
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün 2025-ci ilin payız semestrindən etibarən beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur. “SABAH.academy”nin dəstəyi ilə universitetdə “Sahibkarlığın əsasları və biznesə giriş” fənni tədris ediləcək. Bu təşəbbüs tələbələrə sahibkarlıq bacarıqları qazandırmaq və onları real biznes mühitinə hazırlamaq məqsədi daşıyır.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, fənnin ən mühüm üstünlüklərindən biri onun akademik heyətidir. Mühazirələr dünyanın nüfuzlu ali məktəblərindən biri olan “IE Business School” professorları tərəfindən aparılacaq. Seminar dərsləri isə Azərbaycanın startap ekosistemində fəaliyyət göstərən yerli ekspertlər tərəfindən keçiriləcək. Dərslər tamamilə ingilis dilində və əyani formatda təşkil olunacaq.
Yeni fənn yalnız İqtisadiyyat və menecment fakültəsi ilə İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin II və III kurs tələbələri üçün açıqdır. Müraciət üçün minimum B1 səviyyədə ingilis dili biliyi tələb olunur.
Proqram bir semestr (15 həftə) davam edəcək. Tədris prosesi çərçivəsində tələbələr sahibkarlıq düşüncə tərzini mənimsəyəcək, biznes ideyasının yaranmasından onun həyata keçirilməsinə qədər olan mərhələləri praktiki şəkildə öyrənəcəklər. Komanda qurmaq, resursları səmərəli idarə etmək və real biznes layihəsi hazırlamaq kimi bacarıqlara nail olmaq da fənnin tədrisinin əsas məqsədləri sırasındadır.
Fənni uğurla başa vuran tələbələr “SABAH.academy” və “IE Business School” tərəfindən birgə sertifikatla təltif olunacaqlar. Eyni zamanda, kurs üzrə qazandıqları nəticələr müvafiq akademik kreditlə əvəzlənəcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər