə yanaşı, qədim türk sözlərinin də zənginliyi, bolluğu ilə seçilir. Aparılan müşahidələr göstərir ki, Şirazi klassik Şərq ədəbiyyatına, Azərbaycan şifahi xalq yaradıcılığına dərindən bələd olmuş, bu qaynaqlardan uğurla bəhrələnmişdir. Şairin tərcümənin mətninə artırdığı şeir parçaları, ayrı-ayrı beytlər, misralar, cinas qafiyələr onun ana dilinə ürəkdən bağlılığını, sonsuz vurğunluğunun bir göstəricisi kimi diqqəti çəkir. Nümunələrə nəzər salaq:

“Uralar başlara dürlü ışıqlar, Ki, qaranuluğa sala ışıqlar” [Şirazi].

Nümunədə cinas qafiyə yaradan birinci misradakı qədim türk sözü olan ışıq “dəbilqə” mənasını bildirərək müasir Azərbaycan ədəbi dilində işləkliyini itirmişdir. İkinci misradakı ışıq (işıq) sözü isə müasir ədəbi dilimizdə olan mənasında işlənir.

Tərcümənin dilində atalar sözlərinə geniş yer verilməsi diqqət çəkici məqamlar sırasındadır: “Həqiqətdə məcazi hal olmaz, Ki, bal deyənün ağzı bal olmaz” [Şirazi]. Müasir ədəbi dilimizdə bu xalq deyiminə uyğun “Halva-halva deməklə ağız şirin olmaz” atalar sözü işlənir. Yaxud: “Key anla gəl qolayın hər bir işün, Ki, yokış eyni olmuşdur enişün” [Şirazi]. Nümunədəki yokış eyni olmuşdur enişün ifadəsi müasir dilimizdəki “hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var” atalar sözü, eyni zamanda Kişvərinin dilindəki “hər enişə bir yoxuşdur, hər yoxuşa bir eniş” [Kişvəri] ifadəsi ilə səsləşir. Başqa nümunələrdə rast gəldiyimiz “əgri otur, doğru söylə”, “bir əl taşı bin quzğun uçurur”, “kilimüncə uzatğıl ayağunı”, “qaçub yağmurdan uğrarsın toluya”, “könüldən bay olan dilənci olmaz” və başqa deyimlər əsərin dilinin axıcılığını, bədiliyini daha da qüvvətləndirir. Məsələn: “Yakıncak başdan ayağa odını, Qızıl köz olıcak qalmaz tütüni”; “İki qoltuğunda iki firiştə, Yapışıb endürə anı enişdə”; “Quru ağacı yaş yemiş bitürür, Qara toprağı ağ gümiş gətürür”; “Həqqə qurban edicək kəndözini, Qaniylə yudı ol dəmdə yüzüni”; “Tolu qandur yürək ol hal ucundan, Qara günlər görər ol xal ucundan”; “Aluluğundan uyarsın aluya, Qaçub yağmurdan uğrarsın toluya”; “Qovan arusının balda dişi var, Tonuzlan qurdının dəxi işi var”; “Biliş bilişi göricək gülişür, Sürərsə vəktinə axir irişür”.

Beləliklə, dil faktları göstərir ki, dilin tarixi inkişaf fonunda XV əsr Azərbaycan ədəbi dili əvvəlki dövrlərdən formaca sabitliyinə və normalaşmasına görə fərqlənərək daha çox ümumxalq dilinə söykənmiş, özünəməxsus milli əlamətləri ilə seçilmiş, xəlqiləşmənin inkişafına yüksələn xətlə təkan vermişdir. Əvvəlki və sonrakı dövrlər arasında əlaqə yaradan, körpü-keçid rolunu oynayan XV əsr Azərbaycan ədəbi dili sonrakı dövrlərdə dilin inkişafına, xüsusən də, XVI əsrdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxmasına real zəmin yaratmış, milliləşmə prosesinin bütün dil səviyyələri üzrə formalaşdığını özündə əks etdirmişdir.

ƏDƏBİYYAT.
1.    Azərbaycan ədəbiyyatı tarixi: [Üç cilddə] /– Bakı: SSR EA-nın nəşri, – Qədim dövrdən XVIII əsrə qədər, с.1. – 1960. – 583 s.
2.    Dəmirçizаdə, Ə. M. Аzərbаycаn ədəbi dilinin tаrixi    / Ə.Dəmirçizаdə.    – Bаkı: Mааrif, – h.1. – 1979. – 268 s.
3.    Əlizаdə, S. Ortа əsrlərdə Аzərbаycаn yаzı dili / S.Əlizаdə. – Bаkı: АDU, – 1985. – 85 s.
4.    Hacıyev, T. İ. Azərbaycan ədəbi dilinin tarixi [iki hissədə] / T.Hacıyev. – Bakı: Elm, h.1. – 2012,– 476 s.
5.    Xəlilov, Ş. Əsrarnamə”nin dili / Ş.Xəlilov. – Bakı: Elm nəşriyyatı, – 1988, –188 s.

Aynur Paşayeva,
Təhsil İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.