Bütün xəbərlər
30 yanvar, 12:38

Gənc nəslin sağlam və təhlükəsiz mühitdə böyüməsi hər bir cəmiyyətin ən vacib vəzifələrindən biridir. Son illərdə orta məktəb binalarının yaxınlığında tütün məhsullarının nəzarətsiz satışı, mərc və qumar oyunlarının geniş təşviqi uşaqların bu təhlükəli vərdişlərə aludə olmağına şərait yaradır. Yetkinlik yaşına çatmayan şəxslərin siqaret və tütün məmulatlarını rahatlıqla əldə etməyi onların sağlamlığına və gələcək həyatlarına mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, erkən yaşda bu vərdişlərə aludə olan uşaqların həm psixoloji, həm də akademik inkişafı ciddi şəkildə zədələnir.

Təəssüf ki, bəzi şirkətlər və kommersiya qurumları daha çox qazanc əldə etmək məqsədilə azyaşlıları hədəf auditoriya kimi görür. Reklamların təsiri, sosial medianın manipulyativ gücü və asan əlçatanlıq bu zərərli vərdişlərin yayılmasını sürətləndirir. Əgər bu məsələyə ciddi yanaşılmasa, gələcək nəsillərin sağlamlığı və psixoloji durumu təhlükə altına düşə bilər. Bu cür vərdişlər təkcə fərdi problemlərə deyil, həm də cəmiyyət üçün təhlükəli nəticələrə gətirib çıxarır. Buna görə də valideynlər, müəllimlər və aidiyyəti qurumlar bu problemin qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər.

“Azərbaycan müəllimi” olaraq bu problemin həlli yolları ilə bağlı “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənovanın fikirlərini öyrəndik:

“Təəssüf ki, bu gün cəmiyyətimizdə yetkinlik yaşına çatmayan şəxslərin zərərli vərdişlərə meyilli olduğunun şahidi oluruq. Bu zərərli vərdişlər gələcəkdə neqativ halların yaranmasının başlanğıcıdır. Xüsusən də ümumtəhsil müəssisələrinin yaxınlığında yerləşən mağazalarda spirtli içkilərin, tütün məhsullarının satışı, sosial şəbəkələrdə mərc oyunlarının təbliğ olunması şagirdlərdə bu zərərli vərdişlərə marağı daha da artırır. Yeniyetmələri bu zərərli vərdişlərdən qorumaq üçün polis orqanları mütəmadi reydlər keçirir. Yetkinlik yaşına çatmayan şəxslərə spirtli içkilərin, tütün məhsullarının satışının qadağan olduğunu müvafiq qurumlara izah edir. Belə hallar baş verdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq qurumlar 100 manat məbləğində cərimə olunur", – deyə o bildirib. 

Məsələnin həlli ilə bağlı təkliflərini verən G.Həsənova qeyd edib ki, birinci növbədə maarifləndirici addımlar atılmalıdır:

"Ölkəmizdə mərc oyunlarının reklamının aparılması, reklam bannerlərinin məktəb binaları yaxınlığında yerləşməsi ilə bağlı qanunda xüsusi bir maddə yoxdur. Lakin yetkinlik yaşına çatmayan şəxslərin idman və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirakına görə 500 manat məbləğində cərimə tətbiq olunur. Düşünürəm ki, belə neqativ halların qarşısının alınması üçün ilk növbədə maarifləndirmə işləri aparılmalı, daha sonra cərimələr tətbiq olunmalıdır. Xüsusən də televiziya kanallarında maarifləndirici verilişlərə daha çox yer verilməlidir. Sosial şəbəkələrdə dövlət səviyyəsində maarifləndirici sosial çarxlar hazırlanmalıdır. İctimai yerlərdə siqaret, spirtli içki reklamları yığışdırılmalı, onların satışı məhdudlaşdırılmalıdır.

Məktəblərdə maarifləndirici işlərə daha çox yer verilməlidir. Şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalıdır. Onları bu zərərli vərdişlərdən çəkindirmək üçün onları maarifləndirmək lazımdır. Valideynlər də bu işdə məsuliyyətli olmalıdırlar. Bizim hər birimiz bu məsələdə vətəndaşlıq məsuliyyətimizi dərk etməliyik və bu mövzuda dövlətimizə dəstək olmalıyıq".

Təhsil tədqiqatçısı Vaqif Fətullayevin fikirlərinə görə, bu mövzuda ictimaiyyətin birgə fəaliyyəti vacibdir:

“Məktəblərin yaxınlığında müxtəlif mərc oyunları və siqaret köşklərinin yerləşməsi uşaqların sağlam inkişafına ciddi təhlükə yaradır. Bunu müxtəlif tədqiqatlar da sübut edir. Belə ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi hesabatlara görə, siqaret satışı köşklərinin məktəblərin yaxınlığında olması yeniyetmələrdə siqaret çəkməyə başlama riskini 64 faiz, mərc oyunları oynanan obyektlərin təsiri isə erkən yaşda qumar asılılığı riskini 4 dəfə artırır. Araşdırmalar həmçinin göstərir ki, bu obyektlər uşaqların marağını cəlb edir, onları riskli davranışlara təşviq edir, psixoloji və sosial problemlərə yol açır, eyni zamanda, dərsə davamiyyəti və akademik nailiyyətləri azaldır. Belə obyektlərin təhsil müəssisələrinə yaxın ərazilərdə yerləşməsi uşaqların sağlamlığına və gələcəyinə ciddi təhdid olduğundan qanunvericilikdə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi, monitorinq və maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir.

Bəzi ölkələrdə aparılmış tədqiqatlar göstərir ki, məsələn Avstraliyada belə obyektlərin yaxınlığında yaşayan yeniyetmələrin 30%-i erkən yaşda mərc oyunlarına maraq göstərir, Kanadada isə bu uşaqların 75%-i sonradan maddi və psixoloji çətinliklər yaşayır. Bu obyektlər dərsə davamiyyətin 25% azalmasına, özünüidarə və diqqət qabiliyyətlərinin isə 18% zəifləməsinə səbəb olur, eyni zamanda, ailə və sosial mühitlərində də problemlər yaradır".

Tədqiqatçı onu da qeyd edib ki, uşaqlar təbiətləri etibarilə hər şeylə maraqlanırlar və ətraf mühitin təsirinə qarşı daha həssasdırlar. Belə obyektlərin hətta məktəbə gedən yolda mövcudluğu da uşaqları erkən yaşlarından zərərli vərdişlərlə tanış olmağa həvəsləndirə, həmçinin siqaret, qumar və digər dağıdıcı davranışların normallaşmasına səbəb ola bilər.

O bildirib ki: "Məncə, bu məsələdə həm valideynlər, həm müəllimlər, həm də aidiyyəti dövlət qurumları birgə hərəkət etməlidirlər. Təhsil müəssisələrinin ətrafında belə fəaliyyətlərin məhdudlaşdırılması üçün qanunvericiliklə əsaslandırılmış addımlar atılmalı, bu obyektlərin yerləşdiyi ərazilərdə monitorinq gücləndirilməlidir. Bundan əlavə, ictimaiyyətdə maarifləndirmə işləri aparılmalı, şagirdlərə bu kimi vərdişlərin zərərli təsirləri barədə məlumat verilməlidir.

Təhsil müəssisələri yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, həm də uşaqların mənəvi və sağlam həyat tərzinə təşviq edildiyi bir mühit olmalıdır. Belə halların qarşısını almaq üçün ictimaiyyətin bu mövzuda birgə hərəkət etməsi olduqca vacibdir".

Qeyd edək ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Xəbər lenti

30 yanvar, 22:34

Bakı və ətraf ərazilərdəki təhsil müəssisələrində iş qrafiki dəyişəcək

30 yanvar, 21:28

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

30 yanvar, 21:25

Bakıda məktəb avtobuslarından istifadəyə başlanılacaq

30 yanvar, 18:15

Nazirlik: Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə edilir

30 yanvar, 17:40

Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 yanvar, 17:24

“Yenidən təhsil alsam, seçimim yenə də SABAH olardı” – Tələbələrlə söhbət 

30 yanvar, 17:14

XXI əsrin təhsili və müasir dünya tələbləri 

30 yanvar, 16:55

Təhsil françayzinqi nədir?

30 yanvar, 16:45

Ənənəvi təhsil metodları və müasir yanaşmalar

30 yanvar, 16:39

Əlilliyi olan tələbələrin universitetə hazırlığının artırılması yolları

30 yanvar, 16:20

Ev tapşırığını kim etsin: şagird, yoxsa süni intellekt?

30 yanvar, 15:52

Olimpiadada sualları səhvsiz yazacağıma inanırdım - Region birincisi 

30 yanvar, 15:50

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30 yanvar, 15:40

Çankaya Universitetinin prorektoru ADPU-da olub

30 yanvar, 15:35

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

30 yanvar, 14:40

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30 yanvar, 14:27

Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

30 yanvar, 14:02

Naxçıvanda kimya dərsi: “Firon ilanı”, “Nilin qana bulanması”… – MÜSAHİBƏ

30 yanvar, 13:20

Latviyada şagirdlərin şəxsi əşyaları yoxlanılacaq

30 yanvar, 13:10

Universal dizaynın inteqrasiyası ilə inklüziv siniflərin yaradılması

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.