
Gənclər arasında xaricdə təhsil almaq meyili artıb. Bəzən bu seçim əlavə xərc tələb etsə də, gözlənilən səviyyədə keyfiyyətli təhsil ilə nəticələnmir. Çünki dünyanın hər yerində nüfuzlu ali məktəblərlə yanaşı, zəif göstəricilərə malik universitetlər də mövcuddur.
Son illər yerli universitetlərdə maddi-texniki bazanın güclənməsi, beynəlxalq əməkdaşlıqların genişlənməsi, ikili diplom və xaricdə təcrübə imkanlarının yaranması gənclər üçün geniş imkanlar yaradır. Burada oxuyan gənclər həm öz ölkəsinin əmək bazarı və təhsil mühiti ilə yaxından tanış olur, həm də karyeralarında üstünlük əldə edə bilirlər.
Bəs belə olan halda əlavə xərcə gedərək keyfiyyəti aşağı olan xarici universitetləri seçmək nə dərəcədə düzgündür? Xaricdə göstəriciləri aşağı olan universitetlərdə oxumaq əvəzinə, yerli universitetlərdə təhsil almağın hansı üstünlükləri var?
“Aşağı göstəricili xarici universitetlərin adları nə yerli, nə də beynəlxalq əmək bazarında etibarlı göstərici hesab olunur”
Mövzu ilə bağlı təhsil eksperti Rəsul Ağayev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, son illərdə yerli universitetlərdə tədris proqramlarının müasirləşdirilməsi, müəllim heyətinin peşəkar inkişafı və beynəlxalq tərəfdaşlıqlar hesabına təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Halbuki göstəriciləri aşağı olan xarici universitetlər, adətən kütləvi qəbul və minimal nəticə prinsipi ilə işləyən kommersiya yönümlü qurumlar olur və tədris prosesi formal səviyyədə həyata keçirilir: “Diplomun tanınması baxımından da üstünlük yerli universitetlərdədir. Burada əldə edilən diplomlar dövlət strukturlarında, təhsil sistemində və özəl sektorda sürətli karyera yüksəlişi üçün əsas baza rolunu oynayır. Aşağı göstəricili xarici universitetlərdən məzun olanların diplomları isə çox vaxt tanınmır və nostrifikasiya proseduruna ehtiyac yaranır. Nəticədə həmin universitetlərin adları nə yerli, nə də beynəlxalq əmək bazarında etibarlı göstərici hesab olunur. Maliyyə baxımından da yerli universitetlər daha əlverişlidir. Təhsil haqqı və yaşayış xərcləri ölkə vətəndaşları üçün münasibdir, əldə olunan nəticə ilə çəkilən xərc arasında effektiv nisbət formalaşır. Xaricdəki zəif universitetlərdə isə yüksək təhsil və yaşayış xərcləri, əlavə logistika və sənədləşmə yükü ortaya çıxır, nəticədə akademik keyfiyyət zəif olduqda bu, səmərəsiz sərmayəyə çevrilir”.
“Təhsil yalnız diplom deyil, intellektual, sosial və peşəkar inkişaf prosesidir”
Onun sözlərinə görə, yerli universitetlərdə təhsil alan tələbələr ailə dəstəyindən və sosial mühitin uyğunluğundan faydalanırlar. Bu isə onların adaptasiya və psixoloji baxımdan rahat inkişafına imkan verir: “Xaricdə oxuyan tələbələr isə çox vaxt sosial izolyasiya, mədəni baryerlər və psixoloji çətinliklərlə üzləşirlər. Son illərdə yerli ali məktəblərdə startap ekosistemi, innovasiya mərkəzləri, tədqiqat laboratoriyaları və mentorluq platformaları da formalaşır. Tələbələr tədqiqat, sahibkarlıq və layihə fəaliyyətinə qoşula bilirlər. Zəif xarici universitetlərdə isə elmi mühit formal xarakter daşıyır, yaradıcılıq və innovasiya imkanları məhduddur. Bundan başqa, artıq yerli universitetlərdə Erasmus+, DAAD, Fulbright kimi beynəlxalq proqramlar vasitəsilə akademik mobillik və ikili diplom imkanları mövcuddur. Bu, tələbələrin həm yerli təhsildən faydalanmasına, həm də beynəlxalq təcrübə qazanmasına şərait yaradır. Halbuki zəif xarici universitetlərdə beynəlxalq şəbəkəyə inteqrasiya imkanları çox məhduddur. Məzun olduqdan sonra imkanlar baxımından da yerli universitetlərin üstünlükləri nəzərə çarpır. Magistr və doktorantura proqramlarına qoşulmaq, yerli və regional əmək bazarında mövqe qazanmaq, dövlət proqramlarında və elmi layihələrdə iştirak etmək daha asandır. Aşağı göstəricili xarici universitetlərin məzunları isə çox vaxt zəif hazırlıqlarına görə iş tapmaqda çətinlik çəkirlər. Ümumilikdə təhsil yalnız diplom deyil, intellektual, sosial və peşəkar inkişaf prosesidir. Bu baxımdan xaricdə tədrisin keyfiyyəti aşağı olan universitetlərdə oxumaqdansa, müasir infrastruktura, güclü müəllim heyətinə və davamlı inkişaf strategiyasına malik yerli universitetlərdə təhsil almaq daha məntiqli, səmərəli və perspektivlidir. Axı yaxşı universitet tədris etdiyi yerə görə deyil, formalaşdırdığı insana görə dəyərləndirilməlidir”.
“Əgər universitetin akademik səviyyəsi, akkreditasiyası və nüfuzu zəifdirsə, bu seçim ciddi risklər yarada bilər”
Rəsul Ağayev qeyd edib ki, cəmiyyətdə xarici diplomun prestijinə inam güclüdür və uğurlu rol modellərin nümunəsi bu fikri daha da möhkəmləndirir: “Valideynlərin dəstəyi də getdikcə artır, bir çox ailə övladlarının xaricdə oxumasını gələcəyə sərmayə kimi görür. Digər tərəfdən, əmək bazarında fərqlənmək ehtiyacı, əlavə bacarıq və beynəlxalq şəbəkələr qazanmaq istəyi də gəncləri bu seçimi etməyə sövq edir. Bəzi universitetlərin sadəcə attestatla qəbul, hazırlıq proqramları və təqaüd imkanları təklif etməsi xaricdə təhsili daha əlçatan edib. Xarici dillərə marağın artması müraciət prosesini asanlaşdırır, eyni zamanda, bir çox gənc üçün xaricdə oxumaq yalnız akademik deyil, yeni sosial və mədəni mühit qazanmaq imkanıdır. Lakin bu marağın rasional qərara çevrilməsi üçün gənclər və ailələr düşünməlidirlər: Bu təhsil onlara nə verəcək, seçilən universitet və ixtisas nə dərəcədə uyğundur, diplomun tanınma statusu necədir və xərclənən zamanla maliyyəyə qarşılıq olaraq hansı üstünlüklər əldə olunacaq? Əgər universitetin akademik səviyyəsi, akkreditasiyası və nüfuzu zəifdirsə, bu seçim ciddi risklər yarada bilər. Belə hallarda diplomun tanınmaması, nostrifikasiya problemləri, zəif tədris mühiti, bilik və bacarıq çatışmazlığı ilə üzləşmək mümkündür. Bu, məzunun əmək bazarında rəqabət imkanlarını azaldır, işə qəbul zamanı mənfi təsir göstərir. Eyni zamanda, keyfiyyətsiz universitetlərdə təhsil sosial və psixoloji narazılıq yaradır, tələbədə özgüvən itkisinə səbəb olur. Vaxt və maliyyə itkisi də qaçılmazdır, çünki ailə böyük xərclər ödəsə də, qarşılığında dəyərsiz nəticə əldə edilir. Bundan əlavə, aşağı səviyyəli diplom prestijli magistratura və doktorantura proqramlarına qəbul imkanlarını məhdudlaşdırır, elmi fəaliyyətə və beynəlxalq qrantlara çıxışı çətinləşdirir. Ona görə də valideynlər və abituriyentlər 3-5 universiteti müqayisəli cədvəldə dəyərləndirməli, rəsmi mənbələrdən və həmin universitetin məzunlarından məlumat toplamalı, peşəkar təhsil məsləhətçilərinə müraciət etməlidirlər”.
“Azərbaycan universitetlərinin beynəlxalq mövqeyinin güclənməsi təhsil keyfiyyətini artıracaq”
O vurğulayıb ki, Azərbaycan universitetlərinin beynəlxalq mövqeyi ildən-ilə güclənir: “İlk dəfə olaraq 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetləri” reytinqində TOP 1000-ə daxil olub, ümumilikdə isə bu siyahıda ölkəmizin 9 ali məktəbi yer alır. Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən hazırlanan “Impact 2025” siyahısında Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 18-dən 28-ə yüksəlib. Yaxın 5-10 ildə Azərbaycan universitetlərinin beynəlxalq mövqeyi daha da güclənəcək. Mövqeyin güclənməsi həm təhsil keyfiyyətini artıracaq, həm də Azərbaycanın akademik brendini dünya universitet xəritəsində daha aydın və faydalı formada möhkəmləndirəcək”.
O əlavə olaraq bildirib ki, son onillikdə Azərbaycan ali təhsil sistemi struktur islahatları, beynəlxalq tərəfdaşlıqlar, elmi-pedaqoji potensialın gücləndirilməsi və kurikulumların modernləşdirilməsi sayəsində bir sıra ixtisas sahələrində beynəlxalq rəqabət səviyyəsinə çatıb: “İnformasiya texnologiyaları və proqram mühəndisliyi sahəsində UNEC, ADA və BANM kimi universitetlər süni intellekt, Data Science və kibertəhlükəsizlik üzrə yüksək səviyyəli təhsil və laboratoriyalar təqdim edir. Biznes, idarəetmə və maliyyə ixtisaslarında isə beynəlxalq sertifikasiya proqramları və ikili diplom imkanları mövcuddur.
Neft, qaz və enerji mühəndisliyi sahəsində BANM və ADNSU laboratoriyalar və beynəlxalq şirkətlərlə təcrübə proqramları ilə seçilir. Beynəlxalq münasibətlər və diplomatiya sahəsində ADA Universiteti tələbələrə diplomatik simulyasiyalar və mübadilə proqramları təklif edir. Pedaqogika, təhsilin idarə olunması və ətraf mühit mühəndisliyi sahələrində BDU, ADPU, ADA və UNEC innovativ kurikulum və layihələrlə müasir təhsil imkanları təqdim edir. Dillər və tərcümə sahəsində isə BDU, ADPU və Azərbaycan Dillər Universiteti beynəlxalq səviyyədə təcrübəli mütəxəssislər yetişdirir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər