Bütün xəbərlər
9 sentyabr, 16:03

Məlum olduğu kimi, bu yaxınlarda Çilinin Santyaqo şəhərində Dünya Müəllimləri Sammiti keçirilib. UNESCO-nun rəhbərliyi, Çili hökumətinin ev sahibliyi ilə təşkil olunan sammit iştirakçıları müəllim peşəsini yenidən kəşf etmək və dəstəkləmək öhdəliyi götürüblər. “SDG4–Education 2030” Ali Səviyyəli İdarəetmə Komitəsinin iclası ilə birgə keçirilən sammitdə dünyanın 40-dan artıq ölkəsindən olan təhsil nazirləri, təhsil idarəçiləri, müəllimlər, siyasi təşkilat və icmaların rəhbərləri Santyaqo Konsensusu – müəllim siyasətini gücləndirmək və onların davamlı maliyyələşdirilməsini təmin etmək üçün UNESCO-nun tövsiyələrinə əsaslanan konkret prinsiplər və tədbirlər planını qəbul ediblər. 

Liderlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü hədəfinin (Keyfiyyətli təhsil) inkişafına və təhsilin transformasiyasına təkan vermək məqsədilə inklüziv tərəfdaşlıqların və davamlı investisiyaların vacibliyini vurğulayan çoxtərəfli yanaşmaya sadiqliyin bərpası üçün güclü mesaj veriblər.   

Tədbirin açılışında çıxış edən Çili prezidenti Qabriel Boriç sammitin missiyasını belə ifadə edib: “Biz təkcə ölkələrimiz üçün deyil, bütün dünya üçün təhsili təkmilləşdirmək öhdəliyimizi qoruyacağıq. Çünki oğlan və ya qızlar toplama-çıxmanı və ya öz tarixini öyrənəndə o, həm də dünyanın daha yaxşı gələcəyini təmin edən uşaq olur”.

2030-cu ilə qədər 44 milyon əlavə müəllimə ehtiyac var

UNESCO-nun “Müəllim peşəsinin dəyəri və maliyyələşdirilməsi” adlı yeni hesabatında vurğulandığı kimi, dünyanın hər bir regionunda müəllimlərin kütləvi çatışmazlığı keyfiyyətli təhsilə çıxışı təhlükə altına qoyur. UNESCO-nun Müəllimlər üzrə İşçi Qrupunun hesabatına əsasən, hamı üçün universal ibtidai və orta təhsilə nail olmaq üçün 2030-cu ilə qədər 44 milyon müəllim işə götürülməlidir. Bu rəqəm ixtisaslı mütəxəssisləri təhsilə cəlb etmək, hazırlamaq və məktəbdə saxlamaq üçün təcili ehtiyacı vurğulayır. Bunun üçün maaşları artırmaq, iş şəraitini yaxşılaşdırmaq və müəllimləri sürətlə dəyişən dünyaya hazırlamaq üçün real imkanlar yaratmaq lazımdır. Bu hədəf 2030-cu ilə qədər müəllimlərin maaşlarını ödəmək üçün hər il 120 milyard ABŞ dollar həcmində xərc deməkdir, halbuki bəzi ölkələr hələ də keçmişdə razılaşdırılmış investisiya öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. 

Bu arada, müəllim peşəsi dərin böhranla üz-üzədir: ibtidai müəllimin işdən çıxarılması, peşəni tərk etmə faizi – 2015-ci ildə 4,6%-dən, 2022-ci ildə 9%-dən çox olub.

Keyfiyyətli təhsilə nail olmaq

Dünya Sammitində iştirak edən BMT Baş katibinin müavini Amina Mohammedin çıxışında qeyd edib ki, 2030-cu ilə qədər keyfiyyətli təhsilə nail olmaq üçün daha 44 milyon müəllimin işə cəlb edilməsi və maaş fərqinin aradan qaldırılması vacibdir. A.Mohammedin bildirib ki, tədbirin Santyaqoda keçirilməsinin simvolik mənası var. “Bu ölkə dünyaya Qabriela Mistralı bəxş edib. O, cəmi 15 yaşında müəllimliyə başlamış və Latın Amerikasının ilk Nobel mükafatlı yazıçısı olmuşdur. Qabriela Mistral bu gün müzakirə etdiyimiz həqiqəti sübut edib: müəllimlər insan potensialının katalizatorlarıdır”. 

BMT rəsmisi bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq öhdəliyimizi sürətləndirmək üçün yolumuza 2022-ci ildə BMT Baş katibinin təşəbbüsü ilə keçirilən Təhsilin Dəyişdirilməsi Sammitində başladıq. Bu dönüş nöqtəsi beş əsas sahədə hərəkət üçün zəmin yaratdı: inklüziv məktəblər, bacarıqlar və öyrənmə, rəqəmsal transformasiya, təhsilin maliyyələşdirilməsi və ən vacibi – təhsilin transformasiyasının müəllim peşəsinin transformasiyası olmadan mümkün olmadığını qəbul etmək. BMT-nin Müəllim Peşəsi üzrə Yüksək Səviyyəli Paneli hökumətləri, UNESCO-nu, müəllim təşkilatlarını, gəncləri və ekspertləri bir araya gətirib və ötən il müəllimlərin işə qəbulu, hazırlanması və saxlanmasına dair əhəmiyyətli tövsiyələr təqdim edib. Bu, əsl fəaliyyət planıdır.

Ambisiyalarımızla reallıq arasında uçurum böyüyür

A.Mohammedin qeyd edib ki, BMT və üzv dövlətlərin səylərinə baxmayaraq ambisiyalarımızla reallıq arasında uçurum böyüyür. Bu gün tarixdə heç vaxt olmadığı qədər uşaq məktəbdədir, lakin bu, gerçəkliyi ört-basdır edir, irəliləyiş qeyri-bərabərdir və yüz milyonlarla uşaq geridə qalıb. Məsələn, yüksək gəlirli ölkələrdə məktəb yaşında olan uşaqların yalnız 3%-i məktəbdən kənardadır. Lakin aşağı gəlirli ölkələrdə bu göstərici tam 36%-dir. Bu uşaqların üçdə birindən çoxu Afrika-Saharyanı bölgədə yaşayır. Dünyada 85 milyon məktəbdən kənarda olan uşağın yarısına yaxın hissəsi cəmi beş ölkədədir: Sudan, Əfqanıstan, Efiopiya, Pakistan və Konqo Demokratik Respublikası. 

A.Mohammedin öz təcrübəsindən maraqlı fakta diqqət çəkib: “Öz ölkəmdə (Nigeriyada) bir vaxtlar təhsil nazirini, özü də sabiq müəllim idi, məktəblərin real vəziyyətinə inandırmağa çalışırdım. Onu razı salmağın yeganə yolu bir sinfə aparmaq və dərs keçməsini ondan xahiş etmək oldu. 15 dəqiqə ərzində o sarsıldı – döşəmədəki deşiklərdən, bir sinfə yığılan 140 uşağın şəraitindən, su və sanitar qovşağın olmamasından dəhşətə gəldi. Onun sifətindəki şok hissi mənə bir həqiqəti xatırlatdı: siyasətçilərlə real sinif otaqları arasında əlaqə yoxdursa, islahatlar uğursuz olur. Tez-tez islahatlar uğursuz olur, çünki onlar mədəniyyət amilini nəzərə almır. UNESCO-nun İndoneziyadakı mədrəsələrlə apardığı iş göstərdi ki, dini və mədəni reallıqları nəzərə almaq uğur üçün açardır. Bu, Əfqanıstanda qadın və qızların təhsilinin qadağan olunduğu şəraitdə bizə ciddi dərs verir. Bu hekayələr konkret yerlərə aid olsa da, universal bir çağırışı əks etdirir. Dünyanın hər yerində müəllimlər artıq həddindən çox yükləniblər, yetərli dəstək almırlar və sayı da yetərli deyil”.

Müəllimlik qadınların üstünlük təşkil etdiyi peşədir

Onun sözlərinə görə, gender bərabərsizliyi xüsusi diqqət tələb edir, çünki bu, müəllimlik peşəsinin əsasına zərbə vurur. Müəllimlik qadınların üstünlük təşkil etdiyi peşədir. Onlar gündüz başqalarının uşaqlarını öyrədir, axşam evdə öz ailələrinin qayğısını çəkirlər. Çox sayda bacarıqlı qadın müəllim öz ailəsinə baxmaq üçün karyerasını dayandırmağa məcbur qalır. Eyni zamanda biz daha uzun və sağlam yaşayırıq. Bu, bir nemətdir, lakin eyni zamanda ömürboyu öyrənənlərin sayının artması ilə müəllimlərə əlavə təzyiq yaradır.

“Çox sayda gənc müəllim ilk illərində peşəni tərk edir – səbəblər: aşağı maaş, ağır iş yükü, peşəkar inkişaf imkanlarının məhdudluğu, texnologiya üzrə hazırlığın olmaması və müəllimə dəyər verilməməsi. Axırda isə biz müəllimlərdən mümkünsüzü gözləyirik: gələcəyi yaratmaq üçün onlara lazım olan vasitələr, etimad və şərait olmadan. Bu istedad axını elə bir vaxtda baş verir ki, biz bunu əsla qarşılaya bilmərik. 2030-cu ilə qədər tələb olunan müəllimlərin maaşı üçün ildə 120 milyard dollar vəsait lazımdır. Lakin hazırda bu sahədə ciddi maliyyə çatışmazlığı mövcuddur. Çox sayda ölkədə borc ödənişləri təhsilə qoyulan investisiyanı boğur. Dünyada əhalinin 40%-dən çoxu elə ölkələrdə yaşayır ki, orada hökumətlər təhsil və səhiyyədən daha çox borc faizinə pul xərcləyir. 2023–2027-ci illər arasında təhsilə beynəlxalq yardımın 25% azalacağı proqnozlaşdırılır. Bu yardım artıq ötən il 12% azalıb. Biz bu boşluğu dərhal aradan qaldırmalı və innovativ maliyyələşməni artırmalıyıq”.

Müəllim böhranına son qoyacaq 5 seçim

A.Mohammedin qeyd edib ki, qarşıda kəskin bir seçim dayanır: ya indi hərəkətə keçəcəyik, ya da müəllim böhranının dərinləşməsini izləyəcəyik. Bu seçim beş əsas hərəkət sahəsinə əsaslanır:

1. Peşənin nüfuzunu artırmaq

Yüksək Səviyyəli Panelin tövsiyələrini tam şəkildə həyata keçirin: ədalətli maaş, sabit müqavilələr, təhlükəsiz iş yerləri, idarəolunan siniflər, bacarıqların artırılması və yenidən bacarıqların artırılmasına investisiyalar və aydın karyera yollarını təmin edin.

2. Təhsili maliyyələşdirmək

Ölkələr öz milli büdcələrində təhsili birinci yerə qoymalıdır. Bu, yerli təhsilin maliyyələşdirilməsini qorumaq və genişləndirmək deməkdir. Müəllimlərin işə qəbulunu davam etdirmək üçün əlverişli maliyyə vacibdir. Və pandemiya kimi böhran vəziyyətlərində olduğu kimi, maaşları dəstəkləmək üçün “Fövqəladə Hallar üzrə Qlobal Müəllim Fondu” yaratmağı düşünməliyik ki, belə hallar baş verəndə öyrənmə çökməsin.

3. Gender bərabərliyi 

Çox ölkələrdə müəllimlərin əksəriyyəti qadınlardır, buna baxmayaraq, qadınlar qərar qəbul etmə prosesində çox vaxt iştirak etmirlər. Qadın liderliyinin tanınması və yüksəldilməsi sistemləri gücləndirir və hər bir uşaq üçün nəticələri yaxşılaşdırır.

4. Rəqəmsal keçiddə müəllimləri mərkəzə qoymaq

Biz müəllimləri inklüziv rəqəmsal keçidin mərkəzinə qoymalıyıq. Biz süni intellektin (AI) əmək bazarını əsaslı şəkildə yenidən formalaşdıracağı yeni bir dövrə qədəm qoyuruq. Tələbələri nə üçün hazırladığımızı bilmiriksə, onları necə hazırlaya bilərik? Tədris vasitələri gözümüzün qabağında dəyişir. Texnologiya dəyişir, lakin müəllimlər bu dəyişikliyə hazır deyillər. UNESCO-nun süni intellektə dair qlobal tövsiyələri insan faktorunu prioritet edir. Müəllimlər bu keçiddə lider olmalıdırlar.

Həddindən artıq çox sinif otaqları əlilliyi olan uşaqlara xidmət göstərmək üçün təchiz olunmamış qalır və müəllimlərdə texnologiyanın potensialından istifadə etmək üçün inam yoxdur. Biz müəllimləri bütün öyrənənlər üçün nəzərdə tutulmuş rəqəmsal alətlərin inamlı həmyaradıcılarına çevirən təlimə sərmayə qoymalıyıq. 

5. Ən çətin şəraitdə müəllimləri dəstəkləmək

Biz müəllimləri ən çətin yerlərdə dəstəkləməliyik. Qəzzada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) müəllimləri uşaqlara təhsil verərkən öldürülüb. Sudanda zorakılıq gücləndikcə müəllimlər şagirdləri öz himayələrinə alırlar. Ukraynada pedaqoqlar bomba sığınacaqlarında və zirzəmilərdə dərs keçirlər. Dünyadakı onlarla münaqişə zonasında məktəblər dağıntılar altındadır, müəllimlər həyatlarını riskə ataraq təhsili yaşatmağa çalışırlar. Bu pedaqoqlar uşaqlar üçün normal həyat şəraiti yaradırlar, çoxları bunu həyatı bahasına edir. Biz onlara heyranlığımızdan daha çox borcluyuq,  bu nəcib işi davam etdirmək üçün onlara müdafiə, resurslar və sarsılmaz dəstək verməyə borcluyuq.

Biz nə etmək lazım olduğunu bilirik

BMT rəsmisi vurğulayıb ki, bu sammit həm də hesabatlılıq deməkdir. “Biz nə etmək lazım olduğunu, nə qədər vəsait tələb olunduğunu da bilirik. Yol xəritəsi də var. İndi dünyanın ehtiyacı olan yeni vədlər deyil, real icradır. 

Keyfiyyətli təhsil DİM-lər və 2030 Gündəliyində arzuladığımız hər şeyin – sağlam həyat, sağlam planet, imkanlar, bərabərlik və sülhün təməlidir. Müəllimlər olmadan bunların heç biri mümkün deyil. 

Müəllimlər yaşıl və rəqəmsal transformasiya dövrünə uyğun bacarıqlara sahib gələcək işçi qüvvəsini formalaşdırır. BMT bu məqsədlə “Ədalətli keçid üçün qlobal sürətləndirici proqram”ı irəli aparır. 

Müəllimlər yeni nəsli formalaşdırır. Onlar hər bir öyrənənin potensialını ortaya çıxarır, maraq doğurur, inam aşılayır. Hər bir sinifdə müəllimlərin verdiyi qərarlar onilliklər boyu təsir göstərir. Onların əməyinin keyfiyyəti – bizim gələcəyimizin keyfiyyətidir. Onların izi – qorunan meşələrdə, tikilən körpülərdə, yazılan şeirlərdə, tələb olunan hüquqlardadır. 

BMT Baş katibinin müavini çıxışını bu sözlərlə bitirib: “Müəllimlər təhsilin döyünən ürəyi, davamlılığın təməl daşı və gələcəyimizin qoruyucularıdır. Biz onlara dəstək olmalıyıq. Gəlin öz siyasətlərimizi hazırlamaqla, müəllimlərin ehtiyac duyduğu və gələcək nəsillərin də layiq olduğu hörməti onlara göstərək. 

Tapşırıq təcilidir. Qabriela Mistralın sözləri ilə desək: “Bizə lazım olan çox şey gözləyə bilər. Uşaq gözləyə bilməz. İndi onun sümüklərinin formalaşdığı, zehninin inkişaf etdiyi vaxtdır. Biz ona “sabah” deyə bilmərik, onun adı bu gündür”.

Santyaqo Konsensusu: Bir söz və qlobal fəaliyyətə çağırış

Qlobal müəllim çatışmazlığını aradan qaldırmaq və müəllim peşəsini gücləndirmək üçün Sammitdə UNESCO-nun tövsiyələrinə əsaslanan rəhbər prinsiplər və prioritet fəaliyyətlərin konkret çərçivəsi olan Santyaqo Konsensusu qəbul edilib. 

Konsensusa daxil edilən əsas öhdəliklər bunlardır: 

– Müəllimləri işə qəbul, mentorluq, işə yerləşdirmə, peşəkar inkişaf, iş şəraiti və karyera yolları daxil olmaqla karyeraları boyu dəstəkləyən inklüziv siyasətlərin və ədalətli məşğulluq şəraitinin hazırlanması;  

– Sosial dialoqun, müəllimlərin qərarvermədə və təhsil siyasətinin qəbulunda iştirakının təkmilləşdirilməsi;

– Təhsil üçün maliyyələşdirmə mexanizmləri də daxil olmaqla daxili və beynəlxalq resursların səfərbər edilməsi; 

– Müəllimlərin sosial statusunu yüksəltmək üçün gender bərabərliyinə, inklüzivliyə və işçi qüvvəsinin müxtəlifliyinə üstünlük vermək.

Sammit həm də peşəni qaçılmaz şəkildə dəyişdirən təhsildə rəqəmsal texnologiyalardan istifadədə müəllimlərə dəstək verilməsinin zəruriliyini vurğulamaq üçün bir fürsət idi. Son iki il ərzində UNESCO müəllimlərə bu sahədə bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün iki vəsait nəşr edib.

SDG4-Təhsil 2030 Yüksək Səviyyəli Rəhbər Komitəsi müəllim statusu, karyera, inkişaf, iş şəraiti və iştirak da daxil olmaqla, müəllim peşəsi ilə bağlı yeni siyasət göstəricilərinin yaradılmasını da tələb edib. Bu göstəricilər ölkələrə Dayanıqlı İnkişaf Məqsədi 4-ə nail olmaqda mərkəzi rol oynayan müəllimlərin dəstəklənməsi sahəsində irəliləyişləri prioritetləşdirməyə və izləməyə kömək edəcək.

Müəllimləri proqramlaşdırmaq olmaz

UNESCO müəllimləri təhsildə süni intellektin tətbiqi ilə bağlı dəyişikliklərin hərəkətverici qüvvəsinə çevirməyə çağırır. Bu fikir Dünya Müəllimləri Sammitindən dərhal sonra  Parisdə UNESCO-nun təşəbbüsü ilə təşkil olunan “Rəqəmsal Öyrənmə Həftəsi 2025”də səsləndirilib. “AI və təhsilin gələcəyi: axsamalar, dilemmalar və istiqamətlər” mövzusuna həsr olunmuş tədbirdə qeyd olunub ki, təhsilin gələcəyi müəllimlərdən başlayır. Müəllimlər təhsilə həyat verənlər və heç bir cihazın təkrarlaya bilmədiyi insani əlaqələri formalaşdıranlardır. Müəllimlər tənqidi və etik düşüncə, emosional zəka və sosial mənsubiyyət hissi kimi heç bir maşının öyrədə bilmədiyi bacarıqları inkişaf etdirməyə kömək edir.

Müəllim çatışmazlığı böhranı süni intellektin inkişafı ilə əlaqədar olaraq hazırda çətin dəyişikliklər dövründədir. AI-nin təhsilə inteqrasiyası unikal imkanlar açır, eyni zamanda ciddi problemlər də yaradır. İnsanın ədaləti, etikası və subyektivliyi ilə bağlı vacib suallar qaldırarkən təhsil prosesini, tədris planlarını və təhsilin idarə edilməsini dəyişdirir.

Çilidən olan müəllim Militza Saavedra Montero AI-də müəllimlik peşəsi üçün geniş imkanlar görür. O qeyd edir ki, süni intellekt müəllimin qiymətli vaxtına qənaət etməyə kömək edir. “AI təklifləri, fikirləri, yaradıcı layihələri və materialları tez bir zamanda inkişaf etdirməyə və onları qiymətləndirməyə imkan verir. AI dərslərdə bizim müttəfiqimizdir”, - deyə çilili müəllim bildirir.

S.Montero əmindir ki, şagirdlərin texnologiyadan istifadəyə tənqidi yanaşmasının formalaşmasında müəllimin rolu əvəzolunmazdır. Əsas vəzifə insanlara AI-dən məsuliyyətli istifadəni öyrətməkdir. Bəzi müəllimlərdə AI inamsızlıq yaradır. Bu, yeni bacarıqlara yiyələnmək və peşə rolunuzu yenidən düşünmək ehtiyacı ilə əlaqədardır. Eyni zamanda bir çox pedaqoqlar üçün yenilik, fərdiləşdirilmiş öyrənmə və tədris prosesinin səmərəliliyinin artırılması üçün yeni imkanlar açılır.

AI və digər rəqəmsal alətlər müəllimlərə hər bir təhsilalan üçün öyrənməni fərdiləşdirməyə, sənədləşmə işlərini azaltmağa və sinifdən kənarda təhsil resurslarına çıxış təmin etməyə kömək edir. Ancaq bu imkanlar da böyük çətinliklərlə başa gəlir. 

UNESCO AI-nin faydalı ola biləcəyinə diqqət yetirir, lakin müəllimlər empatiya, yaradıcılıq və düşünmə qabiliyyətinə sahib olduqları üçün təhsil prosesində əsas əlaqə olaraq qalmalıdırlar - müəllimlər maşının heç vaxt əvəz etməyəcəyi keyfiyyətlərə malikdir. UNESCO üçün doğru yol texnologiya ilə müəllimlər arasında seçim etmək deyil, tələbələrin xeyrinə birlikdə işləməyi təmin etməkdir. Keniyadan olan müəllim Karolina Aydanunun haqlı olaraq qeyd etdiyi kimi, "müəllimlər məktəbi həyatla zənginləşdirdikləri üçün proqramlaşdırıla bilməzlər, şagirdlərə inam aşılaya və əhəmiyyətlərini hiss etdirə bilərlər”.

Şərhlər

Xəbər lenti

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 17:19

ADNSU-da beynəlxalq səviyyəli yeni tədris proqramı təqdim olunur

9 sentyabr, 16:48

Yeni dərslik müasir yanaşmalarla riyaziyyatı öyrədəcək

9 sentyabr, 14:16

MDU-da “Birbank Fintech” laboratoriyasının açılışı olub

9 sentyabr, 14:03

İdman Akademiyasının tələbələri Avropa çempionatında 3 medal qazanıblar

9 sentyabr, 13:59

IX sinif şagirdlərinin ingilis dili üzrə bilik səviyyəsinin B1-ə çatdırılması planlaşdırılır

9 sentyabr, 13:24

Yeni “İngilis dili” dərsliyi 4 bacarığı bərabər inkişaf etdirəcək

9 sentyabr, 13:15

“İmkanlar hamı üçün açıqdır” – Kanadada tam təqaüdlə təhsil alan azərbaycanlı 

9 sentyabr, 13:03

Təhsilin İnkişafı Forumu bu il “Təhsildən gələcəyə” konsepti ilə keçiriləcək

9 sentyabr, 12:56

Xaricdəki soydaşlarımız üçün Azərbaycan dili dərsləri başlayır – Qeydiyyat davam edir

9 sentyabr, 12:49

İDP çərçivəsində Çində oxuyacaq BMU tələbələri Pekin şəhərindədirlər

9 sentyabr, 12:19

Yeni dərslik istifadəçiləri 10-11-ci siniflərdə sıfırdan təkrara ehtiyac duymayacaqlar

9 sentyabr, 12:15

“Olimpiada yeni bacarıqlar əldə etməyimə kömək oldu” – Uğur qazanan şagirdlər

9 sentyabr, 12:06

Paytaxtda məktəb təmiri üçün vəsait toplanılması məsələsi araşdırılacaq – AÇIQLAMA

9 sentyabr, 12:00

“Şalvar-köynək”, “Duz-çörək” artıq yaxınmənalı söz sayılmayacaq

9 sentyabr, 11:54

BMU-İNHA proqramında ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb

9 sentyabr, 11:54

28 mindən çox uşaq bağçaya qəbul üçün növbə gözləyir

9 sentyabr, 11:40

"Oxut" layihəsi çərçivəsində “Məzun günü” görüşü baş tutub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.