Bütün xəbərlər
6 may, 13:45

Son illərdə azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alması ölkəmizdə əmək bazarının müasir bilik və səriştələrə malik peşəkarlarla təmin olunmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Uğurla davam etdirilən xaricdə təhsil üzrə Dövlət proqramları (DP) sürətli dəyişikliklər dövründə ölkəmizin davamlı inkişafının başlıca hərəkətverici qüvvəsi hesab olunan insan kapitalının formalaşmasında mühüm əhəmiyyət daşıyır. 

“Azərbaycan müəllimi” qəzetinin növbəti müsahibi bu proqramlardan yararlanan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” xətti ilə ABŞ-nin Kolumbiya Universitetində “İdarəetmə elmləri və mühəndislik” ixtisası üzrə magistratura təhsili alan Təhminə Mehtiyevadır. 

– Sizi oxucularımıza necə təqdim edək?

– Müsahibəyə görə təşəkkür edirəm. Mən Təhminə Mehtiyeva, 26 yaşım var. Rusiyanın uzaq şərqində yerləşən Amur vilayətində anadan olmuşam və uşaqlıq illərimi ibtidai təhsilimi bitirənə qədər orada keçirmişəm. Daha sonra ailəmlə Azərbaycana gəldik. 5-9-cu sinifləri Sumqayıt şəhərinin 11 nömrəli məktəbində tamamladıqdan sonra ailəmlə Bakıya köçdük. 10-11-ci sinifləri isə Bakıda yerləşən 200 nömrəli Məktəb-Lisey Kompleksində bitirdim və 2016-cı ildə əla qiymətlərlə məzun oldum. Həmin il dövlət qəbul imtahanında 696 bal toplayaraq Prezident təqüdçüsü oldum və ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsinə qəbul edildim. Burada bakalavr təhsilimi aldım və 2020-ci ildə qırmızı diplomla məzun oldum. O illərdə yeni texnologiyalar sektorunda sahibkarlıqla bağlı dərslər xüsusi diqqətimi çəkirdi. Sonraki dörd ilə yaxın müddət ərzində yerli və xarici şirkətlərdə texniki məhsulların yaradılması və idarə olunması ilə bağlı təcrübə qazanmışam. Hazırda isə ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində İdarəetmə elmləri və mühəndislik üzrə magistr təhsilimi davam etdirirəm. 

Uğurlarıma ailəmin və müəllimlərimin çox böyük təsiri olub

Orta məktəbdə uğurlarınız. Hansı fənlərlə daha çox maraqlanardınız? Məktəbinizin, müəllimlərinizin sizin uğurlu gənc kimi formalaşmağınızda rolu haqqında nə deyə bilərsiniz? 

– Mən tam əminliklə deyə bilərəm ki, mənim təhsil uğurlarıma ailəmin və müəllimlərimin çox böyük təsiri olub. Öncəliklə qeyd etmək istəyirəm ki, mən və iki bacım çox erkən yaşlardan ailəmiz tərəfindən yüksək vətənpərvərlik, mükəmməliyyət və zəhmətkeşlik dəyərləri ilə böyüdülmüşük. Yaxşı yadımdadır ki, Rusiyada keçirdiyim ibtidai siniflərdə mən sadəcə şəxsi ambisiyalarıma görə yox, həm də orada Azərbaycanı təmsil etdiyimi düşündüyüm üçün bütün uşaqlardan daha müvəffəqiyyətli olmağa çalışırdım. Sumqayıt illərində isə mənim bütün fənlərə marağım, dəqiq elmlərdə isə xüsusi istedadımın olduğu ortaya çıxdı. O illərdə sinif rəhbərim olan fizika və riyaziyyat müəllimimin mənim həyatımda çox özəl rolu olub. Nə qədər çox məktəb dəyişsəm də, qarşıma hər zaman mənə çox ilham verən və uzaqgörən müəllimlər çıxıb. Buna görə özümü çox şanslı hesab edirəm. 

Tələbələr bunu eşidəndə çox təəccüblənir

– Xaricdə Dövlət Proqramı ilə tanışlığınız nə vaxt başladı və xaricdə təhsil almağa maraq nədən qaynaqlandı? Təhsilinizdə proqramın rolu, əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Bu proqram sizin üçün hansı imkanları yaratdı?

– Hələ məktəbdə oxuyarkən Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alan tələbələr haqqında çox eşidirdim. Buna görə 2022-ci ildə Dövlət Proqramı yenidən başlayanda gələcəkdə magistr təhsilimi maliyyələşdirmək üçün varinatlarımın arasında Dövlət Proqramını artıq nəzərə alırdım. Kolumbiya Universiteti kimi nüfuzlu ABŞ ali məktəbləri çox yüksək təhsil haqları ilə fərqlənir. Belə bir universitetdə tam təqaüdlə təhsil almaq mənim üçün yalnız Dövlət Proqramı sayəsində mümkün oldu. 

Xaricdə təhsil alan gənc kimi ölkəmizdə gənclər üçün yaradılan təhsil imkanları barədə fikirlərinizi bölüşərdiniz. 

– Maraqlı bir faktdır ki, mənim proqramımda məndən başqa yalnız iki qazaxstanlı tələbənin təhsil xərcləri öz dövləti tərəfindən qarşılanır. Dünyanın bir çox ölkəsindən gələn digər bütün tələbələr bunu eşidəndə çox təəcüblənir və öz ölkələrində belə imkanların olmadığını bildirir. Bunu öyrənəndə Azərbaycanın öz vətəndaşları üçün yaratdığı təhsil imkanlarının miqyasını daha da yaxşı dərk etdim. 

Kolumbiya Universiteti mənim üçün ən doğru seçim idi 

– Kolumbiya Universiteti və xüsusən də "Management Science and Engineering" ixtisası haqqında nə deyə bilərsiniz? Bu ixtisasa olan marağınız nə ilə bağlıdır?
 
– Bakalavr təhsilimi biznes üzrə almağıma baxmayaraq, işləməyə başlayanda çox tez anladım ki, mənim məhz texniki məhsul layihələrinə marağım var. Proqram təminatı məhsullarının idarəsi, UX/UI dizayn, müxtəlif proqramlaşdırma dilləri kimi mövzuları öz səylərimlə müxtəlif mənbələdən öyrənməyə başladım. Bu yeni biliklər mənə növbəti texniki layihələrdə iş imkanları gətirdi. Anladım ki, hazırda çox sürətlə inkişaf edən texnologiyalardan istifadə edən fərqli profilli mühəndislər və dizaynerlərdən ibarət komandaların ortaya keyfiyyətli məhsul qoymağının əsas şərtlərindən biri onları həm biznes, həm texnoloji hədəfləri başa düşən rəhbərlərin idarə etməyidir. Buna görə magistr təhsilimi almaq üçün həm biznes, həm də mühəndisliyi əhatə edən bir proqram axtarırdım. Kolumbiya Universitetinin İdarəetmə elmləri və mühəndislik proqramı isə məhz bunu təklif edir. Əlbəttə ki, universitet seçimi zamanı bəzi digər faktorların da rolu oldu. Bunlardan biri ölkə idi. Hazırda həm texniki, həm biznes sahələrində ali təhsil üzrə ABŞ aparıcı ölkələrdəndir. ABŞ-də bir neçə universitetdən bənzər proqramlara qəbul aldım. Bunların arasında seçim edərkən universitetin ümumi reytinqi, müəllim heyəti, qəbul olduğum proqramın dərslərinin hədəflərimə uyğun olması və məzun olmuş tələbələrin sonraki iş təcrübələrində mənim hədəflədiyim ixtisaslarda işləyib-işləməməyinə diqqət göstərirdim. Bütün bu meyarlar üzrə Kolumbiya Universiteti mənim üçün ən doğru seçim idi. 

İxtisasım proqram təminatı və digər texniki məhsulların hazırlanmasına imkan verir

– Bu ixtisasdan gözləntiləriniz nələrdir? Ölkəmizdə bu ixtisasın perspektivləri barədə nə deyərdiniz? 

– Azərbaycanda, bütün dünyada olduğu kimi, hazırda peşəkar mühəndislərin sayında artım trendi müşahidə olunur. Bundan əlavə, süni intellekt kimi yeni texnologiyaların inkişafı rəqəmsal məhsulların yaradılmasını ciddi şəkildə sürətləndirərək məhsul başına tələb olunan mühəndis sayını azaldır. Bunun nəticəsində də yaradılan məhsulların sayı artmaqda davam edir. Lakin bütün bu məhsulları və onları hazırlayan komandaları strateji və texniki idarə edə bilən yüksək səviyyəli məhsul və texniki layihə rəhbərlərinin sayı eyni sürətlə yüksəlmir. Mənim ixtisasım qabaqcıl texnologiyalar və biznes strategiyalarını bir araya gətirərək real problemləri həll edən proqram təminatı və digər texniki məhsulların hazırlanmasına imkan verir. Hədəfim texnoloji idarəçiliklə bağlı bilik və bacarıqlarımı dünya səviyyəsinə yüksəldib ölkəmizə bu sahədə töhfə verməkdir.

 “Microsoft”da təcrübə proqramında iştirak edəcəyəm

Kolumbiya Universitetinin tədris mühiti, professor-müəllim münasibətləri barədə nə deyərdiniz? Kolumbiya tələbəsi öz təhsilindən nə dərəcədə məmnundur? 

– Kolumbiya Universitetinin əsas xüsusiyyətlərindən biri Nyu-Yorkun mərkəzi Manhattanda yerləşməyidir. Həm iqtisadiyyat, həm texnologiyalar nöqteyi-nəzərindən dünyanın ən canlı yerlərindən birində olmaq xüsusi imkanlar yaradır. Məsələn, “Google” və “Amazon” kimi şirkətlərdə rəhbərlik vəzifələrində olan professorların səhər işə gedib, axşam isə dərsdə bizlərə həmin aparıcı şirkətlərdə baş verən yeniliklər və bütün dünya üçün ən aktual məsələlər haqda danışmağı, düşünürəm ki, xüsusi bir imtiyazdır. Bundan əlavə, dərslərimizin çərçivəsində tələbələrin də real şirkətlərlə müxtəlif layihələr üzərində işləmək imkanı olur. Məsələn mən və komanda yoldaşlarım bu tədris ili ərzində “Kering” və “Gates Foundation” kimi qlobal şirkətlərlə strateji konsaltinq layihələri üzərində birgə uğurlu fəaliyyət göstərmişik. Bu yay isə dünyanın qabaqcıl texnologiya şirkətlərindən olan “Microsoft”da Texniki Program İdarəsi üzrə təcrübə proqramında iştirak edəcəm. İnanıram ki, bu nailiyyətimin səbəbləri arasına Kolumbiya Universitetində oxumağımın da böyük rolu olub.

Professorun saatlarla mühazirə oxuduğu, tələbələrin isə sadəcə qulaq asdığı dərs formatı, demək olar ki, heç istifadə olunmur

Xaricdə təhsil təcrübənizə (Kolumbiya Universiteti nümunəsində) əsaslanaraq müşahidə etdiyiniz nə kimi ənənələri ölkəmizin universitetlərində görmək istərdiniz?

– Bakalavr təhsilimi aldığım ADA Universitetində beynəlxalq standartlara uyğun və xüsusilə Avropa və ABŞ universitetlərindəki dərslərə çox bənzər format və materiallar istifadə olunduğu üçün sistemlər arasında ciddi fərq olduğunu deyə bilmərəm. Lakin bildiyim qədəriylə ölkəmizin digər universitetlərində tətbiq edilməyini görmək istədiyim praktikalar haqqında danışa bilərəm. Kolumbiya Universitetində, xüsusilə magistr proqramlarında, dərslərin çoxunu tələbənin özünün seçmək imkanı var və buna görə də tələbə yalnız ona həqiqətən çox maraqlı və gələcəkdə lazım olacaq dərsləri özü istədiyi professorlardan götürə bilir. Bu, təhsildə məcburiyyət xatirinə oxumaq problemini aradan qaldırmağa çox kömək edir. Ölkəmizdə də proqramların tədris planlarını qismən dəyişdiriləbilən etməyi tələbələrin daha keyfiyyətli ixtisaslaşmağına kömək edə bilər. ABŞ-də müşahidə etdiyim bir digər uğurlu metod dərslərin çox interaktiv şəkildə aparılmağıdır. Burada yalnız professorun saatlar ərzində mühazirə oxuduğu, tələbələrin isə sadəcə qulaq asdığı dərs formatı, demək olar ki, heç istifadə olunmur. Əksinə, dərslər çox maraqlı dialoqlar şəklində aparılır. Bu sayədə tələbələr yalnız professorun yox, həm də bir-birinin təcrübələrindən faydalanmış olur. Son olaraq, mövzuların tətbiqinə əsaslanan tapşırıqlara üstünlük vermək burada gördüyüm çox uğurlu öyrənmə metodlarındandır. Xüsusilə mühəndislik və biznes kimi sənayeyə yaxın olan ixtisaslarda praktik layihə şəklində tapşırıqlar tələbələrə ənənəvi akademik referat və ya teoretik imtahanlardan çox daha uzun-müddətli və həqiqi bilik və bacarıqlar verir. 

Gənclərə magistr təhsilindən əvvəl iş təcrübəsi qazanmağı tövsiyə edərdim

Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələriniz olardı? 

– Xaricdə təhsil almaq istəyən gənclərə məsləhət görərdim ki, ali məktəblərə və daha sonra Dövlət Proqramına müraciətlərinə mümkün qədər tez başlasınlar. Ali məktəblərin tələb etdiyi imtahanlar, tövsiyə məktubları və digər tələbləri yüksək keyfiyyətlə yerinə yetirmək üçün vaxt tələb olunur. Dövlət Proqramını nəzərə alanlara onun şərtləri ilə, dəstəklədiyi universitet və ixtisaslarla hələ proqram seçimi zamanı yaxından tanış olmağı tövsiyə edirəm. Müraciət hazırlıqları müddətində bu sahədə təcrübəsi olan kimləsə məsləhətləşməyi məsləhət görərdim. Məsələn, motivasiya məktublarınızı oxuyub sizə rəy verə biləcək ən azından bir nəfər olsa belə yekun nəticə daha keyfiyyətli olacaq. Xaricdə magistr təhsillərini almağı planlayanlara öncə bacardıqları qədər iş təcrübəsi qazanmağı tövsiyə edərdim. Bu onlara magistr ixtisası seçimində daha uzaqgörən və doğru qərar verməyə kömək edə bilər. Ən önəmlisi isə, yəqin ki, özünüzə güvənmək və bacarana qədər cəhd etməkdir. İnanıram ki, ölkəmizdə təhsil keyfiyyətinin getdikcə yüksəlməyi tələbələrimizin xarici ali məktəblərə qəbul imkanlarını ciddi şəkildə artırır. 

– Gələcək hədəfləriniz barədə nə deyərdiniz? 

– Təhsilimi bitirdikdın sonra texnologiya sektorunda işləməyə davam edəcəm. Beynəlxalq miqyaslı şirkətlərdə məhsul və layihə idarəçiliyinin ən aktual bacarıqlarını öyrənib təcrübəmi genişləndirmək istəyirəm. Daha sonra bu təcrübələrin ölkəmizin şirkətlərində tətbiqinə dəstək olmağı hədəfləyirəm.

1 /2

Şərhlər

Xəbər lenti

6 may, 19:13

Pedaqoji ünsiyyətin formalaşdırılmasında tərbiyəçi-müəllimin peşə keyfiyyətlərinin rolu

6 may, 18:28

AzMİU məktəblilərlə növbəti maarifləndirici görüş keçirib

6 may, 18:16

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal turunun nəticələri açıqlanıb

6 may, 17:57

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

6 may, 17:30

NDU-da “Ulu Öndərin xatirə həftəsi”nə start verilib

6 may, 17:04

ADPU rəhbərliyi Hacettepe və Çankaya universitetlərində olub

6 may, 16:55

Bir məktəb, bir ailə: Yarışlara anası ilə hazırlaşan Zeynəbin uğur yolu

6 may, 15:40

İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!

6 may, 15:30

Şimal-qərb bölgəsinin 25 məktəblisi RFO-nun qalibi olub

6 may, 15:20

Dünyanın ən seçilən tələbələrindən biri - 6 yaşından ingilis dilində danışır

6 may, 15:10

Beynəlxalq kimya olimpiadasında iştirak edəcək komanda üzvləri seçilib

6 may, 15:03

Məktəblilərin idman festivalı keçirilib

6 may, 14:40

“Birincilərin birincisi”: Qızıl medal alanlar

6 may, 14:22

AzTU-nun iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı”nda birinci olub

6 may, 14:15

Əl ilə görməyi öyrədən yanaşma

6 may, 14:01

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

6 may, 13:50

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

6 may, 13:46

Birinci sinif üçün rus bölməsi üzrə müsahibəyə qeydiyyatda limit yoxdur

6 may, 13:18

ADNSU-da tələbələrin təşəbbüsü ilə “Cyber Club” açılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.