
“Bakı şəhərində 765 min nəfər uşaq tibbi qeydiyyatdadır. Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən 52 müəssisədə pediatrik xidmət təşkil olunub. Hər bir müəssisədə uşaqların icbari dispanserizasiyası aparılır”.
Bu barədə “Azərbaycan müəllimi”nə Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi xidmətlərin təşkilat departamentinin rəhbəri Aytən Sultanova məlumat verib.
Onun sözlərinə görə, uşaqların icbari dispanserizasiyası çərçivəsində il ərzində mütəmadi olaraq ixtisaslı həkimlər tərəfindən müayinələr həyata keçirilir:
“Uşaqlar həm dövlət tibb müəssisələrində, həm də təhsil aldıqları məktəblərdə, bağçalarda və internat məktəblərində nevroloq, lor, oftalmoloq və əsasən pediatr tərəfindən müayinə olunurlar. İxtisaslı həkimlər il ərzində hər yaş kateqoriyasına uyğun yoxlamalar aparırlar. Bu ilin 9 ayı ərzində 535 mindən çox, ümumilikdə isə 540 mindən artıq uşaq icbari dispanserizasiyadan keçirilib”, – deyə Aytən Sultanova bildirib.
Departament rəhbəri qeyd edib ki, dispanserizasiyanın nəticələrinə əsasən, uşaqlar sağlamlıq vəziyyətlərinə görə 5 qrupa bölünür:
“Birinci qrup sağlam uşaqlardır, beşinci qrup isə ağır xəstə uşaqları əhatə edir. Hazırkı məlumatlara əsasən, ən çox göz xəstəlikləri ilə bağlı hallar qeydə alınıb. Bu, uşaqların elektron qurğulardan həddindən artıq istifadə etməsi ilə əlaqəlidir. Bundan əlavə, parazitar, tənəffüs və həzm sistemi xəstəlikləri, o cümlədən qurd xəstəlikləri də geniş yayılıb”.
Aytən Sultanovanın sözlərinə görə, 540 min uşağın təxminən 30 minində müxtəlif xəstəliklər aşkarlanıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin təlimatına əsasən, hər bir uşaq il ərzində yaşına uyğun olaraq ən azı bir dəfə müayinədən keçməlidir. Yeni doğulmuşlar isə il ərzində bir neçə dəfə dispanserizasiyadan keçirilirlər.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər