Bütün xəbərlər
29 sentyabr, 18:40

Son on ildə Çin dünyanın yüksək texnologiyalar xəritəsində ən sürətli yüksəlişi nümayiş etdirən ölkələrdən biridir. Robototexnika, qabaqcıl materiallar, mikroelektronika, fiber optiklər kimi sahələrdə Çin artıq patent müraciətlərinin sayına görə ABŞ-ni geridə qoyub. Harvard Universitetinin professoru Tarun Xanna bu prosesin mahiyyətini araşdırarkən qeyd edir ki, bu nəticə təsadüfi deyil, arxasında strateji planlaşdırma, güclü elmi infrastruktur və mədəni müxtəlifliyə əsaslanan innovasiya mühiti dayanır.

Bu mənzərəni professorun təqdim etdiyi “Anticipating Sputnik” adlı Harvard tədqiqatı daha da aydın göstərir. Araşdırmaya görə, son on ildə Çin 14 kritik texnologiya sahəsinin hər birində ABŞ-ni qabaqlayıb. Bu sanki 1957-ci ildə SSRİ-nin “Sputnik” peykinin ABŞ-da yaratdığı oyanış anına bənzədilir və digər ölkələr üçün innovasiyaya sərmayəni artırmaq barədə ciddi xəbərdarlıq siqnalıdır.

İctimai dəyər daşıyan elmi infrastruktur

Tarun Xanna bildirir ki, belə bir sıçrayış yalnız dövlətin “ictimai nemət” – yəni bütün cəmiyyətin istifadəsinə açıq olan elmi infrastruktur – yaratması ilə mümkündür:

“Bir araşdırma mərkəzi və ya texnoloji qurğu qurursunuz, bu yeni imkanlar doğurur, həmin imkanlar ilkin resurslarla birləşərək daha çox yeniliklər yaradır və nəticədə eksponent artım baş verir".

Bu eksponent artımın nümunələri Çin elmi infrastrukturunun konkret layihələrində aydın görünür:

Shanghai Synchrotron Radiation Facility (SSRF) – 160 milyon dollarlıq bu iri elmi qurğu 1993–1994-cü illərdə təklif olunub, 2004-də təsdiqlənib və 2009-da fəaliyyətə başlayıb. Layihəyə Çin Elmlər Akademiyası alimləri, Şanxay rəsmiləri və Milli İnkişaf və İslahat Komissiyası rəhbərlik edib.

Songshan Lake Materials Laboratory (SLAB) – 700 milyon dollarlıq bu mərkəzin inşası 2017-ci ildə başlayıb, 2019-cu ildə istifadəyə verilib. Layihə Çin Elmlər Akademiyası və Guangdong əyalət rəhbərliyinin birgə təşəbbüsüdür.

Songshan Lake High-Tech Zone – 2001-ci ildə əsası qoyulub, 2010-da milli zona statusu alıb. Bu klaster Dongguan və Guangdong rəhbərlərinin dəstəyi ilə regional innovasiya mərkəzinə çevrilib.

Zhangjiang High-Tech Park – 1992-ci ildə yaradılıb, 2000-ci illərin əvvəllərində milli texnoloji mərkəzə çevrilib. Şanxay Bələdiyyə İdarəsi və Dövlət Şurasının dəstəyi ilə fəaliyyətini genişləndirib.

Bu nümunələr göstərir ki, Çində elmi infrastruktur yalnız laboratoriyalar deyil, həm də innovasiya klasterləri və test mərkəzlərini əhatə edən geniş ekosistemdir.

Səbirli inkişaf və “Marşmellou testi”ndən dərs

Professor Khanna bu prosesi məşhur “marşmellou testi” ilə müqayisə edir. Testdə uşaqlara şirniyyat təklif olunur: indi yesələr bir dənə, gözləsələr iki dənə alacaqlar. Səbir göstərən uşaqlar daha böyük mükafat əldə edirlər.

Çin də oxşar yanaşma nümayiş etdirib. Belə ki, illərlə elmi infrastrukturun qurulmasına sərmayə qoyaraq nəticələrin toplanmasını gözləyib və indi bu strateji səbrin meyvəsini texnoloji üstünlük şəklində toplayır.

Mədəni müxtəliflik innovasiyanın katalizatorudur

Khanna-nın fikrincə, texniki baza nə qədər güclü olsa da, təkcə laboratoriyalarla innovasiya mümkün deyil. İnsanlarla ünsiyyət, ideyaların mədəniyyətlərarası mübadiləsi, fərqli sahələrdən gələn insanların qarışıq mühitdə fikir paylaşımı, uğursuzluqdan sonra yenidən cəhd etmək bacarığı – bütün bunlar ideyaların sıxlığını artırır və yeni təşəbbüslərin yaranmasına şərait yaradır:

“İdeyaların qarşılıqlı mübadiləsi, fərqli bilik bazalarından gələn insanların bir arada olması innovasiyanın əsasını təşkil edir. Bu qarışıq mühit yeni təşəbbüslərin yaranmasını sürətləndirir.”

Bu mənzərəni tamamlamaq üçün Khanna qeyd edir ki, siyasi-iqtisadi islahatlar, baza təhsili və makroiqtisadi sabitlik kimi amillər də innovasiya mədəniyyətinin formalaşmasında vacibdir. Siyasi qarışıqlıq və ya iqtisadi qeyri-sabitlik şəraitində ən mükəmməl elmi infrastruktur belə istənilən nəticəni verməzdi.

BYD-nin 30 illik inkişaf hekayəsi

Tarun Xanna təqdimatında Çin elektrik nəqliyyat nəhəngi BYD-nin 30 illik inkişaf mərhələlərini təqdim edir. O bildirir ki, şirkətin sürətli böyüməsi təkcə özəl təşəbbüslə deyil, həm də dövlətin yaratdığı ictimai infrastrukturdan strateji şəkildə yararlanmaqla mümkün olub.

İctimai infrastrukturun dəstəyi:

1995 – Şenzhen Xüsusi İqtisadi Zonası (SEZ) siyasət dəstəyi ilə BYD-nin fəaliyyətə başlaması üçün əlverişli mühit formalaşdı.

2008–2010 – Şirkət milli Yeni Enerji Nəqliyyatı (NEV) nümayiş layihələrində iştirak edərək texnologiyalarını sınaqdan keçirdi.

2017 – Şenzhen şəhərinin avtobus parkının elektrikləşdirilməsi layihəsində BYD elektrik avtobusları əsas rol oynadı.

2024 – Hong Kong Elm və Texnologiya Universiteti (HKUST) ilə birgə universitet məzunları üçün 100+ nəfərlik “talent pipeline” yaradıldı, süni intellekt və avtonom idarəetmə sahəsində birgə laboratoriya təsis edildi (HKUST-BYD AI joint lab).

Əsas nailiyyətlər

1995 – Şirkət Şenzhen şəhərində təsis edildi.

2008–2010 – Dünyanın ilk kütləvi istehsal olunan qoşulma hibrid avtomobili – F3DM istehsal olundu.

2024–2025 – İstehsal olunan Yeni Enerji Nəqliyyat vasitələrinin (NEV) ümumi sayı 10 milyona çatdı.

Bu xronologiya göstərir ki, BYD-nin qlobal uğuru uzunmüddətli dövlət dəstəyi və universitet-sənaye əməkdaşlığı ilə sıx bağlıdır. Şenzhen Xüsusi İqtisadi Zonası kimi “ictimai nemət” xarakterli infrastruktur, milli nümayiş layihələri və universitetlərlə əməkdaşlıq şirkətə texnologiyalarını sınaqdan keçirmək, kadr bazasını gücləndirmək və istehsalını genişləndirmək imkanı verib.

Khanna-nın vurğuladığı kimi, bu model innovasiya istəyən ölkələr və şirkətlər üçün mühüm dərsdir: güclü ictimai infrastruktur və strateji tərəfdaşlıq uzunmüddətli texnoloji sıçrayışın açarıdır.

Professor öz təcrübəsindən çıxış edərək bildirib ki, o da bir çox startap qurub – bəziləri kommersiya uğuru qazanıb, bəziləri isə yox. Onun sözlərinə görə, BYD-nin hekayəsi göstərir ki, startapların uğur qazanması üçün yalnız fərdi təşəbbüs və ideya kifayət etmir:

“İnnovasiya üçün müəyyən şərtlər – dövlət dəstəyi, sabit iqtisadi mühit və açıq elmi infrastruktur – zəruridir. Bu amillər olmadan ən yaxşı ideyalar belə davamlı böyüməyə çata bilməz".

Azərbaycan üçün nəticə və dərslər

Çin nümunəsi göstərir ki, innovasiya ekosistemi təkcə texnologiya və maliyyə məsələsi deyil. Bu, həm də dövlətin uzunmüddətli vizionu, elmi infrastrukturun qurulması, mədəni müxtəliflik və insan kapitalının sərbəst fikir mübadiləsi ilə inkişaf etməsi deməkdir.

Azərbaycan üçün də bu model dəyərli mesaj verir:

Elmi-tədqiqat və innovasiya sahələrinə dövlət səviyyəsində uzunmüddətli sərmayə prioritet olmalıdır.

Universitetlər və tədqiqat mərkəzləri yalnız təhsil müəssisəsi kimi deyil, iqtisadi inkişafın strateji dayağı kimi görülməlidir.

Mədəni və intellektual müxtəlifliyi təşviq edən açıq mühit yeni ideyaların yaranması və uğurlu kommersiyalaşdırma üçün vacibdir.

Çinin texnoloji yüksəlişi – Harvard professoru Tarun Xannanın araşdırmalarının da göstərdiyi kimi – təkcə bir ölkənin uğur hekayəsi deyil. Bu, strateji səbirin, ictimai elmi infrastrukturun və mədəni müxtəlifliyin gücünü sübut edən qlobal dərsdir. İnnovasiya istəyən hər bir ölkə bu nümunədən öyrənə və öz milli siyasətində uyğun addımlar ata bilər.

Mənbə: Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən beynəlxalq “INMerge İnnovasiya Sammiti”də “İnkişaf etməkdə olan bazarlar üçün innovativ ekosistemlər” mövzudunda panelində aparıcı Harvard professoru və qlobal strategiya eksperti Tarun Xannanın çıxışı

Şərhlər

Xəbər lenti

29 sentyabr, 22:09

Tələbələrin sahibkarlıq bacarıqlarının inkişafı üçün yeni platforma yaradılıb – Nazir

29 sentyabr, 19:56

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

29 sentyabr, 19:45

Nazir: Sahibkarlığın inkişafı təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür

29 sentyabr, 19:37

Bu tarixdən məktəbli avtobusları fəaliyyətə başlayacaq

29 sentyabr, 19:26

Müəllimlərin peşəkar inkişafı ilə bağlı təşəbbüslər: məktəb direktorlarının mövqeyi

29 sentyabr, 18:51

Özbəkistan TİFT-in tələbəsi mübadilə proqramı çərçivəsində BMU-da təhsil alır

29 sentyabr, 18:50

“Rəqəmsal bacarıqlar” layihəsi yarım milyon şagirdi əhatə edir

29 sentyabr, 18:50

Nazir: Səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir

29 sentyabr, 18:38

Nazir: Əsas məsələ yalnız bilik əldə etmək deyil

29 sentyabr, 18:36

“Şagirdlərin üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır” – Nazir

29 sentyabr, 18:32

Emin Əmrullayev: İnnovasiya üçün fundamental biliklər və STEAM təhsili vacibdir

29 sentyabr, 18:15

“BYD-nin 100 min işçisi fəlsəfə doktorudur” – Harvardın professoru

29 sentyabr, 17:58

Tarun Xanna: Çin 14 sahə üzrə patent müraciətlərində ABŞ-ni geridə qoyub

29 sentyabr, 17:34

Ozon qatı bərpa olunur

29 sentyabr, 17:24

Leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

29 sentyabr, 17:23

ADPU rəhbərliyi doktorantlarla görüşüb

29 sentyabr, 17:19

İRİA proqramlarını bitirənlərin 78%-i iş həyatına başlayıb

29 sentyabr, 17:08

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

29 sentyabr, 16:59

Yüzyaşlı məktəbdən kitab yazıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.