
Son illərdə Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və rəqabət qabiliyyətinin artması ilə nəticələnib. Təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar və onların müsbət nəticələri artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Bu, ABŞ-nin Portulans İnstitutu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə hazırladığı, 139 ölkəni əhatə edən “Qlobal İnnovasiya İndeksi-2025” (Qİİ-2025) hesabatında da əksini tapıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən edilməsi” adlı bu hesabat innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və qabaqcıl texnologiyaların yayılması sahələrində ölkələrin güclü və zəif tərəflərinə dair unikal analiz təqdim edir.
Qİİ-2025 reytinqi innovasiya potensialı, məhsuldarlıq və müvafiq çərçivə şərtlərini əhatə edən 80 indikator əsasında tərtib olunub. Bu indikatorlar qanunvericilikdən tutmuş elm, təhsil, bazar və biznes mühiti, infrastruktur kimi müxtəlif sahələri əhatə edir. Hesabatın əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin effektivliyini dəyərləndirməkdir.

Qİİ-2025-in liderləri və Azərbaycanın mövqeyi
2025-ci il üzrə Qİİ reytinqinin lideri İsveçrədir. Onu İsveç, ABŞ, Cənubi Koreya və Sinqapur izləyir. İlk onluqda həmçinin Böyük Britaniya, Finlandiya, Niderland, Danimarka və Çin də yer alır.
Postsovet məkanında ən yüksək nəticələrə Estoniya (16-cı yer), Litva (33-cü yer) və Latviya (41-ci yer) nail olub. Rusiya 60-cı yeri, Azərbaycan isə ötən illə müqayisədə bir pillə irəliləyərək 2025-ci ildə 94-cü yeri tutub.
Qiymətləndirmə meyarları və Azərbaycanın güclü tərəfləri
Qİİ reytinqi 7 əsas qrup üzrə bölünən 80 indikatorla qiymətləndirilir və iki əsas nəticəvi subindeksə əsaslanır:
• İnnovasiya resursları
• İnnovasiya nəticələri
İnnovasiya resursları subindeksi aşağıdakı 5 sahəni əhatə edir:
1. İnstitutlar
2. İnsan kapitalı və elm
3. İnfrastruktur
4. Bazarın inkişaf səviyyəsi
5. Biznesin inkişaf səviyyəsi
İnnovasiya nəticələri isə aşağıdakı iki sahədəki real nəticələri qiymətləndirir:
1. Bilik və texnologiyaların nəticələri
2. Yaradıcı fəaliyyətin nəticələri
Azərbaycanın təhsil sahəsindəki güclü tərəfləri aşağıdakı göstəricilər üzrə ön plana çıxır:
İnsan kapitalı və elm blokunda:
- Orta məktəbdə şagird-müəllim nisbəti
- Elm və texnologiya üzrə məzunların sayı
Biznesin inkişaf səviyyəsi blokunda:
- Klasterlərin inkişaf vəziyyəti
- Universitetlərlə sənaye arasında elmi-tədqiqat və təcrübə-təkmilləşdirmə sahəsində əməkdaşlıq
Bilik və texnologiyaların nəticələri blokunda:
Mənşəyinə görə patentlər
Əmək məhsuldarlığının artımı

Azərbaycan “Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi” göstəricisi üzrə 67-ci yeri tutur. Ümumilikdə ölkəmizin güclü tərəfləri reytinqin 2-ci yerindən 50-ci yerinədək mövqelərdə təmsil olunub ki, bu da əhəmiyyətli göstərici hesab edilir.
Xüsusilə vurğulanmalıdır ki, “İbtidai siniflərdə şagird-müəllim nisbəti” göstəricisinə görə Azərbaycan 139 ölkə arasında 20-ci yeri tutub. Bu nəticə hesabat müəllifləri tərəfindən ölkəmizin əsas üstünlüklərindən biri kimi dəyərləndirilib.
Digər əhəmiyyətli göstəricilər
• “PISA üzrə oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələr” göstəricisi üzrə Azərbaycan 70-ci yerdədir.
• “Elm və texnologiya üzrə məzunlar” göstəricisinə görə isə 36-cı yerdə qərarlaşıb – bu, ötən illə müqayisədə 9 pillə irəliləyiş deməkdir.
• “Tədqiqatçılar” indikatoru üzrə 47-ci, “Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar” üzrə isə 44-cü yeri tutur.
• “Startapların yaradılması” – 53-cü yer
• “Əmək məhsuldarlığının artması” – 55-ci yer
• “Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar” – 58-ci yer (ötən illə müqayisədə 5 pillə irəliləyiş)
• “Klasterlərin inkişaf vəziyyəti” – 30-cu yer
• “Universitetlər və sənaye arasında əməkdaşlıq” – 36-cı yer
• “Əqli mülkiyyətə ödənişlər” – 69-cu yer.
Universitet–sənayesi əməkdaşlığı və beynəlxalq əlaqə baxımından Bakı Dövlət Universiteti (28.50 bal) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (24.85) ən yüksək innovativ göstəricilərə malik olduğu qeyd olunur.
Beləliklə, Azərbaycanda son illərdə təhsil sahəsində həyata keçirilən layihələr nəticəsində müasir bilik və bacarıqlara malik, yaradıcı və innovativ düşüncəli gənclər yetişməkdədir. Bu da ölkəmizin təhsil sisteminin səmərəliliyini və Azərbaycanın beynəlxalq rəqabətliliyinin artdığını göstərir. Eyni zamanda bu irəliləyişlər ölkənin ümumi inkişafına təhsil sektorunun verdiyi töhfələrin bariz göstəricisidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər