
Bağçalarda uşaqların oyuncaqlarla necə və nə qədər vaxt keçirməsi bəzən müzakirə mövzusuna çevrilir. Lakin mütəxəssislər hesab edirlər ki, burada əsas məsələ oyuncaqların mövcudluğu deyil, onların üzərində qurulan pedaqoji və tərbiyəvi işin keyfiyyətidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzinin müdiri, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Həmidova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, qanunvericilikdə uşaqların oyuncaqlardan istifadəsi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb:
“Bağçalarda gün rejimi mövcuddur və bu rejimə əsasən uşaqların oyun, tədris, istirahət və yuxu saatları müəyyənləşdirilir. Lakin bu, uşağın əlindən oyuncağın alınması və onu məcburi şəkildə dərsə cəlb etmək üçün əsas ola bilməz. Belə hallar təlim prosesinə mənfi təsir göstərə bilər”.

Gigiyenik tələblər və yaş uyğunluğu əsas şərtdir
Xalidə Həmidovanın sözlərinə görə, oyuncaqlara dair ayrıca təlimatlar hazırlanır və gələcəkdə bu istiqamətdə rəsmi qaydaların formalaşacağı gözlənilir. Əsas diqqət gigiyenik normalara və yaş uyğunluğuna yönəlməlidir:
“Bağçaya hər oyuncaq daxil ola bilməz. Hər oyuncaq hər yaş qrupu üçün uyğun deyil. Yumşaq oyuncaqlar gigiyenik tələblərə cavab vermədiyi üçün məktəbəqədər müəssisələrdə istifadəsi yolverilməz sayılır”.
Mütəxəssis əlavə edib ki, oyuncaqlar səhər və axşam xüsusi məhlullarla təmizlənməli, düzgün şəraitdə saxlanmalıdır:

“Bu, mütləq tələblərdən biridir. Gələcəkdə oyuncaqların istifadəsi və uyğunluğu ilə bağlı ayrıca normativ sənədlərin hazırlanması nəzərdə tutulur”.
“Oyuncağın salamat qalması qeyri-real gözləntidir”
Bəzən isə bağçalarda oyuncaqlar yarasız hala düşür. Bunun əsas səbələrindən biri odur ki, uşaqlar hələ bu oyuncaqlar ilə necə rəftar edəcəklərini bilmirlər. Xalidə Həmidovanın sözlərinə görə, məktəbəqədər müəssisələrdə il ərzində bir neçə dəfə inventarizasiya aparılır. Bu prosesdə qırılmış, istifadəyə yararsız və ya yeni gətirilmiş əşyalar qeydiyyata alınır:
“Bağçalara təqdim olunan hər bir vasitə uşaqların istifadəsi üçündür və bu zaman əşyanın sıradan çıxması təbii haldır. Uşaqlar öyrənmək, kəşf etmək istədikcə bəzi zədələnmələr qaçılmaz olur”.

Mütəxəssis hesab edir ki, tərbiyəçilərin əsas vəzifələrindən biri uşaqlarda ətraf mühitə, o cümlədən oyuncaqlara düzgün münasibət formalaşdırmaqdır:
“Əgər uşaq oyuncağı qırırsa, bu məsuliyyət təkcə təhsil müəssisəsinin deyil, valideynin də üzərindədir. Valideynlərə tövsiyə olunur ki, evdə uşaqlara əşyalardan düzgün istifadə və qayğı vərdişləri aşılasınlar. Müəllimlər isə bu davranış vərdişlərini sistemli şəkildə oyuncaqlar vasitəsilə möhkəmləndirməlidirlər”.
“Uşağa maşınla və ya gəlinciklə necə davranmağı müəllim öyrətməlidir”
Məktəbəqədər təhsil üzrə metodist Aynur Əlizadə bildirib ki, bağçalarda gün ərzində iki məşğələ nəzərdə tutulur: məsələn, bədii təfəkkürün inkişafı və rəsm-aplikasiya məşğələləri.
Onun sözlərinə görə, kiçik yaş qruplarında (3 yaşa qədər) məşğələlər 10–20 dəqiqə davam edir, sonra isə “müstəqil fəaliyyət” vaxtı gəlir:

“Bu zaman uşaqlara hərəkətli və didaktik oyunlar oynamaq, oyuncaqlarla sərbəst şəkildə davranmaq imkanı yaradılır. Açıq hava fəaliyyətləri də buraya daxildir. Təxminən 30 dəqiqə bu fəaliyyətlər üçün kifayət edir”.
Aynur Əlizadə əlavə edib ki, oyun vaxtının konkret müddəti normativ sənədlərdə yazılmayıb, lakin hər məşğələdə təxminən 5 dəqiqə oyun nəzərdə tutulur. O, həmçinin uşaqlara oyuncaqlardan düzgün istifadə qaydalarının öyrədilməsinin vacibliyini vurğulayıb:
“Təəssüf ki, bəzi bağçalarda oyuncaqlar sadəcə uşaqların qarşısına atılır və nəzarətsiz buraxılır. Halbuki müəllim uşağa maşınla və ya gəlinciklə necə davranmağı izah etməlidir. Bu vərdişlər düzgün yönləndirilərsə, uşaq oyuncağı sındırmadan, qayğı ilə oynamağı öyrənəcək”.
Metodist hesab edir ki, oyuncaqların “vitrin oyuncaqları” kimi saxlanılması yanlış yanaşmadır:

“Uşaq oyuncağa toxunmalı, onunla oynamalıdır. Çünki uşaq oyuncağı necə istifadə edirsə, bu, onun psixoloji vəziyyəti barədə də müəyyən ipucları verir. Məsələn, gəlinciyi vurursa, evdə zorakılığa məruz qaldığını düşünmək olar”.
Sonda o qeyd edib ki, oyuncaqlarla oynamaq üçün 30 dəqiqəlik vaxt kifayət sayılır, lakin əsas məsələ müddətin deyil, bu zamanın keyfiyyətli və nəzarətli şəkildə təşkilidir.
Bağçada oyuncaqlar uşağın əyləncə vasitəsi deyil, onun inkişaf alətidir. Uşaq oyuncağa toxunduqca yalnız motor bacarıqlarını deyil, həm də sosial münasibət, məsuliyyət və qayğı hissini öyrənir. Buna görə də əsas məqsəd oyuncağın salamat qalması yox, onun üzərində qurulan pedaqoji işin keyfiyyətidir. Hər bir uşaq oyunda öyrənir, hər bir müəllim isə bu oyunun öyrədici olmasına cavabdehdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər