
Əli Məmmədov peşə təhsilinin 2 səviyyəsində oxuyaraq texniki peşə və yüksək texniki peşə təhsili alıb. Hər ikisini Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyub. Əvvəlcə, yəni 2021-ci ildə “Elektronika” ixtisası üzrə texniki peşə təhsilini tamamlayaraq yüksək texniki peşə təhsili alıb, 2024-cü ildə isə yüksək texniki peşə təhsilini bitirib ali təhsil almağa başlayıb. Texniki peşə təhsili aldığı ixtisas yüksək texniki peşə təhsili ixtisasından fərqlənib. Amma ona görə yox ki, ilk seçimi yanlış idi, əksinə, ikinci seçimi ürəyincə olmayıb. Bilirsiniz niyə? Çünki ixtisasının adı onu çaşdırıb: “Texniki peşə təhsili səviyyəsində təhsilimi uğurla başa çatdırıb yüksək texniki peşə təhsili də almaq istədim. Bu imkan oxuduğum Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vardı. Mən də 3 illik yüksək texniki peşə təhsili almağa başladım. “Avtomobil diaqnostikası" ixtisasını seçmişdim. Bu ixtisası seçərkən elə təsəvvür edirdim ki, avtomobilin beynini, elektronikasını öyrənəcəyəm. Bu məqsədlə bu ixtisası seçdim. İlk 1 il ərzində anladım ki, düşündüyüm kimi deyil, səhv etmişəm. Bu ixtisas üzrə təhsil tam istəyimə cavab vermədi”.
Üstəlik, yüksək texniki peşə təhsilində aldığı ixtisas ona ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin ixtisas seçimi mərhələsində məhdudiyyət yaradaraq istiqamətini dəyişməyinə səbəb olub: “Ali təhsil müəssisələrinə subbakalavr kimi müraciət edərək müsabiqədənkənar, yəni birbaşa ixtisas seçimi mərhələsinə qatıldım. Məlum oldu ki, “Avtomobil diaqnostikası” ixtisasına uyğun olaraq ancaq avtomobillə əlaqəli ixtisaslardan seçmək imkanım var. Buna görə də “Nəqliyyat mühəndisliyi” ixtisasını seçdim. Artıq bu ixtisas üzrə biliklərə yiyələnirəm”.

Peşə təhsilində uğur qazanan, peşə təhsilinin verdiyi imkanlardan faydalanaraq artıq tələbə ikən mühəndis olan Əli belə səhv edib. Niyə səhv edib? Çünki ixtisasların adları ya onları ifadə etmir, ya da...
İxtisas adlarının uğursuz seçildiyini peşə təhsili müəssisələrində də etiraf edirlər
“Bəzi ixtisaslar var ki, əmək bazarında yüksək tələbatın olmasına baxmayaraq, tələbə və valideynlər onlara yetərincə maraq göstərmirlər. Buna təəssüflənirik. Məsələn, “Torna və frezer dəzgahlarının operatoru”, “Proqramla idarə olunan dəzgahların operatoru” kimi texniki ixtisaslar məhz bu qəbildəndir. Bunun əsas səbəblərindən biri həmin ixtisas adlarının mürəkkəbliyi və geniş ictimaiyyətin onunla kifayət qədər tanış olmamasıdır. Halbuki bu sahələr üzrə peşəkar kadrlara əmək bazarında böyük ehtiyac var”.

“Azərbaycan müəllimi”nə müsahibəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyev belə deyib. Onun sözlərinə görə, oxşar yanaşma “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisası, yəni qaynaqçılıq üzrə də görülür. “Bu ixtisasın adı çoxlarına qeyri-adi və anlaşılmaz gəlsə də, əslində gündəlik həyatımızda geniş tətbiq olunan sahələr üzrədir. Həmin ixtisas sahibləri örtüklü metal elektrodla qaynaq edir, qövs qaynağı, boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi ilə əlaqədar tətbiq oluna biləcək əsas qaynaq işlərini görürlər və bu gün əmək bazarında ən çox tələbat olan ixtisaslardan biri məhz qaynaqçılıqdır. Tələbat o qədər yüksəkdir ki, buraxılış imtahanlarımıza qatılan iş adamları tələbələrin bilik və bacarıqlarını yerindəcə qiymətləndirərək, elə imtahan zamanı onlara iş təklif edirlər. Məsələn, ötənilki buraxılış imtahanında Dövlət Attestasiya Komissiyasının sədri “Qaynaqçılıq” ixtisası üzrə imtahanı uğurla başa vuran 7 tələbəyə dərhal iş təklif etdi”.
Şaban Cəərçiyevin fikrincə, göstərilən nümunələr bir daha sübut edir ki, peşə seçimində yalnız ixtisasın adı ilə deyil, onun real bazardakı dəyəri və tətbiq imkanları ilə maraqlanmaq lazımdır. İnformasiya bazasını gücləndirməklə doğru yönləndirmələr aparmaq və ixtisasların cəmiyyətə düzgün təqdim olunmasını təmin etmək vacibdir.
“Ad səslənməsi perspektiv vəd etmədiyi üçün uğursuz sayılır”
Bu fikir isə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırova aiddir: “Ölkəmizdə bəzi peşə ixtisasları ad baxımından qəliz, klassik və ya köhnəlmiş səsləndiyindən abituriyent və valideynlərin marağını cəlb etmir. Məsələn: “Kənd təsərrüfatı mexanizatoru”, “Tornaçı”, “Frezerçi”, “Qazpaylayıcı şəbəkə montyoru”, “Quraşdırma üzrə texnik”, “Geniş profilli traktorçu-maşinist”, “Tikiş avadanlıqlarının operatoru-tikişçi”, “Qida və qeyri-qida məhsulları satıcısı, satıcı-xəzinədar”, “Əl elektrik qaynaqçısı”, “Elektrik və hibrid avtomobillərin texniki qulluğu və təmiri üzrə texnik” və s. Bu ixtisaslar cəmiyyətdə ya fiziki əməklə bağlı olduğu düşünüldüyü, ya da ad səslənməsi perspektiv vəd etmədiyi üçün uğursuz sayılır. Halbuki, əmək bazarında bu peşələrə ciddi ehtiyac var və çox vaxt yüksək maaşlı iş təklifləri də mövcuddur”.

“Uduzan” peşələrin adları yenilənməlidir, lakin necə?
Vəziyyəti şərh edən Cəlil Bağırov hesab edir ki, həmin ixtisaslarla bağlı təcrübədə uğurlu yanaşmalar var. Məsələn, direktor adların yenilənməsi variantını təklif edir: “Müvafiq olaraq peşə təhsili müəssisələri həmin ixtisaslara daha müasir, cəlbedici adlar verərək təqdim edə bilər. Məsələn, yüksək texniki peşə ixtisası “Kənd təsərrüfatı texnologiyaları üzrə mütəxəssis, yaxud “Qaynaq həlləri üzrə mütəxəssis və s”.
Peşələrin real həyatdakı faydasını qabartmaq adındakı uğursuzluğu ört-basdır edə bilərmi?
Cəlil Bağırovun təklif etdiyi daha bir həll yolu ictimaiyyətlə əlaqə və düzgün təqdimatdır: “Sosial mediada və infosessiyalarda həmin peşələrin real həyatdakı faydası, qazanc potensialı və əmək bazarındakı tələbi vurğulanaraq “Demo Day”lər təşkil edilməli, təsir faktoru real nümunələrlə təqdim edilməlidir”.
Əməkdaşlıqlar da çıxış yolu ola bilər. Cəlil Bağırov ixtisas adlarındakı uğursuzluğu işəgötürənlərin verəcəyi iş zəmanəti ilə ört-basdır etməyin mümkünlüyünə inanır: “İşəgötürənlərlə birgə ödənişli təcrübə proqramları və zəmanətli iş təklifləri bu ixtisaslara marağı artırır. Yekun olaraq, düzgün təqdimat və əmək bazarının tələbinə uyğunlaşdırma ilə “uduzan” ixtisaslar da cəlbedici hala gətirilə bilər”.

“Adların tərcüməsi də məntiqli olmalıdır”
Amma bəlkə də bu qədər uzun-uzadı çarə axtarışlarına ehtiyac qalmaya bilər: “Ümumiyyətlə, adlar sadə, müasir, aydın və cəlbedici olduqda həm şagirdlər, həm valideynlər üçün daha başadüşülən və maraqlı olur. Bu, peşə seçiminə birbaşa təsir edir. Eləcə də, həmin ixtisaslar üzrə necə ki, çox ciddi ehtiyaclar olduğunu bilirik, qanunvericilik bazası dəstəklənməklə, real əmək bazarı faktlarının təqdimatı əsasında məzunların maaşları, işə qəbul statistikası, xaricdəki tələbat, yerli şirkətlərlə əməkdaşlıq məlumatları təqdim olunmalıdır. Məsələn, “Bu ixtisas üzrə tələbə təcrübə dövründə ayda 450 manat təqaüd alır və məzun olduqdan sonra iş zəmanəti var” və s. Bu həm də müvafiq peşənin gündəlik həyatdakı rolunu göstərməklə mümkündür. Məsələn, “Bu ixtisaslar kəndin həyatını dəyişəcək”, - kimi çağırış edə bilərik və s”.
Mərkəz direktorunun ən önəmli nüans hesab etdiyi daha bir məqam: “Yerli peşə-ixtisas adları beynəlxalq təcrübə ilə uzlaşmalıdır ki, tələbə və heyət üçün nəzərdə tutulan təcrübə proqramlarında yetərsizlik yaranmasın. Qlobal uyğunluq nəzərə alınmalı, adlar beynəlxalq terminologiyaya uyğun seçilməli və lazım gəldikdə tərcüməsi də məntiqli olmalıdır. Məsələn, “Data analitik”, “UX dizayner” kimi adlar qlobal bazarda tanınır.

İxtisas adlarının qəliz olması onun səhv olduğu anlamına gəlmir
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənlinin fikrincə, ixtisas adlarının qəliz olması onun səhv olduğu anlamına gəlmir. K.Həsənli bildirib ki, ixtisas adlarını daha yaxşı necə ifadə ediləcəyi müzakirə edilir.
Artıq “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədi ilə bağlı sistemli araşdırma və məsləhətləşmə prosesi həyata keçirilib. Müzakirələr harada aparılır?
“İnnoveta” konsaltinq şirkətinin əməkdaşı Qənirə İsmayılova “Azərbaycan müəllimi”nə bildirib ki, 2011-ci ildən dəyişilməyən “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədi müzakirə olunub: “Peşə təhsilinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatların bir hissəsi kimi “Peşə təhsili üzrə ixtisasların təsnifatı” sənədi yenilənir. Mövcud təsnifat 2011-ci ildə qəbul olunub və bu müddət ərzində iqtisadi, texnoloji və sosial dəyişikliklər nəticəsində aktual ehtiyaclara cavab verməkdə məhdudiyyətlərlə üzləşib. Bu səbəbdən təsnifatın təkmilləşdirilməsi məqsədilə sistemli araşdırma və məsləhətləşmə prosesi həyata keçirilib”.
“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nda sistematik adlandırma aparılıb
Məsləhətləşmələr çoxtərəfli olub: “Bu il işəgötürənlər, mütəxəssislər və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə 6 istiqamət üzrə “dəyirmi masa”lar keçirdik. Tədbirlərdə işəgötürənlərlə birlikdə ixtisas adlarını müzakirə etdik. İxtisasları beynəlxalq standartlar nəzərə alınaraq yenidən formalaşdırdıq. Sadəcə adların formalaşması yox, həm də ixtisasların hansı təhsil səviyyəsinə uyğun gəldiyi müzakirə olundu, bir neçə ixtisasda dəyişiklik edildi. Tutaq ki, əvvəlcə ilk peşə ixtisası kimi gördüyümüz ixtisas yüksək texniki peşə təhsili səviyyəsinə salındı. Ya da ki yeni təsnifatın qəbulundan sonra 3-4 il oxumasına gərək görmədiyimiz texniki peşə və ya yüksək texniki peşə ixtisasları ilk peşə təhsili səviyyəsində tədris ediləcək”.

Müsahibimiz əlavə edib ki, yeni “Peşə təhsili üzrə ixtisasların təsnifatı”nda sistematik adlandırma aparılıb: “mütəxəssis”, “texnik”, “operator” və “usta” kimi terminlər vahid metodologiya ilə təsnifata daxil edilib. Yeni təsnifatda ixtisas adları ali və orta ixtisas təsnifatları ilə uyğunlaşdırılıb və ümumilikdə 6 əsas ixtisas – “Mədəniyyət və incəsənət ixtisasları qrupu”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”, “İnformasiya və kommunikasiya texnologiyaları ixtisasları qrupu”, “Sənaye, istehsal və tikinti ixtisasları qrupu”, “Kənd təsərrüfatı ixtisasları qrupu” və “Rifah və xidmət ixtisaslar qrupu” üzrə sistemləşdirilib”.
Adı olub, özü olmayanlar - 700-ə yaxın ixtisas illərdir ki, qəbul planlarında yer almır
“Peşə təhsili üzrə ixtisasların təsnifatı” hazırlanır: Hazırda 200-dən çox ixtisas adı müzakirə olunur”
Bunu “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova deyib. Onun sözlərinə görə, yeni təsnifat yalnız adların siyahısı deyil, həm də struktur baxımından müasir yanaşmalara əsaslanır: “Biz ixtisasları ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə uyğun qruplaşdırırıq, onları Milli Kvalifikasiyalar Çərçivəsinə və UNESCO-nun ISCED-2013 təsnifatına uyğunlaşdırırıq. Bununla həm kurikulumların və proqramların daha məqsədyönlü hazırlanmasına, həm də təhsil nəticələrinin əmək bazarında tanınmasına nail olunacaq”.

Şöbə müdirinin sözlərinə görə, müzakirə olunan ixtisaslar 200-dən çoxdur:
“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi üzərində sistemli şəkildə çalışırıq. Hazırda 200-dən çox ixtisas adı müzakirə olunur. Bu iş çərçivəsində işəgötürən, mütəxəssis və dövlət qurumlarının nümayəndələri ilə “dəyirmi masa”lar təşkil etmişik, mövcud məşğulluq təsnifatı və peşə təhsili üzrə son illərin qəbul planlarını təhlil etmişik, həmçinin Macarıstan, Bolqarıstan və Qazaxıstan kimi ölkələrin təsnifat təcrübələrini araşdıraraq ən yaxşı praktikaları nəzərə almışıq”.
Nərmin Məmmədova yeni təsnifatın zərurət olduğunu vurğulayıb: “Hazırkı təsnifatda mövcud olan təxminən 800 ixtisasdan yalnız 150-yə yaxınından faktiki istifadə edilir, 700-ə yaxın ixtisas isə illərdir ki, qəbul planlarında yer almır. Son iki ildə - 2023 və 2024-cü illərdə mövcud təsnifata dəyişikliklər edilərək 110 yeni ixtisas əlavə olunub və 24 ixtisas ləğv edilib. Bu isə göstərir ki, təsnifat dövrün tələblərinə tam şəkildə cavab vermir və sistemin çevikliyini, həmçinin peşə təhsilinin effektivliyini məhdudlaşdıra bilər”.

Nərmin Məmmədova xatırladıb ki, sonuncu dəfə təsnifat 2011-ci ildə Nazirlər Kabinetinin 178 nömrəli qərarı ilə təsdiqlənib. Bu müddət ərzində ölkə iqtisadiyyatında, texnologiyalarda və əmək bazarında ciddi dəyişikliklər baş verib: “İstifadə olunmayan ixtisasların mövcudluğu bir neçə səbəblə bağlı ola bilər: bəzi ixtisaslara əmək bazarında artıq tələbat yoxdur, bəziləri texnologiyaların inkişafı nəticəsində sıradan çıxıb, bəziləri isə mövcud real ixtisas adları ilə uyğun gəlmir. Məsələn, bir çox köhnə ixtisas adları artıq müəssisələrdə və ya istehsalatda mövcud deyil, amma təsnifatda hələ də qalır. Bu həm tələbə qəbulu prosesində, həm də kurikulum hazırlanmasında çətinliklər yaradır”.
Yeni təsnifatın nə vaxt hazır olacağına gəlincə, şöbə müdiri deyib ki, yeni təsnifat hazırda hazırlanan “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası”nın növbəti mərhələsinədək yekunlaşdırılacaq: “Bildiyiniz kimi, hazırda ölkədə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır. Planımız odur ki, yeni təsnifat həmin strateji sənədin növbəti mərhələsinədək yekunlaşdırılsın və təsdiq üçün təqdim olunsun. Bu, peşə təhsilinin gələcək inkişafı üçün əsas baza sənədlərdən biri olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər