Bütün xəbərlər
28 may, 09:18

Azərbaycan tarixində XX əsrin əvvəlləri mühüm ictimai-siyasi hadisələrlə zəngin bir dövr kimi xarakterizə olunur. Bu mərhələ milli özünüdərkin güclənməsi, azadlıq ideyalarının yayılması və xalqın gələcəyini müstəqil şəkildə qurmaq istəyinin artması ilə səciyyələnir. Cəmiyyətin müxtəlif təbəqələrində baş qaldıran bu aydınlanma prosesi tədricən siyasi hərəkatlara çevrilərək milli dövlətçilik ideyasının formalaşmasına zəmin yaratdı.

Bu ideoloji və ictimai oyanışın məntiqi nəticəsi kimi, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin tarixində dönüş nöqtəsi oldu. Belə ki, AXC – Şərqdə ilk dəfə parlamentli, dünyəvi və demokratik prinsiplərə əsaslanan bir respublika modeli olaraq meydana çıxdı. Onun yaradılması yalnız siyasi müstəqilliyin rəmzi deyildi. Eyni zamanda, bu cümhuriyyət XIX əsrin sonlarından etibarən inkişaf edən və cəmiyyətin müxtəlif təbəqələrinə sirayət edən maarifçilik hərəkatının ideoloji zirvəsi idi.

Azərbaycan maarifçiliyinin əsasını təşkil edən fikir liderləri: M.F.Axundzadə, H.B.Zərdabi, C.Məmmədquluzadə və digər ziyalılar elmin, təhsilin və mədəniyyətin xalqın inkişafında əsas rol oynadığını vurğulayırdılar. Onların fəaliyyəti nəticəsində formalaşan yeni intellektual təbəqə təkcə savadlılığı deyil, vətəndaşlıq şüurunu, milli kimliyi və dövlətçilik düşüncəsini də aşılayırdı. AXC-nin qurulması bu maarifçi düşüncənin siyasi reallaşması oldu və bununla da Azərbaycan xalqı tarixdə ilk dəfə öz taleyini öz əli ilə müəyyən etmək hüququnu əldə etdi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə maarifçilik və təhsil sahəsində mühüm və uzaqgörən addımlar atılıb. AXC rəhbərliyi çox yaxşı anlayırdı ki, cəmiyyətin tərəqqisi yalnız siyasi müstəqilliklə kifayətlənməməlidir. Həqiqi inkişaf yalnız maariflənmiş, savadlı və milli dəyərlərə bağlı bir xalq vasitəsilə mümkündür. Bu səbəbdən təhsil və maarif məsələləri Cümhuriyyət hökumətinin əsas prioritetlərindən biri olmuşdur.

AXC-nin ilk qərarlarından biri Maarif Nazirliyinin yaradılması idi. Bu addım təsadüfi deyildi, yeni qurulan dövlət üçün milli təhsil sisteminin formalaşdırılması zəruri və təxirəsalınmaz vəzifə sayılırdı. Maarif Nazirliyinin əsas məqsədi ölkə üzrə vahid təhsil siyasətinin hazırlanması, məktəblərin təşkili, müəllim çatışmazlığının aradan qaldırılması və milli dərsliklərin hazırlanması idi.

1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması bu siyasətin kulminasiya nöqtəsi sayılır. Bu ali təhsil müəssisəsi yalnız ölkədə ali təhsilin inkişafına deyil, həm də gələcəkdə milli elmi və intellektual elitanın formalaşmasına xidmət etmişdir. Universitetin yaradılması ilə Azərbaycan xalqı ilk dəfə öz torpağında müasir elmi və humanitar biliklərə yiyələnmək imkanına sahib oldu.

AXC dövründə həyata keçirilən digər əsas maarifçilik tədbirləri aşağıdakılardır:

– Xalq məktəblərinin yaradılması: Müxtəlif bölgələrdə ibtidai və orta məktəblər açılaraq əhalinin savadlanması prosesi sürətləndirildi. Məktəblərin sayının artırılması təhsilin əlçatan olmasına şərait yaratdı.

– Qızların təhsilə cəlb olunması: AXC dövründə ilk dəfə olaraq qadınların təhsil alması dövlət səviyyəsində təşviq olundu. Bu, o dövr üçün həm cəsarətli, həm də inqilabi bir addım idi.

– Ana dilində dərsliklərin hazırlanması: Türk və Azərbaycan dillərində dərsliklər tərtib edilərək milli təfəkkürün inkişafına xidmət göstərildi.

– Xarici ölkələrə tələbə göndərilməsi: AXC hökuməti Avropanın qabaqcıl universitetlərinə yüzdən artıq gənci təhsil almaq üçün göndərdi. Onların böyük bir qismi sonralar ölkənin müxtəlif sahələrində yüksəkixtisaslı mütəxəssis kimi fəaliyyət göstərdi.

– Təqaüd sistemi: Dövlət hesabına təhsil alan tələbələrə maliyyə dəstəyi göstərildi. Bu, sosial bərabərliyin təmin olunmasına və təhsildə iştirak imkanlarının genişlənməsinə səbəb oldu.

Bütün bu addımlar göstərir ki, AXC maarifçiliyi yalnız bir ideya kimi deyil, real dövlət siyasətinin ayrılmaz hissəsi kimi həyata keçirirdi. Təhsilə verilən bu strateji önəm həm milli özünüdərkin gücləndirilməsinə, həm də gələcəkdə güclü dövlətin əsasının qoyulmasına xidmət edirdi.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə dövlətçilik tariximizdə yeni bir mərhələ başlandı. Lakin bu yeni mərhələ təkcə siyasi və hüquqi müstəqilliyin bərpası ilə məhdudlaşmadı. Bu, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji və mənəvi irsinə qayıdış demək idi. AXC-nin qoyduğu maarifçilik ənənəsi və milli təhsil ideyaları yenidən gündəmə gəldi və müasir dövlət siyasətində mühüm yer tutmağa başladı.

Azərbaycan Respublikası təhsili milli inkişafın əsas aparıcı amili kimi qəbul etdi və bu sahədə dərin islahatlara start verildi. Yeni təhsil strategiyalarında milli-mənəvi dəyərlərin qorunması, vətəndaşlıq tərbiyəsi, yaradıcı və analitik düşüncəyə malik gənclərin yetişdirilməsi əsas hədəf kimi müəyyənləşdirildi.

Müstəqillik dövründə maarifçilik dəyərlərinin davam etdirildiyini göstərən əsas istiqamətlər bunlardır:

1. Milli kimliyin və vətənpərvərliyin təbliği

Təhsil sistemində milli kimlik və vətənpərvərlik ideyalarına xüsusi yer verilir. Tədris planlarına Azərbaycan tarixi, Vətəndaşlıq və hüquq, Dövlətçiliyin əsasları kimi fənlər daxil edilmiş, şagirdlərə milli dəyərlərin, dövlətçilik düşüncəsinin və azərbaycançılıq ideyasının aşılanmasına önəm verilmişdir. Bu yanaşma təkcə bilik deyil, həm də şüur formalaşdırma məqsədi daşıyır.

2. Xaricdə təhsil imkanlarının genişləndirilməsi

AXC dövründə olduğu kimi, bu gün də Azərbaycan dövləti gənclərin xaricdə təhsil almasına ciddi önəm verir. “2007–2015-ci illər üçün Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” vasitəsilə minlərlə gənc nüfuzlu xarici universitetlərdə ali təhsil alaraq ölkəyə yüksəkixtisaslı mütəxəssis kimi geri dönür. Bu proses həm elmi potensialın, həm də intellektual kapitalın artırılmasına xidmət edir.

3. Müəllim hazırlığı və təhsil islahatları

Müstəqillik illərində müəllim hazırlığı sahəsində də ciddi islahatlar həyata keçirilmişdir. Müasir pedaqoji yanaşmalar, təlimin keyfiyyətinə nəzarət sistemləri və peşəkar inkişaf proqramları maarifçilik ənənəsinin çağdaş tələblərlə uyğunlaşdırılmasına şərait yaratmışdır. Artıq müəllim sadəcə bilik verən deyil, həm də şagirdin şəxsiyyətinin formalaşmasında əsas rol oynayan şəxs kimi qəbul olunur.

4. Tarixi yaddaşın qorunması və təbliği

Azərbaycanın müasir təhsilində tarixi yaddaşın qorunması və gənclərin milli şüurla tərbiyə olunması prioritet istiqamətlərdəndir. 28 May – Respublika Günü bu baxımdan yalnız rəsmi bayram deyil, həm də maarifçilik irsinin canlı yaşadılması üçün bir fürsət kimi qiymətləndirilir. Məktəblərdə və ali təhsil müəssisələrində AXC-nin irsi, liderlərinin fəaliyyəti və dövlətçilik dəyərləri ilə bağlı seminarlar, tədbirlər, layihələr keçirilir.

5. Rəqəmsal dövrdə maarifçilik

Müasir dövrdə maarifçilik anlayışı yalnız ənənəvi təhsil mühitində deyil, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə də yenidən formalaşır. Elektron təhsil platformaları, onlayn kurslar və distant təhsil imkanları maarifçiliyin coğrafi və sosial məhdudiyyətlərini aradan qaldıraraq, daha geniş kütlələrə çatmasını təmin edir.

Nəticə olaraq müstəqillik dövründə həyata keçirilən təhsil siyasəti sübut edir ki, Azərbaycan Respublikası AXC-nin təməlini qoyduğu maarifçilik ideyalarını sadəcə tarixi miras kimi deyil, milli inkişafın davamlı və dinamik hissəsi kimi yaşadır. Bu dəyərlərin qorunması və yeni nəslə ötürülməsi isə ölkənin gələcək inkişafının əsas zəminini təşkil edir.

Gənclərin milli və dövlətçilik şüurunun formalaşdırılmasında tarixi hadisələrin simvolik gücü böyükdür. 28 May – Müstəqillik Günü bu baxımdan güclü və aktual tərbiyə vasitəsidir. Bu günün təhsil proqramlarında və məktəbdənkənar fəaliyyətlərdə geniş təbliği şagirdlərə azadlıq, məsuliyyət, xalq iradəsi, bərabərlik və hüquq kimi anlayışları aşılayır.

Eyni zamanda, bu tarix gənclərə öyrədir ki, dövlət müstəqilliyi təsadüfən qazanılmır, bu, maariflənmiş cəmiyyətin və ideoloji yetkinliyin nəticəsidir. Müstəqil dövlətin təməli biliklə, şüurla və milli həmrəyliklə atılır. Beləliklə, 28 May təkcə tarix deyil, həm də gələcəyə aparan mənəvi yol xəritəsidir.

Gülnar HÜSEYNOVA
Naxçıvan Müəllimlər İnstitutu, fəlsəfə doktoru hazırlığı üzrə doktorant

Şəbnəm ƏLİYEVA
Naxçıvan Müəllimlər İnstitutu, fəlsəfə doktoru hazırlığı üzrə dissertant

Şərhlər

Xəbər lenti

29 may, 15:25

ADPU-da “Müasir təhsildə innovasiya” mövzusunda panel müzakirə keçirilib

29 may, 15:18

LDU-da “İnsan hüquqları aylığı” ilə bağlı maarifləndirici tədbir keçirilib

29 may, 15:00

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

29 may, 14:56

Rektor məktəblinin arzusunu reallaşdırdı

29 may, 14:54

Türkiyəli qonaqlar Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksində olublar

29 may, 14:47

Alimlər ilk dəfə maye karbon əldə edə biliblər

29 may, 14:43

Dünyaşöhrətli alim rektorun müşaviri təyin edildi

29 may, 14:37

Seysmologiya üzrə mütəxəssisin monoqrafiyası çapdan çıxıb

29 may, 14:30

ADPU-da ikili diplom magistr proqramının IV məzun buraxılışı keçirilib

29 may, 14:15

“Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışıram” – Oksford Universitetinin tələbəsi

29 may, 13:55

NDU-da tibb təhsili mövzusunda konfrans keçiriləcək

29 may, 13:50

BMU tələbələrinin layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

29 may, 13:29

Peşə təhsili üzrə məzunların məşğulluq reytinqi hazırlanır

29 may, 13:28

Sabaha olan hava proqnozu açıqlanıb

29 may, 13:12

İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb

29 may, 13:11

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbuluna start verilib

29 may, 13:03

Elxan Nəcəfov: Naxçıvanda iki daimi İmtahan Mərkəzinin yaradılması nəzərdə tutulur 

29 may, 12:53

İƏT rəsmisi: Sosial müdafiə təhsilə mühüm təsir göstərir

29 may, 12:53

Xaldan məktəbinin məzunları 33 ildən sonra yenidən parta arxasında – FOTOLAR

29 may, 12:17

İkili diplom magistr proqramının məzun sayı 120 nəfərə çatır – Cəfər Cəfərov

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.