
“Şagirdlərin suallarına cavab verən “Chatbot” hazırlanır. Bu platformadan istifadə edən şagirdlər bir sıra fənlər, o cümlədən “Azərbaycan dili”, “Azərbaycan tarixi” fənlərindən onları maraqlandıran suallara cavab ala biləcəklər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal məktəb” platformasının istifadəsindən danışarkən deyib.
İdarə rəisinin sözlərinə görə, platformanın mühüm hissələrindən biri süni intellekt üzərində qurulub və o, iki əsas istiqamətdə tətbiq olunacaq.
V.Xanlarov platformadan istifadə edəcək şagirdlər üçün onun üstünlüklərindən danışıb. Belə ki, bu platforma şagirdlər üçün müxtəlif fənləri əhatə edən “Öyrənmə yoldaşı” rolunu oynayacaq. Öyrənmə prosesini təhlil edəcək, ehtiyac duyulan istiqamətlər üzrə əlavə materiallar təqdim edəcək. 24/7 rejimdə şagirdlərin suallarını cavablandıraraq mövzuları sadə dildə izah edəcək.
V.Xanlarov platformanın müəllimlərin də işini yüngülləşdirəcəyini deyib: “Müəllimlərin də istifadəsi üçün hazırlanan platforma onların işini yüngülləşdirəcək. Onlara dərsin planlaşdırılmasında dəstək göstərəcək, metodik vəsaitləri şərh edəcək, kurikuluma uyğun materialların tapılmasına yardımçı olacaq, qiymətləndirmə alətlərini avtomatlaşdıracaq”.
V.Xanlarov qeyd edib ki, bu alətlərin əsas məqsədi müəllim və şagirdlərə dəstək göstərmək, tədris məzmununun daha asan və sürətli öyrənilməsini təmin etməkdir: “Bundan başqa, müəllimlərin iş yükünü avtomatlaşdıraraq onların vaxtına qənaət etməyə, daha çox peşəkar inkişaf və mövzuların izahına yönəltməyə şərait yaradılacaq”.
Onun sözlərinə görə, istifadəçi sayı artdıqca sistem həm müəllimlərin, həm də şagirdlərin davranışlarını öyrənəcək, onların fərdi ehtiyaclarına uyğun məzmun və materiallar təqdim edəcək.
V.Xanlarov əlavə edib ki, alət tam təhlükəsiz mühitdə hazırlanır və Azərbaycan dilində təqdim ediləcək: “Bu da şagirdlərimiz üçün lokallaşdırılmış, daha rahat istifadəyə imkan verən həll olacaq”.
Növbəti mərhələdə alətin daha da təkmilləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Rəqəmsal məktəb” platformasının hazırda yarım milyondan çox istifadəçisi var. Platformaya şagird, müəllim və məktəb rəhbərləri də qoşulub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər