Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra vacib addımların atılması, islahatların həyata keçirilməsi təhsilalanların imkanlarını artırır, fəaliyyətlərini genişləndirir. Onların bacarıqlarını, istedadlarını nümayiş etdirməyə şərait yaradır.
Amin Zərbəliyev də istedadı ilə seçilən tələbələrdəndir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 2-ci kurs tələbəsi olan A.Zərbəliyevin "Dünya iqtisadiyyatı” kitabı çapdan çıxıb. Kitabda qlobal iqtisadiyyatın əsas prinsiplərindən, beynəlxalq ticarət və iqtisadi əlaqələrdən bəhs olunub, həmçinin dünya iqtisadiyyatında baş verən böhranlar, yeni trendlər kimi mövzulara toxunulub.
“Azərbaycan müəllimi”nə müsahibəsində Amin mütaliəyə marağının erkən yaşlarından yarandığını, xüsusilə onu həmişə iqtisadiyyat və elmi mövzularla bağlı olan kitabların cəlb etdiyini deyib. Mütaliə onun üçün yalnız məlumat toplamaq deyil, həm də şəxsi inkişaf yolunda bir vasitədir: “Kitab yazmaq istəyi mənim üçün uşaqlıqdan yaranmış bir arzudur. İqtisadiyyat və digər sahələrə olan marağım mənə yazı prosesini daha da cəlbedici edib. Yerli və beynəlxalq saytlar və jurnallar üçün məqalələr yazır, beynəlxalq akademik konfranslara yazılar göndərirdim. Bu kimi fəaliyyətlərimdən ilhamlanaraq kitab yazmağa başladım. Bu maraq mənə yeni biliklər qazanmaq, düşüncəmi inkişaf etdirmək və bu bilikləri başqalarına ötürmək istəyindən qaynaqlanıb. Bu yolda, təbii ki, müəllimlərim də dəstək olublar. Kitabın elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi Əməkdar müəllim, “Tərəqqi” medallı Məhəmmədəli Rasulovdur. Kitab tələbələrin anlaya biləcəkləri sadə dildə yazılıb. Kitab yazmağı da gələcək hədəflərimin başlanğıcı kimi dəyərləndirirəm”.
Amin Zərbəliyevin gündəlik fəaliyyətinə universitetdəki dərsləri ilə yanaşı, bir çox layihələrdə, o cümlədən, tələbə təşkilatları, beynəlxalq tədbirlərdə və sosial təşəbbüslərdə iştirak etmək də daxildir: “Zamanımı düzgün idarə etmək üçün hər gün müəyyən vaxt bölgüsü yaradıram. Həftəlik planlar qururam və ilk olaraq təhsil və vacib işlərimi yerinə yetirirəm. Bu vaxta qədər bir çox uğurlu nailiyyətlər əldə etmişəm. Məsələn, Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə gümüş medal qazandım, “UNEC ECO İDEA” yarışında universitet üzrə birincilik əldə etdim”.
O, universitetin ictimai-sosial həyatında da fəal iştirak etdiyini söyləyib. Azərbaycan Dövlət İqtisad Universitetində layihə meneceri və koordinator olaraq fəaliyyət göstərib və bir neçə uğurlu layihəyə imza atıb. Ayrıca, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərək müxtəlif beynəlxalq sertifikatlar qazanıb.
Universitet təhsilinə başlayarkən ASAN xidmətdə “Könüllülük” proqramını müvəffəqiyyətlə bitirən, ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində “Master-2” pilləsi üzrə təcrübə keçən Amin müxtəlif könüllülük proqramlarını da uğurla bitirib: “Gələcəkdə iqtisadçı olaraq beynəlxalq sahələrdə fəaliyyət göstərmək və öz sahəmdə dərin biliklər əldə etmək istəyirəm.Gənclərin təhsilini və inkişafını dəstəkləmək, onlara doğru istiqamət vermək hədəflərim sırasındadır. Bir iqtisadçı olaraq, təhsildə və sosial sahələrdə liderlik imkanları yaratmağı planlaşdırıram. Dünya iqtisadiyyatı üzrə daha çox elmi araşdırmalar, bu sahədə yeni yanaşmalar təqdim etməyi düşünürəm”.
O, məktəb dövründə çox aktiv və maraqlı bir şagird olduğunu, müxtəlif yarışlarda iştirak etdiyini və yeni biliklər öyrənmək üçün çalışdığını qeyd edib. Hələ məktəb dövründə coğrafiya dərsində iqtisadi coğrafiya ilə tanış olduqdan sonra iqtisadiyyata marağının artması onun UNEC-ə qəbul olmaq hədəfinə çevrildi. Çünki burada təhsil almaq onun iqtisadiyyat sahəsindəki məqsədlərinə çatmağa kömək edəcəkdi: “Universitetə daxil olmaqla, həmçinin beynəlxalq təcrübə qazanmaq və müxtəlif layihələrdə iştirak etmək imkanı da əldə etmiş oldum. Hazırda 8-ci Dünya Gənc Alimlərinin Beynəlxalq Konfransında iştirak hüququ qazanmışam”.
Hər bir insanın öz potensialını kəşf etməsi və inkişafı üçün təhsilin çox vacib olduğunu vurğulayan Amin deyir ki, biz gənclər təhsilin əhəmiyyətini heç vaxt yaddan çıxarmamalıyıq: “Yaşıdlarıma öz hədəflərinə çatmaq üçün əzmkarlıqla çalışmağı, daim özlərini inkişaf etdirmələrini və heç vaxt təslim olmamağı tövsiyə edirəm. Çünki yalnız öyrənərək və təcrübə toplayaraq istənilən sahədə uğur qazanmağın mümkün olduğunu düşünürəm”.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər