Bütün xəbərlər
22 yanvar, 11:55

Həyatın ilk beş ilində isti, sevgi dolu və həssas münasibətlər də daxil olmaqla müsbət təcrübələr uşağın inkişafı üçün çox mühümdür. Onların həm emosional, həm də fiziki olaraq təhlükəsizliyinin təmin edilməsi bu prosesin vacib hissəsidir. Xüsusilə uşaqların bağçalarda qarşılaşdığı mühit onların düşüncə formasının dəyişməsinə, ünsiyyət bacarıqlarının yaranmasına, dərketmə fəaliyyətinin artmasına səbəb olur. Məktəbəqədər təhsil prosesi uşaqların həyatında, hərtərəfli inkişafa yönəlməsində mühüm əhəmiyyət daşıyır. Bu mühit uşaqlara evdən kənarda yeni təcrübələr qazandırır, onların fiziki, mənəvi, nitq inkişafında müsbət nəticələr verir. Bağça mühitinin uşaqlara təsiri, onların məktəbəqədər təhsil müəssisələrinə maraqları hansı səviyyədədir? Bu məkanlarda təhlükəsiz mühit necə olmalıdır? 

Bu kimi suallara aydınlıq gətirmək üçün “Azərbaycan müəllimi” Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müəllimi Gülər Məmmədovanın fikirlərini öyrəndi. 

“Uşaq hələ məktəbəqədər dövrdə şəxsiyyət olmur, o, ictimai münasibətləri mənimsəyib şəxsiyyətə çevrilir”

Gülər Məmmədova bildirib ki, bağçalar ən əsası azyaşlılara evdən uzaqda yeni təcrübələr qazandırır: “Eyni zamanda bağça mühitində uşaqların yaşıdları ilə birlikdə bərabər oynamaq, öyrənmək, paylaşmaq kimi vərdişləri formalaşır. Daim inkişafda olan, araşdırmağa, kəşf etməyə meyilli olan azyaşlıların fəaliyyətlərini daha da genişləndirmək, sağlam və təhlükəsiz mühitin yaradılmasını əsas məqsəd kimi qarşısına qoyan məktəbəqədər təhsil müəssisələri uşaqların həyatında mühüm rol oynayır. Bağçalarda sağlam mühit pedaqoji heyətdən işin düzgün planlanmasını və məsuliyyətin kollektiv arasında düzgün paylanılmasını tələb edir. Uşağın hər yaş dönəmində onun psixi prosesləri, halları və xassələri özünəməxsus formada inkişaf edir. Bu, baramadan çıxan kəpənəyə bənzəyir. Biz onu zorla oradan açıb çıxarsaq, məhv olacaq. Amma asta-asta, zamanla özünü bərpa etsə, özünün tədricən qanadları formalaşacaq və oradan azad olacaq. Eləcə də uşaqlar da təməlli şəkildə həyata atılır, o vaxta qədər də bizim onlara ötürməli olduğumuz məqamlar var”. 

Uşaqların psixoseksual inkişaf mərhələləri barədə tərbiyəçi-müəllimlərin tam məlumatlı olmasının önəmini diqqətdə saxlayan psixoloq bildirib ki, tərbiyəçi-müəllimlər müəyyən bir ixtisas üzrə püxtələşmiş kadrlardır, bakalavr və yaxud da magistr təhsili alıblar. Həm dövlət, həm özəl bağçalarda məktəbəqədər təhsil ixtisasını bitirmiş kadrları bu sahəyə cəlb edirlərsə, bu şəxslərin psixologiya ilə bağlı tutarlı bilikləri olmalıdır: “İşləyən tərbiyəçi-müəllimin uşağın aparıcı fəaliyyətinə görə onun doğulduqdan bir yaşa qədər çağalıq, 1-3, 3-6 yaş dövründə uşaqda psixoseksual fəaliyyət növlərinin olduğunu bilməlidir. Uşaqların müəyyən əxlaqi, estetik və zehni hissləri vardır ki, bu hisslər uşaqlara məktəbəqədər dövrdə aşılanmalıdır. Uşaq hələ məktəbəqədər dövrdə şəxsiyyət olmur, o ictimai münasibətləri mənimsəyib şəxsiyyətə çevrilir. Onlar kiçik yaşlarından etibarən varlıqlarını dərk etməyə başlayırlar. Bunun üçün də bağçalarda həmin mühitin yaradılması üçün müxtəlif növ amillərdən istifadə edilməlidir. Uşağın şəxsiyyətə çevrilmə dönəmindən başlayaraq onlara elə fikirlər aşılamalıyıq ki, onlarda həyatla bağlı düşüncələr həddindən artıq al-əlvan görünməsin. Onlar həyatın yalnız müsbət keyfiyyətlərdən ibarət olduğunu anlayır. Buna görə də uşaq bir az zədə aldıqda böhran vəziyyətinə düşür. Məqsəd uşaqları qoruma mühitindən uzaq tutub müstəqilliyə yönəltmək, tutduğu qərarlarda yaxşını və pisi düzgün istiqamətləndirməkdir. Valideynlərin birinci növbədə borcu uşaqları azad fikir yürütmə, özlərini müstəqil şəkildə qərar verməyə təhrik etməkdir”.

Onun sözlərinə görə, bağçada təhlükəsiz mühit dedikdə, uşağın fiziki qorunmağından tutmuş psixologiyasına qədər amilləri əhatə edir. Bağçanın hasarlanması, stolların, stulların kənarlarına, oyuncaqlara nəzarətin artırılması, uşaqların otaqlarının havalandırılması və s. fiziki qorunmağı əhatə edir: “Bağçalarda uşaqların psixi inkişafına da diqqət yetirmək pedaqoji heyətin qarşısında duran əsas hədəflərindən biri olmalıdır. Uşağın psixi inkişafı düzgün şəkildə tərtib olunmalıdır. Müəllimlər konfliktli ailələrdə böyüyən azyaşlı uşaqlarla ara-sıra müəyyən söhbətlərlə, çəkilən psixoloji testlərlə işləməlidirlər. Onlar müəyyən suallar verməli, uşaqlarla müəyyən qaydalar üzrə davranmalıdırlar. Hər bir uşaq ailənin göstəricisidir, onların hər biri ananı, atanı təmsil edir. Onların psixi inkişafını müşahidə edə bilməyən müəllimlər uşaqdakı davranışları düzgün analiz etmirlər. Məhz bu təhlükəsizlik də onda özünü göstərir ki, uşaqların inkişaf prosesində tərbiyəçilərin rolu böyük olmalıdır”.

“Bağçalar yalnız uşağın gününün keçirilməsinə xidmət etməməlidir”

O əlavə olaraq bildirib ki, bir çox ailələrdə uşaqlar ailənin büdcəsinin miqdarından asılı olmayaraq, müxtəlif hədiyyələr istəyirlər. Hər bir uşağa əməklə bağlı bilgilər ötürülməli, əməyin müqabilində maddiyatın necə qazanıldığı izah edilməlidir: “Pedaqoqun əsas işi uşaqlarda ümumi həyat bilgilərini mənimsətmə bacarığıdır. Bu günün yenilikçi pedaqoqları uşaqlara maddiyatın nə olduğunu izah etməlidir. Hətta 3-4 yaşlı uşaqlar arasında bağçalarda alış-veriş müəssisəsi təşkil olunmalı, azyaşlılar yaşlarına uyğun işlər görərək əməyinin müqabilində qiymətləndirməlidir. Eyni zamanda uşaqlar əl işləri çəkir, rəsmlər qurur. O işlərin satılması uşaqların maraqlarını daha da artırar. Eyni zamanda uşaqların yaradıcı təxəyyülünü inkişaf etdirmək, çətin situasiyaların öhdəsindən gəlmək bacarığını formalaşdırmaq vacibdir. Həyatdan baş çıxarılması çətin olan halların öhdəsindən gəlmək üçün çətin oyunlara uşaqları cəlb etmək lazımdır. Buna nəzərən yaşa uyğun sistematik şəkildə çox maraqlı kreativ bir sistem qurmaq olar. Bundan əlavə, uşaqlara insanların ölümü, itki ilə bağlı hadisələri daha dolğun, aydın şəkildə başa salmalıyıq ki, onlar bunu təsadüf nəticəsində həyatın bir qaydası kimi qarşılasınlar. Yaşına uyğun tərzdə ahəng yaradaraq, uşaqların valideynlərlə bağlılığını nəzərə alaraq onlara bu kimi fikirləri aşılamaq mütləqdir. Bağçalar yalnız uşağın gün keçirməsinə xidmət etməməlidir. Bilik, bacarıqlar artıq məktəbəqədər dönəmindən formalaşır, uşaqlar sosiallaşır. Həmçinin onun bir şəxsiyyət kimi formalaşması üçün də azyaşlı dönəmlərindən müəyyən həyat bilgilərini ötürməliyik. Böyüməkdə olan nəslin nə qədər böhran vəziyyətində keçdiyini görürük. Biz təbliğat aparmalıyıq ki, valideynlər uşaqlarını bağçaya qoya bilsinlər. Bağçada uşaq eyni zamanda immunitet yığır. Bu mühit onları hərtərəfli, aktiv edir”.

Dəstəkləyici öyrənmə mühiti yaratmaq və uşaqlarla sağlam ünsiyyət qurmağın vacibliyini dilə gətirən psixoloq uşaqların fiziki cəhətdən özlərini rahat hiss etmələri, sağlam böyümələri üçün aktiv fəaliyyət ilə intellektual fəaliyyətin balanslı şəkildə bir-birini əvəzləməsinə fikir verilməli olduğunu dilə gətirib.

Xəbər lenti

22 yanvar, 16:50

Alimlər zəlzələnin qarşısını almağı bacaran cihaz ixtira ediblər

22 yanvar, 16:49

Stanford Universitetinin siyahısında yer almış alim: “Azərbaycan istedadlar ölkəsidir” - MÜSAHİBƏ

22 yanvar, 16:32

2027-ci ilə qədər Arktikanın buzlaqları tamamilə əriyə bilər

22 yanvar, 16:32

Fənn olimpiadalarının seçilənləri – Onlar gələcəkləri barədə nə düşünürlər?

22 yanvar, 16:24

“Elm üçün elmmi, yoxsa cəmiyyət üçün elmmi?” mövzusunda vebinar keçiriləcək

22 yanvar, 16:21

Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO

22 yanvar, 16:18

ADAU yeməli göbələklərin birgə tədqiqi istiqamətində Çinin ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək

22 yanvar, 15:18

Təhlükəsiz məktəb üçün çağırışlar - Uşaqların gözündən

22 yanvar, 14:52

Türkiyənin kollec direktorları Hədəf Liseyində olublar

22 yanvar, 14:40

BMU Çin universitetləri ilə ikili diplom proqramına başlayır

22 yanvar, 14:30

BDU ötən illə müqayisədə fiziki və mühəndislik elmləri sahəsində nəticələrini artırıb

22 yanvar, 14:16

Ortaq türk ədəbiyyatı və coğrafiyası dərslikləri hazırlanır

22 yanvar, 13:36

“Parla” məzunu: “Yeni fürsətlər məni gözləyirdi”

22 yanvar, 13:28

Ölkənin 19 STEAM Mərkəzində təlimlər davam edir

22 yanvar, 12:56

Sosial pedaqoq kimdir? Nəyi bilməlidir?

22 yanvar, 12:29

"Yenilənən məktəblər": Bərdə rayonu Alpoud kənd tam orta məktəbi – FOTOLAR

22 yanvar, 12:15

Lənkəran məktəbliləri gözdən əlillər üçün xüsusi eynək hazırladılar

22 yanvar, 12:14

LDU-da Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

22 yanvar, 12:10

UNEC-ə qəbul olmaq istəyən əcnəbilərin sənəd qəbulu başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.