Bütün xəbərlər
17 mart, 12:01

Ömrünün 30 ili ETN-də keçən Leyla Ramazanova: “Özümlə bağlı düşüncələr məni qürurlandırdı, ruhlandırdı, kövrəltdi, sevindirdi”

O danışdıqca bir insanın əzmi ilə hara qədər gedə biləcəyi, nə qədər irəliləyəcəyi ilə bağlı fikirlər dolaşır beynində. “Sonra nə oldu?”, - deyə düşünüb həyatının növbəti mərhələsi ilə maraqlanırsan. Həyatı, fəaliyyəti ilə örnək təşkil edən bu hekayə 65 yaşını Elm və Təhsil Nazirliyi nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi-tədqiqat laboratoriyasında aparıcı mütəxəssis kimi tamamlayan Leyla Ramazanovanındır. Bəlkə inanmayacaqsınız, amma Leyla Ramazanova nazirlikdə işə başlayana qədər əczaçı olub. Sonra ali təhsil alıb və həyatının yönü dəyişib.

65 yaşını ETN-də qeyd etdi: “Heç bilmirdim ki, haqqımda belə düşünürlər”

İş yoldaşlarının sevimlisi olan aparıcı mütəxəssis 1995-ci ildən bəri çalışdığı yerdə ən böyük dəyəri gördü. Nazirliyin Aparat rəhbəri Mətin Kərimli başda olmaqla bütün həmkarları başına toplaşıb ona xoşbəxtliyin ən böyüyünü yaşatdılar. Təbrik etdilər, xoş sözlər söylədilər: “Hərəkət məhdudiyyətimi nəzərə alıb iş yoldaşlarım foyedə toplaşdı. Mənimlə bağlı maraqlı fikirlər söylədilər. Heç bilmirdim ki, haqqımda belə düşünürlər. Özümlə bağlı düşüncələr məni qürurlandırdı, ruhlandırdı, kövrəltdi, sevindirdi”.

Dediyinə görə, özünü 65 yaşında hiss etmir: “Deyirdilər, mən inanmırdım, sən demə insan yaşa dolduqca yaşını hiss etmirmiş. Mən də daxilən özümü 65 yaşındakı biri kimi hiss etmirəm. Sadəcə artan ağrılar, təsirini daha çox hiss etdiyim ağırlaşan xəstəliyim yaşımın üstünə yaş gəldiyini hiss etdirir. Getdikcə daha çox həssaslaşıram. 2 ildir ki, işə əlil arabasında gəlib-gedirəm”.

Əzələlərini iflic edən xəstəlik inamına təsir edə bilmədi

Leyla Ramazanova I qrup əlildir. Halbuki 1960-cı ildə Gəncədə sapsağlam doğulub. Həyatı 3 yaşından sonra dəyişib: “Yenicə doğulan qardaşıma baxmaqda çətinlik çəkən anam məni öz bibisi ilə Kürdəmirə göndərib. Müvəqqəti getdiyim bu evdəki insanlar sonradan ailəmə çevrildi, anamın bibisi bibim oldu. Həyatda ən böyük dəstəyi də məhz onlardan aldım. Pasportumu alanda rəsmi qaydada öz övladları kimi qeydiyyata saldırdılar”.

Yeni ailəsinə 3 yaşında qatılıb Leyla Ramazanova. Yoluxduğu xəstəlik onun olduğu qədər yeni ailəsinin də başlıca probleminə çevrilib: “Kürdəmirdə qaldığım vaxt poliomielit - sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən xəstəliyə yoluxmuşam. İndi də uşaqlarda rast gəlinən və yoluxucu olan bu xəstəlik həmin vaxt çox yayılıbmış. “Uşaq iflici” kimi də tanınan bu xəstəliyin nəticəsi mənim üçün ağır oldu. Elə hesab edin ki, həyata bir addım geridən başladım. Məktəbə belə gec getdim. Buna baxmayaraq, heç vaxt özümü həyata qarşı məğlub hiss etmədim”.

“Məktəbə gec başladım”, - deyən müsahibim ilk dəfə 1969-cu ildə parta arxasına əyləşib. Kürdəmir şəhər 1 nömrəli orta məktəbə gedəndə o, hərfləri bilir, sözləri oxuyurdu. Hələ məktəbə getmədən çox şeyi bibisindən öyrənmişdi: “İlk müəllimim bibim oldu. Məktəbdə müəllim mənə hərf-hərf oxumağı tapşıranda hərfləyə bilmirdim, birbaşa oxuyurdum”.

Fərqləndirilmək duyğusunun ağırlığı ilə Bakıda tanış oldu

Təhsilinə Bakıda davam etməsi həyatda bəzi şeyləri dərindən hiss etməsinə səbəb olub. Məsələn, Leyla Ramazanova ilk dəfə fərqləndirildiyini burada hiss edib. Keçirdiyi xəstəlik onu görünüşünə görə başqalarından fərqləndirirdi. Halbuki o, yaxşı oxuduğuna, musiqi istedadı və zövqünə, gözəl səsinə görə fərqlənmək istəyirdi, amma ətrafındakı insanlar onu fiziki görünüşünə görə ayırırdı: “Kürdəmirdə heç vaxt hiss etməmişdim bu fərqi. Heç kim məni başqalarından ayırmırdı. Müəllimlərim hamı kimi məni də danlayır, cəzalandırırdılar, yoldaşlarım mənə fərqli davranmırdılar. İlk dəfə fərqli münasibəti Bakıda hiss etdim. VIII sinifdən Kimya-biologiya təmayüllü məktəbə getdim. Hər gün dərsə hazırlıqlı gəlirdim, hansı müəllim ki, dərsimi soruşurdu, “5” yazırdı, amma çoxu məndən dərs soruşmur, bilik və bacarığımla maraqlanmadan birbaşa “3”lə qiymətləndirirdilər. Axırda etiraz etdim və biliyimin düzgün qiymətləndirilməsini tələb etdim. 4.5 balla məktəbi bitirdim”.

Əczaçı karyerası qısa sürdü

Kim olacağına ailəsi qərar verib: “Yaxşı səsim vardı, məktəb illərində tədbirlərdə də oxuyurdum. İncəsənət sahəsinə getməyə ailəm icazə vermədi. Onların israrı ilə Əczaçılıq texnikumuna daxil oldum”.

Təhsilini bitirib aptekdə işə başlayıb: “Məni Bakıda tək qoymamaq üçün ailəm də Bakıdan ev alıb bura köçdü. Suraxanıdan aldıqları evdən Bakıdakı aptekə gedib-gəlmək çətin olduğundan işdən çıxmalı oldum və 4 il işləmədim. Sonra Suraxanıda bir aptekdə işə başladım. Buradakı işim isə cəmi 5 il çəkdi”.

Əczaçılıq ona görə deyildi, özünü burada görmürdü: “Məktəbdə məndən pis oxuyanlar ali təhsil alır, inkişaf edir, uğur qazanırdılar, bəs mən? Özümdən tez-tez soruşurdum ki, hamıdan yaxşı oxuduğum halda təhsilimi niyə davam etdirməməliyəm? Ailəm də hər zaman oxumağımı istəyirdi. Təhsil almağım üçün nə lazımdısa, edirdilər. Bu dəfə də mənə dəstək oldular. AZİ-nin (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) Tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum. Mən “Mühəndis riyaziyyatçı” ixtisasını bitirəndə artıq təyinat ləğv edilmişdi. Bir müddət işsiz qaldım. Daha ora müraciət etmədim. Sonra təhsil naziri Lidiya Rəsulovanın qəbulunda oldum. O məni yaxşı oxuyan əlil tələbə kimi tanıyırdı. Elə yadımdadır ki, zalda hər kəsi qəbul edirdi. Məni qəbul edib dinlədikdən sonra işə götürülməyimlə bağlı qərar verdi. Elm və Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başladım, sonra mühəndis proqramçı, böyük elmi işçi vəzifəsinədək yüksəldim”.

ETN-də keçən 30 il ömrünün ən dəyərli hissəsidir

Hazırda aparıcı mütəxəssis olan Leyla Ramazanova deyir ki, əzmkarlığı sayəsində qazandığı illər getdikcə daha da kövrəkləşən xatirələrə çevrilir. Elm və Təhsil Nazirliyində keçən 30 ili isə ömrünün ən dəyərli hissəsi, fəaliyyətinin qızğın çağı sayır. Elmin inkişafına verdiyi əməyi ilə daha çox qürurlanır. 

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.