
Hər bir uşağın maraq və xəyalları fərqli olur: kimisi elmə, kimisi idmana yönəlir. Bəziləri isə hər ikisini sevərək inkişaf etdirir. Bakı şəhəri 211 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Məryəm Məlikzadə də məhz belə şagirdlərdəndir. O, taekvondo üzrə ölkə birinciliyində qalib gələrək Azərbaycanın yığma komandasına dəvət alıb. Qarşıda isə onu Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatı gözləyir. Bu uğur onun zəhmətinin və iradəsinin nəticəsidir. Məryəm qələbə ilə bağlı təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.
“İlk dəfə məşqə gedəndə fiziki yox, daha çox adaptasiya baxımından çətinlik çəkdim”
Məryəm taekvondoya marağının hər zaman ona dəstək olan atasının təşviqi ilə başladığını deyir: “O mənə bu idman növünün mahiyyətini, əsas baza döyüş növü olduğunu izah edərək həvəsləndirdi. İlk dəfə məşqə gedəndə fiziki yox, daha çox adaptasiya baxımından çətinlik çəkdim. Amma Asim müəllimin və motivasiya mənbəyim olan atamın dəstəyi ilə bu çətinliyi aradan qaldıra bildim”.
.jpeg)
Məryəm bildirir ki, uşaqlıqdan gimnastika ilə məşğul olduğundan bədəni bu idman növünə hazır idi. Daha sonra taekvondonu seçən Məryəm bu qərarına görə qətiyyən yanılmadığını vurğulayır: “Yarış təcrübəm də mərhələli şəkildə artdı. Əvvəlcə Gəncə və Ağsuda keçirilən klublararası yarışlarda iki dəfə birinci olaraq qızıl medal qazandım. Ardınca isə yay istirahətindən imtina edib Asim müəllimin rəhbərliyi ilə intensiv məşqlərə başladım. Onun peşəkarlığı, valideynlərimin dəstəyi və öz əzmim nəticəsində ölkə birinciliyində qalib gəldim”.
“Bu qələbə ilə dünyasını dəyişmiş babamın arzusunu da yerinə yetirdim”
Yarış zamanı qarşılaşdığı çətinliklərdən söz açan həmsöhbətimiz ən ağır döyüşünün ikinci qarşılaşmada olduğunu qeyd edir: “Rəqibim həm fiziki, həm də boy baxımından məni üstələyirdi. Amma məşqlərdə öyrəndiyim texnikaları tətbiq edərək qalib gəldim. Qələbə anında qürurlandım və özümlə fəxr etdim. Bu zəfər mənə daha çox güvən verdi. Eyni zamanda, dünyasını dəyişmiş babamın arzusunu da yerinə yetirdim. Onun ruhunun mənimlə olduğunu hiss etdim. Bu uğurumda ən böyük dəstəkçilərim valideynlərim, xüsusilə atamdır. O, həmişə mənə insanın inamla istənilən çətinliyi aşa biləcəyini təlqin edib. Mən də bu inamla yola davam edirəm”.
.jpeg)
Hazırda Məryəm Avropa çempionatına hazırlıq məqsədilə həm müəlliminin yanında məşq edir, həm də Azərbaycan Taekvondo Federasiyasının təlim-məşq toplantılarında iştirak edir. Onun əsas hədəfi Avropa və dünya çempionu olmaq, olimpiya oyunlarında iştirak edərək ölkəmizin bayrağını dünya arenalarında yüksəltməkdir.
“İdmanla məşğul olmaq özüməinamı gücləndirib, intizam və daxili güc hissi qazandırıb”
O, məktəbdə də dərslərinə eyni məsuliyyətlə yanaşır. Riyaziyyat, coğrafiya, ingilis dili və STEAM dərslərinə marağının olduğunu deyir: “İdman dərslərimə heç bir maneə yaratmır. Əksinə, idmanla məşğul olmaq özüməinamı gücləndirib, intizam və daxili güc hissi qazandırıb. Bəzən valideynlər qız uşaqlarını döyüş idman növlərinə yazdırmaqdan çəkinirlər.

Mənim sözüm odur ki, biz qədim türk dövlətlərinin varisləri olaraq mərdlik və döyüşkənlik ənənəsini daşıyırıq. Atilla, Mete Xan, Alparslan, Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların övladları olaraq biz də güclü və cəsur olmalıyıq. Valideynlər övladlarını döyüş idman növlərinə yönləndirsinlər ki, onlar həm intizam, güc və özünəinam qazansınlar, həm də lazım gəldikdə özlərini müdafiə edə bilsinlər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər