
“Azərbaycan müəllimi” qəzeti, 26 yanvar 1968-ci il, №8
Şamxor rayonunun xalq hakimi H.Hüseynov "Azərbaycan gəncləri" qəzetinin 2 dekabr 1967-ci il tarixli nömrəsində dərc edilmiş məqaləsində xuliqanlıq etmiş 17 yaşlı B.Abbasəliyevin məhkəmə prosesində pedaqoji kollektivin nümayəndəsi ilə apardığı belə bir sual-cavabı misal gətirir:
– Şagird Bəylər Abbasəliyevin əxlaqı barədə nə deyə bilərsiniz?
– O, xuliqandır... Şuluq və intizamsız şagirddir...
– Əgər Bəylər Abbasəliyev intizamsız şagirddirsə, nə üçün oxuduğu bütün illər ərzində onun əxlaqına bütün illər ərzində "beş" qiyməti verilmişdir?
– “Ümumi qayda belədir”, – deyə müəllim cavab verir. Şagirdin əxlaqına aşağı qiymət vermək olmaz.
– Niyə?
– Çünki belə halda şagird məktəbdən xaric edilir.
– Deməli, şagirdin əxlaqı yalnız "beş"ə layiq olmalıdır?
Bəli.
Doğrudan da, məktəblərdə intizam qaydalarını pozan, hətta müəllimlərə qarşı kobud rəftar edən, məktəb əmlakını korlayan, dərslərin gedişini pozan şagirdlər olur. Lakin bu, onların əxlaqdan aldıqları qiymətə təsir etmir. Bir qayda olaraq, özünü ləyaqətlə aparan şagirdlərə də, intizamsız, ədəbsiz şagirdlərə də əxlaqdan "5" qiymət verilir. Bu, intizamsızlıq edən şagirdə və onun valideyninə düzgün istiqamət verməyə mane olduğu kimi, intizamlı şagirdlərdə də əxlaq qiymətlərinin obyektiv olmaması barədə fikir oyadır. Şagirdlər bilirlər ki, əla və yaxşı oxuyanlara "5", "4", pis oxuyanlara "2", "1" qiymətləri verilir. Bəs nə üçün həm intizamlı, həm də intizamsız şagirdlərə "5" qiymət yazılsın?
Onlar öz kiçik mühakimələri ilə hələ aşağı siniflərdən bu nəticəyə gəlirlər ki, məktəbdə və məktəbdən kənarda özünü yaxşı və pis aparmağın əxlaq qiymətinə təsiri yoxdur.
Bu hal müəllimləri də pis vəziyyətdə qoyur: onlar da rüblük qiymət cədvəlində intizamsız şagirdə əxlaqdan "5" qiymət yazanda, intizamlı şagirdlərə qarşı ədalətsiz hərəkət etdiklərini hiss edirlər.
Əxlaq qiymətlərinin verilməsində formalizm nəticəsində bu qiymətlər məktəblərdə şagirdlərin əxlaqını yaxşılaşdırmaqda öz təsirini tamam itirmişdir.
Bunun səbəbi nədir? Doğrudanmı bəzi müəllimlərin düşündüyü kimi, intizamsız şagirdin əxlaq qiymətini aşağı salmaq olmaz? Əxlaqdan ancaq bir qiymət – "5" qiyməti vardır?
Xeyr! Maarif Nazirliyinin intizam tərbiyəsi haqqında verdiyi bir əmrdə əxlaqdan dörd ballı qiymət müəyyən edilmişdir. Bu əmrdə özünü qüsursuz aparan şagirdə əxlaqdan "5", "Şagirdlər üçün qaydaları" nəzərə çarpacaq dərəcədə pozan şagirdə əxlaqdan "4", həmin qaydaları ciddi şəkildə pozmuş şagirdə əxlaqdan "3" qiymət vermək təklif olunur və bu sonuncu qiymət həmin şagird üçün məktəbdən xaric edilmək haqqında xəbərdarlıqdır. Əxlaqdan "2" qiymət alan şagird isə məktəbdən qovulur.
Bu əmrin nəşrindən 15 ildən çox keçir. Lakin bu müddət ərzində əxlaq qiymətlərinin verilməsi barədə Maarif Nazirliyi tərəfindən bir dəfə də olsun rəsmi göstəriş verilməmişdir. Ona görə də bir çox müəllimlər əxlaq qiymətlərinin yuxarıda göstərilən kriteriyalarından xəbərdar deyillər. O biri tərəfdən, bu kriteriyalar özü çox ümumidir. Kim deyə bilər ki, "Şagirdlər üçün qaydaları", "nəzərə çarpacaq dərəcədə pozmaq" və "ciddi surətdə pozmaq" arasında nə fərq vardır? Və ümumiyyətlə, bu anlayışlar konkret olaraq hansı intizamsızlıqları ifadə edir? Bir pedaqoq - yoldaşla dalaşmağı ciddi pozuntu, o birisi - nəzərə çarpacaq pozuntu hesab edir, üçüncüsü bunu çox yüngül intizamsızlıq hesab edə bilər; biri — partanı bıçaqla cızmağı ciddi qüsur, o birisi isə nəzərə çarpacaq qüsur hesab edə bilər və s.
Əxlaq qiymətləri kriteriyalarının belə qeyri-dəqiq şəkildə ifadə edilməsi ilə bərabər, həmin əmr üzrə onun şagirdlərə verilməsi qaydası da qüsurludur. Bu əmrə əsasən əxlaqdan qiymət şagirdlərə məktəbin pedaqoji şurası tərəfindən rübdə bir dəfə verilir. Bu qayda əxlaq qiymətlərindən rüblər arasında cari qiymət kimi istifadə etməyə imkan vermir və bununla da onun təsir qüvvəsi məhdudlaşdırılmış olur. Başqa sözlə desək, əxlaq qiymətlərinin yalnız pedaqoji şura tərəfindən verilməsi gündəlik tərbiyə sinif rəhbərlərinin əxlaq qiymətlərindən bir təsir vasitəsi kimi istifadə etmək imkanını aradan qaldırır.
Bu dediklərimizdən belə nəticə çıxır ki, əxlaq qiymətləri haqqında mövcud kriteriyalar və onların verilmə qaydası qüsurludur. Təsadüfi deyildir ki, bir çox pedaqoqlar bu vəziyyəti hiss edir və mətbuatda çıxış edərək bu vəziyyətə son qoyulmasını tələb edirlər. Keçən il "Uçitelskaya qazeta"da bu barədə müəllim və valideynlərdən bir neçəsinin məktubu dərc edilmişdir. "Azərbaycan müəllimi" qəzetinə də müəllimlərdən bu xüsusda məktublar gəlir. Lakin hələlik bu, əməli bir nəticə vermir.
Biz hələ 1964-1965-ci dərs ilindən etibarən əxlaq qiymətlərinin təsirini qüvvətləndirmək tədbirləri üzərində işləyirik. Bu işin ilk nəticələri "Azərbaycan məktəbi" jurnalının 1966-cı il 1-ci nömrəsində dərc edilmişdir. 1967-ci ilin sonunda biz bu xüsusdakı pedaqoji eksperimentimizi yekunlaşdırmışıq.
Pedaqoji eksperimentimizi şagirdlərin əxlaq qiymətlərini konkretləşdirməkdən başladıq. Aydınlaşdırdıq ki, əslində məktəblərdə şagirdlərin əxlaqına yox, intizamına qiymət verilir. Məlum olduğu kimi, əxlaq geniş anlayışdır və bura vətənə sədaqət, xalqlar arasında dostluq, əməyə münasibət, insanpərvərlik və s. daxildir. Uşağın əxlaqına qiymət verən pedaqoji şura isə şagirdlərin davranışında bu keyfiyyətlərə görə yox, başlıca olaraq onun intizamına görə qiymət verir.
Vaxtilə rusca “поведение” (davranış) sözünü səhvən “əxlaq” kimi, “оценка за поведение” ifadəsini isə “əxlaq qiyməti” kimi tərcümə etmişlər; o vaxtdan bu səhv ümumi pedaqoji terminologiyada özünə yer tutmuşdur.
Əslində isə biz şagirdlərin yalnız intizamına qiymət veririk. Lakin oxucunu çaşdırmamaqdan ötrü bu məqaləmizdə “əxlaq qiyməti” terminindən istifadə edirik.
Əxlaq qiymətlərinin yeni kriteriyalarını daha konkret şəkildə işləyərkən bunu nəzərə aldıq və şagirdlərdə intizam və intizamsızlığın nələrdə ifadə olunduğunu müəyyən etdik. Bu nəticəyə gəldik ki, şagirdlərin intizamlı olması onların məktəbdəki daxili qaydalara əməl etmələri, növbətçilik vəzifəsini yerinə yetirməsi, müəllimlərə, valideynlərə və yoldaşlarına hörmətli münasibət bəsləməsi, ictimai mülkiyyətə düzgün münasibət göstərməsi, küçədə, ictimai yerlərdə ümumyaşayış qaydalarına əməl etmələrində ifadə olunur.
Bu əsasda şagirdin həmin tələblərə nə dərəcədə riayət etmələrinə görə əxlaqdan “5”, “4”, “3” və “2” qiymətlər üçün konkret meyarlar işləyib hazırladıq. Bu kriteriyalar aşağıdakılardır:
“5” (əla) qiyməti:
Məktəbdə qoyulmuş qaydalara, müəllimlərin və növbətçinin tələblərinə sözsüz və nümunəvi surətdə əməl edən, növbətçiliyi və üzərinə düşən digər vəzifələri ləyaqətlə yerinə yetirən, müəllimlərə və yaşlılara hörmət edən, yoldaşları ilə səmimi dolanan, onlara yardım edən, məktəb avadanlığının qorunması qeydinə qalan, küçədə və ictimai yerlərdə özünü ləyaqətlə aparan, intizamsız yoldaşlarını pis əməllərdən çəkindirməyə çalışan, pedaqoji heyət və məktəbin şagird təşkilatları tərəfindən cəza almamış şagirdlərə verilir.
“4” (yaxşı) qiyməti:
Müəllimlərin tələblərini yerinə yetirən, müəllimlərə və yoldaşlarına hörmət edən, məktəb avadanlığını korlamayan, qoyulmuş qaydalara əsasən əməl edən, lakin arabir bu qaydaları pozan (məsələn, tək-tək dərsə gecikən, növbətçilik vəzifəsini hər zaman səliqəli aparmayan, bəzən növbətçinin tələblərini yerinə yetirməyən), küçədə və ictimai yerlərdə əsasən özünü ləyaqətlə aparan, sinif rəhbəri və ya sinif təşkilatı tərəfindən yüngül cəza almış şagirdə verilir .
“3” (orta) qiyməti:
Məktəbin daxili qaydalarını tez-tez pozan, bir həftə ərzində iki-üç kobud intizamsızlığa yol verən (məsələn, müəllimlərini və yoldaşlarını aldatmağa, oxuduğu məktəbin və sinif kollektivinin mənafeyinə zidd hərəkət etmək), məktəb avadanlığına qayğısız münasibət bəsləyən, növbətçiliyi və başqa vəzifələri səhlənkarcasına yerinə yetirən, valideyni tez-tez məktəbə çağırılan. Küçədə və ictimai yerlərdə intizamsızlığa yol verən, məktəbin müəllim heyəti və ümumməktəb şagird təşkilatı tərəfindən həmin həftə cəza alan şagirdlərə verilir.
“2” (pis) qiyməti:
Şagirdlər üçün müəyyən edilmiş qaydaları kobud şəkildə pozan, müəllim və növbətçilərin tələblərinə laqeyd münasibət göstərən, yoldaşlarını təhqir edən, məktəb avadanlığını xarab edən və bununla əlaqədar olaraq məktəb rəhbərliyi və ümumməktəb şagird təşkilatları tərəfindən şiddətli cəza almış şagirdlərə verilir. Lakin onu da qeyd etməliyik ki, bizim eksperimentdə intizamdan “2” alan şagirdlər məktəbdən qovulmur, onlarla xüsusi tərbiyə işi aparılır.
Biz əxlaq qiymətlərinin daha ətraflı kriteriyalarını işləməklə bərabər, həm də bu qiymətlərin verilməsinin yeni qaydalarını müəyyən etdik. Bu qaydaya görə əxlaq qiymətlərinin yeni meyarları şagirdlərə və valideynlərə izah edildikdən sonra bu qiymətlər sinif rəhbəri tərəfindən şagirdlərə hər həftədə bir dəfə sinfin qarşısında verilir və şagirdlərin gündəliyinə və sinif jurnalına əlavə edilmiş səhifəyə yazılır.
Bu zaman sinif rəhbəri əxlaqdan qiyməti “4” və daha aşağı olan şagirdlərin həftə ərzindəki davranışını kriteriyalar əsasında sinif qarşısında qısa xarakterizə edir. Bu xarakteristika obyektiv olmaqdan ötrü sinif rəhbəri şagirdlərin davranışı haqqında özünün müşahidə dəftərində qeydlər aparır, əsas faktları yazır.
Əxlaqdan rüblük qiymətlər bizm də eksperimentimizdə məktəbin pedaqoji şurasında verilir, lakin bu qiymətlər sinif rəhbərinin təqdimatı ilə həftəlik qiymətlər əsasında çıxarılır.
Əxlaq qiymətləri yarımil bu qayda ilə verildikdən sonra sinif rəhbəri tədricən əxlaq qiymətlərinin verilməsi prosesinə sinfin şagird kollektivini də cəlb edir. Əvvəlcə ayrı-ayrı şagirdlər haqqında öz qiymətini verərkən o sinfin də rəyini öyrənir. Sinfin obyektiv qiymət vermək üçün yetişdiyini yəqin etdikdə sinif rəhbəri əxlaq qiymətlərinin verilməsinə sinfi daha yaxından cəlb edir. Lakin bu zaman da əxlaq qiyməti haqqında son qərarı özü verir.
Biz bu pedaqoji eksperimenti 1964-1965-ci dərs ilindən aspirant (APİ-nin müəllimi) R.Dərziyevanın köməyi ilə Bakının 31 və 190 nömrəli məktəblərində, Qazaxın iki məktəbinin və Neftçala məktəbinin ibtidai siniflərində apardıq. 1966–1967-ci illərdə bir sıra rayon məktəblərinin (Ağdam şəhər 1 nömrəli, İsmayıllı qəsəbə məktəbi, Füzuli rayonundakı S.M.Kirov adına, Göyçay şəhər 3 nömrəli, Xanlar rayonundakı yenikənd məktəbinin) yuxarı siniflərində də tətbiq etdik.
Eksperimentin nəticələri nə göstərdi?
Əvvəldən qeyd etməyi lazım bilirik ki, eksperimentlə məşğul olan bütün müəllimlər əxlaqdan yeni kriteriyalar əsasında sinif qarşısında həftəlik qiymətlərin verilməsinin özünü tamamilə doğrultduğunu yekdilliklə təsdiq edirlər.
Əlimizdə olan 3-4 illik eksperiment materialları (müəllimlərin müşahidə dəftərləri, əxlaqdan həftəlik və rüblük qiymət cədvəlləri, şagirdlərin, valideynlərin rəyləri və s.) göstərir ki, əxlaq qiymətlərinin müəyyən etdiyimiz qayda ilə verilməsi ilk 2–3 həftədə şagirdlərə öz müsbət təsirini göstərir: əxlaqdan “4” və “3” qiymətləri ciddi sürətlə azalır. Bəzi siniflərdə isə rübün sonunda, çox olsa, 2–3 nəfər “4” qiymət alan, bəzən də 1–2 nəfər “3” qiymət alan olur.
Sinif rəhbəri, digər məktəb təşkilatları əxlaqdan aşağı qiymət almış şagirdlərlə fərdi işlər aparmaqla rübə doğru onlar da islah olunurlar. Xüsusən intizamsızlıq edən şagird əxlaqdan qiymət verilən vaxt, sinif yoldaşları tərəfindən tənqid olunur. Çox zaman belə şagirdlər sinif kollektivinə bir daha qaydaları pozmayacağını vəd edir və bu vədə sadiq qalırlar.
Əxlaq qiymətlərinin verilməsi üçün biz tətbiq etdiyimiz yeni qaydanın müsbət nəticə verməsinin əsas səbəblərini biz aşağıdakılarda gördük:
1. Əxlaq qiymətləri kriteriyalarının konkretliyi şagirdlərdə davranışlarına verilən tələblər haqqında aydın təsəvvür yaradır və onlar həmin hərəkətləri üçün aşağı qiymət alacaqlarına inanaraq, öz üzərlərində nəzarətləri artırırlar.
2. Əxlaq qiymətlərinin hər həftə verilməsi həm şagirdlərin, həm də sinif rəhbərinin bu qiymətlərə diqqətini artırır: sinif rəhbəri şagirdlərin gündəlik davranışı üzərində nəzarəti artırmağa, onları müntəzəm surətdə ayırmağa və intizamsız şagirdlərlə fərdi iş aparmağa təhrik olunur, eksperimentin şərti üzrə əxlaqdan “4” və daha aşağı qiymət alan şagirdlərlə fərdi tərbiyə işləri gücləndirilməlidir.
3. Bütün şagird kollektivinin hər bir şagirdin əxlaqına qiymət verilməyə cəlb edilməsi intizamı pozan şagirdlərə ciddi təsir göstərir, eyni zamanda şagird kollektivinin nüfuzunu artırır.
4. Əxlaqdan rüblük qiymətlərin həftəlik qiymətlər əsasında verilməsi onun obyektivliyini artırır və valideynləri hər həftə övladlarının intizam tərbiyəsi ilə daha yaxından məşğul olmağa sövq edir.
Əxlaq qiymətlərinin yeni kriteriyaları və yeni qaydaları yaxşı nəticələr verir.
Əxlaq qiymətlərini təsirli tərbiyə vasitəsinə çevirmək vaxtı çoxdan çatmışdır. Fikrimizcə, hazırlayaraq təcrübədən keçirdiyimiz əxlaq qiymətlərinin kriteriyaları və onları verməyin yeni qaydaları bu vəzifənin həllinə kömək edə bilər.
M.Muradxanov,
professor
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər