.jpeg)
“Azərbaycan müəllimi” bölgələrimizdə çalışan nümunəvi müəllimləri ictimaiyyətə təqdim etməyə davam edir. Belə müəllimlərdən biri Quba-Xaçmaz regionunda pedaqoji fəaliyyəti ilə fərqlənən, 2022-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyi üçün “Fəxri fərman”la təltif olunan Tehran İsabalayevdir.
Müsahibimiz 1988-ci ildə Qusar rayonunun Zindan Muruq kəndində anadan olub. Orta təhsilini aldığı dövrdə dəfələrlə riyaziyyat fənnindən olimpiadalarda, şahmat yarışlarında və digər müsabiqələrdə iştirak edib. Universiteti bitirdikdən sonra Qusarın Kuzun kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb. Daha sonra təhsil aldığı Zindan Muruq kənd tam orta, Qusar şəhəri 5 və 2 nömrəli tam orta məktəblərində müəllim, Qusar rayon təhsil şöbəsində metodist kimi çalışıb. Hazırda isə Qusar şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir. Tehran müəllim müasir təhsil sistemi ilə bağlı təşkil olunan konfranslarda, seminarlarda, müsabiqələrdə iştirak edir, ictimai fəallığı ilə həmkarlarından seçilir.
.jpeg)
- Neçə ildir müəllim işləyirsiniz? Hansı müsabiqələrdə iştirak etmisiniz?
- Artıq 15-ci ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Təhsil sahəsində xeyli təcrübəm var. Diaqnostik qiymətləndirmədə mümkün 60 baldan 58-ni, sertifikasiya imtahanında isə 53-nü toplamışam.
- İşlədiyiniz təhsil ocağı haqqında məlumat verərdiz. Məktəbdə qarşılaşdığınız hər hansı bir çətinlik varmı?
- Qusar şəhər 1 nömrəli tam orta məktəbin binası köhnə olsa da, təmirlidir. Məktəbdəki müəllimlərin sayı 50, şagirdlərin sayı isə 658 nəfərdir. Pedaqoji kollektiv olaraq bir komanda kimi işləyirik. Məktəb rəhbərliyi bizə lazım olan dəstəyi göstərir. Məktəbin aşağı siniflərində davamiyyət idealdır. Yuxarı siniflərdə, xüsusilə 11-ci sinifdə buraxılış imtahanından sonra şagirdləri məktəbə cəlb etmək bir az çətin olur. Məktəbimizdə dərsliklərlə bağlı problem yoxdur. Digər avadanlıqlar, demək olar ki, yox dərəcəsindədir. Bununla belə, fəaliyyətim dövründə ciddi bir çətinliklə qarşılaşmamışam. Sadəcə, istərdik ki, yeni avadanlıqlarla təchiz edilmiş, birnövbəli, məktəbimiz olsun. BİZ rəqəmsal məktəb platformasının tətbiqini səbirsizliklə gözləyirəm.
- Müasir dövrün şagirdləri sizin dövrün şagirdlərindən hansı xüsusiyyətləri ilə fərqlənir?
- Müasir dövrün şagirdləri bizim şagird olduğumuz dövrlə müqayisədə xeyli fərqlidir. Biz nisbətən dözümlü idik və müəllimlərdən daha çox çəkinirdik. Bizim vaxtımızda tənəffüs zamanı kitabxanada növbələr olardı. İndi məktəb kitabxanasında bədii ədəbiyyata aid olan kitabların əksəriyyətinin üzü açılmayıb. Səbəb isə telefon və digər elektron avadanlıqlardan həddindən artıq istifadədir.
.jpeg)
- Riyaziyyata maraq sizdə haradan yarandı? Bu elm digərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Məndə riyaziyyata maraq ibtidai siniflərdə təhsil aldığım zamandan yaranıb. Fikrimcə, hər bir fənnin özünəməxsus üstünlükləri var. Bununla belə, riyaziyyat həyatımızın ayrılmaz bir hissəsi olduğuna görə üstünlükləri daha çoxdur. Əsas fənləri riyazi hesablamalarsız təsəvvür etmək çətindir. Bu gün riyaziyyat bəşəriyyət üçün həmişəkindən daha dəyərlidir. Bu elmin rolu ondan ibarətdir ki, insanın intellektual və yaradıcılıq fəaliyyətini inkişaf etdirir, problemləri həll etmə bacarığını formalaşdırır.
- Şimal bölgəsində şagirdlərin riyaziyyata marağı necədir?
- Bölgəmizdə riyaziyyat fənninə maraq digər fənlərə nisbətən yüksəkdir. Riyaziyyat fənnindən şagird göstəricilərini region üzrə orta hesab edirəm.
- Dərsləri daha fərqli keçmək, şagirdlərdə fənninizə maraq oyatmaq üçün hansı müasir üsullardan istifadə edirsiniz?
- Məktəbin maddi-texniki bazasına uyğun, şagirdlərin marağına xidmət edən bir çox təlim üsullarından istifadə edirəm. Riyaziyyatın həyatla əlaqəli olduğuna dair nümunələr göstərirəm. Bu, şagirdlərin riyaziyyat fənninə olan marağını artırır. Şagirdlər üçün ideya irəli sürmə, nəticə çıxarma, onları araşdıraraq kəşf etmə və isbat etmə, həll yollarını və yanaşmalarını yoldaşları ilə bölüşmə, təqdimetmə və müzakirə əsasında öyrənmə imkanları yaradıram. Dərs zamanı öyrənilən anlayış və prosedurların hansı əhəmiyyət daşıdığını anlatmadan, riyazi bilik və asılılıqları gündəlik həyatla əlaqələndirmədən, problem həllinə əhəmiyyət vermədən riyaziyyatın tədris edilməsi şagirdləri əzbərçiliyə sövq edir. Riyaziyyat uşağın analiz etmə qabiliyyətini, məntiqi təfəkkürünü inkişaf etdirir. Ən önəmlisi, müəllim gərək fənnini sevgi ilə öyrətsin ki, şagirdlərdə də maraq oyada bilsin.
- Bir sinifdə bütün şagirdlər çalışqan ola bilər?
- Adi siniflərdə buna çox çalışdım, alınmır. Təmayüllü siniflərdə bütün şagirdlərin çalışqanlığına nail ola bilmişəm. Ola bilsin ki, bu məqam şagird çoxluğundan da asılıdır. Adi siniflərdə şagirdlərin sayı 30 nəfərdən çox olur. Təmayüllü siniflərdə şagird sayı maksimum 20 nəfərdir.
.jpeg)
- Müəllimlik peşəsini seçməyiniz nə ilə bağlıdır? Müəllimlik sizin üçün nə deməkdir? Ailənizdə başqa müəllim var?
- Müəllim olmaq mənim uşaqlıq arzum idi. Müəllimlik sənəti böyük bir məsuliyyət və yaradıcı yanaşma tələb edir. Çünki bu peşənin sahibi digər peşələrin təməlini qoyur, gənc nəslin formalaşmasında böyük rol oynayır. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. Müəllimlər dərs zamanı ancaq bilik ötürmür, eyni zamanda, şagirdlərinə düzgün dəyərlər, əxlaq və həyat bacarıqları aşılayaraq onları gələcək həyata hazırlaşdırırlar. Mənim qardaşım da Bakıda liseydə fizika müəllimi kimi fəaliyyət göstərir.
- Ən çox xatırladığınız, sizə örnək olmuş müəlliminiz kimdir?
- Ən çox xatırladığım və mənə örnək olan Azərbaycan dili və ədəbiyyat müəllimim Sudya Mançarov olub. Onun hər bir dərsi mənim üçün çox dəyərli və unudulmaz idi.
.jpeg)
- Şagirdləriniz tərəfindən daim xatırlanacaq müəllim olmaq üçün nə edirsiniz?
- Çalışıram ki, şagirdlər məktəbdə özlərini güvənli hiss etsinlər. Akademik göstəricilərindən asılı olmayaraq, hər bir şagirdə şəxsiyyət kimi yanaşıram. Tədris etdiyim fənni şagirdlərimə sevdirməyi bacarıram. Bunlarla yanaşı, şagirdlərin uğurlarını dəyərləndirirəm.
- Şahmatla məşğul olmusunuz. Bu oyunla riyaziyyat elmini nə əlaqələndirir?
- Şahmat taxtasının xanaları, fiqurların hərəkət istiqamətləri və sayları riyaziyyatla harmoniya təşkil edir. Şahmat oyunu zamanı ehtimal, təxmin etmə, həll yolları axtarmaq kimi riyazi əməllərdən geniş istifadə olunur. Bu oyun riyazi düşüncə tərzinin inkişafında mühüm rol oynayır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər