
Müasir dövrün dəyişən tələbləri fonunda gənclərin düzgün ixtisas seçimi təkcə şəxsi uğur deyil, həm də cəmiyyətin inkişafı baxımından əhəmiyyətlidir. Elmi araşdırmalar göstərir ki, bu prosesin sağlam və effektiv şəkildə baş verməsi üçün müəyyən yaş aralığı və psixoloji hazırlıq zəruridir.
Gənclər üçün 16-20 yaş arası həm psixoloji inkişaf, həm özünüdərketmə baxımından dönüş nöqtəsi hesab edilir. Bu yaşda olan yeniyetmələr emosional və koqnitiv düşüncə baxımından dəyişkən özüllərini kəşf etməyə çalışırlar. Bu dövrdə verilən qərarlar yalnız akademik nailiyyətlərə deyil, həm də şəxsiyyətin inkişafına, emosional sabitliyə və sosial uyğunlaşmaya bağlı olmalıdır.
Eyni zamanda, bu yaş dövrü özünütəsdiq mərhələsi kimi də xarakterizə olunur. Şəxsi dəyərlər və dünyagörüş formalaşır, fərd artıq yalnız başqalarının deyil, öz istəklərinə əsasən qərar verməyə meyilli olur. Bu isə gələcəkdə iş həyatında məmnuniyyət hissinin və uzunmüddətli motivasiyanın əsasını təşkil edir.
Müasir dövrün reallıqları göstərir ki, gənclərin ixtisas seçimində yalnız akademik göstəricilər və ailə təzyiqi deyil, həm də onların daxili potensialı, şəxsi maraqları və gələcəkdə özlərini görmək istədikləri yer nəzərə alınmalıdır. Bu baxımdan 16–20 yaş dövrü yalnız bir qərarın deyil, bir həyat yolunun başlanğıcıdır.
Sosial təsirlər və kimlik axtarışı: gənclərin ikinci böyük sınağı
Özünüdərketmə və ilk qərarların astanasında dayanan gənc daha dərin suallarla üz-üzə qalır. 17–18 yaş yaxınlaşdıqca gənclik çağının ikinci böyük sınağı – kimlik axtarışı başlayır. Bu dövr yalnız fərdi düşüncə və maraqlarla deyil, eyni zamanda, ətraf mühitin, sosial münasibətlərin və ictimai gözləntilərin təsiri ilə formalaşır.
Gənclərin seçimlərinə bu yaşda ən çox təsir göstərən faktorlar valideynlər, dostlar və müəllimlərdir. Valideynlər övladının rifahını və uğurunu istədiyi üçün bəzən öz istəklərini üstün tutur, bununla da gəncin daxilində ziddiyyətlərə səbəb olurlar. Eyni zamanda yaxın dost çevrəsinin də təsiri gözdən qaçmamalıdır. Bəzən bir dostun sadə fikri belə, gəncin qərarına yön verə bilər. Müəllimlər isə həm akademik bilikləri, həm də nüfuzları ilə bu seçim mərhələsində əhəmiyyətli rol oynayırlar.
Bu dövrdə gəncin həyatına daxil olan rol modelləri bəzən hər şeyin axarını dəyişə bilər. Öz işinə bağlı, uğurlu bir müəllim və ya peşəsində yüksəlmiş bir ailə üzvü, gənc üçün yalnız nümunə deyil, həm də gələcəyin mümkün şəkli kimi görünə bilər. Onların həyat yolu, uğurları və mövqeləri bir işıq rolunu oynayaraq, “Bu mənim də yolum ola bilərmi?” sualını doğurur.
Və bütün bu təsirlərin ortasında gənc bəlkə də ilk dəfə olaraq, özünə ciddi şəkildə sual verir: “Mən kiməm?” Bu sual onun bütün seçimlərini, davranışlarını və həyat tərzini formalaşdıracaq bir başlanğıcdır. Gənc insan artıq təkcə nəyi bacardığını deyil, nəyi istədiyini də araşdırmağa başlayır. Ədəbi yaradıcılıqdan texniki sahələrə, tibb elmlərindən incəsənətə qədər müxtəlif sahələr onun üçün açıq bir xəritəyə çevrilir və o, bu xəritədə öz yolunu tapmağa çalışır.
Bu dövr eyni zamanda təcrübə və səhvlərdən öyrənmə mərhələsidir. Gənclərə bu hüququ tanımaq onların şəxsiyyət formalaşdırma prosesinə hörmətlə yanaşmaq deməkdir. Sonda isə məqsəd təkcə “doğru peşəni” seçmək deyil, özünü tanımaq, özünü ifadə edə bilmək və öz seçiminə sahib çıxmaqdır.
Koqnitiv hazırlıq və gələcəyə baxış: yetkinliyin qapısında
18–20 yaş aralığında insanın daxili aləmi və düşüncə tərzində mühüm dəyişikliklər baş verir. Bu dövr artıq emosional sarsıntılardan daha çox real və praktik düşüncələrin ön plana keçdiyi, müstəqil qərarların daha cəsarətlə verildiyi bir mərhələdir.
Əgər əvvəlki yaş dövrlərində gənclər üçün “Mən kiməm?” sualı daha çox axtarış və özünü tanıma xarakteri daşıyırdısa, indi bu sual “Gələcəkdə kim olmaq istəyirəm?” formasında konkret məqsədlərə yönəlməyə başlayır. Bu dəyişiklik həm psixoloji, həm də koqnitiv yetkinləşmə ilə bağlıdır. Artıq gənc insan hadisələrin uzunmüddətli nəticələrini təhlil edə, risk və imkanları qiymətləndirə bilir. Bu da onun qərarlarına daha yetkin və planlı yanaşma imkanı yaradır.
Məhz bu yaşda bir çox gənclər ixtisas seçimindən sonra həmin sahənin gələcəkdə nə dərəcədə dolğun həyat təmin edəcəyini, əmək bazarında hansı imkanlar təqdim etdiyini və şəxsi maraqlarla nə qədər uzlaşdığını düşünməyə başlayır. Seçimin təkcə bu günə deyil, gələcək illərə yönəlik olması düşüncənin strateji səviyyəyə yüksəldiyini göstərir. Bu mərhələdə gəncin artıq öz həyatının sükanı arxasına keçməsi - avtonom qərarlar verməsi, ətraf mühitin təsirlərindən nisbətən uzaqlaşıb daxili istəklərinə qulaq asması baş verir.
Bu mərhələdə də suallar bitmir, amma artıq bu suallar daha konkret, cavabları isə daha məqsədli olur. Gənc öz gələcəyini təsadüflərə deyil, şüurlu seçimlərə əsaslandırmaq istəyir. Bu isə cəmiyyətin və ailənin ona verdiyi azadlıq, inam və dəstək qədər onun özünə olan inamının da göstəricisidir.
Pedaqoji yanaşmalar: karyera istiqamətində mühüm addımlar
Gənclərin ixtisas seçimi və gələcək planlamasında daxili istək və koqnitiv hazırlıq nə qədər önəmlidirsə, pedaqoji dəstək və düzgün yönləndirmə də bir o qədər həlledici rol oynayır. Bu səbəbdən məktəb yaşından tətbiq olunan karyera yönümlü təhsil modelləri şagirdin potensialını üzə çıxarmaqda və onun doğru qərar verməsinə şərait yaratmaqda əvəzsiz vasitəyə çevrilir.
Artıq bir çox inkişaf etmiş ölkələrdə karyera məsləhətçiliyi 16 yaşdan başlayaraq sistemli şəkildə həyata keçirilir. Bu proses yalnız sadə “hansı sahəyə marağın var?” sualı ilə kifayətlənmir. Əksinə, fərdi maraqların, bacarıqların və şəxsiyyət tipinin təhlili əsasında fərdi yönləndirmə proqramları hazırlanır. Məktəb mühitində psixoloq, müəllim və karyera məsləhətçilərinin əməkdaşlığı ilə gənclərə həm informasiya təqdim olunur, həm də seçimlərini reallığa uyğunlaşdırmaq imkanı verilir.
Bu mərhələdə nəzəri biliklərlə yanaşı, praktik öyrənmə üsulları da olduqca təsirli nəticələr verir. Gənclərin müxtəlif sahələrdə könüllü fəaliyyətlərə qatılması, qısamüddətli təcrübə proqramlarında iştirakı və ya iş kölgələmə (job shadowing) imkanlarından faydalanmasına, onların peşələri real mühitdə müşahidə etməsinə və seçimlərini konkret faktlara əsaslandırmasına şərait yaradır. Bu, yalnız gələcək karyera üçün deyil, eyni zamanda, məsuliyyət hissi, əmək bazarı anlayışı və sosial bacarıqların inkişafı üçün də son dərəcə faydalıdır.
Belə yanaşmalar sadəcə tələbənin “nəyi seçməliyəm?” sualına cavab axtarmasına deyil, həm də “niyə bu sahəni seçməliyəm?” sualının cavabını düşünməsinə və cavablandırmasına imkan yaradır. Nəticədə isə yetişən gənc yalnız biliklə silahlanmış deyil, həm də praktik təcrübə ilə zənginləşmiş və öz yolunu düşünülmüş şəkildə seçmiş bir fərd olur.
Peşə seçimi: qərar, yoxsa təsadüf?
Statistikaya görə, tələbələrin təxminən 30 faizi ali təhsilin ilk iki ili ərzində ixtisaslarını dəyişmək istəyir. Bu fakt ilkin qərarların nə qədər ciddi və düşünülmüş şəkildə verilməsinin vacibliyini bir daha sübut edir.
Bu prosesdə kommunikasiya mədəniyyəti əsas amillərdən biridir. Valideyn, müəllim və şagird üçbucağında açıq və anlayışlı bir dialoq qurulmadıqda gənc özünü tək, anlaşılmamış və təzyiq altında hiss edir. Halbuki düzgün yönləndirmə, fərdi xüsusiyyətlərə hörmət və psixoloji dəstək, gəncin potensialını üzə çıxarmaqda mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, ixtisas seçimi dövrü həm də ən yüksək stres yaşanan mərhələlərdən biridir.
Gənclər üçün ixtisas seçimi ani bir qərar deyil, düşünülmüş, mərhələli və dəyərlərə əsaslanan bir proses olmalıdır. Onların bu yolda müstəqil qərar verə bilməsi üçün ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan bir sistem kimi işləməlidir. Çünki doğru istiqamətləndirilmiş bir seçim təkcə bir fərdin deyil, bütün cəmiyyətin gələcəyini formalaşdırır.
Şəxsiyyət və ixtisas arasında harmoniya niyə vacibdir?
– Daxili motivasiya artır: İnsan yalnız özünü ifadə edə bildiyi, maraq duyduğu və şəxsiyyətinə uyğun sahədə inkişaf edə bilər.
– Peşəkar məmnuniyyət təmin olunur: Uyğun ixtisas seçimi işə sevgi və bağlılıq hissini artırır.
– Stres və emosional yanma sindromunun qarşısı alınır: Uyğun olmayan sahədə uzunmüddətli çalışmaq emosional tükənməyə gətirib çıxara bilər.
– Yaradıcılıq və məhsuldarlıq artır: İnsan maraqlandığı sahədə daha aktiv, yenilikçi və təşəbbüskar olur.
Şəxsiyyət tipinə görə ixtisas seçiminə gəlincə, amerikalı psixoloq John Hollandanın qənaətincə, insanlar altı əsas şəxsiyyət tipinə bölünürlər və hər biri üçün uyğun peşə sahələri mövcuddur. Şəxsiyyət tipləri bunlardır: realistik (praktik), intellektual (araşdırmaçı), incəsənət yönümlü, sosial insanlara kömək istəyi, sahibkar, ənənəvi (konvension).
Xüsusiyyətlərinə gəlincə, realistiklər texniki bacarıqlı, fiziki işə meyilli olurlar, onlara uyğun sahələr mühəndislik, mexanika və idmandır.
İntellektuallar analitik düşüncəyə malik olurlar, tədqiqat marağından dolayı elmi araşdırmalar, IT, akademiya onlar üçün uyğundur. İncəsənət yönlülərin şəxsiyyət tipi yaradıcılıqdır, özünüifadə arzusu onları dizayn, incəsənət, yazıçılığa istiqamətləndirə bilər. Sosial insanlara kömək etmək istəyənlərin şəxsiyyət tipinə müəllimlik uyğun gəlir, psixologiya və tibb müvafiq sahələrdir. Sahibkarlar liderlik, təşəbbüskarlıq xüsusiyyətlərinə malik olduqları üçün biznes, hüquq, menecment sahələrində uğurlu ola bilərlər. Ənənəvi (konvension) şəxsiyyət tipini daşıyanlar isə planlılıq, təşkilatçılıq xüsusiyyətlərinə malikdirlər, mühasibat, idarəçilikdə özlərini sınaya bilərlər.
İxtisas seçimi sadəcə gəlir mənbəyi deyil, həyatın mənalı hissəsini təşkil edən bir yoldur. Buna görə də seçdiyimiz sahənin şəxsiyyətimizlə uyğun olması həm şəxsi, həm də peşəkar həyatda uğurun açarıdır.
Bənövşə MƏMMƏDOVA,
Filologiya elmləri doktoru, dosent
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər