
Sentyabrın 4-də Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Təhsil işçiləri qarşıdakı tədris ili üçün növbəti hədəfləri, yenilikləri və əsas istiqamətləri müzakirə ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda 2024–2025-ci tədris ilində Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı məlumatlar təqdim olunub. Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında ötən ilin nəticələrini dəyərləndirib, yeni hədəfləri açıqlayıb: “Əsas hədəflərimizdən biri şagird nailiyyətlərinin artırılması, 4-cü, 6-cı və 9-cu siniflərin nəticələrinin yaxşılaşdırılmasıdır. Bunun üçün tədris keyfiyyətinin monitorinqi aparılacaq, təlimlər və dərs dinləmələri təşkil ediləcək, vahid qiymətləndirmə sistemi tətbiq olunacaq. Diaqnostik təhlillər əsasında zəif istiqamətlər müəyyən ediləcək və onların inkişafı üçün yol xəritəsi hazırlanacaq”.
E.Kərimov tədris ilinin statistik göstəricilərinə də toxunaraq bildirib ki, 4-cü siniflər üzrə nəticələrdə ölkə miqyasında 4-cü yer əldə olunub və əvvəlki illə müqayisədə irəliləyiş qeydə alınıb. 6-cı siniflər üzrə monitorinqin nəticələrində region 3 pillə irəliləyərək 6-cı yerə yüksəlib. 9-cu sinif buraxılış imtahanlarının nəticələrinə görə isə ölkə üzrə 5-ci yer qeydə alınıb.
Elçin Kərimov eyni zamanda əlavə edib ki, region üzrə 4-cü sinif şagirdlərinin 21 faizinin “2” qiymət alması onlara qarşı ciddi diqqət tələb edir: “Bu rəqəm bizim diqqət mərkəzimizdə olacaq. Yeni tədris ilində qarşımıza qoyduğumuz məqsədlər aydındır: təhsil keyfiyyətini yüksəltmək, müəllimlərimizin peşəkarlığını artırmaq və şagirdlərimizin bilik, bacarıq və nəticələrini yeni mərhələyə çatdırmaq”.
Konfransda daha sonra Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev çıxış edərək yeni tədris ilində qarşıya qoyulan hədəflərdən danışıb.
Tədbir çərçivəsində məktəb direktorlarının iştirakı ilə müzakirələr aparılıb. Müəssisə rəhbərləri yeni tədris ilində müəyyənləşdirilən hədəflərə çatmaq üçün öz təkliflərini səsləndiriblər.
Sentyabr konfransı təhsil işçilərinin qarşılıqlı fikir mübadiləsi aparması, problemləri müzakirə etməsi və birgə fəaliyyət planı hazırlaması baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər