Bütün xəbərlər
26 may, 15:23

Bu gün mənim üçün sadəcə təqvimdə bir tarix deyil - bu gün mənim əziz qələm yoldaşım, həmkarım, dostum, elm və təhsil yolunda çiyin-çiyinə addımladığım həmmüəllif olduğum, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Akif Abbasovun 75 illik yubileyidir. Bu yazını illərin süzgəcindən keçmiş, hörmətin, dostluğun və minnətdarlığın səmimi ifadəsi kimi qələmə alıram.

Akif Abbasov 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində Nurağa müəllimin ailəsində anadan olub. Kiçik yaşlarından zəhmətə, kitaba, biliyə olan marağı onu yaşıdlarından fərqləndirirdi. Onun ali təhsil üçün seçdiyi yol da təsadüfi deyildi - 1968-1973-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsində, 1971-1973-cü illərdə həmin institutun nəzdindəki ikiillik kursda əlavə olaraq ərəb dili şöbəsində təhsil alıb.

1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (ARTİ) dissertanturasına qəbul olub və “VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi” mövzusunda (elmi rəhbər pedaqoji elmlər namizədi, dosent Ə.Ə.Ağayev) namizədlik dissertasiyasını 1987-ci ildə uğurla müdafiə edib. 1995-ci ildə “Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib (Elmi məsləhətçisi professor Z.İ.Qaralov).

Alimin elmi fəaliyyəti geniş və çoxşaxəlidir. Onun yaradıcılıq fəaliyyətinin bir neçə istiqamətini qeyd etmək istərdim: elmi, elmi-pedaqoji, elmi kadr hazırlığı, publisistika, bədii yaradıcılıq və tərcümə. Pedaqogika sahəsində apardığı fundamental tədqiqatlar bu gün də istinad mənbəyi olaraq istifadə olunur. Onun elmlər namizədi, daha sonra isə doktorluq dissertasiyalarında qaldırdığı məsələlər yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət daşıyır. Professor kimi neçə-neçə gənc alimin formalaşmasına dəstək olub.

Professor Akif Abbasovun elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı fəaliyyəti də səmərəlidir. Belə ki, o, 40 fəlsəfə doktoru, 7 elmlər doktoru yetişdirib. 50-dən artıq dissertasiya müdafiəsində opponent olub. Həmçinin Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universitetində) elmi işlər üzrə prorektor işləyərkən (1992-1998-ci illərdə) pedaqogika fənnindən oxuduğu mühazirələr tələbələr tərəfindən maraqla qarşılanıb.

Alim uzun illər ərzində elm və təhsil nazirinin əmri ilə Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində, Gəncə Dövlət Universitetində, Bakı Qızlar Universitetində, keçmiş Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Kooperasiya İnstitutunda, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Kollecində dövlət imtahan komissiyasının sədri olub. Bundan başqa müxtəlif ali təhsil müəssisələrində magistr dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şuralarının sədri təyin olunub. Hazırda Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən FD 2.49 Dissertasiya şurasının Elmi seminarının sədridir.

Akif Abbasovun yaradıcılığında diqqəti cəlb edən digər istiqamət tərcüməçilik fəaliyyətidir. O, “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət” (1999) və “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti” (2006, 2019) tərtib edərək nəşrinə nail olub.

Həmçinin elmi yaradıcılıqda olduğu kimi, bədii yaradıcılıqda da eyni uğurla fəaliyyət göstərir. Bir yazıçı kimi də özünü təsdiq edib. O, “Yaxşı dost” pyesinin, “Aldanma sözlərə”, “Acı xatirələr”, “Sultan II Murad” və “Fateh Sultan Məhmət” romanlarının müəllifidir.

Onun qələmindən çıxan bir sıra bədii əsərləri çap olunub. Bizim birgə yaradıcılığımızın nəticəsi olaraq “Qız gəlin köçür”, “Toydan əvvəl və sonra” kitabları oxucuların istifadəsindədir.

Atatürk mövzusu Akif Abbasov yaradıcılığında xüsusi yer tutur. O, türk dünyasının şərəfi və iftixarı, əfsanəvi sərkərdə, dövlət xadimi, Türkiyə Respublikasının yaradıcısı və ilk Prezidenti Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən 6 kitab qələmə alıb. Onlardan “Samsundan başlanan yol” romanının, “Atatürk” pyesinin,“Atatürk haqqında hekayələr”in (birinci və ikinci kitab), “Böyük türk” (uşaqlar üçün hekayələr) və “Xallı kəpənək” hekayələr kitabının adları qeyd oluna bilər. 

Professor Akif Abbasov Təhsil İnstitutunda kiçik elmi işçidən institutun elmi katibi vəzifəsinədək şərəfli bir yol keçib, yaradıcılığının nəticəsi olaraq bədii əsərləri 10, seçilmiş elmi əsərləri 12 cilddə nəşr edilib. 200-dən artıq elmi məqalə, 20-dən artıq dərslik müəllifidir. Onun uzun illər tanınmış psixoloq-alim, psixologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Əbdül Əlizadə ilə birlikdə yazdığı “Ailə həyatının etika və psixologiyası” dərsliyi orta məktəblərdə tədris olunub. Bundan əlavə ali məktəblər üçün “Milli əxlaq və ailə etikası”, orta ixtisas məktəbləri üçün “Pedaqogika” dərslikləri tələbələrin istifadəsinə verilib. Akademik Hüseyn Əhmədovla birikdə uzun illər ərzində Azərbaycan Televiziyasında apardıqları “Maraq dünyası” verilişləri izləyici auditoriyası tərəfindən həvəslə qarşılanıb. Pedaqogika elmlər doktoru, professor Hikmət Əlizadə ilə birlikdə hazırladıqları “Pedaqogika” dərsliyi bu yaxınlarda yeni redaktədə oxuculara təqdim olundu. 

Professor Akif Abbasovun elmi-pedaqoji fəaliyyəti dövlətimiz və hökumətimiz tərəfindən yüksək dəyərləndirilib. O, bir sıra dövlət təltifləri, fəxri adlar və diplomlarla qiymətləndirilib. Belə ki, 1981-ci ildə Respublika Maarif Nazirliyinin Fəxri Fərmanı, 1981-ci ildə Azərbaycan ETPEİ-nin 50 illik yubileyində həmin institutun Fəxri fərmanı, 1986-cı ildə Respublika Maarif Nazirliyinin “Qabaqcıl maarif əlaçısı” döş nişanı, 2007-ci ildə “Qızıl qələm” mükafatını alıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2006-cı ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Əməkdar müəllim” fəxri adı, 2024-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev 100” yubiley medalı ilə təltif olunub. 

Akif müəllim Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin fəal üzvlərindəndir. Həmçinin Pedaqoji və Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi (akademiki) üzvüdür.

Əziz dostum Akif Abbasov həm də böyük ürəyə sahib bir insandır. Onun səmimiyyəti, sadəliyi, təmkinli davranışı və ətrafındakı insanlara olan qayğısı onu tanıyan hər kəsin rəğbətini qazanıb. O, çətin anlarda yol göstərən, uğurlu anlarda isə insanların xoş günlərinə sevinən səmimi bir dostdur. Öz uğurlarını heç vaxt önə çəkməyən, amma başqalarının nailiyyətlərinə sevinən insanlardandır. Bizi birləşdirən yalnız oxşar sahədə işləməyimiz deyil - bizi birləşdirən ortaq dəyərlərdir: elmə sevgi, insanlığa hörmət, vətənə sədaqət.

Mən inanıram ki, onun üçün ən böyük mükafat - yetirmələrinin uğurları və ondan öyrənən insanların minnətdarlığıdır. Bu gün ölkənin müxtəlif yerlərində çalışan müəllimlər, alimlər onun məktəbindən keçib, bədii əsərlərindən ilham alıb.

Əziz qələm yoldaşım, həmkarım, dostum, professor Akif Nurağa oğlu Abbasov, bu 75 il - yalnız rəqəm deyil, zəhmət, fədakarlıq, mərifət, təvazökarlıq və dərin insani dəyərlərlə dolu bir ömür yolunun salnaməsidir. Biz sizinlə fəxr edir və bu yubiley günündə möhkəm cansağlığı, davamlı elmi yaradıcılıq, ailə səadəti və nəvələrin sevinc dolu xoş sədalarını arzulayırıq.

Hələlik bu qədər, qalanları qalsın inşallah, 80 illik yubileydə elmin, insanlığın və dostluğun işığında qeyd edək.

Hümeyir ƏHMƏDOV,
pedaqogika elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın Əməkdar elm və təhsil xadimi

Şərhlər

Xəbər lenti

29 may, 10:40

İctimai Şuranın üzvləri valideynlərlə görüşüblər

29 may, 10:34

Şəxsiyyət keyfiyyətlərinin və xarakterin formalaşma mərhələləri (III məqalə)

29 may, 10:27

Qabiliyyət imtahanlarına qeydiyyat sona yaxınlaşır

29 may, 10:21

İyunun 1-də 45 mindən çox abituriyent imtahan verəcək

29 may, 10:16

Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub

29 may, 10:07

Bakıda SABAH İncəsənət Festivalı keçiriləcək

29 may, 09:04

Lisey və gimnaziyalara qəbulla bağlı növbəti AÇIQLAMA

28 may, 16:37

“Bilbacar” müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.