.jpeg)
Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi” layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin məqaləsini təqdim edir:
Yeniyetməlik dövründə uşaqların psixologiyasında yeni xüsusiyyətlər yaranmağa başlayır. Bu xüsusiyyətlər yaşlılıq hissinin formalaşması ilə bağlıdır. İnkişaf səviyyəsindən asılı olaraq yaşlılıq hissi yeniyetmələrin hər birində fərqli məzmunda özünü təzahür etdirir.
Yaşlılıq hissi yeniyetmənin psixi həyatında özünəməxsus rol oynaması, ilk növbədə, onun özünü “yaşlı adam” kimi aparmağa başlamasında öz əksini tapır. Lakin V-VI siniflərdə bu daha çox onların öz zahiri görkəmlərinə xüsusi fikir verməsi ilə əlamətdar olur. Yeniyetmələr dünyagörüşləri və ailə imkanlarının yol verdiyi qədər daha səliqəli geyinir və yaşlılar kimi danışmağa çalışırlar. Yaş artdıqca onlar yaşlıları daha çox təqlid etməyə başlayırlar. Bu zaman oğlanlar gücü, qızlar gözəlliyi fetişləşdirirlər. Oğlanlar daha güclü olmaq üçün idmana gedirlər, qızlar isə gözəl görünmək üçün saatlarla güzgünün qabağında durub, daha gözəl görünməyin “yollarını axtarırlar”. Onların bu davranışına təkcə sadə və təbii proses kimi baxmaq olmaz, bu həmçinin şəxsiyyətin formalaşması prosesidir. Bütün yeniyetmələr bu hisslərlə yaşayır və onların bir şəxsiyyət kimi inkişafı bu hisslərin fonunda baş verir. Məsələn, özünü “güclü hiss etmək” ilə “gücsüz hiss etmək”, “gözəl hiss etməklə” “kifir hiss etmək” və s. yeniyetmələrin sinifdaxili münasibətlər sistemində özünəmüvafiq yer tutmasında və bu əsnada nüfuz əldə etməsində, şəxsiyyət keyfiyyətlərinin, o cümlədən dəyərlərin formalaşmasında mühüm rol oynayır. Bütün bunlar özünü onun üçün sinifdə “sosial inkişaf şəraiti”nin yaranmasını şərtləndirir.
Bu dövrdə yeniyetmələrin yaşlılara münasibətlərində dəyişikliklər yaranır. Nə qədər qəribə olsa da, bu münasibətlər fonunda onlar yaşlıların (valideynlərin, müəllimlərin və s.) hüquqlarını məhdudlaşdırır, özlərinin və yoldaşlarının hüquqlarını isə genişləndirirlər. “Ata-oğul (oğullar)”, “ana-qız (qızlar)”, “müəllim-şagird (şagirdlər)” arasında münaqişələr uşağın yeniyetməlik zamanı “yaşlanması” dövrünə təsadüf edir. “Yaşlanmağa” başlayan yeniyetmələr yaşlıların verdiyi tapşırıqları əvvəllər səylə yerinə yetirdiyi halda, indi icra etməkdən yayınmağa çalışırlar. Bu dövrdə yaşlıların onlara münasibəti mühüm əhəmiyyət kəsb edir. Məsələn, valideynlər onu (onları) himayə edirlər, yoxsa onun fəaliyyətinə nəzarəti artırır, qarşısına tələblər qoyurlar və s. Bu münasibətlər yeniyetmələrin yaşlılıq meyllərinə zidd olduğu üçün onları qane etmir. Yeniyetmələr daha çox özünüidarəyə üstünlük verirlər. Lakin özünüidarə qaydalarını bilmədiklərindən və ya onların özünüidarə qaydaları ilə yaşlıların özünüidarə qaydaları arasında olan fərqlər yeniyetmələrin tez-tez cəzalanmasını aktuallaşdırır. Bu bir tərəfdən yaşlıların yeniyetmələrə uşaq kimi, digər tərəfdən yeniyetmələrin özlərini yaşlı kimi qiymətləndirməsinin nəticəsidir. Əlbəttə bunun başqa səbəbləri də vardır.
Qiymətləndirmələr arasında fərqlər ziddiyyətlərin yaranmasına yol açır. Halbuki, yaşlılar yeniyetmələrin özünüqiymətləndirməsinə uyğun olaraq, onların hüquq və vəzifələrini, müstəqilliyini genişləndirdikdə, onları müxtəlif faydalı işlərinə cəlb etdikdə, onlara özünüidarə etməyi öyrədə, inkişafları üçün münasib şərait yarada bilərlər. Məişətimizdə belə təcrübələr var, bu təcrübələrdə uşaqların necə sürətlə püxtələşməsini də görmək olur. Təcrübəli valideyn və müəllimlər yeniyetməklərlə bərabərhüquqlu tərəfdaş kimi münasibətə daxil olub, gördüyü işlər haqqında məlumatlar əldə edir, dolayı yollarla (qızım sənə deyim, gəlinim sən eşit və s.) onlara yeni yollar göstərir, gördükləri işlərdə uğurlara imza atmasına şərait yaradırlar. Belə şəraitin yaradılması yeniyetmənin böyüklər aləminə daxil olmasını sürətləndirə bilir və daha dəqiq ifadə etsək, yeniyetmələrin daha tez böyüməsinə, ağıllanmasına, dünyanı dərk etməsinə, dəyərlərin mahiyyətini idrak etməsinə və s. yol açır.
Haşiyə: Amerikalı yazışı, yazıçı, alim, ixtiraçı, dövlət xadimi Benjamin Franklin deyirdi ki, faciə tez qocalmaq deyil, gec ağıllanmaqdır. Uşaqların ağıllanması, şəxsiyyət keyfiyyətlərinin, dəyər və xarakterinin formalaşması üçün yaşlılar öz ətrafında onlara inkişafetdirici mühit yaratdıqda mümkün olur.
Amma uşaq üçün belə şərait yaradılmadıqda... onsuz da onlar böyüklər aləminə özləri daxil olurlar. Yaşlılar onlar üçün münasib şərait yaratmadıqda yoldaşları ilə, həmyaşıdlar qrupunda yaşlılar mühitini yaratmağa (oxu: kompensasiya etməyə) çalışırlar. Amma bu qruplarda onların əldə etdikləri dəyərlərin mənfi çalarlarından heç kim sığorta olmayıb. Buna görə də yeniyetmələrlə həm evdə, həm də ailədə “yaşlı-yaşlı” münasibətlərinin yaradılması daha böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə yeniyetmələrlə məhz belə münasibət yaratmaq xüsusilə vacibdir. Onların sosiallaşmasında internet və ya digər sosial media vasitələri getdikcə daha böyük rol oynamağa başlayır. Uşaqlarda mənfi meyillərin yaranmasını istəmiriksə, onda onlarla yaşlı kimi münasibət qurmağa çalışmalıyıq.
Yeniyetməlik dövrü uşaqlıqdan yaşlılığa keçidin ilk mərhələsidir. Bu dövrdə o sadəlövh uşaq məntiqi və yaşlılıq idiası arasında inkişaf edir. Fəaliyyəti bəzən “Don Kixot” qərarları kimi gülməli, bəzən ağıllı adam hərəkətləri kimi düşündürücü olur. O həyat haqqında məlumatlara malik olur, bu məlumatlar bəsit məzmun daşıyır, amma ona elə gəlir ki, hər şeyi bilir. Biz ona bilmədiklərini öyrənməyə istiqamətləndirdikdə, qarşısında problem situasiya yaratdıqda, o daha tez “yaşlılar aləminə” daxil ola bilir. Qeyd edək ki, yeniyetmələrin yaşlılar aləminə daxil olması onların öyrəndiklərini ağıl keyfiyyətləri ilə ölcməsi mərhələsidir. Valideynlərin və müəllimlərin yeniyetmələri düzgün idarəetməsi onların dünyanı ağıl ölçüləri ilə dərk etməsi üçün yeni üfüqlər açır. Xüsusən məktəbdə əldə etdikləri biliklər nəticəsində onlarda dəyərlərin formalaşması yeni məzmun kəsb edir.
Onun inkişaf səviyyəsi milli kimliyini dərk etməyə imkan verir. Milli kimliyini dərk etməsi tədricən Azərbaycançılıq ideyalarını və dövlət rəmzlərini mənimsəməsi ilə qarşılıqlı vəhdət təşkil etdikdə (bunu dərk etməyə valideynlər və müəllimlər şərait yaratmalıdır, yol göstərməlidir və s.), milli kimliyini ağıl ölçüləri ilə dərk etmiş olur. Zaman müstəvisində yeniyetmələr təlim prosesində yaşadığı bölgə və ölkə haqqında məlumatlar əldə edirlər. Valideyn və müəllimlər kömək etdikdə bu məlumatlar milli kimliyin dərk edilməsi müstəvisində onun bölgə və ölkənin müdafiəsində öz rolunu başa düşməsinə yol açır. Yeniyetmə artıq VII-VIII siniflərdə, xalq şairi Nəbi Xəzrinin sözləri ilə desək, “Azərbaycan mənim “anamın anasıdır”, mən onu müdafiə etməyə hazır olmalıyam” qənaətinə gəlməlidir.
Yuxarı siniflərə doğru irəlilədikcə, o, cəmiyyət-insan münasibətləri müstəvisində davranış mədəniyyətinin, insan hüquqlarının və azadlıqlarının mahiyyətini dərk etməyə başlayır. Müəllim və valideynlər onların cəmiyyət qarşısında şəxsi məsuliyyətini insan hüquqlarına hörmət müstəvisində dəyərləndirməsinə imkan yaratmalıdırlar. Davranış mədəniyyəti, insan hüquqları və azadlıqları haqqında biliklər onun digər insanların hüquq və vəzifələrinə hörmət nümayiş etdirməsində öz təsbitini tapması ilə nəticələnməlidir. Bu onun insanlara münasibətinin ağıl ölçüləri ilə dəyərləndirilməsinin təcəssümüdür.
Zaman keçdikcə o yaşadığı mühitdə mədəni müxtəlif insanlarla (müxtəlif etnik qruplar, dillər, dinlər, irqlərə mənsub insanlar) birlikdə yaşadığının fərqinə varır. Müxtəlif mədəniyyətlərin qovşağında o birgə yaşayış qaydalarına əməl etməyə başlayır, ayrı-seçkiliyin yolverilməz olduğunu dərk edir. Dərk etdikdə cəmiyyət daxili münasibətlər sistemində özünə yer tapmağa başlayır.
Biz yeniyetmənin cəmiyyətdə uğur qazanması üçün zəruri olan dəyərlərin yaranması prosesinə diqqəti cəlb etdik. Dəyərlər insanı həyatı boyu müşahidə edir və insanın cəmiyyətdə sosial münasibətlərdə uğur qazanmasına yol açır. Amma təəssüf hissi ilə qeyd edək ki, yeniyetmələrin hamısı bu dəyərləri eyni vaxtda əxz edə bilmirlər. Bu onların həyatında çətinliklərin yaranmasını şərtləndirir. Yeniyetmələrin hər birinin dəyərləri mənimsəyə-mənimsəyə böyüməsinə gedən yolun açarı valideynlərin və (daha çox) müəllimlərin əlindədir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər