
Yeni dərs ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı elan edib. Bu aylıq çərçivəsində sürücülərin nəzərinə bir daha çatdırılıb ki, təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürət minimuma endirilməlidir.
Övladlarının hansı mühitdə təhsil alması, tədrisin keyfiyyəti və məktəbdəki sosial münasibətlər valideynlərin əsas maraq dairəsinə daxildir. Lakin beynəlxalq sorğular göstərir ki, valideynlərin əksəriyyəti üçün tədrisin keyfiyyətindən öncə uşaqların sağlamlığı və təhlükəsizliyi gəlir. Bu isə məktəb mühitində sağlamlıq və təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində olmasını tələb edir.
Xüsusilə də şagirdlərin dərs bitdikdən sonra məktəbi təhlükəsiz şəkildə tərk etməsi və evə sağ-salamat qayıtması bu gün cəmiyyətin ən mühüm mövzularından biridir. Son illərdə artan nəqliyyat axını, hərəkət sıxlığı, eyni zamanda infrastrukturun sürətlə dəyişməsi fonunda uşaqların təhlükəsizliyinin təmin olunması həm valideynlərin, həm müəllimlərin, həm də bütövlükdə təhsil ictimaiyyətinin əsas prioritetlərindən birinə çevrilib.

Valideynlər də növbətçidir! – Məktəbin könüllü nəzarətçiləri
“Azərbaycan müəllimi” bu məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq mövzunu araşdırıb. İlk həmsöhbətimiz Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının sədri Şahin Rəcəbov oldu.
Onun sözlərinə görə, valideyn–müəllim assosiasiyalarının fəaliyyət göstərdiyi məktəblərdə təhlükəsizlik məsələləri könüllülük prinsipi ilə tənzimlənir. Belə məktəblərdə valideynlər müəyyən saatlarda növbətçilik edir, uşaqların gəliş-gedişini izləyir və davranış qaydalarına riayət olunmasına nəzarət edirlər:
“Təhsil müəssisələri – istər orta, istər ali məktəblər hər bir ailəyə birbaşa bağlıdır. Demək olar ki, hər evdə ya bir şagird, ya bir tələbə, ya da bir müəllim var. Bu baxımdan hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir. Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyaların fəaliyyəti, məktəblərin valideyn icmaları ilə işbirliyi və bu istiqamətdə hüquq-mühafizə orqanlarının dəstəyi mütləq koordinasiyalı şəkildə təşkil olunmalıdır. Məktəblərlə hüquq-mühafizə qurumları və valideyn icmaları arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması həm təhlükəsizliyin təmin olunmasına, həm də gənclərin sağlam mühitdə böyüməsinə xidmət edir”.
Assosiasiya rəhbəri əlavə edib ki, maarifləndirmə tədbirləri təkcə paytaxtda deyil, regionlarda da mütəmadi həyata keçirilir:
“Hər il azı 10-20 rayonda valideynlərlə görüşlər təşkil edirik. Bu görüşlərdə ailədə düzgün tərbiyə, uşaqların sağlamlığının qorunması, valideyn-uşaq münasibətləri, ailə-məktəb əməkdaşlığı, ictimai məsuliyyət və uşaqların asudə vaxtının təşkili kimi mövzular müzakirə olunur”.

Valideynlər küçədə yox, məktəbdə gözləyirlər – Yeni model
Şahin Rəcəbov bildirib ki, valideyn icmalarının məktəblərdə təşkilatlanması çox zəifdir:
“Hazırda ölkədə 4500-ə yaxın məktəb var, lakin bizim 156 filialımızın olmasına baxmayaraq, yalnız 15-20 məktəbdə valideyn icmalarının fomalaşması üçün real imkan yaradılıb. Halbuki xarici ölkələrin təcrübəsinə baxsaq, valideyn assosiasiyaları məktəb həyatında mühüm rol oynayır. Əgər bizdə də bu imkanlar genişlənsə, şagirdlərin davranışı, müəllim-şagird münasibətləri, məktəb mühitinin sağlamlığı və ən əsası uşaqların təhlükəsizliyi daha effektiv təmin edilə bilər”.
Onun sözlərinə görə, məktəblərdə valideynlərin girişinə məhdudiyyətlər olduğundan çox vaxt valideynlər küçədə gözləməli olurlar. Bu isə sıxlıq və digər problemlərə yol açır:
“Bəzi məktəblərdə pilot layihə kimi valideynlər üçün gözləmə zalları yaradılıb. Bu məkanlarda valideynlər həm rahat əyləşə, həm ünsiyyət qura, həm də uşaqlarını təhlükəsiz şəraitdə gözləyə bilərlər. Zallarda elektron lövhələrin quraşdırılması ilə tədris prosesini izləmək də mümkündür”.

78-dən 114-ə: Şagirdləri “qoruyan” mütəxəssislərin sayı artırılır
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsindən bildirilib ki, gələn tədris ilində idarənin mütəxəssislərinin işlədiyi məktəblərin sayı 78-dən 114-ə çatdırılacaq. Mütəxəssislər səhər saat 07:30-dan sonuncu şagird məktəbi tərk edənədək orada olur, dərs bitdikdən sonra sinif otaqlarını yoxlayır, qalan uşaqlarla maraqlanır, lazım gəldikdə valideynlərlə əlaqə saxlayırlar:
“Dərsdən sonra məktəb həyəti də tam yoxlanılır. Əgər kənar şəxslər varsa, şagirdlər içəri gətirilir, valideyn gələnədək nəzarət olunur. Elə hallar olur ki, valideynlər tıxac və ya iş rejiminə görə gecikir. Bu zaman mütəxəssislər iş vaxtından artıq da qalıb uşaqları gözləyirlər”.
Qurum həmçinin bildirib ki, fəaliyyət təkcə Bakıda deyil, Sumqayıt, Abşeron, Gəncə, Masallı, Cəlilabad, Lənkəran, Yevlax, Mingəçevir və Ağdaşda da təşkil olunur.

Bu məktəblər uşaqları yolda qoymur – Nümunəvi təcrübələr
Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Arif Xəlilovun sözlərinə görə, ikinövbəli təhsil sistemi olan məktəbdə təhlükəsizlik məsələləri ciddi tənzimlənir:
“Səhər növbəsində aşağı siniflər sinif rəhbərlərinin müşayiəti ilə valideynlərinə təhvil verilir. Sonuncu uşaq valideyni tərəfindən götürüldükdən sonra müəllim prosesi yekunlaşdırır. İkinci növbədə isə sonuncu dərsi keçən müəllim şagirdlərin hamısının məktəbi tərk etməsini gözləyir”.
O əlavə edib ki, qış aylarında valideynlər gecikəndə müəllim heyəti uşaqları evlərinə qədər müşayiət edir:
“Bir neçə dəfə mən də şəxsən şagirdlərin evlərinə təhlükəsiz şəkildə getməsinə yardım etmişəm. Bu günədək məktəbimizdə heç bir təhlükəsizlik problemi yaşanmayıb”.

Bərdə rayon B.Əhmədov adına Bəcirəvan kənd tam orta məktəbinin direktoru Vüsal Məcidzadə isə deyib ki, məktəb bir növbəli fəaliyyət göstərir:
“Kənd məktəbi olduğuna görə bütün şagirdləri və valideynləri yaxından tanıyırıq. Bu, kiçik icmaların üstünlüyüdür. İbtidai siniflərdə şagirdlərin dərsə gəlişi və çıxışı müəllimlərin ciddi nəzarəti altındadır. Yuxarı siniflərdə valideyn nəzarəti zəifləsə də, müəllim və rəhbərlik dərs bitənədək şagirdlərin sinif otaqlarını tərk etməmələrinə diqqət yetirir”.
Onun sözlərinə görə, pedaqoji heyət günün sonuna qədər məktəbdə qalır, bütün şagirdlər məktəbi tərk etdikdən sonra gedir:
“Havanın tez qaraldığı mövsümlərdə təhlükəsizlik məsələsinə daha həssas yanaşırıq. Məktəbin əsas hissələrinə müşahidə kameraları quraşdırmışıq ki, bu da şagirdlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır”.

Xarici ölkələrin maraqlı təcrübələri: “uşaq patrulları”, şagirdləri evlərinə qədər yola salan könüllü valideynlər
Bəs xarici ölkələrdə bu məsələ necə tənzimlənir? Dünya təcrübəsinə nəzər salsaq görərik ki, inkişaf etmiş ölkələrdə məktəblərdə şagirdlərin təhlükəsizliyi ilə bağlı xüsusi protokollar mövcuddur. Məsələn, ABŞ-də “School Safety Officer” adlanan əməkdaşlar məktəbin daxilində və ətrafında təhlükəsizliyə nəzarət edir. Avropa ölkələrində valideyn assosiasiyaları və könüllülər məktəb çıxışlarında növbətçilik aparır, bəzi ölkələrdə isə “uşaq patrulları” təşkil olunur. Yaponiyada ibtidai sinif şagirdləri məktəbi qrup halında tərk edir və könüllü valideynlər onları evlərinə qədər müşayiət edirlər. Skandinaviya ölkələrində məktəb avtobus sistemləri yüksək səviyyədə qurulduğundan uşaqların təhlükəsiz daşınması ciddi nəzarət altında həyata keçirilir.
Bütün bunlar göstərir ki, məktəb təhlükəsizliyi bütün dünyada prioritet mövzudur. Hər ölkə öz modelini tətbiq etsə də, məqsəd eynidir: uşaqların sağlam və təhlükəsiz şəkildə evlərinə çatmasını təmin etmək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər