
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi yeniliklərin və innovativ ideyaların istehsalata transferini sürətləndirmək məqsədilə Texnologiyaların transferi mərkəzinin nəzdində yeni bölmə yaradılıb.
Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib.
Bildirilib ki, yeni bölmənin yaradılması ilə bağlı qərar Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən toplantıda qəbul olunub. Tədbirdə fakültənin dekanı dosent Elgiz Həsənov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov bölmənin yaradılmasının vacibliyindən və qarşıya qoyulan strateji məqsədlərdən danışıblar. Onlar qeyd ediblər ki, bu bölmə alimlərin elmi-tədqiqat istiqamətlərinin inteqrasiyası, yeni ideyaların müzakirəsi və onların istehsalata tətbiqi baxımından mühüm platforma rolunu oynayacaq.
Toplantıda çıxış edən Texnologiyaların transferi mərkəzinin müdiri professor Abbas Quvalov universitetdə aparılan elmi işlərin patentləşdirilməsinin və bu işlərin sənayeyə transferinin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, belə bölmələrin digər fakültələrdə də yaradılması elmi fəaliyyətin koordinasiyasına və nəticələrin praktik tətbiqinə böyük töhfə verəcək.
Toplantının yekununda bir sıra mühüm qərarlar qəbul olunub. Qərara əsasən:
Alimlərin elmi-tədqiqat işlərinin istiqamətləri müəyyənləşdiriləcək;
Elmi işlərin inteqrasiyası aparılacaq;
İlin sonunadək universitet adından ən azı 5 patentə iddia veriləcək;
Patentin yazılması ilə bağlı növbəti həftə təlim təşkil olunacaq;
Bölməyə istehsalatda çalışan mütəxəssislərin cəlbi təmin ediləcək.
Yeni bölmənin fəaliyyəti AzMİU-da elmi potensialın gücləndirilməsi, innovativ ideyaların praktiki nəticəyə çevrilməsi və universitet–sənaye əməkdaşlığının dərinləşdirilməsinə xidmət edəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər