.jpeg)
İnsan hüquqları sadəcə hüquqi sənədlərdə deyil, cəmiyyətin hər bir sahəsində və təbəqəsində hiss olunmalıdır. Lakin bu necə təmin edilməlidir? Bu hüquqların qorunması üçün üzərimizə hansı vəzifələr düşür və biz bu məsuliyyəti necə yerinə yetiririk? Azərbaycanda hüquqi maarifləndirmə sahəsində hansı çatışmazlıqlar var?
“Qanunvericilik bütün vətəndaşların bərabərliyini təmin etməlidir”
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayev “Azərbaycan müəllimi”nə bildirib ki, “hüquq” anlayışı iki – obyektiv və subyektiv aspektdən dəyərləndirilməlidir.
Obyektiv mənada hüquq dövlətin ərazisində formalaşan ictimai münasibətləri nizama salmaq üçün yaratdığı normalar sistemidir: “Hüquq normaları vasitəsilə dövlət öz iradəsini ifadə edərək insanlar, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar, dövlət orqanları və dövlətlə həmin subyektlər arasında yaranan münasibətləri müəyyən qaydaya salır, onları tənzimləyir. Hüquq normalarında subyektin davranış qaydaları ilə yanaşı, həmin qaydaların pozulduğu hallarda onları pozan subyektlərin cavabdehlik vəzifəsi, yəni məsuliyyəti də öz əksini tapır. Hüquq normalarında dövlətin iradəsi ifadə olunmaqla, davranış qaydaları dövlətin qüvvəsi ilə təmin olunur. Subyektiv mənada hüquq insan anadan olandan ona məxsus olan təbii hüquqlar, dövlət tərəfindən müəyyən edilmiş, ona səlahiyyətlər verən, subyektlər tərəfindən öz iradələrinə uyğun həyata keçirilən hüquq və azadlıqlar sistemidir. Məsələn, yaşamaq, təhsil almaq, təhlükəsizlik hüquqları, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı və s.

Beləliklə, hüquq obyektiv mənada ictimai münasibətlərin tənzimləyicisi, subyektiv mənada isə ayrı-ayrı subyektlərə mənsub olan hüquqlardır”.
O qeyd edib ki, qanun qarşısında bərabərliyin təminatının ilk və əsas vasitəsi qanunvericiliyin təkmil olmasıdır: “Yəni ictimai həyatın bütün istiqamətlərində hər hansı bir əlamətdən asılı olmayaraq, qanunvericilik bütün vətəndaşların bərabərliyini təmin etməlidir. Əlbəttə ki, təkcə yaxşı qanunların mövcud olması məsələni həll etmir. Bunun üçün qanun qarşısında bərabərlik təcrübədə həyata keçirilməlidir. Yəni qanunu tətbiq edən orqan və vəzifəli şəxslər hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyini həmişə əsas amil kimi nəzərə almalıdırlar. Qanun ayrı-ayrı fərdlərə münasibətdə fərqli şəkildə deyil, ümumi qaydada, hamıya münasibətdə eyni cür tətbiq olunmalıdır. Qanun qarşısında bərabərliyin təmini ilkin olaraq vəzifəli şəxslərdən, hüquq normalarını tətbiq edən hüquq-mühafizə orqanlarının əməkdaşlarından və məhkəmələrdən asılıdır. Qanun qarşısında bərabərliyin təmini üçün həmçinin məhkəmələr mübahisə tərəflərinə bərabər imkanlar təmin etməlidirlər. Hər cür ayrı-seçkilik insan və vətəndaşın qanun və məhkəmə qarşısında bərabərliyinin pozulmasına səbəb ola bilər.
“Bir şəxsin öz hüquqlarını həyata keçirməsi digərinin hüquqlarını pozmamalıdır”
Vəfaddin İbayevin sözlərinə görə, qanun qarşısında bərabərliyin təmin olunmasında cəmiyyətin və onun bütün üzvlərinin də üzərinə xüsusi məsuliyyət düşür: “Hər bir vətəndaş cəmiyyətdə digərini özünə bərabər kimi qəbul etməli, heç bir əlamətə görə özünü digərlərindən üstün hesab etməməli və fərqləndirməməlidir. “Mənə olar, başqalarına yox” yanaşması qanun qarşısında bərabərliklə bir araya sığmır. Demək olar ki, hər bir insan həyatının müəyyən mərhələsində hüququnun hər hansı formada pozulması ilə rastlaşır və ya rastlaşa bilər. Burada ilkin şərt hüquq və vəzifələr barədə məlumatlı olmaqdır. Hər bir hüquq müəyyən çərçivə daxilində həyata keçirilməlidir. Bir şəxsin öz hüquqlarını həyata keçirməsi digərinin hüquqlarını pozmamalıdır.
Digər tərəfdən, insan öz hüququnun pozulmasına biganə qalmamalıdır. Əgər hüquq pozulmuşdursa, onun müdafiəsi qanuni yollarla həyata keçirilməlidir. Hüququ müstəvidə pozulmuş hüquqlar məhkəmələr vasitəsilə qorunmalıdır. Pozulmuş hüququn dərəcəsindən asılı olaraq onun bərpasına müxtəlif vasitələrlə nail olmaq olar”.

“Maarifləndirmə nə qədər çox olarsa, insan hüquqlarının pozulmasının qarşısını almaq bir o qədər asan olar”
Vətəndaşlar hüquqlarını yetərincə bilirlərmi? Vəfaddin İbayev vurğulayıb ki, bu suala birmənalı cavab vermək çətindir. Vətəndaşların müəyyən hissəsi hüquqlarını və onların müdafiəsi yolllarını bilir: “Bəzi vətəndaşlar isə hüquqları barədə kifayət qədər məlumata malik deyil. Təbii ki, hər bir vətəndaş hüquqlarının bütün cəhətləri ilə tanış olmaya bilər. Əsas məsələ vətəndaşın öz hüquq və azadlıqları, onların müdafiə vasitələri barədə ümumi məlumata malik olması və səmərəli hüquq-müdafiə vasitələrinin mövcud olmasıdır. Vətəndaşların lazım olanda hüquqi yardım almaq imkanı və buna əlçatanlılığın təmin olunması, hüquqlarının müdafiəsi üçün mübarizə aparması xüsusi önəm kəsb edir. Əlbəttə ki, hüquqi maarifləndirmə nə qədər çox olarsa, insan hüquqlarının pozulmasının qarşısını almaq da bir o qədər asan və operativ həyata keçirilə bilər”.
“Hüquqi maarifləndirmə daha çox dövlət qurumlarının təşəbbüsü ilə aparılır”
Vəfaddin İbayevin fikrincə, Azərbaycanda hüquqi maarifləndirmə sahəsində ən ciddi çatışmazlıqlardan biri əhalinin hüquqi biliklərinin zəifliyi və bu biliklərin sistemli şəkildə artırılmamasıdır: “Bunun əsas səbəblərindən biri hüquqi tədrisin və maarifləndirmə işlərinin ardıcıl və geniş olmamasından irəli gəlir. Universitetlərin Hüquq fakültələrində hüquqlar dərindən öyrədilsə də, tədris kifayət qədər praktik deyil. Digər ixtisaslarda hüquqi savad aşağı səviyyədədir. Hüquqi sahədə təlimçilər hazırlayan heç bir platforma yoxdur. Bunlardan başqa, insanlar müstəqil şəkildə hüquqi informasiya əldə etməkdə çətinlik çəkirlər. Qanunvericiliyin bütün sahələrində tez-tez dəyişikliklər edilir, lakin bu dəyişikliklər bir çox hallarda ictimaiyyətə sadə və anlaşılan dildə çatdırılmır”.
O bildirib ki, ümumiyyətlə, hüquqi maarifləndirmə daha çox dövlət qurumlarının təşəbbüsü ilə aparılır, vətəndaş cəmiyyəti institutlarının bu sahədəki fəaliyyəti son illər xeyli azalıb: “Bütün bu məqamlar insanların hüquqi mədəniyyətini zəiflədir. Onlar hüquqlarını bilmir və yaxud bilsələr də, həmin hüquqlardan istifadə etməyə çəkinirlər. Ölkədə yeganə hüquq institutu olan Hüquq və İnsan Haqları İnstitutu maarifləndirmənin səviyyəsinin artırılması üçün hüququn müxtəlif sahələrinə aid elmi monoqrafiyalar nəşr etdirməklə yanaşı, geniş əhali üçün insan hüquqlarına dair məlumat sessiyaları da təşkil edir.
Bundan başqa, institut 2023-cü ilin dekabr ayından virtual kitabxana yaradıb ki, bu platformada Azərbaycanın hüquqşünas alimləri və tədqiqatçılarının hüququn müxtəlif sahələrinə aid kitabları, monoqrafiyaları, məqalələri və hesabatları yerləşdirilib. Qısa müddət ərzində virtual kitabxananın istifadəçiləri 800 000-dən çox yüklənmələr edib ki, bu da kitabxanaya artan marağın göstəricisidir. Bundan başqa, hüququn müxtəlif sahələrinə həsr edilmiş audioməqalələr institutun saytında yerləşdirilib. Geniş əhalinin hüquqi maarifləndirilməsi üçün institut həm də rəsmi saytında hüquqi terminlərin izahını dərc edir, eləcə də sosial media hesablarında maarifləndirici posterlər paylaşır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər