
Müəllim olmaq həm həyəcan, həm də böyük məsuliyyətdir. Xüsusən də ilk dəfə sinfə girən gənc müəllim üçün...
O, sinfə girdiyi ilk gündən şagirdləri düzgün idarə etməyi, burada sağlam mühit yaratmağı, liderlik etməyi bacarmalıdır. Çünki bu həm müəllimin, həm də şagirdin uğuru üçün əsas şərtdir.
Görəsən sentyabrın 15-də ilk dəfə müəllim kimi sinfə daxil olacaq gənclər bu barədə nə düşünürlər?
“Azərbaycan müəllimi” MİQ vasitəsilə işə yeni qəbul olunan üç müəllimin fikirlərini öyrənib. Onların cavablarından hiss olunur ki, yeni nəsil pedaqoqların əsas məqsədi sinifdə həm intizam, həm də səmimiyyət yaratmaqdır.

İlk gündən şagirdlərin diqqətini dərsə necə cəlb etməli?
Lənkəran rayonu Fikrət Əliyev adına Günəhir kənd tam orta məktəbində biologiya müəllimi kimi işə başlayacaq Nəzakət Məhərrəmova bildirir ki, ilk dərs gələcək münasibətlərin təməlidir:
“Mən özümü ilk dəfə şagirdlərimə maraqlı və səmimi şəkildə təqdim etmək istərdim – kiçik bir hekayə, həyat təcrübəsi və ya maraqlı faktla. Şagirdlərin adlarını öyrənmək və bir-biri ilə tanış olmaları üçün “buzqıran” oyunlarından istifadə edərdim. İlk gündən qaydaları birgə müəyyənləşdirmək vacibdir. İlk dərsi real həyatla əlaqələndirərək, vizual material və suallardan istifadə etməklə keçmək uşaqların marağını daha da artırar”.
Lənkəran rayonu Sadıx Hüseynov adına Daşdalıqcar kənd ümumi orta məktəbin yeni biologiya müəllimi Səlimə Məmmədzadənin fikrincə, dərsə şagirdləri tanımaqla başlamaq daha səmərəli olar:
“İlk dərs günündə şagirdlərimlə tanış olar, diaqnostik qiymətləndirmə apararam. Sonra dərslərimi onların maraqlarına və öyrənmə tərzinə uyğun quraram. Bu da dərsə diqqəti artırır”.
Lənkəran rayonu Tatova kənd tam orta məktəbində kimya fənnini tədris edəcək Jalə Qafarzadə isə dərsin maraqlı keçməsi üçün mövzunu həyatla bağlamağın vacib olduğunu düşünür:
“Kimya dərsini həyatla əlaqələndirmək şagirdlər üçün dərsi maraqlı edir. İlk iş günümdə bunu əsas strategiya seçərdim”.
Sinifdə nizam-intizam – Əsas prinsiplər
Müəllimlərin nizam-intizam anlayışına münasibətləri də fərqlənir. Nəzakət müəllim vurğulayır ki, intizam anlayışı qorxu üzərində deyil, hörmət və qarşılıqlı anlaşma üzərində qurulmalıdır:
“Mənə görə, əsas prinsiplər bunlardır:
- İlk gündən şagirdlərə nələrin qəbulolunmaz olduğunu aydın şəkildə bildirmək.
- Təkrarlanan mənfi davranışa qarşı eyni reaksiya göstərmək. Seçici yanaşmadan qaçmaq.
- Pozitiv intizam yanaşması: Cəzadan çox müsbət davranışı təşviq etmək. Məsələn, mükafat sistemləri tətbiq etmək və ya şagirdləri tərifləmək.
- Empatiya və dinləmə: Hər hansı bir problem olduqda əvvəlcə şagirdi dinləmək və məsələni anlayaraq reaksiya vermək lazımdır”.
Səlimə müəllimin fikrincə, qaydaları başa salmaqla yanaşı onları vərdiş halına gətirmək vacibdir:
“Gözləntiləri il əvvəlində aydın izah edirəm və daim məşq etdirirəm ki, bu, vərdişə çevrilsin”.
Jalə müəllim bildirir ki, qaydaların müəyyənləşdirilməsində şagirdlərin iştirakı onların məsuliyyət hissini artırır:
“Tədris ilinin əvvəlində sinifdə şagirdlərlə birgə müsbət gözləntilər və prosedurlar müəyyənləşdirəcəyəm. Daha sonra ehtiyac yaranarsa, onların da iştirakı ilə sinif qaydaları tərtib edəcəyəm”.

Münaqişələrin həllində müəllimin rolu
Səlimə müəllimin fikrincə, uşaqların bir-birini daha yaxşı tanıması münaqişə riskini azaldır:
“Dərs ilinin əvvəlində müxtəlif strategiyaları tətbiq edərəm ki, uşaqlar bir-birini tanısınlar. Münaqişə yaranarsa, empatiya hissi oyadaraq onları barışdırıram”.
Nəzakət müəllim isə münaqişələr zamanı emosiyalara nəzarətin vacib olduğunu bildirir:
“Emosiyalarımı nəzarətdə saxlayar, ölçülü şəkildə müdaxilə edərəm. Ciddi hallarda şagirdlə təkbətək söhbət edər, lazım gəlsə, valideyn və rəhbərliklə əməkdaşlıq edərəm”.
Jalə müəllim məsələyə belə yanaşır:
“Dərs gedişatına mane olmadan müsbət gözləntiləri yada salaraq problemi həll etməyə çalışaram. Əgər nəticə verməsə, şagirdlərlə dərsdən sonra bu halın təkrarlanmaması üçün sinif qaydaları tərtib edərəm”.
Müəllim şagirdə necə nümunə olmalıdır?
Sinfin idarəedilməsində müəllimin davranışı ilə yanaşı, onun xarici görünüşü də rol oynayır. Nəzakət müəllim bildirir ki, müəllimin geyimi onun hörmət və ciddiliyini əks etdirən vacib amildir:
“Müəllim təmiz, səliqəli və peşəkar geyimdə olmalıdır. Geyim rəsmi və ya yarı-rəsmi ola bilər, amma hər zaman səliqəli və diqqətlə seçilməli, sadə və zövqlü olmalıdır. Geyimdə həddən artıq parlaq və diqqətçəkici elementlərdən uzaq durmaq vacibdir. Eyni zamanda müəllim şəxsi baxıma xüsusi diqqət etməlidir. Saç, dırnaq və ümumi gigiyena qaydalarına riayət etmək vacibdir, çünki müəllim ilk növbədə nümunədir. Müəllimin geyimi həm yaşa, həm də məktəbin mədəni və ictimai kontekstinə uyğun olmalıdır”.
Səlimə müəllim də eyni fikirdədir:
“Müəllim geyimi və danışığı ilə nəinki şagirdlərinə, eləcə də cəmiyyətə nümunə olmalıdır”.
Jalə müəllim isə əlavə edir ki, davranış da geyim qədər önəmlidir:
“Geyimində səliqəyə və rəsmiliyə xüsusi önəm verməlidir. Şagirdlərə nümunə olmaq üçün öncə onların əməl etməli olduqları gözləntilərə, qaydalara, etik və məsuliyyətli davranışa özümüz də əməl etməliyik. Müəllim öz davranışı ilə də nümunə olmalıdır”.
Balansı necə qorumaq olar?
Nəzakət müəllim vurğulayır ki, müəllim həm qayğıkeş, həm də sərhəd qoyan olmalıdır:
“Bu balans çox incədir, amma mümkündür. Ədalətli və obyektiv olmaq lazımdır. Şagirdlər müəllimin ədalətli olduğuna əmin olanda ona daha çox hörmət edirlər. Müəllim dinləməyi və anlamağı bacarmalıdır, şagirdlərin fikirlərini, hisslərini, ehtiyaclarını dinləyərək münasibət qurmalıdır. Müəllim yaxın və anlayışlı olmalı, amma eyni zamanda davranış sərhədlərini aydın şəkildə göstərməlidir. Şəxsi nümunə göstərməlidir: öz davranışı, etikası və məsuliyyəti ilə şagirdlərə örnək olmalıdır. Müvəffəqiyyət və səyləri qiymətləndirmək, kiçik nailiyyətlərə belə dəyər vermək, onları motivasiya etmək lazımdır”.

Səlimə müəllim isə müəllimin savad və məsuliyyətinin əsas olduğunu vurğulayır:
“Sinifdə sağlam psixoloji mühit yaradılmalıdır. Müəllim savadı və məsuliyyəti ilə şagirdlərin inamını qazanmalıdır”.
Jalə müəllimənin fikrincə, müəllim balansı qorumağı bacarmalıdır:
“Bunun üçün şagird özünü sosial-psixoloji təhlükəsiz mühitdə hiss etməlidir. Həmin mühiti yaratmaq üçün müəllim şagirdlərin yanında olduğunu, onları fiziki və psixoloji zorakılıqdan qoruduğunu göstərməlidir. Bu həm də müəllimin öz vəzifə borcunu yerinə yetirməsi deməkdir. Nüfuzlu müəllim obrazını qorumaq şərtilə unutmamaq lazımdır ki, müəllim şagirdin dostu deyil. Müəllim həm də onların davranış sərhədlərini müəyyən edən, yol göstərən şəxsdir”.
Ortaq baxış: Təhsildə həm keyfiyyət, həm münasibət vacibdir
Gənc müəllimlərlə bu söhbətdən sonra əmin olmaq olar ki, məktəblərə daxil olan yeni nəsil pedaqoqlar sinfi yalnız dərs keçilən məkan deyil, həm də şagirdin özünü təhlükəsiz və dəyərli hiss etdiyi bir yer kimi görürlər. Onlar üçün müəllimlik yalnız bilik vermək deyil, həm də nümunə olmaq, empatiya göstərmək və gələcək vətəndaşların formalaşmasında iştirak etməkdir. Bu, təhsilin gələcəyi üçün ən gözəl xəbərdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər