
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində azad edilən şəhərlərimizdən biri də Füzulidir. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən təsis edilən şəhər günlərinin sırasında 17 oktyabr Füzuli Şəhəri Günü də var.
Böyük Qayıdış: Füzuli yenidən dirçəlir
İşğal altında olan ərazilər eyni aqibəti yaşamışdı. Hamısı viran edilmiş, dağıdılmışdı…

Azadlığından sonra zamanla dirçələn, abadlığa, yenidən qurulmağa tələsən Füzuliyə ilk köç karvanı Böyük Qayıdış proqramı əsasında 2022-ci ildə yola salınıb. Sakinlər müasir və şəraitli mənzillərlə təmin olunub və infrastruktur getdikcə genişləndirilir. Şəhərdə məktəb, uşaq bağçası, tibb məntəqələri və ictimai xidmət mərkəzləri qısa müddətdə istifadəyə verilib.
İnnovativ məktəb
Füzuli şəhərində müasir təhsil standartlarına uyğun inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb 2023-cü il sentyabrın 15-dən fəaliyyətə başlayıb.
Məktəbin açılışı 2023-cü il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə keçirilib.

“Dəmir yumruq” prospektində yerləşən məktəbdə hazırda 573 şagird təhsil alır. Onlardan 52 nəfəri məktəbəhazırlıq qruplarında, 204-ü ibtidai, 257-si ümumi orta, 60-ı isə tam orta siniflərdədir. Məktəbdə 21 sinif komplekti fəaliyyət göstərir. 49 nəfərlik kollektivin 38-i pedaqoji, 11-i texniki əməkdaşdan ibarətdir. Məktəbdə hazırda 5 innovativ layihə uğurla tətbiq olunur.
Qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Füzulidə innovativ yanaşmaları, layihə əsaslı tədrisi və pedaqoji heyətinin nailiyyətləri ilə fərqlənən təhsil müəssisəsinə çevrilib.
3-cü sinifdə oxuyarkən Füzulini tərk etməyə məcbur oldu, 2 il əvvəl isə buraya müəllim kimi geri qayıtdı
"Azərbaycan müəllimi" məktəbin müəllim və şagirdləri ilə həmsöhbət olub.
Böyük və səliqəli həyəti olan məktəbin pəncərəsindən bizi görən şagirdlər əllərini yüngülçə yelləyirlər. Vəfa müəllim bu uşaqların məktəbin dəcəl şagirdlərindən olduğunu deyir.
.jpeg)
Vəfa Orucova məktəbin ibtidai sinif müəllimidir. Üçüncü sinifdə oxuyanda torpağını tərk etmək məcburiyyətində qaldığını, indi isə o anları ifadə etməyin necə çətin olduğunu dilə gətirir.
"Qəlbimdə illərlə böyüyən bir həsrət var idi – bir gün doğma torpağıma dönmək, burada yaşamaq, burada nəfəs almaq. 2023-cü il oktyabrın 13-də bu arzu gerçəkləşdi. O gün mən Füzuliyə döndüm, müəllim kimi fəaliyyətə başladım.
Hazırda dördüncü sinif şagirdlərim və məktəbəqədər hazırlıq qrupum var”.
“Bura tam uyğunlaşmışıq”
“Uşaqlar da mənim kimi ölkənin müxtəlif bölgələrindən buraya qayıdıblar – kimisi Bakıdan, kimisi Sumqayıtdan. Hər biri uzun illər başqa mühitdə yaşayıblar və ilk zamanlar adaptasiya prosesi həm şagirdlər, həm də bizim üçün bir qədər çətin oldu.
Ancaq bu torpağa olan sevgi, doğmalıq hissi çətinlikləri tezliklə aradan qaldırdı. İndi deyə bilərəm ki, biz bura tam uyğunlaşmışıq.

Füzuli təkcə yaşadığımız yer deyil, şəhidlərimizin qanı ilə azad olunan müqəddəs torpaqdır. Biz bu torpaqda addımlayırıqsa, bu şəhidlərimizin sayəsindədir. Bu səbəbdən də hər zaman şagirdlərimə vətənə sevgi hissini aşılayıram, onlara bu torpağın necə dəyərli olduğunu başa salıram.
Gələcəyin müəllimini, həkimini, əsgərini yetişdirirəm. Bu isə mənim üçün təkcə iş deyil, bir vətəndaş olaraq borcumdur",- deyir Vəfa müəllim.
“Füzuliyə gəlmək mənəvi dönüş nöqtəsi idi”
Vəfa müəllim söhbətini bitirib binaya doğru gedir. Biz isə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlkin Abbasovla söhbətimizi davam etdiririk.
İlkin müəllim burada dərs deməyin, eləcə də yenidən qurulma prosesində iştirakın necə məsuliyyətli olmasından danışır.
"Füzuliyə gəlmək mənim üçün təkcə iş yeri dəyişikliyi deyil, həm də mənəvi bir dönüş nöqtəsi idi. Həm mən, həm də şagirdlər yeni mühitə uyğunlaşma mərhələsindən keçdik.

Hər kəsi bir məqsəd - yaxşı təhsil almaq və bu torpaqlarda yeni gələcək qurmaq istəyi birləşdirirdi.
Zamanla qarşılıqlı hörmət, etimad və səmimiyyət mühiti formalaşdı. İndi sinifimiz təkcə dərs keçilən yer deyil, həm də bir ailə atmosferidir".
Arada saatına baxır, növbəti zəngdən sonra onun dərsinin başlanacağıcını deyir.
“Hər addımda həm keçmişin ağrısı, həm də gələcəyin ümidini hiss edirsən”
"Hər dərsin yaddaqalan xatirəsi olur. Unudulmaz məqamlar o zaman yaranır ki, şagirdlər dərsin sadəcə öyrənmək üçün deyil, düşünmək və hiss etmək üçün olduğunu anlayırlar. Bəzən bir ədəbi mətn üzərində elə maraqlı müzakirələr aparırıq ki, uşaqlar öz fikirlərini sərbəst şəkildə ifadə edərkən sanki müəllim mən yox, onlar olur. Bir dəfə “Vətən” mövzusunda yazı yazarkən bir şagirdin cümlələri məni çox təsirləndirmişdi: o, valideynlərinin doğulduğu, amma uzun illər görə bilmədiyi torpaqlardan yazmışdı. Bu torpaqlarda olmaq insanı sözün əsl mənasında köklərinə bağlayır. Hər addımda həm keçmişin ağrısı, həm də gələcəyin ümidini hiss edirsən. Füzulidə dərs demək, uşaqlarla bu yurdun yeni tarixini birlikdə yazmaq böyük şərəfdir. Hər gün bu şəhərin yenidən canlandığını, məktəblərin, yolların, evlərin qurulduğunu görmək insana ilham verir".
“Bura gələndə ilk evimizi və məktəbi axtardım”
İlkin müəllimlə sağollaşıb Ramilə müəllimlə söhbətə başlayırıq. Ramilə Quliyeva fizika fənnini tədris edir. Hər qarışında, hər daşında, hər addımda Vətən qoxusunu hiss etdiyi Füzuli torpağında olduğunu deyir Ramilə müəllim.
"Qəribə olsa da, bura mənim uşaqlığımın, göz yaşlarımın, xəyallarımın ünvanıdır. Buranı tərk edəndə 1-ci sinifdə oxuyurdum. Baş verənləri tam dərk etmirdim. Hadisələr az-çox yaddaşımda qalıb. Məsələn, evimizin qapısının necə tələsik bağlandığı…
.jpeg)
O gün həm də uşaqlığımızı itirdik. Qəlbimizdə sönməyən bir ümidlə keşməkeşli yol keçdik. “Bir gün mütləq qayıdacağıq!”- cümləsi bizi sabahlara ümidləndirdi. Qayıtdıq. Bura gələndə ilk evimiz və məktəbi axtardım. Viran qalmış yerlərdən sanki uşaqlığım, arzularım mənə boylanırdı.
İndi dərs dediyim uşaqların gözündə öz uşaqlığımı görürəm. Bir dəfə uşaqlarla Şəhidlər Abidəsini ziyarətə gedirdik. Çox sakit idilər, əllərində balaca bayraqları, yaşlarından böyük olan sakitliklə addımlayırdılar. Birdən çatmağa az qalmış uşaqlardan biri "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını yüksək səslə dedi. Hamısı yenidən bir nəfər kimi təkrarladı.
Bir ailə tablosu düşünün, bölünüb, parçalar halına salınıb. Sonra sən hər bir hissəsini tapıb toplayırsan. Birini Bakıdan, birini Sumqayıtdan, digərini Beyləqandan və s. tablonu yenidən yaradırsan. Bax, biz də elə olduq. Hərəmiz bir yerə dağılmışdıq. İndi isə toplandıq və ailə olduq. Başqa mühitlərdən gəlsək də, Vətən bizi birləşdirdi".

Müəllimlərlə söhbəti yekunlaşdırıb şagirdlərlə davam edirik.
“Xalqımın mənimlə qürur duymasını istəyirəm”
Məktəbin 11-ci sinifində təhsil alan Məhəmməd Məmmədov ürək sözlərini bölüşən ilk şagird olur. Məhəmməd məktəbin ikinci evi, bir ailə kimi olduğunu deyir. Bütün bu hisslərin başlanğıcında isə müəllimlərinin səmimiyyəti və qayğısının dayandığını bildirir. Gələcəkdə ailəsinin, müəllimlərinin, xalqının onunla qürur duymasını istəyir.

"Mənim atam 44 günlük Vətən müharibəsinin qazisidir. Düşmən tərəfindən atılan minamyot mərmisinin partlaması zamanı qəlpə yarası alaraq qazi olub. Atamın medallarına baxanda qəlbimdə həm qürur, həm də minnətdarlıq hissi yaranır. Onun o cəsarətini heç vaxt unutmayacağam. Anam isə həmin dövrdə arxa cəbhədə çalışıb: Füzuli Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgərlərə yardım edib, onlara ana qayğısı göstərib.
Dediyim kimi, mənim də arzum onlara, Vətənimə layiqli bir övlad olmaqdır".

Fərqli mühitlərdən gəlsələr də, burada doğmalaşdılar
Fənlərin çətinliyinin öhdəsindən gəldiklərini deyən Məhəmməd Cəfərli 9-cu sinifdə oxuyur. Dəcəl, səs-küylü olmalarına baxmayaraq, müəllimlərin də dərslərinə diqqətlə qulaq asırlar. O, müəllimlərinin onlara Füzulinin tarixini öyrənməkdə dəstək göstərməsindən danışır.
“Bura gələndə bir-birimizi tanımırdıq, fərqli yerlərdən gəlmişdik. Öyrəşmək zaman aldı, amma çətin olmadı. Doğmalaşmağımız bu mərhələni tez keçirməyimizə kömək etdi. Müəllimlərimiz isə bizə təkcə dərslərdə yox, uyğunlaşmamızda da dəstək oldular.”

Əli Mustafazadə isə 8-ci sinifdə oxuyur. O da hərbçi övladıdır. Təhsilinə Füzulidə davam etməyin qəlbində, həyatında yaratdığı xoşbəxtliyi ifadə etməyə çalışır.
"Burda yaşamaq, təhsil almaq olduqca qürurvericidir. Müəllimlərin bizə qayğısı bir övlada qayğı kimidir. Yarışlara, müsabiqələrə qatılırıq və kollektivimiz bizə hər zaman dəstək göstərir".
Uşaqlarla sağollaşıb məktəbin həyətindən çıxırıq. Şəhərdə həyat qaynayır. Sanki şəhərin havası qalib şəhərin havası olmağın qürurunu yaşayırdı. Axı bu gün Füzulinin günüdür. Həsrət qaldığı üçrəngli bayrağın torpağına sancılan günüdür.
Azadlığın mübarək, Füzuli!!!
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər