Bütün xəbərlər
21 yanvar, 15:09

Burada həm səhhəti ilə bağlı problemlər yaşayan, valideyn himayəsindən məhrum olanların, həm də həssas qrupa daxil olan, təhsildən yayınan uşaqların təlim-tərbiyə məkanıdır. 

Müxtəlif taleli mərhəmətə sığınan uşaqlar: Kiminin valideyni ondan imtina edib, kiminin valideyni uşağına baxa bilmədiyi üçün onu bu təhsil müəssisəsinə gətirib, hansısa uşaq isə valideyn səhlənkarlığı ucbatından təhsildən kənarda qaldığından dövlət qayğısı sayəsində bu məktəbdə təhsilə cəlb olunub. Buradakı şagirdlərin öz dünyası, xəyalları var. Sözün açığı, fotoqrafımız Kənanla Xəzər rayonunun Buzovna qəsəbəsindəki 8 nömrəli sanatoriya tipli internata gələndə bilirdik ki, bizləri daha həssas uşaqlarla ünsiyyət, söhbət gözləyir. Gəlişimizin məqsədi bir günümüzü onlarla keçirmək, söhbətləşmək, şəraitləri ilə yaxından tanış olmaq idi.  

1962-ci ildən fəaliyyət göstərən sanatoriya tipli internat məktəbi

Böyük ərazisi olan məktəbə daxil oluruq, bizi ilk qarşılayan təhsil müəssisəsinin direktoru Pəri Paşayevaya gəlişimizin məqsədini söyləyirik. Uşaqlar dərsdə olduğu üçün məktəbdə sükut hökm sürürdü. Məktəb haqqında daha ətraflı məlumat almaq məqsədilə direktorla birbaşa otağına gedirik. Pəri müəllim deyir ki, sanatoriya tipli internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Əvvəllər buraya, əsasən, tənəffüs yollarının xəstəlikləri olan uşaqlar qəbul olunurdu. Həkim göstərişi olan şagirdlər internat məktəbində həm müalicə olunur, həm də təhsil alırlar. Sağlamlıqlarına qovuşduqdan sonra valideynin arzusuna müvafiq olaraq orta ümumtəhsil məktəblərində təhsillərini davam etdirə bilirlər. 

Məktəbə sonradan valideyn himayəsindən məhrum, eləcə də həssas qrupa daxil olan, təhsildən yayınan uşaqların da qəbulu aparılmağa başlanılıb. Təbii ki, xəstə uşaqlar burada tam izolyasiya olunur. Qeyd edək ki, internat dənizə olduqca yaxın yerləşir ki, bu da uşaqların müalicəsində xüsusi əhəmiyyət kəsb edir. 

İnternat məktəbi 2 korpusdan ibarətdir. Tədris korpusunda fənn kabinetləri, sinif otaqları, kitabxana idman və akt zalları, fəaliyyət göstərir. İnternatda 306 şagird təhsil alır. Onların 100-ü qız, 206-sı oğlandır. Şagirdlərin təlim-tərbiyəsi ilə 30 müəllim, 45 müəllim-tərbiyəçi məşğul olur. Burada 1 pediatr, 1 stomatoloq və 6 tibb bacısı uşaqların sağlamlığının qayğısına qalır. Sanatoriyada həmçinin 50 texniki işçi çalışır. Digər korpusda yataqxana, yeməkxana, tibb məntəqəsi, oyun və qrup otaqları fəaliyyət göstərir. Şagirdlər gündə 4 dəfə qidalanırlar. Burada təhsil alan uşaqların əksəriyyəti yataqxanada qalır və onlara gecələr dayələr nəzarət edir. Bir sözlə, uşaqlar həm müalicə, həm də təhsil alırlar. 

İnternata qəbul 5 yaşdandır və təhsil doqquzillikdir. IX sinfi bitirən uşaqlar sonradan peşə liseylərində öz arzularına müvafiq olaraq müxtəlif peşələrə yiyələnirlər.

Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan məktəb

Təhsil müəssisəsi tam dövlət təminatlıdır. Pəri Paşayeva deyir ki, şagird və müəllim kollektivi Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunub. Qeyd edir ki, internat məktəbi fondun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib. Açılışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib. Ümumi sahəsi 4 hektar olan məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion inşa edilib, burada idmanın müxtəlif növləri - basketbol, futbol, voleybol, tennis ilə məşğul olmaq imkanı var. Məktəbin ayrıca su anbarı var. Üçmərtəbəli yataqxanada geniş yeməkxana, yataq, istirahət, kompüter otaqları, həmçinin həkim kabineti yerləşir. Binada valideynlərin istirahəti və gecələməsi üçün də şərait yaradılıb. 

Burada istər mərhəmət hissinə, qayğıya möhtac olan uşaqlar, istərsə də onların sağlamlığı, təlim-tərbiyəsi ilə məşğul olan müəllim kollektivi, həkim personalı üçün yaradılan şərait fondun nəcib və xeyirxahlıq missiyasının təzahürüdür.

İnternat məktəbinin şagirdlərinin uğurları
 
Orta ümumtəhsil müəssisələrində olduğu kimi, internatda da şagirdlərin bacarıqları peşəkar müəllimlər tərəfindən diqqətdə saxlanılır və inkişaf etdirilir. Direktordan öyrənirik ki, şagirdləri çox fəaldırlar, gözəl rəsm çəkmək qabiliyyətləri ilə seçilirlər. Bütün bayram tədbirlərində maraqlı konsert proqramı ilə həm məktəb daxilində, həm də müxtəlif mərkəzlərdə uğurla çıxış edirlər. 

Pəri müəllim bizə şagirdlərinin müxtəlif müsabiqələrdə, sərgilərdə aldıqları fəxri fərmanları, diplomları göstərir. Məktəbdə fəaliyyət göstərən musiqi və nitq inkişafı ilə bağlı dərnəklərə üzv olan şagirdlərin sayı kifayət qədərdir. Həmin dərnəklərdə uşaqların asudə vaxtları təşkil olunur.
Şagirdlərin daim respublika miqyaslı uşaq tədbirlərində iştirakı təmin edilir. Məsələn, ötən ilin dekabr ayında internat məktəbinin şagirdləri Heydər Əliyev Fondu tərəfindən müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları üçün “Gülüstan” sarayında keçirilən Yeni il şənliyində iştirak edib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onları təbrik edərək hədiyyələr bağışlayıb. Bundan başqa, şagirdlər “Sea Breeze”də keçirilən möhtəşəm sirk şousunda da iştirak ediblər. Təbii ki, belə tədbirlərin sayı kifayət qədərdir. 

Direktor söyləyir ki, uşaqların sevincinə sevinc qatmaq, onların nisgilli qəlbini sevindirmək gözəl işdir. Bu baxımdan onların şagirdləri çox şanslıdır. 
  
Polis, jurnalist, idmançı olmaq istəyənlər

Məktəbin zəngi çalınır, dəhlizlər şagird səsləri ilə canlanır. Direktorla bədii qiraət dərnəyində məşğul olan şagirdlərin yanına gedirik. Dərnəyin rəhbəri Tamilla Alqayeva deyir ki, uşaqların erkən yaşlarından nitqinin düzgün inkişafına, eləcə də onlarda mütaliə mədəniyyətinin formalaşmasına diqqət vermək olduqca vacibdir. Bu dərnəkdə müxtəlif siniflərdə oxuyan uşaqlar var və onlar düzgün danışmağı öyrənməklə yanaşı, mütaliə ilə məşğul olmağı da çox sevirlər. 
Siniflərdə qarşılaşdığımız mənzərə də duyğusal idi. Bəzi uşaqlar bizi görüb  kövrəkləşir, bəziləri isə ürkək dolu baxışlarla süzürdü. Onlar bizimlə söhbət etmək, özlərini tanıtmaq istəyirlər. Əlbəttə ki, uşaqlara bu imkanı veririk. Günay Hüseynova 5-ci sinifdə oxuyur. Həssas qrupa daxil olan ailənin üzvüdür. Diqqətə, qayğıya ehtiyacı var və onun üçün burada təhsil almaq çox maraqlıdır. Söhbət edə bildiyi çoxlu dostları və ona təhsil verən müəllimləri var. 
Kənan Babaşov 8-ci sinif şagirdidir. İdmançı olmaq istəyir. Ən çox ədəbiyyat fənnini sevir. Telnaz Abdullayeva isə jurnalist olmaq arzusundadır. Deyir ki, mərhum jurnalistlərimiz Salatın Əsgərova və Qənirə Paşayeva kimi tanınmış olmaq istəyir. Bunun isə çox oxumalı və mütaliə etməlidir. Orta təhsilini tam bitirmək üçün onbirillik məktəbdə oxumağı düşünür. Elə bu zaman digər partadan bir səs gəlir: “Olar mən şey deyim?”,  dönüb baxırıq. Bir qız ayağa durub özünü təqdim edir: “Aytac Məmmədova, 6-cı sinif şagirdiyəm. Şəmkir rayonunun Qılıncbəyli kəndindən gəlmişəm. 4 aydır ki, burada oxuyuram”. Aytac “Qalx ayağa, Azərbaycan!" şeirini söyləyir və hamı onu alqışlayır. Üzündə məmnunluq hissi yaranır. Uşaqlarla sağollaşırıq. 

Yanbayan otaqda 3-cülərin dərsində iştirak edirik. İbtidai sinif müəllimi Sona Qədirova şagirdlərə riyaziyyat dərsi keçirdi. Müəllimdən icazə alıb onlara mane olmadan dərsi müşahidə edirik. Hamı dərsə maraqla qulaq asır, yeri gəldikcə suallara cavab verirdi. Dərsin qurtarmağına 5 dəqiqə qalmış biz də sualımızı veririk: “Kim riyaziyyatdan “5” alırsa, dəftərini qaldırsın”. Elə bunu dediyimizi görürük. Dəftərlər yuxarı qalxır. Hamı qiymətini göstərmək üçün dəftərini daha yuxarı qaldırır. Bəziləri isə onu görmədiyimizdən narahat olub bizi yanına çağıraraq dəftərini göstərir. Müəllimləri deyir uşaqlar oxumağa çox həvəslidirlər. Şagirdlərdən Gülüstan Məmmədova, Məhəmməd Manafov, Yusif Rəsulov gələcək arzularını bizimlə paylaşaraq polis olmaq istədiklərini söyləyirlər. “Niyə məhz polis?”, - deyə soruşuruq. Söyləyirlər ki, dünyamızı pis adamlardan, oğrulardan qorumaq istəyirik. Hərəsinin bir kədərli taleyi olan, öz balaca dünyasında yaşayan bu uşaqların təxəyyülü də, düşüncə tərzi də özləri kimi saf və təmizdir.  

Səbir, anlayış və diqqət... 

Bəs görəsən, internatda müxtəlif talelər yaşayan uşaqlara psixoloji dəstək necə göstərilir? Bu sualla direktora müraciət edirik və o, bizi psixoloq xidməti göstərilən otağa yönləndirir. Məktəbin psixoloqu Nigar Qasımovanın əhatəsində müxtəlif yaşlarda şagirdləri görürük. 30 il Ağdam rayon T.Məhərrəmov adına Hacıturalı kənd tam orta məktəbində psixoloq kimi çalışan Nigar Qasımova fəaliyyətini sonradan bu məktəbdə müəllim-tərbiyəçi kimi davam etdirib. Hazırda yenidən psixoloq kimi çalışır. Bu məktəbin uşaqlarını, onların ailələrini yaxından tanıdığını deyir. Psixoloq şagirdlərlə tez-tez fərdi qaydada görüşdüyünü, uşaqların adaptasiya prosesinin çox çətinliklə olsa da, sonda mümkün olduğunu bildirir. Qeyd edir ki, valideynlərlə aparılan maarifləndirici söhbətlər müsbət nəticə verir. Nigar Qasımova deyir ki, onsuz da bu uşaqlar travmalıdırlar, bəziləri demək olar ki, ata-ana sevgisinin nə olduğunu belə bilmir. Bu uşaqların yeniyetməlik dövrü də çox ağrılı və çətin keçir. Onlara daha həssas yanaşmaq əsas məsələdir: “Bilirsiniz, onlar nə etsələr də, özlərinə və ətrafındakılara problemlər yaratsalar da, mən bir psixoloq kimi, eləcə də müəllim həmkarlarım, bütün kollektiv onlara qarşı həssaslıq göstərir, daha şəfqətli, mərhəmətli olmağa çalışırıq. Bizim işimizdə xüsusilə 3 amilin nəzərə alınması vacib şərtdir. Bunlar sevgi, anlayış, diqqətdir və hər üçü də bir-birilə vəhdət təşkil edir”.
 

Psixoloqun yanında 3 bacı diqqətimizi çəkir. Onlarla tanış oluruq. Böyük bacı Fatma Mirzəyevanın 15 yaşı var. Digər iki bacı - Gülyaz və Gülyanaq isə əkizdirlər, 12 yaşları var. Hər üçü 3-cü sinifdə oxuyur. Onlar internat məktəbinin təhsildən yayınanlar sinfində oxuyurlar. Qardaşları Ağaşirin Mirzəyev də bu məktəbdə təhsil alır. 

Bəli, bir ailənin 4 övladı internat məktəbinin sakinləridir. Onların təhsil alması, cəmiyyətə yararlı bir insan kimi yetişməsi üçün bu uşaqları dövlətimiz diqqətdən kənar qoymayıb. İnternat məktəbində belələrinin sayı kifayət qədərdir. Kimisi imkansızlığın, kimisi isə valideyn etinasızlığının, biganəliyinin, övladı üçün əziyyət çəkmək istəməyən ata-ana məsuliyyətsizliyinin qurbanıdır.  
     
Burada təhsil aldı, həm ailə səadətini tapdı, həm də müəllim oldu

Buranın məzunu - hazırda müəllim kimi fəaliyyət göstərən Aytac Həsənova ilə görüşürük. Aytac 2001-ci ildə bu məktəbi qurtarıb. Əslən şuşalı olan, köçkünlük həyatı yaşamış adıçəkilən müəllim X-XI sinifləri Buzovna qəsəbəsində yerləşən E.Əliyev adına 234 nömrəli tam orta məktəbdə oxuyub. Gəncə Dövlət Universitetini bitirib. İxtisasca ibtidai sinif müəllimi olan Aytac vaxtilə internatda ona dərs demiş müəlliminin oğlu ilə ailə qurub. Həyat yoldaşı da bir müddət burada idman müəllimi kimi çalışıb. İki övladı var. Deyir ki, bu məktəb ona çox doğmadır: “Burada sevimli müəllimlərim olub, xoş xatirələrim var. İnternat məktəbində oxuduğum müddətdə müəllimlərim mənə çox diqqət və həssaslıqla yanaşıblar. Yaxşı oxuduğuma görə hər zaman tərifləyirdilər. Elə onlardan sevgi gördüyümə görə müəllim olmağa qərar verdim. Başqa məktəblərdən müəllim işləmək təklifləri gəlsə də, burada işləməyi seçdim”. 

2006-cı ildən təhsil müəssisəsində çalışan Aytac müəllimlərin sertifikatlaşdırılması prosesində 43 bal toplayıb. Əvvəl tərbiyəçi-müəllim işləyən Aytac artıq 15 ildir ki, ibtidai sinif müəllimidir. Anası Şəmsiyyə də 40 ilin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Şuşa məktəbində işləyir. Səbirsizliklə doğma yurduna - Şuşaya qayıdaraq müəllimlik fəaliyyətini orada davam etdirəcəyini gözləyir. 

Pəri Paşayeva da söhbət əsnasında hazırda onlarla çiyin-çiyinə çalışan məzunu Aytacla fəxr etdiklərini, onun peşəkar müəllim olmaqla yanaşı, gözəl ana olduğunu da deyir.  
                    
Tədrisdən yataqxanaya


Artıq nahara az qalırdı. Bir azdan uşaqlar günorta yeməyi üçün məktəbin digər korpusuna - yeməkxanaya gələcəkdilər. Məktəbin həyətindən yataqxanaya daxil oluruq. Yolumuzu yeməkxanaya salırıq. 12 ildir burada aşpaz işləyən Elnaz Mirzəyeva deyir ki, bu gün uşaqlar üçün menyuya uyğun olaraq düyü şorbası, kartof püresi ilə langet, salat və kompot hazırlanıb. 

Onlar ata-anaların üstündə əsdikləri uşaqlardan deyillər...

Direktorla həkim otağına baş çəkirik. Bir neçə şagird həkim Adilə Əliyevanın qəbuluna gəlmişdi. Kimisi tibb bacısına temperaturunu ölçdürür, kimisi isə özünü narahat hiss etdiyindən müayinədən keçmək istəyirdi. Buradakı müşahidələrimiz zamanı “Uşaqlar həkimdən qorxurlar” fikrinin yanlış olduğunu görürük, əksinə, məktəbin şagirdləri həkimlə rahat ünsiyyət qurur, müayinə olunmaqdan da qorxmurlar. Amma nə gizlədək, onlara baxanda ürəyimiz ağrıyırdı. 

Bu uşaqlar ata-ananın üstündə əsdikləri, yeməklərinin vaxtını bir dəqiqə belə geçikdirməyən, bir balaca özünü narahat hiss edən kimi başının üstünü kəsdirən, yuxusu ərşə çəkilən, səhər açılan kimi əlindən tutub min bir nəvazişlə dilə tutaraq həkimə aparılan ərköyünləşdirdiyimiz uşaqlardan deyildilər. Onlar təkbaşına yaşayan və ya onunla birlikdə burada yaşayan bacı-qardaşlarına bərk-bərk sığınaraq taleyin ümidinə qalan, ancaq hər şeyə rəğmən ayaqda qalmağı bacaran, həyatın gözəlliklərini yaşamaq arzusunda olanlardır. Məsələn, həkim müayinəsinə gələn Aysun Bağırova 9-cu sinif şagirdidir. Anası ondan imtina edib, atası da həbsxanadadır. Əvvəllər ata nənəsinin yanında qalırdı. Sonradan nənə də ağır xəstəliyə düçar olub. Aysun 3-cü sinifdən burada oxuyur. Direktor deyir ki, Aysunun anasının əlaqə nömrəsini tapıb ona zəng ediblər:

“O,Türkiyədə yaşayır. Dedik ki, biz bilet alaq, uşaq heç olmasa, gəlib səni görsün. Ana təklifimizdən imtina edərək uşağına sahib çıxmaq istəmədi. Amma görürük ki, Aysun anasının xiffətini çəkir, yolunu gözləyir. Bu gün qızımız bizim nəzarətimizdədir. Amma 9-cu sinfi bitirdikdən sonra taleyi necə olacaq? Bax, onu bilmirik və buna görə narahatıq”.

Aysun qarşımızda idi. İlk baxışda sakit, hisslərini büruzə verə bilməyəcək qədər soyuqqanlı bir qız təəssüratını bağışlayırdı. Danışanda belə gözlərini hamıdan qaçıran bu “soyuqqanlı” yeniyetmənin acılarını, yaşadıqlarını hiss etmək, duymaq üçün onunla söhbətləşməyimiz, yaxınlaşmağımız kifayət idi. Təbii ki, biz bunu etmədik. Qəlbindəki yaranın közünü qoparmaq istəmədik və onunla birgə yataqxananı gəzməyə başladıq. Onu da qeyd edək ki, yataqxanada, yataq otaqlarındakı səliqə-sahman da öz yerində idi. Direktordan öyrənirik ki, burada təhsil alan 306 şagirdin 260-ı yataqxanada qalır. Valideynlər istədikləri vaxt gəlib uşaqlarını görə bilirlər. Hətta valideynin arzusuna müvafiq olaraq ona 1 gün uşağının yanında qalmağa  şərait də yaradırılır. Çox təəssüf ki, belə valideynlərin sayı azdır.

“Uşaqlarımıza qayğı ilə yanaşırlar”

Elə orada olarkən uşaqlarını görməyə gələn 2 valideynlə tanış oluruq. Mahirə Musayevanın oğlu Roman keçən il internat məktəbini bitirib. Qızı Ayan isə hələ burada təhsil alır, 15 yaşı var. Mahirə deyir ki, özü kirayədə qalır və uşaqlarını saxlamağa, onlara təhsil verməyə imkanı çatmadığından buraya üz tutub. Digər valideyn Kəmalə Xalıqovanın da oğlu Sübhan və qızı Səbinə burada təhsil alırlar. Valideynlər söyləyirlər ki, onların övladlarına qayğı ilə yanaşırlar. Təhsil müəssisəsində həm onlara təhsil verilir, həm də sağlamlıqlarına ciddi diqqət olunur.

Dönüb arxaya baxmağa...

Yavaş-yavaş hava qaralmağa başlayır. Uşaqların yeməkdən sonra qrup otaqlarında tərbiyəçi-müəllimlərlə dərslərini hazırlamalarının və müxtəlif məşğələlərə getmələrinin şahidi oluruq. Və nəhayət, axşam yatma vaxtına doğru tərbiyəçi-müəllimlər uşaqları gecə dayəsinə təhvil verirlər. 

Beləliklə, uşaqlarla bir günümüz yekunlaşır. Burada uşaqların təhsil və günərzi xidmətlərdən istifadəsi üçün hər cür şəraitin yaradıldığının bir daha şahidi oluruq. Onu da qeyd edək ki, internat məktəbində şagirdlərlə aparılan bütün işlər digər məktəblərdəki kimidir. Sadəcə, buranın sakinlərinə olan münasibət daha həssas, daha fərqlidir. Sağlamlığı ilə bağlı problemləri olan, həmçinin taleyinə ağrılı-acılı günlər yaşamaq nəsib olmuş uşaqlar səhərdən axşamadək nə qədər diqqət və qayğı görsələr də, gecəni ata-ana hənirtisini, onların bir xoş sözünü eşitmədən yatırlar. 

Hamı ilə sağollaşıb qapıdan çıxırıq. Bütün bunları fikirləşə-fikirləşə dönüb arxaya belə baxmağa utanırıq sanki. Bilirik ki, yataq otaqlarının pəncərəsindən arxamızca neçə-neçə kədərli göz baxır. Ancaq hər qaranlıq gecənin bir sabahı olur. Və əminik ki, bu işıqlı sabahlar bizim internat məktəbinin sakinlərinə həyat eşqi, gələcəyə inam, ümid verir. Təbii ki, bu ümidi, özünəəminliyi onlara hər zaman bizlər verməliyik. Səmimi və xeyirxah münasibətimizlə, göstərə biləcəyimiz qayğımızla.

Foto: Kənan Qafarov

1 /9

Xəbər lenti

21 yanvar, 21:18

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

21 yanvar, 20:20

LDU-nun ictimai nəzarət qrupu imtahan prosesini izləyib

21 yanvar, 18:03

İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

21 yanvar, 17:27

İmişlidə qəzada yaralanan məktəblinin vəziyyəti açıqlanıb 

21 yanvar, 17:01

Cəzaçəkmə müəssisələrindəki məktəblərdə 667 şagird təhsil alır - ÖZƏL

21 yanvar, 16:37

Çin ilk dəfə kosmosda oksigen əldə edib

21 yanvar, 16:33

İbtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlinir? - AÇIQLAMA

21 yanvar, 16:28

Bu məktəblərdə iki proqramlaşdırma dili öyrədilir – MÜSAHİBƏ

21 yanvar, 16:27

4SİM rəqəmsal bacarıq boşluğunu aradan qaldırır

21 yanvar, 16:12

NASA-nın “Hubble” teleskopu Andromeda qalaktikasının gizli tarixini araşdırır

21 yanvar, 15:47

Bullinq qurbanlarının çoxu oğlanlardır - MÜSAHİBƏ 

21 yanvar, 15:41

Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT

21 yanvar, 15:34

Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb

21 yanvar, 15:32

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21 yanvar, 14:37

Naxçıvanın “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərin göstərilməsinə başlanılıb

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

21 yanvar, 12:07

UFAZ-da yaz semestrinin dərslərinə start verilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.