Bütün xəbərlər
17 iyun, 17:00

Hər səhər məktəbin həyətindən keçərkən sinif otaqlarına doğru addımlayan müəllimlərin gözlərində bir inam, çantalarında isə təkcə dərs vəsaitləri deyil, həm də gələcəyə daşıdıqları böyük arzular olur. Onların hər biri minlərlə şagirdin taleyində bir iz, bir yol göstərən işıq rolunu oynayır.

“Azərbaycan müəllimi” ötənilki müəllimlərin sertifikatlaşdırılması imtahanlarında yüksək nəticə qazanmış bir neçə pedaqoqun sertifikatlaşdırma ilə başlayan inkişaf yolundan, əzmlə və sevgi ilə qurduqları peşəkar müəllimlik fəaliyyətlərindən bəhs edir.

İmtahandakı ixtisas suallarının əksəriyyəti ona sadə gəlib, metodika bölməsi isə düşündürücü olub

Qobustan rayonunun Təklə Mirzəbaba kənd tam orta məktəbində və eyni zamanda Qobustan şəhər Elyar Vəliyev adına 2 nömrəli liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Çinarə Abuzərova müəllimlik yolunu sadəcə bir peşə deyil, şərəfli bir missiya olaraq qəbul edir. Müəllimlərin sertifikatlaşdırılması imtahanlarında topladığı 57 balla təkcə peşəkar səviyyəsini deyil, həm də müəllimlik peşəsinə olan sevgisini göstərib. Təsadüfi deyil ki, onun dərslərində şagirdlər sadəcə öyrənmir, həm də  sözün gücünü, hekayələrin dərinliyini və təxəyyülün sərhədsizliyini hiss edirlər.

Metodist müəllim olan Ç.Abuzərova üçün uğurun açarı məqsəd, inam və səbirdir. Onun dediyinə görə, bir müəllim olaraq gündəlik dərslərdə qarşılaşılan mövzuları cavablandırmaq imtahanda da çətinlik yaratmır. Uzun müddət abituriyentlərlə işlədiyi üçün Azərbaycan dili üzrə xüsusi hazırlıq keçməyib. Sadəcə imtahana bir ay qalmış ədəbiyyat əsərlərinə yenidən nəzər salıb.

İmtahandakı ixtisas suallarının əksəriyyəti ona sadə gəlib. Metodika bölməsi isə düşündürücü olub, xüsusən də cədvəl tipli suallar. Buna baxmayaraq, öz bilik və məntiqinə arxayın olan Çinarə nəticəsindən razıdır. 

Təcrübəli müəllim dərslərini adətən, debat və müzakirələr üzərində qurur. Deyir ki, hər bir şagirdin öz yanaşması, fikri və düşüncə tərzi var və bu fərqliliklərin ifadə olunması təlimin keyfiyyətini artırır.
 
Çinarə müəllim sertifikatlaşdırma imtahanlarına hazırlaşan gənc həmkarlarına tövsiyə edir ki, uğur əldə etmək istəyirlərsə, əzmlə və məqsədyönlü şəkildə çalışmalıdırlar. Onun fikrincə, sertifikasiya prosesi yalnız qiymətləndirmə aləti deyil, həm də müəllimlərin peşəkar inkişafı və təhsilin ümumi keyfiyyətinin yüksəlməsi üçün düşünülmüş vacib addımdır.

İmtahanda yüksək nəticə əldə etdikdən sonra maaşına 35% artım tətbiq olunduğunu söyləyən Çinarə müəllim bu artımın həmçinin müəllimlər arasında sağlam rəqabəti gücləndirdiyini və hər bir kəsi daha peşəkar olmağa sövq etdiyini bildirir. 

68 bal toplayaraq həm şəxsi inkişafına mühüm töhfə verib, həm də təhsil sahəsində peşəkar yanaşması ilə diqqət çəkib

Digər həmsöhbətimiz Nilufər Müslümova Ağsunun ucqar dağ kəndi olan Kalva kəndində bir sinif otağında fransız musiqisinin səsləndiyi dərslərdə şagirdlərinə təkcə dili öyrətmir, həm də bir  mədəniyyət formalaşdırır. Adıçəkilən məktəbdə fransız dili müəllimi kimi çalışan Nilufər Müslümova müəllimlərin sertifikatlaşdırılması imtahanlarında 68 bal toplayaraq həm şəxsi inkişafına mühüm töhfə verib, həm də təhsil sahəsində peşəkar yanaşması ilə diqqət çəkib. 

Nilufər Müslümova dərslərində fəal təlim metodlarına üstünlük verir, tədrisi şagirdyönümlü şəkildə təşkil edir. Onun sözlərinə görə, hər bir şagird fərdidir və dərsin planlaşdırılmasında onların fərdi xüsusiyyətlərini nəzərə almaq əsas şərtlərdəndir. Müasir dövrün təhsilində texnologiyanın əhəmiyyətini dərk edən müəllim, texnoloji vasitələrlə şagirdlərin dinləmə bacarıqlarını inkişaf etdirməyə, vizual təlim vasitələri ilə dərsi daha cəlbedici etməyə çalışır.

Fransız dilini daha effektiv öyrətmək üçün N.Müslümova sinifdə dil mühiti yaratmağın vacibliyini qeyd edir. Onun dərslərində tez-tez fransız dilində musiqilər, podkastlar, filmlərdən fraqmentlər və real həyatdan götürülmüş videolar istifadə olunur. Bu, şagirdlərin həm dili eşitmək, həm də kontekstdə anlama bacarıqlarını gücləndirir.

Sertifikatlaşdırma  imtahanlarına hazırlıq prosesi barədə danışan Nilufər Müslümova bildirir ki, uğur üçün ilk növbədə təqdim olunan çərçivə sənədi ilə yaxından tanış olmaq, imtahanın strukturu və məzmununu dərindən öyrənmək zəruridir. Xüsusilə metodika hissəsini yalnız nəzəri deyil, praktiki nümunələrlə mənimsəmək imtahanda uğurun açarıdır. O, imtahanda iştirak edəcək müəllimləri səbirli olmağı, şagirdlərini sevməyi və öz üzərində daim çalışmağı tövsiyə edir.

Sertifikatlaşdırma  imtahanları təkcə biliyin yoxlanılması deyil, həm də...

Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən A.Alxanov adına tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışan Ramil Məmmədov üçün müəllimlik davamlı inkişaf, araşdırma və düşüncə ilə yoğrulmuş bir həyat tərzidir. O, müəllimlərin sertifikatlaşdırma imtahanlarında riyaziyyast fənni üzrə 53 bal toplayaraq bilik və bacarığını təsdiqləmiş və eyni zamanda bu prosesi öz peşəkar inkişafında əhəmiyyətli bir mərhələ kimi dəyərləndirmişdir.

Ramil müəllim üçün bu imtahan təkcə biliyin yoxlanması deyildi. O, bu prosesi həm də özünə güvəni artıran bir sınaq, özünü dəyərləndirmə fürsəti kimi qiymətləndirir. Onun sözlərinə görə, imtahanın təşkili və keçirilməsi qaydalara tam uyğun olub və şəffaf şəkildə baş tutub. Bu şərait müəllimlərə yalnız nəticə əldə etmək deyil, həm də öyrəndiklərini tətbiq etmək üçün şərait yaradıb.

Hazırlıq prosesinə 2-3 ay öncədən başladığını söyləyən  Ramil müəllim əsas diqqətini metodika suallarına yönəldib. O, hər gün müəyyən saatlarda planlı şəkildə çalışaraq metodik materialları təkrar edib, kurikulum sənədlərinə və nümunə testlərinə üstünlük verib. 

Ramil müəllim üçün metodika sualları daha mürəkkəb və diqqət tələb edən olsa da, o, ixtisas suallarını gündəlik tədris təcrübəsi ilə əlaqələndirərək daha rahat cavablandırıb. Pedaqoq hesab edir ki, sertifikatlaşdırma müəllimlərin yalnız biliklərini yoxlamır, eyni zamanda onların peşəkar məsuliyyət hissini artırır: “Sertifikatlaşdırma prosesi müəllimi düşünməyə, araşdırmağa, axtarmağa sövq edir. Bu isə inkişafın əsas şərtidir”.

Bu proses sadəcə bir imtahan deyil…

Həmsöhbətimiz İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ruqiyyə Bəkirova da müəllimlərin sertifikatlaşdırılması imtahanlarında öz fənni üzrə yüksək nəticə – 59 bal toplayan pedaqoqlardandır. Söyləyir ki, əldə etdiyi nəticə onun həm nəzəri biliklərini, həm də praktik təcrübəsini əks etdirən bir göstəricidir. İmtahan nəticəsinin aylıq sabit əməkhaqqıya əlavə formasında tətbiq olunması isə onu daha da sevindirib. “Bu, sadəcə bir dəfəlik təşəkkür deyil, davamlı qiymətləndirmədir”, – deyə o qeyd edir.

Sertifikatlaşdırmanın  nəticələrinin yalnız maaşa deyil, eyni zamanda vəzifə yüksəlişi, təlimlərə seçim və müxtəlif stimullaşdırıcı tədbirlərə də təsir etdiyini vurğulayan Ruqiyyə Bəkirova deyir ki, bu imtiyazlardan yararlanmaq müəllimin istəyindən və təşəbbüsündən asılıdır. 

Gələcəyə dair planlarından danışan Ruqiyyə müəllim yenidən sertifikasiyaya qatılmaq, daha yüksək bal toplamaq istədiyini bildirir.

Təcrübəli müəllim bu prosesi sadəcə bir imtahan kimi deyil, öz peşəkar yolunun təbii və vacib bir mərhələsi kimi dəyərləndirir.

Həm ixtisas, həm də metodika üzrə yüksək nəticə

İsmayıllı rayonunun Sumağallı kənd tam orta məktəbinin fransız dili müəllimi Sədəf Bağıyeva da 15 ildir ki, şagirdlərinə təkcə bir dili tədris etməklə kifayətlənmir, eyni zamanda onlarda zəngin bir mədəniyyəti, yeni bir dünyagörüşü formalaşdırır.

O, müəllimlərin sertifikatlaşdırılması imtahanlarında 59 bal toplayaraq həm ixtisas, həm də metodika üzrə yüksək nəticə göstərib. 

Sertifikatlaşdırma onun üçün təkcə testləri cavablandırmaq deyildi, bu, gündəlik planlı əmək, mütəmadi öz üzərində çalışma və çevrəsinin dəstəyinə söykənən bir inkişaf prosesi idi. Ailəsində müəllim olan yaxınlarının, həmkarlarının verdiyi tövsiyələr və apardıqları elmi müzakirələr bu yolda onun yoluna işıq salıb.

Uzunillik təcrübəyə malik pedaqoq əldə etdiyi uğurun sirrini xüsusi bir strategiyada deyil, peşəsinə məsulliyətlə yanaşmasında görür.

İxtisas biliklərini daim yeniləmək, zəif tərəflərini müəyyənləşdirib onlara daha çox vaxt ayırmaq onun əsas yanaşması olub. Məktəbdəki müəllim yoldaşları ilə keçirdiyi fikir mübadiləsi və fərdi axtarışları bu hazırlıq prosesinin ayrılmaz hissəsi idi.

Sertifikatlaşdırma Sədəf müəllimin tədris həyatında yeni bir səhifə açıb. Bu uğur ona daha yaradıcı dərslər qurmaq, şagirdlərlə enerjili işləmək və özünə olan inamını artırmaq üçün stimul verib. 

S.Bağıyevanın fikrincə, sertifikatlaşdırmanın nəticələrinin birbaşa əməkhaqqına təsir etməsi müəllimlərin motivasiyasını artıran əsas faktorlardandır. Bu yanaşma, müəllimlərin davamlı olaraq inkişaf etməsinə təkan verir: “Sertifikatlaşdırma pedaqoji heyətdə sağlam rəqabət mühiti yaradıb. Müəllimlər artıq daha çox öyrənməyə, özlərini inkişaf etdirməyə maraqlıdırlar. Bu da təhsilin keyfiyyətinə birbaşa təsir edir”. 

Şərhlər

Xəbər lenti

17 iyun, 20:24

Mətin Kərimli: Müəllim və direktor lider olmasa, məktəbdə hər hansı dəyişiklik etmək mümkün deyil

17 iyun, 20:22

Sertifikatlaşdırmadan keçən müəllimlərin dərs yükü artırılıb

17 iyun, 18:22

STEAM’ool olimpiadasının final mərhələsinin qalibləri elan olunub

17 iyun, 18:01

“Finala çıxacağıma inanmırdılar” – RFO qalibləri danışırlar

17 iyun, 17:50

ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

17 iyun, 17:50

Təhsildə fasilə olmur, o sadəcə formasını dəyişir

17 iyun, 17:49

Təhsildə liderliyə gedən yol – REPORTAJ

17 iyun, 17:39

“Azercell Cup 2025” müsabiqəsinin qalibləri elan olundu

17 iyun, 17:38

Qubada "Nə? Harada? Nə zaman" oyunu üzrə açıq kubok keçirilib

17 iyun, 17:32

ADA ilə BOC arasında Anlaşma Memorandumu imzalanıb

17 iyun, 17:13

“BilBacar”da fərqlənən rayonlar və məktəblər açıqlandı – MÜSAHİBƏ

17 iyun, 17:05

Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb

17 iyun, 16:24

Metin Yener: Türkiyə universitetləri NDU ilə birgə proqramlar hazırlaya bilər 

17 iyun, 16:24

Texnologiya bizi idarə etməsin, biz onu idarə edək

17 iyun, 15:56

Nazir müavini: Təhsilin məqsədi şagirdləri savadlı, yaradıcı və kompetent cəmiyyət üzvü kimi yetişdirməkdir

17 iyun, 15:53

Nəzakət Mehdiyeva: Sertifikasiya imtahanına asan suallar salınması təsadüfi deyil

17 iyun, 15:50

Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair görüş keçirilib

17 iyun, 15:40

Nazir müavini: Bölgələrdə yeni lisey və gimnaziyalar açılacaq

17 iyun, 15:05

Aşpaz və qənnadıçı peşələri üzrə Milli Abilimpiya Çempionatı keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.